Heydər İsa
oğlu İsayev
Heydər
İsa oğlu İsayev 1936-cı ildə Naxçıvan
şəhərində anadan olub.
1954-cü
ildə şəhər 6 nömrəli orta
məktəbi bitirib.
1959-cu
ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin
məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri)
neftçıxarma üzrə operator
göndərilib, mühəndis, baş
mühəndis vəzifələrində işləyib.
1962-ci ilin dekabrında Azərbaycan Neft
və Kimya İnstitutunun
problem laboratoriyasında mühəndis vəzifəsinə
təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını
başa vuraraq namizədlik
dissertasiyasını uğurla müdafiə
edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi
alan Heydər İsayev
Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə
mütəxəssis kimi işə
göndərilir, buradakı ali məktəbdə
əvvəlcə müəllim kimi
çalışır, sonra geologiya və neft
kafedrasına rəhbərlik edir. 1971-ci
ildə Azərbaycana qayıtdıqdan sonra
Az.NKİ-nin xarici vətəndaşların
təhsili üzrə fakültəsinin dekanı olub, bir il
sonra prorektor vəzifəsinə
təyin edilib. 20 elmi əsərin
müəllifi olan Heydər İsayev rus, fransız
dillərində sərbəst danışırdı.
1977-ci
il aprelin 8-də Azərbaycan
SSR Nazirlər Sovetinin qərarı ilə
Azərbaycan SSR ali və orta
ixtisas təhsili nazirinin
birinci müavini təyin
edilib. 1980-ci ildə bu
vəzifədən azad olunub,
yüksək təşkilatçılıq qabiliyyətinə
görə bir sıra məsul vəzifələr
ona tapşırılıb.
1980-1983-cü illərdə 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan
KP MK-nın elm və təhsil şöbəsinin
müdiri işləyib.
1983-1988-ci
illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri
olub. Tarixi təcrübə
və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə
kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan
müəllimlərinin X qurultayında texniki
peşə təhsilinin vəziyyətinə dair
geniş məruzə edib.
1988-ci
ilin oktyabrında müvafiq
qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki
Peşə Təhsili Komitəsi birləşdirilərək,
Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar
Heydər İsayev işdən azad olunub.
O,
1988-1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışıb. 1991-ci ildən ömrünün
sonuna kimi Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyində
işləyib.
Heydər
İsayev səmərəli fəaliyyətinə
görə "Qırmızı Əmək
Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.
Heydər
İsayev 1999-cu ildə vəfat edib.
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.3.