Millətin
məişətinə ətraflı bələd olan fitri istedad, yaradıcı qüvvə
sahibi
2012-ci il TÜRKSOY çərçivəsində
M.F.Axundzadə ilidir
Zəngin, minilliklə ölçülən
tarixi olan Azərbaycan ədəbiyyatı tarixində Mirzə
Fətəli Axundovun öz yeri, təsiri və əbədi
nüfuzu var. Tarixin ədalətini sınamağa ehtiyac yoxdur.
1912-ci ildə böyük ədibin 100 illik yubileyi ilə
bağlı Firudin bəy Köçərli təəssüf
və kədərlə yazırdı ki, mərhumun
(M.F.Axundovun - müəl.) qədrini bilsə idik, haqqında
bir yaxşılıq və ehsanat edərdik; yadigaranəsi
üçün məktəblər, kütübxanalar,
teatrlar açardıq, stipendiyalar təyin edərdik... XX əsrin
əvvəllərində bir arzu olaraq qələmə
alınan bu sətirlər artıq həqiqət və
reallığa çevrilib: ölkənin ən böyük
kitabxanası, paytaxtda yaraşıqlı bağ, respublikanın
şəhər və qəsəbələrində, kəndlərdə
küçə, məktəb M.F.Axundovun adını
daşıyır. Bir əsrdə iki dəfə müstəqillik
qazanan Azərbaycanda xalq ölkə Prezidentinin sərəncamı
ilə "Mənim millətimin təbii qabiliyyəti Avropa
millətlərinin təbii qabiliyyətindən qat-qat artıqdır"
demiş qüdrətli sənətkar, ictimai xadim və
böyük mütəfəkkirin 200 illik yubileyinə
hazırlıq görür.
M.F.Axundov sənətinin ədəbi-bədii,
ictimai-tarixi dəyərləri
Haqqında genişmiqyaslı tədqiqatlar
aparılmış şair, nasir, dramaturq, filosof, əlifba islahatçısı, ədəbi
tənqidi fikrin ilk
nümayəndəsi olan Axundovun
bədii irsinin ən böyük
dəyəri, keyfiyyət və üstün
məziyyətləri onun əsl həyatiliyi,
dərin xəlqiliyi, sadəlik və təbiiliyi, milli xalq
yaradıcılığı ənənələrindən qaynaqlanan obrazlılıq - bədiiliyi, dünya - Qafqaz kontekstində
dünyəviliyi nümayiş etdirən
regionallığı, Şərq-Qərb məkanının tarixi - çağdaş
üstünlüklərini bədii-etik, ictimai-estetik,
qlobal - milli məzmunda əks etdirməsidir.
Dünyəvilik və
qloballıq parametrlərində dəyərlərin tədqiqini
mütəxəssislərin öhdəsinə buraxaraq,
bu qələm məhsulumuzda Mirzə Fətəli
Axundovun bədii irsində xalq
yaradıcılıq ənənələri və folklor materiallarından istifadə
faktlarından bəhs etməyə
çalışacağıq.
***
M.F.Axundovun xalq yaradıcılığı ilə
bağlılığı mövzusu
F.B.Köçərli, F.Qasımzadə, Ə.Dəmirçizadə
və başqa alimlərin məqalələrində,
monoqrafiyalarında araşdırılmışdır. Bu baxımdan
filologiya elmləri doktoru,
professor Paşa Əfəndiyevin
"Böyük ədib və xalq yaradıcılığı" məqaləsi
("Ədəbiyyat və incəsənət", 12.06.1987) maraq doğurur. Ədibin əsərlərində
"xalqımızın adət, ənənə, etiqad, milli xüsusiyyətlərinə
aid bolluca material toplanmışdır" fikrini vurğulayan folklorşünas alim araşdırmasında onun
xalq məzhəkə və qaravəllilərindən,
aşıq poeziyasının qoşma, təcnis
formalarından istifadə etdiyini təhlil
etmiş, onun əsərinin
Molla Cümə şeiri
ilə müqayisəsini aparmış, ədibin arxivindəki "Dədə
Qorqud kitabı" ilə bağlı xalq mahnısı faktını
xatırlatmışdır. Özünün
kiçik mülahizələrini professor P.Əfəndiyev belə ümumiləşdirmişdir:
"...M.F.Axundov zəngin və rəngarəng şifahi
yaradıcılığımızı, etnoqrafiyamızı çox gözəl bilirdi
və yeri gəldikcə öz
hərtərəfli fəaliyyətində bunlardan
yaradıcı surətdə faydalanırdı".
Mərhum
folklorşünas alim
Əli Saləddin "Folklora bağlı
sənət" ("Azərbaycan gəncləri",
I4.IX.1982) adlı məqaləsində yazırdı: Dramaturgiyada xalq yumor və
satirasından istifadə edən sənətkar şeir sənətində də ən çox aşıq
yaradıcılığı ilə yaxın olmuşdur.
Yazıda "Şərq poeması"ndakı
folklorla bağlı ünsürlərdən
- Ayın müqəddəs adamlardan birinin barmağının tuşlanması ilə
istədiyi yerə hərəkət etməsindən, Puşkin şeirinin
tilsimindəki ifadəsindən, tilsim
anlamından, M.F.Axundovun "Məni",
"Ayə" rədifli təcnislərindən söhbət
açılmışdır.
***
M.F.Axundovun poema və şeirlərinin kiçik
müşahidəsi bu
araşdırmaların real faktlara əsaslandığını göstərir.
Məsələn: "Zəmanədən
şikayət" şeirində "Yaman
gündə dada çatmaq",
"Zakirə məktub"da "...yaxın olmaq",
"...bəxtin indi sənə tuş gəlib", "yüz
il xidmət edə oda
bir adəm, Yenə düşən dəmdə
ona, bil, yanar", "Şərq poeması"nda
"Dərdim yazmaq üçün
çatmayacaq
bəlkə varaq" kimi xalq ideom
və ifadələri iki baxımdan
diqqəti cəlb edir:
1.
M.F.Axundov xalq dilinin incəliklərini bilmiş,
məişət üslubunda işlənən
ifadələri alaraq onlara
bədii üslubda işlənmə
funksiyası vermişdir.
2.
Bu ifadələr əslində xalq yaradıcılıq ənənələri
süzgəcindən keçmişdir və
M.F.Axundov bunu
yazılı ədəbiyyata gətirməklə sabitləşdirmişdir.
"Aldanmış
kəvakib" povestinin dilində də bu qəbildən olan ideom və ifadələr, az
da olsa, var. Lakin folklorizm
faktları ədibin dramaturgiyasında həm janr
müxtəlifliyi, həm də nümunə bolluğu
ilə diqqəti daha çox
cəlb edir.
Həyatı, təbiəti, məişəti
və ən başlıcası insan mənəviyyatını,
insan psixologiyasını və ictimai-siyasi münasibətləri, etik-milli və bəşəri-tarixi dəyərləri
geniş tutumda, zəngin
məzmunda, həyati və dinamik şəkildə,
görmə, eşitmə, canlı müşahidə və dərketmə
vasitəsilə əks etdirən ədəbi janr dramdır.
Hissi - emosional tərənnüm insanı
duyğulandırır, həyəcan və
qısaömürlü təəssüratlar lirikanın,
poeziyanın təsiri ilə bağlıdır.
Geniş həyat
lövhələrinin və epizodlar silsiləsinin
epik vüsəti oxucunu
duyğular, düşüncələr, əqli-hissi
hadisələr axarına salır, onu tərbiyə
edir, dəyişdirir, bir
şəxsiyyət-vətəndaş kimi
formalaşdırır.
Dramatik növün hər üç
janrı bu baxımdan fərqlidir və əslində
dram əsəri həyatın, məişətin
kiçik miqyasda özüdür. İnsan
bu janrda olan əsərdə özünü
görür, özgəni müşahidə
edir; insan öz soydaşının psixologiyası
timsalında bəşəriliklə barbarlığı, bədxahlığı,
əzazilliyi, namərdlik və riyakarlığı, xəsislik
və paxıllığı... əyani-emosional şəkildə
dərk edir. Bu mənada
dram janrına yüksək dəyər
verən təfəkkür sahibləri haqlıdırlar.
M.F.Axundovun ədəbi
irsinə bir ədəbiyyatşünas və
pedaqoq kimi dərindən
bələd olan Firudin
bəy Köçərli yazırdı: "Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu
növündə əsərlər vücuda
gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik
və millətin məişətinə ətraflı (kursiv müəl.) bələdiyyat (bələdlik-müəl.)
dəxi lazımdır. Bunlardan əlavə
fitri bir istedad və yaradıcı bir
qüvvə, bir təbii-füsunsaz, bistilahi-türki "Allah vergisi" lazımdır ki,
bir yandan görüb-eşitdiyini götürüb
yetirə bilsin və bir
tərəfdən öz fikrü
xəyalatı ilə yoxdan var etsin.
Bu "allah
vergisi", yoxdan vücüda gətirmək qüvvəsi mərhum
Mirzə Fətəlidə kəmalınca var
imiş. Bu sözlərin
doğru olmağına onun
komediyaları möhkəm dəlil və aqil
şahiddir".
Bütün bunlar Mirzə Fətəli Axundovun
şəxsiyyətində üzvi şəkildə
birləşmişdir. Bunu təsdiq edən ədəbi faktlar
- xalqın qan yaddaşı ilə sıx
bağlı olan
yaradıcılığının müxtəlif biçimli janrları - atalar
sözləri, lətifə motivləri və ya
lətifə, qaravəlli nümunəsi, xalqın aforistik leksik fondunu təşkil edən folklor
inciləridir.
Azərbaycan ədəbi fikrinin korifeylərindən olan,
özü xalq ədəbiyyatı
toplayıb yaşatmaq niyyətini ali məqsəd sayan və
bunları gəncliyə - milli seminaristlərə
öyrədən böyük millət fədaisi
Firudin bəy Köçərli M.F.Axundovun əsərlərindəki qəhrəmanlarda
müxəliflik və orijinallığı, fərq
və rəngarəngliyi müşahidə edərək heyrət
və vətəndaş təəssübkeşliyindən doğan oxucu sevincini belə ifadə etmişdir:
"Əkinçidən tutmuş vəzirə və padşaha
kimi hər hansı sinfin
dilindən söz açırsa, elə bir sayaqda söyləyir ki, guya müsənnif haman o sinfin
və dairənin özündəndir və yainki
onların sözlərini eşitdikcə bir-bir
sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin
dilində artıq dərəcədə nəməkrizlik, zarafat və şirinlik var".
Mirzə
Fətəlinin dilindəki "artıq dərəcədə
nəməkrizlik (duzluluq - müəl.), zarafat və şirinlik
komediyalarında öz tarixi-bədii əksini
tapmışdır.
Müəllim
və tələbələrin, magistrantların, ümumiyyətlə,
oxucuların marağını nəzərə alaraq, komediyalardan xalq deyimlərini, ideomatik
ifadələri, atalar sözlərini əsərlər
əsasında faktlar olaraq
yazıya əlavə edirik.
"Molla İbrahimxəlil kimyagər" əsərindəki
"bir qəbirstanlıq adam
qırdın", "qarpız suyu ilə
qızdırmaya müalicə etmək", "qış tapsan, yaz tapmazsan;
yaz tapsan, qış tapmazsan", "meymunu
yadınıza salmayasınız və meymun
şəklini xatirinizə gətirməyəsiniz" kimi ifadələr əslində obrazların əməllərini
çox yığcam və dəqiq şəkildə
əks etdirir.
Komediyalarda
işlədilmiş folklor nümunələri,
yaxud xalq aforistik leksikasının inciləri
obrazların hadisələrə münasibətini
aşkarlayır, onun mənəviyyatının
nişanəsi kimi üzə
çıxır.
"Hekayəti-Müsyö
Jordan həkimi-nəbatati və dərviş
Məstəli şah cadukünü-məşhur"
əsərində faktları nəzərdən keçirək:
"Allahı sevərsən, öz
yanından zad quraltma",
"Parisdə onun nə iti
azıbdır?"; "Vallah, ona bir töv
tutaram ki, gəldiyi yolu da azar,
özü də Parisi
unudar"; "...analı-qızlı
iki pulluq
ağlınız yoxdur",
"Papağı çevirərsən, il
gələr keçər", "... gül
üzdü uşağın ah çəksin, qan tüpürsün, saralıb cana
dönsün, incəlib ipə dönsün?!"; "Tamam
Parisin qızları qurban
olsun sənin bir
tükünə!"; "Mənim ki,
sənin tək gözəl yarım var, behişt huriləri gözümə
görünməz. Sənsiz mənim bir günüm olmasın!"; "...get başqa şəhərlərə
ki, əl çatsın, ün
çatsın", "Mənim ürəyimə bir ox vursaydın
yaxşıdı ki, bu
sözü üzümə dedin", "... gül üzlü uşağımı
...ağlar-sızlar qoysun", "Biy, arvad, sənin ürəyin
daşdır, nədir?"; "Qurunun
oduna yaşlar da yanacaq...";
"...alıcı quş kimi...";
"kəklik sürüsü kimi..."; "Doğru
deyirsən, balam, burun-qulaq
başa sədəqə"; "...özüm başımı qoymağa
yer tapmıram".
Bu cümlə və ya ifadələr dramaturji
məqamları aydın təsəvvür etməyə,
obrazın psixologiyasını duymağa bədii
əsas verir.
"Hekayəti
-xırs quldurbasan" komediyasının el yatırı bunlardır: "...allahı
sevərsən, mənim ürəyimi qana
döndərmə! Mənim öz dərdim
özümə bəsdir", "Anamın gözünün
ağı-qarası bir mənəm",
"...anamın günü qara olar"; "...ürəyimə
bir az su
səp get!", "...iki
atın arpasın bölə bilmənəm...", "kimlə
gap eyliyirsən?", "Onda mən zamın ki, qurd qoyun ilə otlaya!", "boş-boş
danışma, səndən karvan vuran olmaz!"; "...məscid
tikilməmiş kor əsasın dayadı";
"Artıq tikə məgər baş yarar?"; "... ətimizi tökmə",
"...keçən işi indi çürükçülük
eyləyib danışmaq...."; "Quşdan
qorxan darı əkməz"; "...igidlik ondur, doqquzu qaçmaqdır"; "Yaman yerdə gün axşam oldu!"; "Sən
bir toyuq öldürə
bilməzsən"; "...bir tük qədəri də inanmırlar",
"...itilin gözümün
önündən"; "...gözümün
işığı"; "Özgəyə quyu qazan özü
düşər"; "Bağırsaqlarını
ayağına dolaşdırram"; "...qarnın tüstü ilə dolduracağam".
Bu baxımdan ötən əsrin
80-ci ill ərində tamaşaya
qoyulmuş "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyasındakı bir-iki fakt
kifayətdir:
"...sümüyüm duymuşdu";
"itil gözümün
önündən..."; "Məgər aslan
ürəyi yemisən?".
Bu komediyanın folklor yükünü
xanın divanxanada şikayətlərə
baxarkən dediyi hökmlər-lətifə
və qaravəlli təşkil edir. - Get sən də vur onun atının gözünü
çıxart! - hökmü qeyri-sağlam əql sahibinin
dilindən çıxar.
Əsərdə
vəzirin əxlaq və tərbiyəsini əks etdirən
söyüşlər: "Kəs səsini, it
oğlu it"; "Səsin
kəs, eşşək toxumu, eşşək".
Vəzirin qadınlarının müraciətlərinə nəzər
salaq: "Ay ləçər.
Ləktəsən də, ləçərsən də, kovunsan da".
"Sərgüzəşti-mərdi-xəsis"
komediyası xalq deyimləri ilə zəngindir
"Guya
ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz
axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki,
qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə
çərçilik edəm"; "Avazın yaxşı
gəlir, oxuduğun Quran olsa!"; "Görəsən genə
hansı dəli qudurmuşa rast gəldi...."; "Kazaklar
onun tükünü didərlər"; "...ürəyimi
dağlama!"; "...şilə verənin əli
qurğuşun imiş!"; "...dükanın
qabağın kəsmə, müştəri gəlir";
"...bir adamdan Allah alsa, bəndə vermək ilə dövlət
olmaz"; "Məndən bir kimsənə güldən
ağır söz eşitdiyi yoxdur!"; "...ağrın mənə
gəlsin!"; "quş qorxusundan qanad salır!";
"...Araz aşığımızdandır, Kür
topuğumuzdan!".
Və nəhayət,
sonuncu dram əsərinə - "Mürafiə vəkillərinin hekayəti"nə
nəzər salaq:
"...Tarı
yanında nə günahın sahibiyəm"; "nə karədir
bir arşın ölçən..."; "Onu itdən biabr
edərəm!"; "...gözlərin acıqdan qan
çanağına dönübdür"; "Sən axirət
dünya mənim qardaşım ol"; "Könülə
ki güc yoxdur?"; "...əlindən gələni əsirgəmə!
Əsirgəsən, namərdsən!"; "Yüz
qarğaya bir sapan daşı!"; "Ağa Mərdan
yerin-göyün haramzadasıdır"; "...quyruq
bulasınlar" və s.
***
Buraya qədər
qeyd olunanlar atalar sözləri, ideomatik ifadələr,
frazeoloji birləşmələr olub, xalq məişətini,
xalq dilinin poetik zənginliyini əks etdirir.
Bunlarla
yanaşı, komediyalarda aforistik folklor janrları olan
alqış və qarğışlar, andlar da işlənmişdir.
"Molla
İbrahimxəlil kimyagər"də işlənmiş
qarğışlar: "Allah evinizi yıxsın".
"Müsyö
Jordan və dərviş Məstəli şah"da işlənmiş
alqış və ya andlar: "Allah, dərdini əsirgə...":
"...vallah, quran haqqı, dayımm canına";
"Uşağı yerə girsin"; "A yerə
girmiş"; "Bıy, allah, torpaq başıma";
"...Allah səbəbkara bəla versin!"; "Bunun
babalı olsun oların qızlarının boynuna...".
"Hekayəti-xırs
quldurbasan"dakı qarğış: "Sənin qadan dəysin
Tarverdinin böyrünə".
"Hekayəti-mərdi-xəsis"də
əsasən Hacı Qara və Tükəzin dilində işlənmiş
qarğışlar: "Evin dağılsın çit
satan!"; "Qapın çırpılsın şilə
verən"; "Çadra verən, səni görüm heç
uğuruna xeyir gəlməsin!"; "Sağ-salamat
satdığın malın qazancın yemiyəsən!";
"...Kəbeyi-beytullah haqqı, qurana and olsun, peyğəmbər
haqqı, oğlum Bədəlin toyunu görməyim";
"Oğlum ölsün ki, dəxi kisədə tənbəki
yoxdur"; "Dükanı Allah batırsın, malı yoxa
çıxsın!"; "Səni görüm
boğazın elə tutulsun ki, su da keçməsin, ay göyərmiş!";
"Torpaq sənin başına"; "Səni lənətə
gələsən arvad!";
"Toxumunuz yer üzündən
götürülsün!".
"Mürafiə
vəkillərinin hekayəti"ndəki
aşağıdakı qarğışlar kişilərin
dilində işlənir: "Yalançının evinə od
düşsün!"; "Bah, balan ölsün,
kişi!"; "Yalançının evi
yıxılsın!".
Folklorlaşan obrazlar, ifadələr
Folklorla
bağlılıq, el sənəti ilə diferensiallaşma
Axundov irsini xalqa daha da yaxınlaşdırmış, onun mənəvi-estetik
sərvətinə çevirmişdir. Xalq həyatını,
xalq məişətini, xalq psixologiyasını əks etdirməsi,
bu zaman xalqın söz xəzinəsindən istifadə Mirzə
Fətəli irsini xəlqiləşdirmişdir.
"Molla
İbrahimxəlil kimyagər" komediyasının qısa məzmununu
xatırlamağa ehtiyac yoxdur.
Əsərin həyatiliyini, təsvir və ifadələrin təbiiliyini,
sənətkarın xəlqiliyini bu gün folklorlaşmaqda olan aşağıdakı faktlar
bir daha təsdiq edir: "...hər kəsin öz
sənəti özünə iksirdir";
"...doğru söz
acı olar".
Hacı
Nurunun dediyi sözlər
bu gün atalar sözü kimi işlənməkdədir. Bu
gün məqamından asılı olaraq "meymunu yadına salma" ifadəsi tez-tez
işlənir.
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyasında dramaturq lətifələrdən
bacarıqla istifadə etmişdir. Xanın şikayətlərə
baxarkən çıxardığı hökmlər bu gün Molla
Nəsrəddin lətifələri şəklində
yaşamaqdadır. Ədib bu lətifələrdən
istifadə etməklə səriştəsiz, boşbeyin
və ağılsız xanı xalq gülüşü ilə öldürmüşdür.
Xəsislik
dünya ədəbiyyatında geniş yayılmış mövzudur.
Bu mövzuda çoxlu əsərlər
yaradılmışdır. Həmin əsərlər
sırasında "Hacı Qara" xüsusi yer tutur. Bu komediyada
qəpik-qəpik yığıb xəzinə sahibi
olan, amma nə özü xərcləyən, nə də ailəsinə
sərf edən Hacı Qara rəzil, qorxaq, xəsis bir surət
kimi təsvir olunmuşdur.
Hacı Qara həm də hazırcavab,
çətinliklərdən çıxmağı bacaran bir surətdir. O, şifahi ədəbiyyatımızdakı xəsis
culfa surətini xatırladır.
Culfa da Hacı
Qara kimi tədbirlidir. Qaynına bir tikə
çörək verməmək üçün
uşağın beşiyini özü yırğalayır,
palçıq ayaqlayır, buğdanı yeyən
quşları özü qovur. Lakin sonra ən
mənfur hərəkətlərinə cavab olaraq cəzalandırılır.
Hacı Qara da belə bir aqibət sahibi olur, bir
abbası üçün naçalnikin qabağında diz
çöküb yalvarır, mənən daha da
alçalır, olan-qalan ləyaqətini ayaqlar altına
salır. Bu gün Hacı Qara da
folklorumuzdakı Culfa kimi xəsisliyin, rəzillik və
dövlətə hərisliyin simvolu kimi danışıqda
işlənməkdədir.
Mirzə Fətəli Axundovun "Müsyö
Jordan və dərviş
Məstəli şah"
komediyasının əsasında
çəkilmiş "Dərviş
Parisi partladır"
adlı bədii filmin nümayişindən
sonra bu əsər özünün ikinci kütləviləşmə dövrünə
daxil olmuşdur.
Belə ki, bədii
filmdə səsləndirilən
"Paris əhli kef edir",
"Ay axmaq, bu qədər də barıt qoyarlar?" və s. ifadə və cümlələr dillərdə dolaşmaqdadır.
Yaxud "Hekayəti-xırs
quldurbasan" əsərindəki
əzvay və fərsiz Tarverdi, "Sərgüzəşti-vəziri-xani Lənkəran"dakı vəzir
Mirzə Möhsün,
"Hacı Qara"dakı
nökər Kərəməli,
hakimiyyəti qısamüddətli
olan Yusif Sərrac kimi obrazlar bu gün
həm xalq arasında məişətdə,
həm də ədəbi yaradıcılıqda
müqayisə tərəfi,
bənzətmə vasitəsi
kimi işlənməkdədir.
Beləliklə, bu ifadə,
ideom və aforizmlər, obrazlar kütləviləşmə, folklorlaşma
mərhələsindədir.
Düşüncələrin tarixi təsdiqi
"Qafqaz" qəzetinin 19 avqust 1853-cü il
tarixli nömrəsində
(N 61) yazılmışdı: "Canlı şəxsləri
qələmə almaqla,
onların məişətini
düzgün təsvir
etməklə o (M.F.Axundov
- red.), elm və etnoqrafiya
üçün böyük
iş görmüşdür.
Bundan əlavə o, azərbaycanlıların adət-ənənələri
haqqında quru traktat deyil, canlı insanları təsvir edən dramatik parçalar təqdim etməklə, sadə oxuculara da böyük
yardım göstərmişdir.
Bir vaxtı gələcək
ki, bu gün
dönüb keçmiş
olacaq və bugünkü mollaların,
bəylərin, mirzələrin
nəvələri Avropa
təhsili alacaqlar.
Biz əminik ki,
bu zaman hər hansı alim XIX əsr Zaqafqaziya müsləmanlarının
ictimai və şəxsi həyatı haqqında tədqiqat işi aparırkən...Axundovun komediyalarına əsaslanacaqdır. Biz buna tam əminik. Çünki Axundovun komediyalarından
biz onun öz xalqının adət-ənənələrilə
gözəl tanış
olduğunu görürük".
Tarix bu faktı
XXI əsrdə təsdiqlədi. Sənətkar qüdrəti budur.
Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə
doktoru, Sumqayıt Dövlət Universiteti
"Folklorşünaslıq"
elmi-tədqiqat
laboratoriyasının rəhbəri
Azərbaycan müəllimi.- 2012.- 13
yanvar.- S.7.