"Azərbaycanın himnini ilk dəfə mən oxumuşam"

 

 Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundova  ilə söhbət

 

 Şəfiqə Axundova 21 yanvar 1924-cü ildə Şəkidə anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyovdan alıb. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib.

40 il tamaşanın musiqi tərtibatı fənnindən Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dərs deyib.

1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Prezident təqaüdçüsüdür.

 

Telefon dəstəyində, üzünü görmədiyi adamın səsinə bu qədər sevinən səs tanımıram... Vədələşdik. Evində görüşdük. 

-  Şəfiqə xanım, axırıncı görüşümüz yeddi  il  əvvəl  olub...  İnşallah, 90-a nə qalıb ki?

- İndi yaşımı gizlətməyin mənası nədi ki? Ailədə dörd bacıydıq, iki qardaş. Şəkidə atamı tanımayan yoxudu (bir də gördüm Şəfiqə xanım heç özü də hiss etmədən keçib Şəki ləhcəsinə - müəllif). Qoçaqlığına, düzgünlüyünə görə "bolşevik Qulam" adnan deyilib. Mən ikinci sinifdə oxuyanda köçmüşük Bakıya...

-  Musiqi təhsiliniz...

- Musiqi təhsili harda görmüşdüm mən. Ancaq elə öz-özümə çalıb-oxuyurdum. Məmməd Arif Dadaşzadə... məşhur ədəbiyyat tənqidçisi... eşitmiş olarsan. Bax, mənim böyük bacım Zümrüd onun həyat yoldaşı idi. Evləri həmişə qonaq-qaralı olardı. O dövrün ən məşhur, ən tanınmış adamlarını mən onlarda görmüşəm. Bacım özü də alim idi. Dövlət Universitetində (indiki BDU) filologiyadan dərs deyirdi. İndi onlar çoxdan haqq dünyasındadılar.

... Zümrüdgilin pianosu vardı. Evdə qonaq-qara olanda, bir də görürdün kimsə mənim çalıb-oxumağımı təklif elədi. Sevinə-sevinə keçərdim piano arxasına...

-  Bəs dahi bəstəkarımız Üzeyir bəylə tanışlığınız necə başlayıb?

- 16 yaşım təzə tamam olmuşdu. Yazıçı Mirzə İbrahimov həyat yoldaşıynan tez-tez bacımgilə gələrdi. Bir gün də mən çalıb-oxuyanda Mirzənin yoldaşı bacıma dedi ki, ay Zümrüd, qoy Mirzəyə deyim, zəng vursun Üzeyir Hacıbəyova... vallah, bu qızın istedadı heyifdi...

...Beləliklə, məni apardılar Üzeyir bəyin yanına, çaldım, oxudum, çox xoşuna gəldi, dedi səndə əməlli-başlı yaradıcılıq hiss olunur...

Musiqiyə uşağı 6 yaşından götürüblər həmişə... Amma mən artıq 17-nin içindəydim. Odur ki, məni verdilər Ağabacı Rzayevanın tar sinfinə. 1942-ci ilə kimi konservatoriyanın nəzdində muğamatın əsaslarını öyrəndim.  Mənim musiqi həyatımın təməl daşını Üzeyir bəy qoyub.

Üzeyir bəyin iki cümləsi həmişə qulaqlarımdadı: "Şəfiqə, sənə sərf elədiyim vaxta heyifim gəlmir". Bir də "Şəfiqə, sənin oxumağın, çalmağınnan daha yaxşı alınır". Həmişə fəxr eliyirəm ki, 8 il Üzeyirin tələbəsi olmuşam. Yadıma düşmüşkən, bir şeyi də deyim. Yuxarıdan göstəriş verilmişdi ki, Azərbaycanın himni yaradılsın. Himnə musiqi bəstələyən çox idi. Amma əlbəttə ki, hər cəhətdən Üzeyirin yazdığı seçildi.   Baxış günü təyin olunanda Üzeyir bəy mənə dedi ki, Şəfiqə, himni oxumağa ancaq sənin səsini layiq bilirəm. Azərbaycanın himnini ilk dəfə mən oxumuşam.

-  Şəfiqə xanım, daha hansı məşhurlarla çiyin-çiyinə çalışmısınız?

- Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə 1956-cı ildə B.Zeydmanın sinfini bitirmişəm. İlk əmək fəaliyyətimə Opera və Balet Teatrında başlamışam... Kimlər vardı bu dünyada... ay Allah... indi hər yerindən duran bəstəkaram deyir.

Azərbaycanda simfonik musiqinin inkişafında ən böyük rolu olan musiqi xadimi  Fikrət Əmirov olub. Onun "Şur"u, "Kürd ovşarı" bu günün bəstəçilərinə örnəkdi, örnək...

Bəstəkarlığımla yanaşı, həm Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) tamaşanın musiqi tərtibatı fənnindən 40 il - 1982-ci ilə qədər dərs demişəm.

-  Birlikdə çalışdığınız sənətkarlardan həyatınızda kimin yeri həmişə görünür?

- Nəzakət Məmmədovanın... Dəfələrlə evlərində də olmuşdum. Bir anası vardı, kaş görmüş olaydın, əsl müsəlman qadını, əsl ağbirçək... əliaçıq, süfrəsi açıq... Xasiyyətdə Nazı elə anasına çəkmişdi... İmkanı elə də böyük olmayıb Nazının, amma çox mərd idi.

Mənim "Gəlin qayası" operamı tamaşaya qoyanda baş rolu - Gülbaharı Nəzakət Məmmədova oynadı. Nəzakət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Leylini də oynayıb. Amma mən elə bilirəm ki, Gülbahar obrazı operada Nəzakətin oynadığı rollar içində zirvə oldu. Onun səsi heç kəsin səsinə bənzəyən səs deyildi. Yoxluğu uzun illər opera səhnəmizdə göründü. Əvəzsiz opera solisti idi.

-  Mahnı bəstələyəndə sözləri özünüz seçirdiniz, yoxsa şeir müəllifləri?

- Özüm, özüm. Mən heç şairlərin seçimini bəyənmirdim. Ömrümü operaya həsr etməsəydim, bəlkə də mahnılarım indikindən iki dəfə çox olardı.

-  Şərqin opera yazan ilk qadın bəstəkarına maneələr də olubmu?

- Maneələr deyəndə ki... yoldaşım qısqanc idi. Yaradıcılığıma əngəl törədirdi. Mən ailəmi, şəxsi həyatımı yaradıcılığıma qurban verdim. Mən "Gəlin qayası" 1971-ci ildə acqarına yazmışam. 50 manat təqaüdüm idi. Özüm şəkər, oğlum epileptik... Evdə dilə vurmağa heç nə yox.. Oturmuşam pianonun arxasında, işləyirəm, işləyirəm...

Bir gördüm ürəyim axdı... gözüm qaraldı... şəkər xəstələrində belə hallar olur. Birtəhər yıxıla-dura keçdim mətbəxə... Çörək qabına baxdım, bomboş. Başım qarışıb işə, heç nə almamışam. Açdım su kranını, içdim sudan, yaxşı ki, qəndqabında iki yumru qənd varmış, onları da qoydum dilimin altına... özümə gəldim... Yenə qayıtdım pianonun arxasına...

Neçə illər hamının yadından çıxmışdım mən. Allah rəhmət eləsin Heydər Əliyevə. Bu böyük şəxsiyyətin sərəncamı ilə 1998-ci ildə xalq artisti adı verildi mənə... Sonra ev, sonra Prezident təqaüdü... İndi, şükür, təminatım var. Hərdən yuxu kimi gəlir bu şeylər mənə... Axı, tamam yaddan çıxmışdım mən... mahnılarım oxunurdu, ancaq özüm yada düşmürdüm. Mən sənətin əzablı, nisgilli yollarını keçə-keçə, illər uzunu kimsənin mərhəmətinə sığınmadım, yuxusuz gecələrimə, alnımın tərinə minnətdaram buna görə...

Həmişə öz əlimin çörəyini yedim... Xalqıma qurban olum, xalq həmişə istədi məni, sevdi mənim mahnılarımı...

-  Şəfiqə xanım, yaradıcılığınızdan danışdıq, şəxsi həyatınız kölgədə qaldı...

- Mənim şəxsi həyatım olub ki... Bu uzun ömürdə tək bircə dəfə sevdim, tək bircə dəfə. Sevdiyimlə də nə ailə qurduq, nə də sonralar görüşdük. Valideynləri qoymadı oğullarını musiqiçi qızla evlənsin. Elə öz rayonumuzdan, Şəkidən idilər.

...Mənə ailə səadəti vermədi Allah... 1967-ci ildən sonra sənətimə dəxli olmayan bircə zəng olmayıb mənə ki... "Şəfiqə, özün necəsən?". Bir dəfə də... lap çoxdan olub bu əhvalat. Şəkidən bir kişi zəng vurmuşdu ki, sənin sənətinə baş əyirəm, qızım. Biz şəkililər səninlə fəxr edirik. Bilirsən kim idi?! Sevdiyim oğlanı mənimlə ailə qurmağa qoymayan atası... Sağ ol deyib, dəstəyi qoydum yerə... Alın yazısına nə demək olar?!

Bu dünyada xoşbəxtəm ki, öz zəhmətimin bəhrəsini görmüşəm. 80 illiyimdə mənə "Şöhrət" ordeni verildi. Televiziyalar, radiolar, qəzetlər hamısı 80 illiyimi qeyd etdi. Səkkiz ildi, gözüm qapıdadı...

Bacım Rəfiqəgil yanımda qalırlar. Özüm də məəttələm ki, bir ömürü içimdə tək-tənha neçə yaşadım?

-  Şəfiqə xanım, yaradıcılığınızı tam şəkildə xatırlaya bilirsiniz?

- Qızım, gələn həftə 88 yaşım tamam olur. Yaşdı da, təsirini göstərir...

500-dən artıq mahnı romans bəstələmişəm. Böyük Simfonik Orkestr üçün süitaların, xor üçün silsilələrin, "Gəlin qayası" operasının, "Ev bizim, sirr bizim" operettasının, Puşkinin, Səməd Vurğunun sözlərinə kantataların, simli kvartet üçün pyeslərin, dramatik teatr tamaşalarının ("Aydın", "Əlvida Hindistan", "Nə üçün yaşayırsan?" və s.) "Təlxəyin nağılı", "Dovşanın ad günü" və b. uşaq tamaşalarının musiqisinin müəllifiyəm. Amma... (...Bu yerdə Şəfiqə xanımın gözləri dolur).

- Dünyanın işini bilmək olmaz, qızım. 90-a hələ iki il var... Kaş mənim də əsərlərimi bir yerə toplayıb albom kimi nəşr etdirəydilər... Mən öləndən sonra hamısı it-bat olacaq... Heç bilmirəm hansı əsərim hardadı...

-  Narahat olmayın, Şəfiqə xanım, ümid yaxşı şeydir.

- Bir oğlum vardı, Taleh... üç il əvvəl rəhmətə getdi. Qaldım lap tək. Yenə Nazı (Nəzakət Məmmədova - müəllif) sağ olsaydı, mən bu qədər darıxmazdım...

 

 İllər ötüb keçir, kiminin yanından, kiminin canından, kiminin içindən... Nə olur-olsun, yaş öz sözünü deyib... Möhtəşəm bir bəstəçi ömrü, möhtəşəm bir qadın gözəlliyi xəzan mövsümündədi...

Şəfiqə xanım Azərbaycan analarının himnini - "Lay-lay"ı yazan bəstəkardı...  Azərbaycanın himnini də öz səsi ilə ilk oxuyan Azərbaycan vətəndaşı Şəfiqə xanımdı... Zəng edək, xətrini soraq, musiqisi ilə "Bu ayrılıq nədən oldu?" - deyən Şəfiqə xanımı bundan belə "Can deyib, can eşidərdik, bu ayrılıq nədən oldu?" deməyə qoymayaq. Vallah, 88 yaşın Şəfiqə xanımın ürəyinə, səsinə, səmimiyyətinə dəxli yoxdu.

 

 

Söhbəti apardı: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 13 yanvar.- S.4.