Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji
təcrübənin təşkili tarixindən
Azərbaycan Dövlət Pedaqoji Universiteti 90 illik fəaliyyəti dövründə
özünəlayiq şərəfli bir yol keçmiş, nəinki
respublikamız üçün, hətta
qonşu, mərkəzi Asiya respublikaları və digər xarici ölkələr üçün
də yüksək ixtisaslı
müəllimlər və elmi kadrlar yetişdirmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti zaman-zaman
respublikamıza çox böyük nüfuza malik ictimai xadimlər və
tanınmış alimlər bəxş etmişdir.
Elmi-texniki tərəqqinin, müasir informasiya texnologiyalarının,
qloballaşmanın böyük vüsət
aldığı bir dövrdə son illər öz fəaliyyətində xeyli
uğurlara müvəffəq olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinə AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,
professor Yusif Məmmədov
rektor təyin olunandan
sonra universitetin bütün strukturlarında, eləcə də
pedaqoji təcrübə sahəsində də
əsaslı şəkildə dönüş
yaranmışdır.
Aydındır
ki, müasir pedaqoji kadrlar
qarşısında qoyulan əsas vəzifə təhsilin keyfiyyətini
daha da yüksəltməyi
zəruri etməklə, bütün
problemlərin əlaqəli və
kompleks şəkildə həllini tələb
edir. Odur ki, təhsilalanlar, əslində
elə həm də təhsilverənlər dövrün
tələblərinə və şəraitinə
uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət
göstərməyə, ünsiyyət yaratmaq
bacarığına yiyələnməli, fasiləsiz təhsil
almalı, müasir standartlara
uyğun gələn biliklərə və
dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə,
yeni texnologiyaya yiyələnməlidirlər.
Deməli, təhsil prosesinin səmərəliliyi
pedaqoji kadrların elmi
səviyyəsindən, pedaqoji
ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası
isə pedaqoji sahədə qazandığı praktik
hazırlığından asılıdır. Bu
isə ali təhsil müəssisələrində
müasir pedaqoji
kadrların hazırlanması prosesində pedaqoji
təcrübənin nə dərəcədə əhəmiyyətli olmasını aşkara
çıxarır.
Pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri
olub, ali təhsil
müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir.
Pedaqoji təcrübə prosesində əvvəlki semestrlər ərzində ixtisas fənlərinin, pedaqogika və
psixologiyanın əsaslarına yiyələnən gələcək
bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə
praktik fəaliyyət meydanına qədəm
basırlar. Onların ali məktəblərdə
aldıqları bilik dərinləşir,
möhkəmlənir və nəticədə gələcək
təhsilverənlər pedaqoji iş sahəsində yeni
bacarıq və vərdişlərə yiyələnirlər.
Təhsilalanların yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktik yolla başa
çatır, nəzəri biliklər pedaqoji
təcrübə müddətində icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji
qabiliyyət formalaşır ki, bunlar da pedaqoji
səriştənin vərdiş halında möhkəmlənməsinə
səbəb olur. Əslində pedaqoji təcrübə bütövlükdə
təhsil müəssisəsi professor-müəllim heyətinin
müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini
aşkarlayacaq bir vasitədir.
Üstəlik, pedaqoji təcrübə
sabahın müəllim kadrlarının bu
peşəyə layiqlilik dərəcəsi
və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi olub,
müəllim hazırlığı formalarından biridir.
ADPU-da pedaqoji
təcrübənin keçirilməsi bu ali təhsil müəssisəsi yaranan gündən bu
günə qədər diqqətdə olan
məsələlərdən biri olub. Bir qayda olaraq bütün başlanğıc və yekun konfranslarda universitetimizin tədris işləri üzrə
prorektoru, pespublikanın əməkdar
müəllimi, fizika-riyaziyyat elmləri doktoru, professor Malik Cəbrayılovun şəxsən iştirak etməsi, öz
lazımi tapşırıq və tövsiyələrini əsirgəməməsi
dediklərimizə canlı bir
nümunədir.
Ötən
90 il ərzində pedaqoji
təcrübə də təhsilin başqa
sahələri kimi inkişaf
etmiş və bugünkü
səviyyəyə gəlib çatmışdır. Bütün dövrlərdə həm əyani,
həm də qiyabi şöbələrdə
əsasən axırıncı iki kursda iki təcrübə aparılmış, amma müəyyən vaxtlarda
birinci və ikinci kurslarda passiv təcrübələr də mövcud
olmuşdur. Hazırda passiv
təcrübə aktiv təcrübənin
tərkibinə daxil olmaqla
pedaqoji təcrübənin birinci həftəsi keçirilir.
Son illər bütün
fakültələrdə yeni bir təcrübə - informatika
təcrübəsi tədris planına daxil
edilmişdir ki, bu da günün
tələbidir. Bundan başqa, müxtəlif
fakültələrin tələbələri üçün plener (çöl təcrübəsi), istehsalat təcrübələri də keçirilir. Əvvəllər pedaqoji təcrübələrin bir qismi Azərbaycanda, bir qismi isə respublikadan kənarda, hətta Rusiyanın
müxtəlif şəhərlərində keçirildiyi halda, indi bütün təcrübələr
doğma ölkəmizdə keçirilir. Araşdırmalarımız deməyə
əsas verir ki, pedaqoji təcrübəyə maraq,
onun təşkili, nəzarəti,
uğurları heç vaxt
bu səviyyədə
olmamışdır. Onu da qeyd edək
ki, şəxsən hörmətli rektorumuz Yusif Məmmədovun
təşəbbüsü və göstərişi ilə əvvəlki
illərdən fərqli olaraq təcrübə
yerlərinin seçilməsinə
xüsusi
diqqət yetirilmiş və şəhərin
metroya, nəqliyyata yaxın olan ən nüfuzlu, ən
yaxşı, ən müasir
məktəbləri ilə müqavilələr
bağlanmış, orta məktəbin
siniflərinə aid dərs vəsaitləri
alınıb kitabxanaya verilmiş
və təcrübəyə gedən bütün
müəllim və tələbələr bu
dərs vəsaitləri ilə təmin olunmuş
və bunun da nəticəsində
demək olar ki, tələbələrin
hamısı pedaqoji təcrübədə
yüksək nailiyyətlər qazanmışlar.
Məlum
olduğu kimi, pedaqoji təcrübənin səmərəli
təşkilində müxtəlif amillər əhəmiyyət
daşıyır. Bunlardan bəlkə də
birincisi təcrübə yerlərinin
seçilməsidir. Digər
amillərdən biri də pedaqoji
təcrübənin təşkilinə və keçirilməsinə
nəzarətdir. Buraya həm orta məktəb, həm də ali
məktəb rəhbərliyinin nəzarəti nəzərdə
tutulur. Bizim həm metodist müəllimlərimiz,
həm pedaqoqlarımız və həm də
psixoloqlarımız təcrübənin gedişində
lazımi səviyyədə bu işin öhdəsindən gəlmiş və
nəticədə demək olar ki, bütün tələbələrimiz
yüz faiz davamiyyətlə
pedaqoji təcrübədə iştirak
etmişlər. Təbii ki, universitet rəhbərliyi tərəfindən
göstərilən bu cür
diqqət və qayğı nəticəsində tədris
müəssisəsində məsuliyyət və
yaradıcılıq əhvali-ruhiyyəsi daha
da yüksəlmiş və orta məktəb rəhbərliyi tərəfindən
yüksək qarşılanmışdır. Bu gün açıq şəkildə etiraf etmək lazımdır ki,
məktəb rəhbərliyi və orta məktəblərin
pedaqoji kollektivləri ilə bizim universitetin rektorluğu, tədris hissəsi və fakültə dekanlıqları
arasında hələ bu qədər çox geniş əlaqələr
və imkanlar yaranmamışdır.
Orta məktəblərdə pedaqoji təcrübədə iştirak
edərkən tələbələrimizin şagirdlərlə
birgə müxtəlif ünvanlara, o cümlədən
bizim universitetə də ekskursiyalar təşkil etməsi artıq bir ənənə
halını almışdır. Orta məktəb
şagirdlərinin universitetimizin həyatında baş
verən yeniliklərlə yaxından tanış olmaları,
müxtəlif fənlər üzrə dərslərdə iştirak
və bu təhsil ocağı haqqında geniş
məlumatlar əldə etmələri təbii ki, onlarin ali
məktəblərə daxil olarkən seçim turunda öz müsbət təsirini göstərəcəkdir. Son zamanlar təcrübəçi
tələbələrimiz yeni təlim
texnologiyalarından, interaktiv və inteqrativ metodlardan istifadə
bacarığını aşkara
çıxarmaqla özlərini yaxşı tərəfdən
göstərə bilmiş və nəticədə
orta məktəblərdə "təcrübəçi
tələbələrin dərsləri" adlı stend tərtib olunmuş, təcrübənin sonunda
universitetin ünvanına belə gənclərə
yazılı təşəkkürnamələr göndərilmişdir.
Ümumiyyətlə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin respublikamızın ictimai-mədəni
həyatında çox yaxından iştirak etmələri hər bir kəsi sevindirməyə bilməz. Xüsusən, ötən ilin
dekabrın 10-da ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr
olunmuş anım mərasimində təcrübəçi
tələbələrimiz yüksək səviyyədə azərbaycançılıq
ideyalarına həmişə sadiq
qalacaqlarını nümayiş etdirdilər.
Ümumiyyətlə,
aparılan təhlillər göstərir ki,
təcrübə zamanı nəzərdə tutulan
bütün məsələlər kifayət
qədər yüksək səviyyədə
yerinə yetirilmişdir. O
cümlədən keçilmiş dərslərin
miqdarı (icmal və plan
ilə), dərslərin tipləri üzrə dərs növləri,
dərslərdə müvəffəqiyyətli cəhətlər
və nöqsanlar, bunların səbəbləri,
fənn üzrə sinifdənkənar keçirilən tədbirlər
- dərnək məşğələləri,
ekskursiyalar, əlavə məşğələlər,
maraq dərsləri və s.
sinifdənkənar tərbiyəvi işlər, onların mövzusu, məqsədi, tərbiyəvi təsir
qüvvəsi, şagirdlərlə aparılan fərdi işlər,
onların nəticəsi, təcrübəçi tələbələrin məktəbə və təhkim
olunduğu sinfə göstərdiyi əməli
köməklik (əyani vəsaitlər hazırlanması, fənn
kabinetindəki avadanlıqların təmiri və s.), valideynlərə aparılan işlər,
onların mahiyyəti, forma və
metodları, təcrübə müddətində metodistlərin, pedaqoqların, psixoloqların, həmçinin məktəbin
pedaqoji kollektivinin - direktorun, onun müavinlərinin, fənn müəllimlərinin,
sinif rəhbərinin köməyinin məzmunu
və forması, şəxsi bacarıq və vərdişlərin
qiymətləndirilməsi, dərsin icmalının
(planının) tərtibi, dərs üçün
lazım olan ədəbiyyat
və əyani vasitələrin seçilməsi, dərsdə
təlimin prinsip, üsul
və priyomlarının düzgün
seçilməsi, təlimin texniki vasitələrdən istifadə səviyyəsi,
laboratoriya məşğələlərinin
və praktik işlərin
aparılması, ev tapşırıqları üzərində
nəzarətin olması, biliklərin cari hesabının aparılması, fənn üzrə
tapşırıqlar və digər
çalışmaların yerinə yetirilməsi, yazı işlərinin
aparılması və sair məsələlərin
demək olar ki, əksər
hissəsi öz
müsbət həllini tapmışdır. Sevindirici
haldır ki, bu gün bizim tələbələrin
çoxu müasir dərs
metodlarından istifadə etməklə öz
sınaq dərslərini aparmış, müasir
dərslərdə nəzərdə tutulan
fəal dərsin quruluşu, o cümlədən motivasiya,
tədqiqatın aparılması, məlumat mübadiləsi,
məlumatın təşkili və müzakirəsi, nəticənin
çıxarılması, refleksiya (əksetdirmə), reproduktivlik və
sairə öz əksini
tapmışdır.
Bu gün
bir çox universitetlər
ADPU-nun bu sahədə
əldə etdiyi nailiyyətlərin səbəblərini
öyrənir, bizdən lazımi məsləhət və tövsiyələr almağa çalışırlar. Pedaqoji təcrübə zamanı əldə olunan bu cür
uğurlara görə isə təbii ki, ilk növbədə, universitetin rektoru,
AMEA-nın müxbir üzvü,
professor Yusif Məmmədova
öz dərin təşəkkürümüzü
bildiririk.
Sözsüz ki, bütün bu
uğurlarımıza baxmayaraq
qloballaşmanın geniş vüsət
aldığı vaxtda fəaliyyətimizi
davam etdirir və gələcək
işlərimizi günün tələbləri
səviyyəsində qurmağa
çalışırıq. Birləşmiş Millətlər
Təşkilatının XXI əsri "Təhsil əsri"
elan etməsi təbii ki,
bizim də boynumuza
müəyyən məsuliyyət hissi qoyur. Yüksək intellektə malik
insan kapitalının
formalaşmasında, davamlı inkişafa
zəmin yaradan güclü
iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual
olmayıb. Bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda
da insan
kapitalının formalaşmasında ali təhsilin
rolu danılmazdır. Bu
baxımdan informasiya
texnologiyalarının hazırkı səviyyəsi mövcud təhsil sisteminə yeni
sahələrin əlavə olunmasını, yeni
problemlərin həllini tələb
edir. Cəmiyyətdə informasiya
texnologiyaları ilə bağlı biliklərin durmadan inkişaf etdiyi bir dövrdə yeni-yeni ideyalar, metodlar, nəzəriyyələr yaranır. Hazırda yeni informasiya
texnologiyalarından istifadə etməklə qüvvədə
olan pedaqoji təcrübənin
aparılmasının modernləşdirilməsi nəticəsində
İnternetdən istifadə etməklə virtual
pedaqoji təcrübə dünyada
geniş yayılmaqda olan
təcrübələrdən biridir.
Bu gün dünyada kifayət
qədər bu sahədə təcrübə
qazanılmış, xüsusi virtual pedaqoji təcrübə
saytlarında pedaqoji təcrübənin təşkil
edilməsi üçün müxtəlif
normativ sənədlər, materiallar
və metodik göstərişlər yerləşdirilmişdir.
Məlumat üçün bildirmək istəyirəm
ki, virtual pedaqoji təcrübə bir
neçə mərhələdə aparılır. Birinci mərhələ hazırlıq mərhələsidir.
Bu mərhələnin
ilkin diaqnostikası əsasında (bu diaqnostika həm şifahi, həm də yazılı aparıla
bilər) metodistlər təcrübəçi tələbələrin
gələcək fəaliyyətləri üçün
virtual təcrübəyə daxil olmalarını planlaşdırırlar.
Bir qayda olaraq, tələbə qruplarına
İnternetdən, internet-texnologiyanı kifayət qədər
yüksək səviyyədə bilən aktiv
istifadə edənlər və İnternetdən istifadə etmək
imkanı olmayanlar daxil
olur. Təcrübə başlayana qədər bütün
tələbələr üçün
"virtual pedaqoji təcrübə"
saytının prezentasiyası təşkil edilir
və tələbələrə lazımi informasiyalar
və vacib anlayışlar verilir. Əgər tələbələrin bu sahədə təcrübəsi kifayət
etmirsə, onda əlavə seminarlar
təşkil edilir və onlara müasir texnologiyalarla bağlı bilgilər öyrədilir.
Birinci mərhələ
bütün tələbələr
arasında, yaxud tələbələrin çox hissəsi ilə virtual
əlaqə müəyyən edilməklə
yekunlaşdırılır və ikinci mərhələyə
başlanılır. Əlbəttə, bu
məqalədə virtual pedaqoji
təcrübənin necə təşkil edilməsinin
texnologiyasını tamamilə şərh etmək imkan xaricindədir. Amma qeyd etmək istəyirəm ki,
virtual pedaqoji təcrübənin
keçirilməsi zamanı bir çox problemlərin yaranması labüddür. Lakin zaman keçdikcə bu
problemləri həll etmək mümkün
olacaqdır.
Yekunda qeyd
edək ki, son illər
insan kapitalına yüksək dəyər
verilən ölkəmizdə təhsilin keyfiyyətinin
yüksəldilməsi, onun məzmununa və
təşkilinə qloballaşma və
informasiyalaşdırma tələbləri baxımından
yanaşılması, yeni ideyaların,
metodların və nəzəriyyələrin yaradılması
zamanın tələbidir. Bu isə bizdən
daha çox və daha yaxşı çalışmağı tələb
edir.
Xankişi
MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.3.