Qocaman alim - təcrübəli pedaqoqun 85 illik yubileyi qeyd edildi

 

 Naxçıvan Dövlət Universitetində Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 85 illiyinə həsr edilmiş yubiley mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq professor Yavuz Axundlunun Azərbaycan ədəbiyyatşünaslığında, Naxçıvanda ali təhsil strukturunun formalaşmasındakı özünəməxsus xidmətlərindən danışdı. Rektor qocaman alimin Azərbaycan tarixi romanının təşəkkülü, inkişaf yolu, yaradıcılıq problemləri barədə çoxillik sanballı tədqiqatlarından, çoxşaxəli ədəbi və səmərəli pedaqoji fəaliyyətindən bəhs etdi. Qeyd olundu ki, bugünkü Naxçıvan elmi-ədəbi mühitində Yavuz Axundlu məktəbinin, bu məktəbin layiqli yetirmələrinin ayrıca yeri var. Məlumat verildi ki, universitetin elmi kitabxanası tərəfindən professor Yavuz Axundlunun şəxsi biblioqrafiyası çapa hazırlanmış, gələcəkdə isə əsərlərinin üçcildliyinin nəşri nəzərdə tutulur. Akademik, millət vəkili İsa Həbibbəyli yubilyarı universitetin fəxri fərmanı ilə təltif etdi, muxtar respublika ictimaiyyəti və NDU-nun kollektivi adından yaradıcılıq uğurları arzuladı.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev Yavuz Axundlunun həyat yoluelmi-pedaqoji fəaliyyəti barədə ətraflı məruzə etdi.

Qeyd olundu ki, 1927-ci ildə ziyalı ailəsində dünyaya göz açan Yavuz Axundlu 1952-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək həmin ildən Naxçıvanda pedaqoji fəaliyyətə başlamış, mətbuatda mütəmadi çıxış etmişdir. 1983-cü ildə filologiya elmləri doktoru alimlik dərəcəsi, 1985-ci ildə professor adı alan Yavuz Axundlu "Tarixi romanmüasirlik", "Azərbaycan sovet tarixi romanı", "Tarixi roman yeni mərhələdə", "Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" adlı sanballı monoqrafiyaların müəllifidir. Tanınmış ədəbiyyatşünas alim "Mənim ədəbi dünyam", "Naxçıvan - yurdum mənim", "Ədəbi yaddaşdan səhifələr", "İstiqlal şairləri", "Ədəbi portretlər", "Əlimdədir hələ qələm", "Ürəyimdən keçənlər", "Müəllimlərim və müəllim dostlarım" adlı kitablarında dövrün aktual ədəbiyyatşünaslıq problemlərinə toxunmuş, görkəmli şair və yazıçılarımızın, ziyalılarımızın ədəbi portretlərini yaratmışdır. "İstiqlalın əzablı yolu", "Qarabağ harayı" kitabları xaricdə nəşr olunaraq böyük maraqla qarşılanmışdır. Professor Yavuz Axundlunun taleyinin 40 ildən artıq bir dövrü məhz Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Universitetin ilk yaradıcılarından olan Yavuz müəllim burada tədris və elmi işlər üzrə prorektor, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmış, milli ədəbiyyatımızın tədrisində, Naxçıvanın ictimai həyatında da əhəmiyyətli rol oynamışdır. Professorun elm və təhsilin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1966-cı ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı, 2007-ci ildə Prezident təqaüdü ilə təltif olunmuşdur.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Folklorşünaslıq" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli, Naxçıvan Özəl Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimov, tələbələr adından Türkan İbrahimzadə çıxış edərək yubilyara səmimi təbriklərini, xoş arzularını çatdırdılar.

Sonda professor Yavuz Axundlu tədbirin təşkilatçılarına, onun elmi yaradıcılığına, pedaqoji fəaliyyətinə yüksək qiymət verən muxtar respublika rəhbərliyinə və universitet rektorluğuna minnətdarlığını bildirdi.

Yubiley mərasimində alim-pedaqoq Yavuz Axundlunun həyat və fəaliyyətini əks etdirən slaydkitab sərgisi nümayiş etdirildi.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2012.- 13 yanvar.- S.3.