Müsabiqə qaliblərinə
mükafatlar təqdim edildi
Yanvarın
10-da Təhsil Nazirliyində gənc meşəçilərin
"Meşələri qoruyaq" adlı
respublika müsabiqəsinin yekunlarına həsr
olunmuş tədbir keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin
və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müvafiq şöbələrinin əməkdaşları,
respublika üzrə fəaliyyət
göstərən ekoloji tərbiyə və
təcrübəçilik mərkəzlərinin, uşaq yaradıcılıq mərkəzlərinin
ekoloji dərnəklərinin, "gənc
meşəçilər" dəstələrinin nümayəndələri
və müsabiqə qalibləri iştirak
edirdilər.
Qeyd edək ki,
ümumtəhsil məktəbləri şagirdləri
arasında "Meşələri qoruyaq"
mövzusunda respublika ekoloji müsabiqəsi 2011-ci ilin
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
"Turizm ili" və
BMT tərəfindən beynəlxalq "Meşə ili" elan edilməsi ilə
əlaqədar məktəblilərin
ekoloji maarifləndirilməsini genişləndirmək
məqsədilə təşkil olunub. Təhsil
nazirinin "Respublika ekoloji müsabiqəsinin keçirilməsi
haqqında" 25 noyabr 2011-ci il tarixli əmrinə əsasən
keçirilən müsabiqə 3 nominasiya
üzrə (məktəb meşəçiliyi, meşənin
ekoloji müxtəlifliyi, ekoturizm)
təşkil edilib.
3 mərhələdə
- məktəb, rayon (şəhər) və
respublika üzrə keçirilən
müsabiqədə orta ümumtəhsil məktəblərinin
V-XI sinif şagirdləri, dərnək
üzvləri, "gənc meşəçilər" dəstələrinin
üzvləri iştirak ediblər.
Müsabiqənin
məktəb və rayon mərhələlərində
iştirak edən yüzlərlə məktəbli
ölkəmizin meşələrinin, təbiət abidələrinin
bioloji müxtəlifliyini, qorunması, bərpası
məqsədilə görülən işləri referat və ekoloji layihələrdə
əks etdiriblər.
Respublika mərhələsinə
53 rayon və şəhərdən təqdim
olunmuş 300-ə qədər
yaradıcılıq işində məktəblilər meşələrin
əhəmiyyətini, fauna və
florasını, nadir bitki
və heyvan növlərini, meşənin
ekoloji vəziyyətinə dair ekoloji tədqiqatların
nəticələrini,
təbii sərvətlərə və canlılara
qayğıkeş münasibətin zəruriliyini təsvir
ediblər. Təqdim olunmuş
referatlar və ekoloji
layihələrdə meşədə ekoloji
cığırın yaradılması, turistlərin ekoloji maarifləndirilməsi, meşənin
qırılmasının qarşısının
alınması, yeni meşə zolaqlarının
salınması, meşə ehtiyatlarının davamlı
istifadəsi və bərpa olunması, meşə bitkilərinin
tədris - təcrübə sahəsində
artırılması üçün məktəblilər
tərəfindən görülən işlər şərh
olunub. Respublikada fəaliyyət göstərən ekoloji
tərbiyə və təcrübəçilik mərkəzlərinin,
uşaq yaradıcılıq mərkəzlərinin,
ekoloji dərnək üzvlərinin, həmçinin
"gənc meşəçilər" dəstələrinin
həyata keçirdikləri yaşıllaşdırma və
abadlaşdırma işlərinə aid
yazılarda məktəblilərin bu sahədə
ekoloji fəaliyyəti geniş
əksini tapıb.
Tədbiri
açaraq
iştirakçıları salamlayan təhsil nazirinin müavini Qulu Novruzov müasir dövrdə
ekoloji problemlərin həllinin vacibliyi haqqında danışaraq
vurğuladı ki, hazırda ekoloji problemlərə diqqət yetirməyən,
ekoloji siyasət həyata keçirməyən
dövlət sivil, inkişaf
etmiş dövlət sayıla bilməz.
Azərbaycanda
ətraf mühitin qorunması istiqamətində
görülən işlərdən bəhs edən nazir müavini
xatırlatdı ki, hələ ötən
əsrin 70-80-ci illərində ulu öndər
Heydər Əliyevin ölkəyə rəhbərliyi
dövründə bu məsələyə
xüsusi diqqət yetirilirdi. Xüsusilə
Bakıda və Abşeron
yarımadasında, magistral yolların kənarında
yaşıllıq zolaqları, meşə massivləri
salınırdı.
Müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında da
ekologiyanın qorunması və ətraf mühitin
mühafizəsi istiqamətində mühüm
addımların atıldığını deyən Qulu Novruzov bu
sahədə yürüdülən siyasətin parlaq nəticələr verdiyini
bildirdi.
Qeyd olundu
ki, dövlət başçısı
2010-cu ili "Ekologiya
ili", 2011-ci ili isə
"Turizm ili" elan etmişdi. Təbii ki, turizmin inkişafı bilavasitə
meşələrlə, yaşıllıqla
bağlıdır. Azərbaycanda da
yalnız meşə örtüyünə və zəngin təbiətə
malik olan regionlarda turizm daha çox inkişaf edib. Çünki insanlar
gözəl təbiət mənzərəsi olan
yerlərdə istirahət etmək istəyirlər. Təəssüf
ki, ölkəmizin ərazisinin yalnız
12 faizi meşə örtüyünə malikdir. Digər ölkələrlə
müqayisədə (Rusiya 44%, Latviya 41%, Gürcüstan 39% və s.)
bu çox azdır. Bu faktın özü
meşələrin salınmasının vacib
olduğunu bir daha sübut edir.
Nazir müavini
ekologiyanın qorunması və ekoloji
problemlərin həlli məsələsində bütün cəmiyyətin fəallıq
göstərməsinin zəruri olduğunu
bildirdi və son illər
Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələrin
mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Çıxışının
sonunda qalibləri təbrik edən Qulu Novruzov onlara
gələcəkdə də bu sahədə
fəaliyyətlərini davam etdirərək
belə müsabiqələrdə daha fəal
iştirak etməyi tövsiyə etdi və yeni-yeni uğurlar qazanmağı arzuladı.
Sonra çıxış edən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun Meşəçilik şöbəsinin
müdiri Allahverdi Dolxanov, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
"Biomüxtəlifliyin davamlı idarə olunması"
Proqramının Cənubi Qafqaz ofisi üzrə baş assistenti Natiq
İsmayılov, ENPİ FLEG Proqramının əlaqələndiricisi
Azər Qarayev və BDU-nun
dosenti Rəhilə Ağabəyova qalibləri
təbrik edərək məktəblilərin ekoloji
maarifləndirilməsinin çox vacib bir məsələ olduğunu və bu
baxımdan həyata keçirilən belə layihələrin
önəmli rol oynadığını
bildirdilər.
Sonda mükafatlandırma mərasimi
keçirildi. Qaliblərə diplomlar və hədiyyələr təqdim olundu.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.2.