"Qəlbən şair olmayan əsl
riyaziyyatçı ola bilməz"
Müdriklərdən birinin dediyi bu
aforistik fikir ötən il dekabrın 24-də Bakıdakı
311 nömrəli tam orta məktəbdə "Riyaziyyat və
poeziya" mövzusunda keçirilən ədəbi-bədii
gecənin əsas leytmotivini təşkil edirdi. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müvafiq əmri ilə
paytaxtın ümumtəhsil müəssisələrində
keçirilən "Riyaziyyat aylığı" çərçivəsində
təşkil olunmuş tədbirə tanınmış
şairlər İlyas Tapdıq, Musa Ələkbərli dəvət
olunmuşdular.
Gecəni məktəbin direktoru Esmira
Muradova açaraq qonaqları salamladı, onları tədris
ocağında görməkdən məmnun
qaldıqlarını bildirdi. Aylıqla bağlı məktəbdə
həyata keçirilən tədbirlərdən danışan
direktor riyaziyyat müəllimlərinin "açıq dərs"lər
verdiyini, riyaziyyata dair sinif divar qəzetlərinin
buraxıldığını, əyləncəli viktorinalar
keçirildiyini, bütün bunların şagirdlərin
riyaziyyata marağını daha da
artırdığını söylədi.
Sonra şagirdlərdən biri sözləri
və musiqisi tədbirin əsas təşkilatçısı
və ssenarisinin müəllifi, məktəbin riyaziyyat və
informatika müəllimi Vahid Aslana məxsus "Riyaziyyat"
mahnısını ifa etdi.
Gecənin aparıcısı, məktəbin
VII sinif şagirdi Aytən Həsənova məşhur alimlərin
riyaziyyat, onun rolu və əhəmiyyəti, elmlər sistemindəki
yeri haqqında dedikləri aforistik fikirləri səsləndirdi,
riyaziyyat elminə böyük töhfələr vermiş
görkəmli alimlərin, o cümlədən Azərbaycan
riyaziyyatçılarının adlarını çəkdi.
Müvafiq videogörüntülər ekranda
canlandırıldı. Görkəmli Azərbaycan alimi,
ABŞ-dakı Berkli Kaliforniya Universitetinin professoru Lütfi Zadənin
həyatından və elmi fəaliyyətindən, onun məşhur
qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhs
edən qısametrajlı film nümayiş olundu.
Sonra səhnəyə sinələrində
müxtəlif rəqəmlər və həndəsi
fiqurların adları yazılmış lövhələr
asılmış şagirdlər çıxdılar. Onlar
riyaziyyat və informatika müəllimi, şair Vahid Aslanın
həmin rəqəmlərə və fiqurlara həsr etdiyi
şeirləri səsləndirdilər. Zalda əyləşmiş
şagirdlər də proqrama qatılaraq tanınmış
alim və filosofların riyaziyyata dair müdrik fikirlərini
diqqətə çatdırdılar.
Gecədə çıxış edən
məktəbin riyaziyyat və informatika müəllimi Vahid
Aslan, təlim-tərbiyə işləri üzrə direktor
müavini Mehparə Qurbanova və b. "Riyaziyyat
aylığı"nın əhəmiyyətindən
danışdılar, ekranda aylıq çərçivəsində
aparılmış "açıq dərs"lərdən
görüntülər nümayiş olundu.
V sinif şagirdlərindən bir qrupunun
"Rəqəmlərin mübahisəsi" mövzusunda təqdim
etdikləri əyləncəli kompozisiya, istedadlı
şagirdlərdən birinin ifa etdiyi saz havası tədbir
iştirakçılarında xüsusilə xoş ovqat yaratdı.
Aparıcının şairlər
İlyas Tapdıq və Musa Ələkbərli haqqında
ekranda görüntülərlə müşayiət olunan təqdimatından
sonra söz qonaqlara verildi.
Tanınmış şair, uşaqların sevimlisi
İlyas Tapdıq maraqlı çıxışlarına
görə şagirdlərə təşəkkürünü,
gecənin hazırlanmasında əməyi olanlara minnətdarlığını
bildirdi. Fəaliyyət göstərdiyi qısa müddət ərzində
məktəbin böyük inkişaf yolu keçdiyini qeyd edən
şair burada yaradılan yüksək təhsil mühitində,
əldə olunan uğurlarda məktəbin direktoru və
müəllimlərinin böyük zəhmət payı
olduğunu vurğuladı. Riyaziyyatın elmlərin
şahı olduğunu deyən İlyas Tapdıq şagirdlərə
bu elmi daha yaxşı öyrənməyi tövsiyə etdi.
Sonra o, ölkəmizin görkəmli riyaziyyatçı alimlərinə
həsr etdiyi şeirlərin yaranma şəraitindən
söz açdı, "Hesab" şeirini və digər
şeirlərini oxudu.
Şair Musa Ələkbərli də dəvət
üçün minnətdarlıq edib, həyat və
yaradıcılıq yolundan danışdı.
Özünün poeziyaya gəlməsində və şair
kimi formalaşmasında ustadı İlyas Tapdığın
böyük rolu olduğunu bildirdi və
çıxışını şeirlərini oxuması ilə
bitirdi.
Gecədə qonaq qismində iştirak
edən şairlər Hacı Salman Qazi, Hacı Loğman
Qorqud, habelə Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər
metodik bölməsinin müdiri Alı Məmmədov
çıxışlarında riyaziyyatla poeziyanın vəhdətindən,
riyaziyyatı öyrənməyin əhəmiyyətindən
söz açdılar, şagirdlərə məktəbdə
tədris olunan bütün elmlərin əsaslarına, o
cümlədən riyaziyyata dərindən yiyələnməyi
tövsiyə etdilər. Tədbirin təşkilini yüksək
dəyərləndirib belə görüşlərin
şagirdlərin yaddaşında dərin iz
buraxdığını, onların tərbiyəsində
mühüm rol oynadığını bildirdilər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.4.