Şirəli
Nəsir oğlu Məmmədov (Nəsirzadə)
Şirəli
Nəsir oğlu Məmmədov (Nəsirzadə)
1904-cü ildə Naxçıvanın Ordubad
bölgəsinin Dəstə kəndində anadan
olub.
Uşaqlıqdan zamanın
çətinliklərinə sinə gərməli olan Şirəli Məmmədov 1916-cı ildə
Bakıya gəlib, dayısının himayəsində
yaşayıb. 1916-1918-ci illərdə beşinci
rus-tatar (Azərbaycan - red.)
məktəbində təhsil alıb və dəmir yolunda çilingər köməkçisi kimi əmək fəaliyyətinə
başlayıb. Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra
Bakıda və Ordubadda komsomol
orqanlarında işləyib.
1921-1922-ci
illərdə Bakıda hərbi-siyasi kursu
bitirib və Moskvada Mixail İvanoviç Kalinin adına fəhlə fakültəsində
(1922-1925), sonra isə Moskva
Dağ-Mədən İnstitutunda
(1925-1930) təhsil alıb. Mədən mühəndisi
ixtisasına yiyələnən Şirəli Məmmədov
1931-1932-ci illərdə Moskva Dağ-Mədən
İnstitutunun aspirantı olmaqla
yanaşı, Osetiyanın Sadon mədənlərində
mühəndis işləyib. Mədən sənayesindəki
səmərəli fəaliyyəti ilə özünü
doğruldan gənc mühəndis Maqnitoqorsk mədənlər idarəsi əsaslı
tikinti şöbəsinin rəisi
(1932-1933) vəzifəsinə irəli çəkilib, daha sonra Culfa
mərgümüş kombinatının rəisi (1934-1936) olub.
Elmi
araşdırmalara olan sonsuz
marağı sayəsində 1936-cı ildə məzunu olduğu Moskva Dağ-Mədən
İnstitutuna qayıdıb, dörd il elmi
işçi, metodkabinetin
elmi katibi, dosent, direktor köməkçisi
və filiz yataqlarının işlənilməsi
kafedrasının müdiri vəzifələrində
çalışıb. 1938-ci ildə
namizədlik, on il sonra isə doktorluq dissertasiyası müdafiə edib.
Əldə etdiyi elmi
biliklərin və qazandığı təcrübəni
Azərbaycan elminin və sənayesinin inkişafında faydalı
olacağını düşünən
Şirəli Məmmədov
1941-ci ildə doğma
Vətənə qayıdıb. Azərbaycan Elmlər Akademiyasının
Geologiya İnstitutunda
baş elmi işçi (1941-1943) kimi
fəaliyyət göstərib,
sonra isə Naxçıvan Muxtar Respublikasında duz mədəninin baş mühəndisi və direktoru (1943-1944) olub.
Yüksək təşkilatçılığı
ilə fərqlənən
Şirəli Məmmədov
1944-cü ildə Azərbaycan
KP Naxçıvan Vilayət
Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilib. Bir il
sonra ÜİK(b)P MK yanında partiya işçilərinin ali məktəbində oxumaq üçün Moskvaya göndərilib. 1947-1949-cu illərdə Azərbaycan
Elmlər Akademiyasının
Neft İnstitutunda mədən işləri şöbəsinin rəhbəri,
1949-1950-ci illərdə isə
Azərbaycan Dövlət
Universitetinin professoru olub.
Dağ-mədən sənayesi sahəsindəki təcrübəsi
nəzərə alınaraq
1950-ci ildə Daşkəsən
filiz mədən idarəsinin rəisi vəzifəsinə göndərilib. Üç il ərzində
bu mühüm müəssisənin inşa
olunması işinə
və inkişafına
layiqli töhfələr
verib.
Onun elmi fəaliyyətini
səciyyələndirən əsas xüsusiyyətlərdən
biri apardığı
araşdırmaların respublikamızın
qarşısında duran
iqtisadi məsələlərin
həllinə yönəlməsi
və praktik əhəmiyyət kəsb
etməsidir. İqtisadi inkişafın elmdən,
texniki tərəqqidən
başlandığını təbliğ edən, yüksəkixtisaslı mütəxəssislərin
hazırlanması məsələsinə
xüsusi önəm verən Şirəli Məmmədov Azərbaycan
Dövlət Universitetinin
elmi işlər üzrə prorektoru
(1953-1954), geofizika kafedrasının
müdiri (1953-1959) vəzifələrində
çalışıb. Ötən əsrin 50-ci illərinə
qədər Azərbaycanda
dağ-mədən sahəsi
üzrə elmi ada malik mütəxəssislərin
olmadığını nəzərə
alaraq gənclərin bu istiqamətdə tədqiqatlara cəlb edilməsini fəaliyyətinin
ana xəttinə çevirib. Qısa vaxtda
gənc alimlərin bu sahəyə meyilinin artması onun bir pedaqoq
və elm adamı kimi nüfuzunun, ictimaiyyət arasında qazandığı hörmətin
nəticəsidir. 1959-cu
ildə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü,
1968-ci ildə isə həqiqi üzvü seçilib.
Azərbaycan Nazirlər Soveti yanında yaradılmış Ali və
Orta İxtisas Təhsili Komitəsinin ilk
sədri təyin edilib və 1959-1961-ci illərdə bu vəzifədə uğurla
çalışıb. Yeni işə başlayan
kömitənin strukturunun
formalaşdırılması, fəaliyyətinin məqsəd
və məzmununun dəqiqləşdirilməsi istiqamətində
ilk addımların atılması
onun sədrlik dövrünə təsadüf
edir.
1965-1970-ci
illərdə Azərbaycan
Neft və Kimya İnstitutunun
(NKİ) faydalı qazıntı
yataqlarının işlənilməsi
kafedrasının müdiri
olub. Bu dövrdə onun
rəhbərliyi ilə
neçə-neçə gənc
və istedadlı alim yetişib. Müvafiq ali
məktəblərin dağ-mədən
fakültələrinin tələbələri
üçün Azərbaycan
dilində yazılmış
ilk dərslik və dərs vəsaitinin müəllifidir. 23 monoqrafiyası, 220-dən çox
elmi əsəri nəşr olunub. Təqaüdə çıxana qədər
Azərbaycan NKİ-nin
faydalı qazıntıların
işlənilməsi kafedrasının
professoru kimi (1970-1982)
elmi-pedaqoji fəaliyyətini
davam etdirib.
Filiz və qeyri-filiz
yataqlarının işlənilməsi,
qravitasiya rejimində olan neft yataqlarının
istismarı, neft yataqlarının süzgəcli
qazmalarla qapalı işləmə sistemi, daş duz yataqlarının
səmərəli işlənməsi,
geofizikanın mədən
sənayesində tətbiqi
və digər istiqamətlərdə apardığı
elmi tədqiqat işləri ona nəinki Azərbaycanda, eləcə də bütün Sovet İttifaqında geniş şöhrət qazandırmışdır.
Şirəli Məmmədovun elmi araşdırmaları
və əsərləri
onun tələbələrinin,
davamçılarının tədqiqat işlərinin
əsasını təşkil
edib, yeni-yeni axtarış istiqamətlərinin
müəyyənləşdirilməsinə
yol açıb. Dərin elmi yanaşmanın
məhsulu olan nəzəri müddəalarının
istehsalatda tətbiqi mühüm dəyişikliklərin
əsasını qoyub
və iqtisadi baxımdan səmərəli
nəticələr verib.
Onun elmi fəaliyyəti
və yüksək təşkilatçılıq bacarığı layiqincə
qiymətləndirilib, "Əməkdə
fərqlənməyə görə"
(1939), "Qafqazın müdafiəsinə
görə" (1945), "Böyük Vətən müharibəsində əmək
igidliyinə görə"
(1945), "Əmək veteranı"
(1977) medalı və
"Qırmızı Əmək
Bayrağı" ordeni
(1946) ilə təltif
edilib. 1951-ci ildə
Azərbaycan SSR Ali Sovetinə
deputat seçilib,
1952-ci ildə isə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd
olub.
Şirəli Məmmədov
1984-cü ildə vəfat
edib.
Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.7.