Mühəndis kadrları hazırlığı sahəsində öncül mövqeyini qoruyub saxlayan ali məktəb

 

 Ötən ilin sonlarında ölkəmizin təhsil ictimaiyyəti Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından birinin –milli kadr hazırlığına, cəmiyyətin elmi intellektual inkişafına əvəzsiz töhfələr verən Azərbaycan Texniki Universitetinin (AzTU) 60 illik yubileyini böyük təntənə ilə qeyd etdi.

Azərbaycan Texniki Universiteti ölkəmizdə ali texniki təhsilin inkişafında,  sənaye və    iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı milli mühəndis kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır. Universitet fəaliyyət göstərdiyi 60 il ərzində böyük inkişaf yolu keçərək yüksək ixtisaslı texniki kadrlar hazırlayan çoxprofilli ali təhsil ocağına və texniki elmlər üzrə nüfuzlu elmi mərkəzə çevrilmişdir.

Respublikanın texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalılarının, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Ümumiyyətlə isə fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan Texniki Universiteti ölkəmiz və bir sıra xarici dövlətlər üçün 90 min nəfərədək yüksək ixtisaslı kadr hazırlamışdır. 

 

Dövrün tələblərindən yaranmış ali təhsil ocağı 

 

Azərbaycan Texniki Universitetinin sələfi olan Azərbaycan Politexnik İnstitutunun yaradılması ideyası 1945-ci ildə - İkinci Dünya müharibəsindən dərhal sonra  irəli sürülmüşdür. Lakin həmin il oktyabrın 20-də keçmiş SSRİ Xalq Komissarları Sovetinin bu barədə xüsusi qərarı olsa da, müharibənin doğurduğu çətinliklər səbəbindən o yalnız  1950-ci ilin noyabrında fəaliyyətə başlamışdır.

4 fakültə, 11 kafedra və 57 nəfər professor-müəllim heyəti ilə fəaliyyətə başlayan bu təhsil ocağı ilk illərdə maddi-texniki bazanın zəifliyi, kadr çatışmazlığı kimi ciddi problemlərlə üzləşsə də, məqsədə doğru inamla irəliləmiş, qısa müddətdə tədrisin təşkilində əsaslı dönüşə nail olunmuş, maddi-texniki bazası möhkəmlənmiş, güclü kadr potensialı formalaşmışdır. Sürətlə inkişaf edərək tezliklə Cənubi Qafqazda ən böyük texniki ali təhsil müəssisəsinə çevrilən, 22 min nəfər tələbəsi olan institutda hələ 1970-ci ildə böyük hesablama mərkəzi yaradılmış, informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi istiqamətində ilk addımlar atılmışdır. Həmin il Gəncə şəhərində də institutun filialı yaradılmış və beləliklə, Bakıdan kənarda kadr hazırlığı həyata keçirilmişdir. 1978-ci ildən institut xarici ölkələr üçün də kadr hazırlamağa başlamış, bu da onun beynəlxalq əlaqələrinə ciddi impulslar vermişdir.

Ölkəmizdə elm və təhsilin vüsətli inkişafı ilə xarakterizə olunan ötən əsrin 70-80-ci illəri universitetin tarixində də əsl intibah mərhələsi olmuşdur. O zaman Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev AzTU-nun cəmiyyətdəki xidmətlərini və rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına qayğısını əsirgəməmişdir. 1981-ci ildə ümummilli liderin Azərbaycan Politexnik İnstitutunda olması, tələbə və müəllimlərlə görüşməsi təhsil ocağının tarixində mühüm hadisə olmuş, institutun maddi-texniki bazasının möhkəmləndirilməsinə güclü təkan vermişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun olaraq təhsil sistemində baş verən fundamental dəyişikliklər AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Ulu öndər Heydər Əliyevin təhsil sistemində həyata keçirilən islahatların sürətləndirilməsi məqsədilə 2000-ci ilin iyun ayında imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Sərəncam təhsil müəssisələri, o cümlədən ali məktəblər qarşısında yeni vəzifələr qoymuşdur.

Ulu öndərdən sonra onun siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən illərdə bütövlükdə elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər AzTU-nun inkişafına yeni təkan vermişdir. 

 

Maddi-texniki baza

 

Fəaliyyətə başladığı ildə özünün ayrıca binası və zəruri maddi-texniki bazası olmayan Texniki Universitet üçün 1955-ci ildə indiki H.Cavid prospekti 25 ünvanında yeni bina tikilib istifadəyə verilmişdir.

Sonrakı illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində ardıcıl həyata keçirilən tədbirlər nəticəsində yeni tədris korpusları, tələbələr üçün yataqxanalar, müəllimlər üçün yaşayış evləri, idman sarayı, stadion inşa olunaraq istifadəyə verilmişdir.

Universitetin uzun illər tikintisi yarımçıq qalmış 10 min kvadratmetr sahəsi olan 6-7 mərtəbəli tədris binasının tikintisi müstəqillik illərində davam etdirilmiş, 2007-ci ildə binanın bir hissəsi, 2010-cu ildə isə yeni korpus tam şəkildə tələbə və müəllimlərin istifadəsinə verilmiş, kafedraların, auditoriya və tədris  laboratoriyalarının yeni avadanlıq və inventarlarla təchizatı həyata keçirilmişdir.

Hazırda dövlət büdcəsinin investisiya xərcləri və universitetin daxili imkanları hesabına əsas tədris korpusunda və bir sıra digər tikililərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir.

 

Azərbaycan Texniki Universiteti bu gün. Fəaliyyətin əsas hədəfləri

 

Ötən əsrin 90-cı illərinin əvvəllərindən AzTU-da iki səviyyəli  təhsil sisteminə - bakalavr və magistr hazırlığına başlanmış, bu sistemin təkmilləşdirilməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. İkisəviyyəli təhsilin təşkili üzrə kifayət qədər təcrübə toplanmış, tədris-metodiki baza formalaşmışdır.

Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan, informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait yaradan "Məlumatların mühafizəsinin texnologiyası və təşkili", "Kompüter təhlükəsizliyi", "Avtomatlaşdırma və informasiya texnikası (TEMPUS layihəsi üzrə)",  "Gömrük, ixrac və  idxal nəzarəti cihaz və sistemləri", "Elektron və poçt rabitəsi", "Bioloji-tibbi praktikada mühəndis işi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "Maşınqayırmada kompüter texnologiyaları", "Kompüter texnikasının layihələndirilməsi, konstruksiya edilməsi", "Nəqliyyat vasitələrinin elektronikası və elektrik avadanlığı (avtomobil nəqliyyatı üzrə, TEMPUS layihəsi üzrə)" və digər ixtisasları göstərmək olar.

Hazırda Azərbaycan Texniki Universitetində 9 fakültə, 47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550000 kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. Universitetdə 633 nəfər professor-müəllim, o cümlədən 70 nəfərdən çox elmlər doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent 7000-dən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.

2010-cu ildə Azərbaycan Texniki Universiteti MDB ölkələri Humanitar Yardım Fondunun qrantını qazanmışdır. Bu da AzTU-ya həmin məkandakı elektron kitabxanalara ödənişsiz giriş imkanı vermişdir.

Universitetin kadr potensialının formalaşmasında onun öz məzunlarının böyük xidmətləri var. Belə ki, AzTU-nun 360 nəfər məzunu hazırda universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunların 45 nəfəri elmlər doktoru, professor, 270 nəfəri elmlər namizədi, dosentdir.

Azərbaycan Texniki Universitetinə uzun illərdir ki, ölkəmizdə nüfuzlu alim və təhsil təşkilatçısı kimi tanınan texnika elmləri doktoru, professor Havar Məmmədov rəhbərlik edir.

Universitetin, onun nüfuzlu professor-müəllim heyətinin fəaliyyəti, ölkəmiz üçün milli texniki kadrların hazırlanmasındakı xidmətləri həmişə dövlətimiz və cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif vaxtlarda professor-müəllim heyətinin ayrı-ayrı üzvləri fəxri adlara, orden və medallara layiq görülmüşdür.

Ötən il universitetin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi bu ali təhsil ocağına dövlətimiz, onun rəhbəri tərəfindən göstərilən diqqət və qayğının, fəaliyyətinə verilən yüksək qiymətin bariz ifadəsinə çevrilmişdir. Yubiley ərəfəsində möhtərəm Prezidentimizin sərəncamları ilə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov "Şöhrət" ordeni ilə təltif olunmuş, universitetin bir qrup əməkdaşı isə fəxri adlara layiq görülmüşdür. 

 

İKT universitetin həyatında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2008-2012-ci illərdə təhsil sahəsinin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq AzTU-da ciddi işlər həyata keçirilir. Vaxtilə 50-dək köhnəlmiş kompüteri olan universitetdə bu gün 700-dən çox müasir kompüter tələbə və professor-müəllim heyətinin istifadəsinə verilmiş, bütün kafedralar kompüterlərlə təchiz edilmişdir. Eyni zamanda, universitetdə 10-dan çox kompüter sinfi, 200-dən çox kompüteri olan İnformasiya-tədris mərkəzi fəaliyyət göstərir. Sürətli İnternet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədris prosesində yeni texnologiyalarla təhsil almasına, normal işləməsinə şərait yaradır.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün universitetin əməkdaşları tərəfindən müasir kompüter proqramı hazırlanaraq müvəffəqiyyətlə tətbiq edilir. Bu proqram eyni vaxtda müxtəlif fənlərdən imtahanların kompüterlə aparılmasına, eyni qrup tələbələrinin isə eyni fəndən müxtəlif auditoriyalarda  imtahan vermələrinə imkan yaradır.

Universitetə ilk dəfə olaraq müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə olunan unikal maşınqayırma dəzgahları alınmış və "Tədris-texnoloji mərkəz" yaradılmışdır ki, bu da tələbələrin dünyanın ən inkişaf etmiş ölkələrinin tələblərinə uyğun hazırlanmasında mühüm töhfələr verəcəkdir.

Uğurlu nəticələrdən biri də telekommunikasiya istiqamətləri bazasının tamamilə müasirləşdirilməsidir. Belə ki, AzTU-da müasir tipli elektron ATS quraşdırılmış, "ETİ" firmasının köməyi ilə kommunikasiya sistemləri üzrə güclü laboratoriya bazası yaradılmışdır. Eləcə də Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının bazası yenidən qurulmuş, Radiotexnika kafedrası radiosiqnalların ötürülməsi və qəbulu sistemi ilə təchiz edilmişdir. Telekommunikasiya texnologiyaları və şəbəkələri kafedrasında informasiya şəbəkələrinin təhlükəsizliyi ilə bağlı kadr hazırlığı üçün müasir proqramlarla təchiz edilmiş laboratoriya kompleksi yaradılmışdır. "Elektrodinamika və radioelektron vasitələr" kafedrası üçün elektromaqnit sahəsinin ölçülməsi üçün qurğu alınmış və digər audio-video texnikası ilə təchiz edilmişdir. Fakültədə TASİS proqramı əsasında yaradılmış laboratoriya fəaliyyət göstərir.

Təhsil ocağının avtomatika və kompüter texnikası fakültəsində yeni tədris laboratoriyaları da son illərdə yaradılmışdır. Burada avtomatika və idarəetmə fənni üzrə 50-dən çox laboratoriya işini yerinə yetirmək üçün xüsusi laboratoriya qurğusu alınmışdır. Energetik sistemlərin avtomatik idarə edilməsi ixtisası üzrə Fransanın ŞNAYDER firmasının hazırladığı müasir laboratoriya kompleksi yaradılmışdır. Eləcə də paket proqramlarla təchiz edilmiş xüsusi kompüterləşdirilmiş laboratoriya təşkil edilmişdir. Burada robotlarla idarə olunan avtomatlaşdırılmış sistemlər laboratoriyası fəaliyyət göstərir. Həmçinin energetik sistemlərdə proseslərin idarə olunması üçün SCADA tipli intellektual və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya avadanlıqları da quraşdırılmışdır. Avtomatika və kompüter texnikası fakültəsində Microsoft firmasının Akademiyası yaradılmışdır. 2008-ci il mayın 8-də respublikanın regionları və xarici dövlətlərin ali məktəbləri ilə əlaqə saxlamaq üçün universitetin yeni "Video konfrans" mərkəzinin təntənəli açılışı olmuşdur. Bu mərkəzin açılmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun tabeliyində olan müəssisələrin böyük köməyi olmuşdur.

 

Universitet alimlərinin ölkə elminə töhfələri

 

Hazırda 18 elmi-tədqiqat laboratoriyası olan AzTU-da mühüm əhəmiyyət kəsb edən elmi tədqiqatlar aparılır. Müasir dövrün tələblərinə uyğun olaraq AzTU-da "Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri", "Neft və neft məhsullarının istilik-fiziki xassələri" elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır.

2000-2010-cu illərdə AzTU-nun əməkdaşları tərəfindən 100-dək patent və ixtira alınmışdır. 2009-cu ildə universitet əməkdaşları 1 Avrasiya patenti almışlar. Universitetdə elmi-pedaqoji kadrların hazırlığı məsələsinə də ciddi fikir verilir. Son 10 ildə 6 müxtəlif ixtisası özündə birləşdirən 2 doktorluq Dissertasiya Şurasında 24 nəfər elmlər doktoru, 80-dək elmlər namizədi hazırlanmışdır.

AzTU-da aparılan elmi işlərin dünya elminə inteqrasiyası da daim diqqət mərkəzində saxlanılır. 2005-2010-cu illərdə AzTU-da 10-dək beynəlxalq konfrans  keçirilmişdir. Son illər universitetin alimləri tərəfindən xarici ölkələrin elmi məcmuələrində 600-dək elmi məqalə nəşr edilmişdir.

Hazırda AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində müvəffəqiyyətlə çalışır. 

 

Boloniya sisteminə uğurlu keçid

 

Müasir tələblərə cavab verən maddi-texniki bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Boloniya Bəyannaməsinin şərtlərindən irəli gələn prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır. Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə əlaqədar AzTU da son 10 ildə fəaliyyəti bu sistemə uyğunlaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 2006-cı ildən əvvəlcə radiotexnika və rabitə fakültəsində, sonra avtomatika və kompüter texnikası, mühəndis biznesi və menecment fakültələrində, 2009-2010-cu tədris ilindən başlayaraq isə bütövlükdə universitet üzrə kredit sisteminə keçilmişdir.

Yeni təhsil sisteminə keçidlə əlaqədar universitetdə təhsilin təşkilində və idarə olunmasında da ciddi dəyişikliklərə başlanmışdır. Bu zaman Rusiya və inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl universitetlərinin uyğun tədris plan və proqramları əsas götürülmüş, habelə çoxsəviyyəli təhsilin xüsusiyyətləri nəzərə alınmışdır. Universitetdə xeyli sayda fənlərin tədrisi üçün elektron dərsliklər hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. 

 

Beynəlxalq əməkdaşlığın prioritetləri

 

Azərbaycan Texniki Universitetinin mühüm uğurlarından biri də onun beynəlxalq əlaqələrinin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Ümumiyyətlə, 2000-ci ildən etibarən ali məktəbin beynəlxalq əlaqələri intensiv şəkildə genişlənir. AzTU hazırda Qara dəniz, Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarının, eləcə də MDB ölkələrinin Ali Texniki Məktəblər Assosiasiyasının üzvü kimi həmin qurumlar tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir.

Universitet "DAAD" və "TEMPUS" proqramı çərçivəsində Almaniyanın ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq edir. Belə universitetlər sırasında Aaxen Texniki Universitetini, Köln Tətbiqi Elmlər Universitetini, Karsruhe Texniki Universitetini, Braunşvayq Texniki Universitetini misal göstərmək olar. Almaniya universitetləri ilə mühəndis hazırlığı həyata keçirən ali məktəblərin, o cümlədən AzTU-nun əlaqələrinin vacib sahəsi "TEMPUS" proqramı ilə bağlıdır. Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının verdiyi ilkin layihələrdən biri hələ 2001-2003-cü illərdə AzTU-da yerinə yetirilmişdir. Bu layihə Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər universitetlərində birgə həyata keçirilmişdir. "Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi" adlanan layihə çərçivəsində "Elektroenergetika", "Avtomatika və informasiya texnikası" və "Avtomobillərin elektrik və elektron avadanlıqları" ixtisaslarının açılması və mütəxəssis hazırlığı həyata keçirilmişdir. Layihənin reallaşdırıldığı dövrdə seçilmiş müəllimlər Almaniyanın Köln və Hollandiyanını Heerlen Tətbiqi Elmlər universitetlərinə  ezam olunmuşlar. Həmin universitetlərin adıçəkilən ixtisaslar üzrə təcrübəli əməkdaşları layihəyə cəlb olunmuş, AzTU-nun müəllimləri ilə birgə iş aparmışlar. Nəticədə Avropa standartlarına uyğun "Elektroenergetika", "Avtomatika və informasiya texnikası" və "Avtomobillərin elektrik və elektron avadanlıqları" bakalavr ixtisaslarının tədris planları işlənmişdir. Hər üç ixtisas üzrə tərəfdaş universitetlərin iştirakı ilə tədris laboratoriyaları yaradılmış, onlar kompüter və digər müasir avadanlıqlarla təchiz edilmişdir. 2007-2009-cu illərdə  bu ixtisaslar üzrə 76  tələbə universiteti bitirmişdir.

Hazırda AzTU-da TEMPUS layihəsi üzrə bakalavr səviyyəsində 3 ixtisasda 130 tələbə, magistr pilləsində isə 16 magistrant təhsil alır. Layihə çərçivəsində AzTU-nun 10 nəfər əməkdaşı bir neçə dəfə ayrı-ayrı fənlərin tədris metodikaları ilə yaxından tanış olmaq məqsədilə Köln və Heerlen universitetlərində ezamiyyətdə olub.

Qeyd olunan layihələrin həyata keçirilməsi dövründə AzTU-da bir sıra beynəlxalq konfranslar təşkil olunmuşdur. Əldə edilən nəticələr müzakirə olunmuş və qarşıda duran perspektiv planlar müəyyənləşdirilmişdir. Avropa Komissiyasının monitorinq qrupu bu layihədə görülmüş işləri müsbət qiymətləndirmiş, alınmış nəticələrin Azərbaycanın digər ali məktəblərində tətbiqini tövsiyə etmişdir.

Ötən il oktyabrın 12-də Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişi imzalanmışdır. Qrant Sazişi üzrə nəzərdə tutulan işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və AzTU tərəfindən həyata keçiriləcək.

Hazırda dünyanın 9 böyük ölkəsinin, o cümlədən ABŞ, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və digər ölkələrin universitetləri ilə sıx elmi əlaqələr mövcuddur.

Ümumiyyətlə, AzTU-da xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının 35 ildən çox tarixi vardır. Azərbaycan Texniki Universitetində bu günə qədər 40-dək ölkə üçün 2250 mühəndis, bakalavr və magistr hazırlanmışdır.

Son 5 ildə 400-dək xarici ölkə vətəndaşı universitetin məzunu olmuşdur. Təhsil ocağında xaricilər üçün bakalavr pilləsi ilə yanaşı, magistratura və aspirantura da fəaliyyət göstərir. Hazırda universitetdə 400-ə qədər xarici tələbə təhsil alır.

Azərbaycan Texniki Universitetinin ölkə daxilində ali məktəblərlə, xüsusən də texniki yönümlü universitetlərlə sıx əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində elmi-pedaqoji kadrların mübadiləsi həyata keçirilir, əməkdaşlar tərəfindən birlikdə dərs vəsaitləri, metodik və göstərişlər, monoqrafiyalar hazırlanır, birgə elmi tədqiqatlar aparılır, elmi-texniki konfranslar keçirilir. Ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bu yaxınlarda həmin məqsədlə Qafqaz Universitetinin rektoru. professor Ahmet Saniç Texniki Universitetdə olmuş, burada son illər tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi bazanın zənginləşdirilməsi yönündə həyata keçirilən işlərlə maraqlanmış, professor-müəllim heyəti ilə görüşmüşdür. Görüşdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Texniki Universitetdə gördüklərindən məmnun qaldığını bildirmiş, burada modernləşdirmə işlərinin yüksək səviyyədə aparıldığını, İKT-dən tədrisdə geniş istifadə edildiyini vurğulamışdır. Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, müəllim və tələbə mübadilələri aparılması, birgə layihələrin həyata  keçirilməsi zəruri sayılmış, bütün bunların reallaşdırılmasına hüquqi zəmin yaradılması üçün Qafqaz Universiteti ilə Texniki Universitet arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunmuşdur.

Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün sahələrdə qazanılan böyük nailiyyətlər respublikanın nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Texniki Universitetinin professor-müəllim və tələbə heyətini sevindirir. AzTU eyni zamanda elm və təhsil işçiləri qarşısında müəyyənləşdirilən strateji vəzifələrin gerçəkləşdirilməsində öz sözünü deyir. 

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.6.