Azərbaycan Respublikasının təhsil naziri Dünya Təhsil Forumunda iştirak edib

 

7-13 yanvar 2012-ci il tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. Britaniya Şurasının təşəbbüsü və maliyyə dəstəyi ilə təşkil edilən səfərin məqsədi Londonda keçirilən "Dəyişən dünyada təhsilin ən yaxşı nümunələrini öyrənək" mövzusunda Dünya Təhsil Forumunda (2012-ci il), təhsil nazirlərinin Qlobal Sammitində iştirak etmək idi. Səfərin ilk günü - yanvarın 7-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirildi.

 

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi görüşdə təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Böyük Britaniyada 156 nəfər azərbaycanlı tələbə təhsil alır, 106 nəfər isə məzun olmuşdur. Görüşdə iştirak edən hər bir tələbəyə çıxış etmək və problemləri barədə məlumat vermək, təkliflərini söyləmək imkanı verildi. Müzakirələrdə tələbələrin təhsilini başa vurduqdan sonra Azərbaycanda işlə təmin olunması, xüsusilə universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olmalarının vacibliyi ilə əlaqədar səfirlik və Təhsil Nazirliyinin birgə fəaliyyətinin zəruriliyi qeyd edildi. Eyni zamanda, görüşdə öz təşəbbüsləri ilə Böyük Britaniyada təhsil alan bir sıra azərbaycanlı tələbələrin Dövlət Proqramı çərçivəsində təhsillərini davam etdirməsi barədə müraciətləri oldu. Onlara bildirildi ki, mövcud qaydalara və tələblərə uyğun olaraq həmin müraciətlərə baxılaraq müvafiq qərar qəbul ediləcək.

Dünya Təhsil Forumunda 80 ölkədən 400 nümayəndə, o cümlədən bir çox ölkələrin təhsil nazirləri iştirak edirdi. Yanvarın 9-da Forumda ilk diskussiya və müzakirələrin mövzusu "İngiltərə təhsil sistemi" oldu. Təqdimat və müzakirələrdə təhsil sisteminin idarə olunması, maliyyələşməsi, ümumi təhsil sistemində standartlar, ayrı-ayrı fənlər üzrə təhsil səviyyəsi, qiymətləndirmə məsələləri, keyfiyyətin təminatı, ali təhsilin inkişaf perspektivləri barədə məlumat verildi.

 "Təhsil nə üçündür?" adlı birinci plenar iclasdakı təqdimatlarda müasir iqtisadi çətinliklər şəraitində təhsilin qarşısında duran vəzifələr, təhsilin iqtisadi tərəqqiyə, dünyada sülhün təmin olunmasına və davamlı inkişafa təsiri məsələləri müzakirə edildi. "Təhsilin effektiv təşkili" adlı ikinci plenar iclasdakı təqdimatlarda isə təhsilə vahid yanaşmaların tətbiqi, təhsilin bütün komponentlərinin vahid məqsəd ətrafında birləşdirilməsi, formalqeyri-formal təhsilin səmərəli təşkili, bu prosesdə texnologiyaların rolu barədə söhbət açıldı.  

Yanvarın 10-da Dünya Təhsil Forumunun ikinci günündə "Tədqiqatlar: pilot layihələr və təşəbbüslər" adlı plenar iclasdakı təqdimatlarda müxtəlif ölkələrdə təhsil sahəsində baş verən sürətli dəyişikliklər, həmin dəyişikliklərin təhsil siyasəti və strategiyalarına müsbət təsirləri barədə məlumat verildi. "Milli təhsil sistemlərində islahatlar aparan ölkələr və nəticələr" mövzusunda təhsil nazirlərinin plenar iclası və sessiyaları keçirildi, müxtəlif ölkələr üçün təhsil sahəsində uyğun inkişaf modelləri haqqında təkliflər səsləndirildi.

Yanvarın 11-də "Ölkələr təhsil sistemlərini necə inkişaf etdirir və hansı nəticələri əldə edirlər?" mövzusunda nazirlərin plenar iclası davam etdirildi.

Plenar iclaslarda və nazirlərin sessiyalarında müzakirələr zamanı son illərdə Azərbaycanın yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə yüksək nüfuz qazanması, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olması, dövlət büdcəsindən təhsilə ayrılan xərclərin və təhsilə yönəldilən investisiyaların həcminin əhəmiyyətli şəkildə artırılması, eləcə də ölkəmizdə aparılan təhsil islahatları, ümumi təhsilin məzmunu, dərslik siyasəti, yeni qiymətləndirmə sisteminin, İKT-nin tətbiqi, ali təhsilin inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verildi. 

Forum çərçivəsində ayrı-ayrı ölkələrin təhsil nazirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər də keçirildi.

Həmin görüşlərin və təcrübə mübadiləsinin nəticələrinin, dünyada təhsilin inkişaf tendensiyalarının Azərbaycanda təhsil siyasəti və strategiyasında nəzərə alınması, ölkəmizdə təhsilin inkişafı, həmçinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində istifadə ediləcəyi nəzərdə tutulur.

 

 

  Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.3.