"20 Yanvar
- tariximizin şanlı və qanlı səhifəsi" mövzusunda elmi-praktik
konfrans
Yanvarın 19-da Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda "20 Yanvar - tariximizin şanlı və
qanlı səhifəsi" mövzusunda elmi-praktik konfrans
keçirildi. 20 Yanvar faciəsinin
iyirmi ikinci ildönümünə həsr olunmuş mərasimdə
öncə respublikamızın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Konfransı institutun rektoru, professor Asəf
Zamanov açdı və faciəyə gedən yol
mövzusunda geniş məruzə ilə
çıxış etdi. Rektor bildirdi ki, xalqımızın
ümummilli lideri Heydər Əliyev Sov.İKP Siyasi
Bürosunun üzvlüyündən və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən istefa
verdikdən qısa müddət sonra Dağlıq
Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi
barədə məsələ gündəmə gəldi. O
vaxtkı SSRİ-nin rəhbəri M.Qorbaçovla bu məsələnin
həll edilməsi barədə
razılaşdığını Fransada erməni elitası
qarşısında çıxışında Aqanbekyan bildirdi. Hələ 1989-cu ilin 12
yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin
iclasında "Azərbaycan SSR-nin Dağlıq Qarabağ
Muxtar Vilayətinə xüsusi idarəçilik statusu verilməsi
barədə" qərar qəbul edildi və Azərbaycanın
o vaxtkı səriştəsiz rəhbərliyinin bu məsələlərə
biganəliyini görən xalq öz ərazi
bütövlüyü uğrunda mübarizəsini daha da
genişləndirdi.
Sovet imperiyası və kommunist rejimini nəyin
bahasına olursa-olsun qoruyub saxlamaq, digər müttəfiq
respublikalarda belə halların qarşısını almaq və
Azərbaycanda milli azadlıq hərəkatının
qarşısını almaq və Azərbaycanda milli
azadlıq hərəkatını boğmaq məqsədilə
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə
SSRİ DİN, DTK və Müdafiə Nazirliyinin təpədən
dırnağa qədər silahlanmış on bir min canlı
qüvvəsi Bakıya yeridildi. Azərbaycanı informasiya
blokadasına salmaq üçün
Dövlət televiziyasının enerji bloku
partladıldı. Azərbaycan əhalisi heç bir informasiya
ala bilmədi. Həmin hadisədən, qırğından təxminən 5-6 saat sonra fövqəladə
vəziyyət elan edildi. Düşmən dinc əhaliyə
qarşı amansızlıqla vəhşiliklərə əl
atırdı. 20 Yanvar faciəsinə ilk münasibət bildirən
məhz ümummilli lider Heydər Əliyev oldu. Yanvarın 21-də
Heydər Əliyev özünü və ailəsini təhlükə
altına qoyaraq Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə
getdi və 20 Yanvar hadisələrinin əsl
günahkarlarını bütün dünyaya bəyan etdi. Azərbaycan
xalqına başsağlığı verdi. Bu, bütün
xalq üçün bir təskinlik, bir ürək-dirək
idi. Vurğulandı ki, ulu öndər 1993-cü ildə Azərbaycan
xalqının təkidi ilə
ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra
1994-cü ilin mart ayının 29-da Milli Məclisin qərarı
ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət
verildi. Natiq qeyd etdi ki, 20 Yanvar
tariximizin qanlı faciəsi olmaqla qəhrəmanlıq
tarixidir.
Konfransda akademik Asəf Nadirov,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun baş elmi işçisi, 20 Yanvar şəhidi
Ülvi Bünyadzadənin
bacısı, fəlsəfə elmləri doktoru Könül
Bünyadzadə, Binəqədi Rayon Gənclər və
İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun kafedra müdiri Aydın Paşayev 20 Yanvar faciəsinin
iyirmi ikinci ildönümü ilə əlaqədar məruzə
ilə çıxış etdilər.
Sonra 20 Yanvar faciəsinin 22-ci
ildönümü münasibəti ilə keçirilən
"Qanlı Yanvar" mövzusunda inşa yazı müsabiqəsinin
qalibləri mükafatlandırıldı. Konfransın sonunda
institutun tələbələrinin iştirakı ilə ədəbi-bədii
kompozisiya göstərildi.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2012.- 20 yanvar.- S.4.