Şahidlər o gecənin dəhşətlərini belə
xatırlayırlar
Eyşan
İsgəndərov: - O gecə və sonrakı günlərdə
başımız, doğrudan da nələr çəkmədi?! Bakı qan dənizində üzdü,
qocaya, qadına, uşağa,
hətta gözləri görməyənə də aman vermədilər. Təcili tibbi
yardım maşınındakı, hətta öz
mənzillərində yaralananlara
yardım edən həkimləri belə güllələdilər.
Küçələrə, dalanlara, həyətlərə,
mənzillərə girib, sıravi vətəndaşları
öldürdülər. Bilirdik ki, ölüm bir addımlığımızdadır.
Həmin
gecə mən üç güllə
yarası aldım. Xeyli müddət vurulduğum yerdə qaldım, çoxlu
qan itirdim. Nəhayət,
gecə saat iki radələrində
məni Respublika Klinik
Xəstəxanasına çatdırdılar. İlk
yardım göstərib, sonra
ayağımda əməliyyat apardılar. İki
aya yaxın müalicə olundum.
Yenə
də əgər millətimin, dövlətimin, Vətənimin
sabahına təhlükə yaranarsa,
müstəqil dövlətin
sıravi vətəndaşı, "Azadlıq uğrunda mübariz" kimi yenə də ön cəbhədə
olacağam.
Namiq
Əhmədov: -
1990-cı ilin 20 Yanvar
hadisələri müasir tariximizin
ən faciəli, eyni zamanda
xalqımızın qəhrəmanlıq əzmini bütün dünyaya nümayiş etdirən səhifəsidir.
O illərdə mən Azərbaycan
Respublikasının Ali Sovetinin (Milli Məclisin) İşlər
İdarəsində sektor müdiri vəzifəsində
işləyirdim. İşdən
sonra iki nəfər əməkdaşımızla
- Əhməd Cəfərov və Ədalət Əzizovla
birlikdə Prezident Aparatının
qarşısına gəldik. Buraya çoxlu adamlar
toplaşmışdı, mitinq gedirdi. Elə oradaca qərara
gəldik ki, harada
işləməyimizdən asılı olmayaraq,
bu gecə xalqımızla həmrəyliyimizi
göstərməliyik. Yoldaşlarımla məsləhətləşəndən
sonra Sabunçu dairəsindəki
barrikadanı seçdik və
razılaşdıq ki, saat
21.00-da Əzizbəyov metrosunun
qarşısında görüşək. Görüşdük və adamlarla dolu yük
maşınına minib Sabunçu
dairəsinə gəldik. Burada 300 nəfərə
yaxın insan toplaşmışdı.
Hava limanına gedən yollar ağır yük maşınları
ilə bağlanmışdı. Həmin
gecə hava çox soyuq idi. Bir neçə yerdə
tonqallar qalanmışdı. Tonqalların ətrafına yığışmış insanların başı
bu günlərdə baş verən hadisələrin müzakirəsinə qarışmışdı. Biz də onlara qoşulduq. Saat 22 radələrində Zabrat qəsəbəsindən gələn yolda
400 nəfərə yaxın əlisilahlı piyada əsgərlər göründü. Xalqımızın mərd oğulları heç bir şeydən çəkinmədən dərhal onların qarşısını aldılar, bir addım belə
irəliləməsinə imkan vermədilər. Biz əsgərlərin komandiri ilə danışığa başladıq. Məlum oldu ki, bunlar Bakıda xidmət çəkən rus və
erməni əsgərləridir.
Onların komandiri bizə bildirdi ki,
əmr almışıq və nəyin bahasına olursa-olsun şəhərə daxil olmalıyıq. Dediklərinə məhəl
qoymadıq, qarşılarını canlı sədlə kəsdik.
Düşünmüşdük ki,
vaxtı ilə sıralarında xidmət etdiyimiz
ordu bizə atəş açmayacaq.
Beləliklə, saat 23.00-da
şəhər tərəfdən bizə doğru
"Jiquli" markalı maşın
yaxınlaşdı və iki nəfər
milis əməkdaşı
çıxıb bildirdi ki,
dağılışın, biz məlumat
almışıq - şəhərdə fövqəladə vəziyyət
elan olunub, ordu şəhərə girəcək.
Milislər gedəndən yarım saat sonra birdən-birə hardansa
on beş nəfərə
qədər desant avtomatı ilə
silahlanmış xüsusi təyinatlı
dəstə maşınla meydanın düz
ortasında peyda oldu. Onlar dövrə vurub
silahları bizim üstümüzə
tuşladılar. Ətrafa göz gəzdirməyə
başladılar. Hiss olunurdu
ki, silahlılar bizim də
silahlı olmağımızdan şübhələnib, bizdən
bərk ehtiyat edirlər. Biz
isə heç bir
şeydən qorxmadan onları mühasirəyə
aldıq. Zabit vəziyyəti belə görüb, əsgərlərə
maşına minməyi əmr etdi. Onlar maşına minib aradan çıxdılar.
Bu hadisələrdən xeyli sonra mən başa düşdüm ki, həmin əsgərlər xüsusi
kəşfiyyat dəstəsi olub, bizdə
silah olub-olmamasını öyrənmək
üçün göndərilib. Gecə
yarısı ordu qəfildən hücuma keçdi.
Hamımız özümüzü itirmişdik, göydən üstümüzə
od yağırdı, işıq saçan güllələr başımıza
yağırdı. Ölən və yaralananlar
var idi. Meydan vahimə içində idi.
Aramsız atəş səsləri, tankların
tırıltısı, yaralıların fəryadı bizi dəhşətə gətirmişdi.
Qaçıb canını qurtarmaq istəyənlər
də arxadan vurulurdu.
Birdən
yanımda qaçan oğlan
yaralandı və yerə yıxıldı. Mən dərhal geri dönüb, ona kömək etmək istədim. Kürəyindən
yaralanmışdı. Mən əyildim ki,
yaralını götürüb, yoldan qırağa çəkim. Çünki arxadan
silahlı piyadalar və onların
arxasınca tanklar gəlirdi. Elə həmin
anda gözlərimdən
qığılcım çıxdı, elə bil dünya-aləm başıma
fırlandı və huşumu itirdim. Qoşunlar bizi təpikləyə-təpikləyə
üstümüzdən keçiblər (bunu
mənə sonralar yoldaşlarım
danışdılar). Sən demə, mən əyiləndə
arxada bir əsgər əlindəki
avtomatla var gücü ilə mənim başıma zərbə
endirib. Qoşun
keçəndən sonra yoldaşlarım
məni qucaqlarına götürüb,
yaxınlıqdakı Sabunçu xəstəxanasına
çatdırıblar. Növbətçi həkim
mənə iynə vurduqdan sonra xəstəxanada qalmağı məsləhət
görmədiyindən yoldaşlarım məni çox çətinliklə (gizli
yollarla, çünki
qoşun keçəndən sonra hər 100 metrdən bir
komendant postları qoyulmuşdu)
səhər saat altıda səkkizinci
kilometrdəki evimə çatdırıblar.
Evdə
mənim səhhətim pisləşir, təcili yardım
maşını çağırılır və Əhmədli
qəsəbəsindəki əsəb-sinir cərrahiyyə xəstəxanasına
aparılıram.
Həkimlər
baş nahiyəmi rentgen
müayinəsindən keçirdikdən sonra
məlum olur ki, mən
qapalı kəllə-beyin travması, beyin
silkələnməsi və onurğa zədəsi
almışam.
Bunların
nəticəsi olaraq 2-ci qrup
əlil olmuşam. Amma
Azərbaycanımın azadlığı və müstəqilliyi
uğrunda əlil olmağımla fəxr
edirəm.
20 Yanvar faciəsinin ilk illərində
hadisələrə tam siyasi-hüquqi
qiymət verilməmiş, əksinə, əlillərə
qarşı pis münasibət bəslənmişdi.
Yalnız
ümummilli liderimiz
Heydər Əliyevin tapşırığı ilə Azərbaycan
parlamentində 1994-cü ilin martında geniş müzakirələrdən sonra 20 Yanvar faciəsinə
hüquqi və siyasi
qiymət verildi. Bu, çox mühüm bir sənəd idi.
Hazırda
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da atasının siyasi kursunu davam etdirməklə
şəhid ailələrinin və əlillərin sosial qayğıları ilə yaxından
maraqlanır, onlara hər cür
qayğı göstərir.
Sultan
Əzimzadə: - "20 Yanvar" Cəmiyyətinin sədri
- Mən o gecə Biləcəri istiqamətindən
şəhərə gedən yolda, Tbilisi prospektində,
"Şamaxinka" deyilən yerlə üzbəüz
"İskra" (indiki "Alov") hərbi zavodunun həndəvərində
keçirilən piketdə idim. Orada
danışılırdı ki, azadlıq hərəkatımızı
boğmaq məqsədilə Bakıya qoşun yeridiləcək.
Saat 23.30-da Salyan kazarması tərəfdən
keçmiş tramvay xətti olan küçəynən bizə
tərəf bir tank gəldi. Biz piketçilər tankın
qarşısına çıxdıq. Tank əvvəlcə
dayandı, əli silahlı əsgərlər rus dilində
bizə "dağılışın" əmri verdilər.
Bir neçə dəqiqə sonra tank yerindəcə
fırlanıb geriyə döndü... Birdən tankdakı əsgərlərdən
biri bizim başımızın üstündən
qarşı tərəfdəki binanı pulemyot atəşinə
tutdu.
Yarım saatdan sonra, yəni gecə 12
tamamda rus ordusu Biləcəri istiqamətindən şəhərə
doğru hərəkətə keçdi. Toplu-tüfəngli
bir ordunun qarşısına biz sinəmizi sipər etməyə
çalışarkən, onlar üstümüzə boğucu
qaz "şaşka"ları
tulladılar. Qazdan boğulan insan kütləsi geri çəkiləndə
bu dəfə gözləmədiyimiz istiqamətdən atəşə
tutulduq. Piketçilərdən ölən və yaralananlar
oldu. Mən yaralananlardan birini təhlükəsiz yerə
çəkib geri dönmək istədikdə qarın nahiyəmdə
dəhşətli ağrı hiss etdim. Şahidlərin dediyinə
görə, mən elə yaralanan kimi huşumu itirib yerə
yıxılmışam.
...Gözümü açanda xəstəxanada
idim. İki güllə yarası almışdım. Həkimlər
güllənin birini çıxara bildilər, ikinci güllə
22 ildir ki, canımdadır. O gecə əbədi olaraq
sağlamlığımı itirib, 2-ci qrup əlilliyə məhkum
olsam da, xalqımın, vətənimin azadlığı,
müstəqilliyi uğrunda işğalçı bir ordunun
qarşısına çıxdığıma görə
peşman deyiləm.
Aradan keçən bu 22 ildə o gecə
qurduğumuz 15-ə qədər barrikadanı, o gecənin
günahsız qurbanlarını bir an da olsun unuda bilməmişəm.
Bu günün gənclərinə bircə tövsiyəm var.
Qanla yazılmış tariximizi, o cümlədən 20 Yanvar
faciəsini unutmayın, unutmayın...
Hazırladı:
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2012.- 20 yanvar.- S.4.