Azadlıq mücahidləri
"Tərəqqi" liseyində ədəbi-bədii kompozisiya və "dəyirmi
masa" tədbiri ilə anıldı
Xalqımızın azadlıq mübarizəsi
tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi
kimi düşmüş 20 Yanvar faciəsinin iyirmi ikinci
ildönümü ölkəmizin bütün idarə və
müəssisələrində, təhsil ocaqlarında
olduğu kimi paytaxtdakı İ.Hacıyev adına "Tərəqqi"
texniki-humanitar təmayüllü liseydə də silsilə tədbirlərlə
qeyd olundu. Bu məqsədlə liseydə 20 Yanvar hadisələrinə
həsr olunmuş şagirdlərin əl işlərindən
və rəsm əsərlərindən ibarət stendlər
hazırlanmış, sinif divar qəzetləri
buraxılmış, şagirdlər tərəfindən
referatlar, inşa yazıları yazılmış, dərslər
keçilmiş, şagirdlərin Şəhidlər
xiyabanına ziyarəti təşkil olunmuşdur.
Yanvarın 18-də liseydə faciə
qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi
və şagirdlərin 20 Yanvar hadisələrinə dair nə
bildiklərini, həmin hadisələrə necə qiymət
verdiklərini nümayiş etdirən "dəyirmi masa"
keçirildi. Anım mərasimi və "dəyirmi
masa"nın keçirildiyi geniş konfrans zalında şəhidlərin
xatirəsinə guşə yaradılmış, şagirdlər
tərəfindən yazılmış referatların
nümayişi təşkil olunmuşdu.
Liseyin həm Azərbaycan, həm də
rus bölməsi üzrə II-dən başlamış XI-dək
müxtəlif siniflərində təhsil alan şagirdlərin
hazırladıqları həmin referatlarda faciənin
başvermə səbəbləri, onun ürəkağrıdan
statistikası, faciəyə verilən qiymət, o vaxt Moskvada
yaşayan ulu öndər Heydər Əliyevin faciə ilə
bağlı verdiyi bəyanat və s. məsələlər
öz əksini tapmışdır.
Anım mərasimi şəhidlərin
ruhunun bir dəqiqəlik sükutla yad olunması və
Dövlət himninin ifası ilə başlandı. Proyektor
vasitəsi ilə lövhədə "Qanlı Yanvar"
sözləri yazılmış slayd, Şəhidlər
xiyabanından görüntülər nümayiş olundu. Həzin
musiqi ilə müşayiət olunan nümayiş gedə-gedə
növbə ilə çıxış edən şagirdlər
20 Yanvar hadisələri haqqında məlumat verdilər. Qeyd
olundu ki, 20 Yanvarda törədilən qanlı
qırğın xalqımızın azadlıq ruhunu
sarsıtmaq üçün mənfur Sovet imperiyasının
rəhbərləri tərəfindən
düşünülmüş şəkildə həyata
keçirilmişdir. O vaxt fövqəladə vəziyyət
elan olunmadan Azərbaycana qoşun yeridilmiş, Bakıda və
ölkənin müxtəlif regionlarında əliyalın əhaliyə
qanlı divan tutulmuşdur. Tarixdə misli-bərabəri
olmayan bu faciə nəticəsində 131 adam şəhid
olmuş, yüzlərlə adam yaralanmış və itkin
düşmüşdür.
Ünlü şairimiz Bəxtiyar Vahabzadənin
şəhidlərə həsr olunmuş şeiri ifa olundu.
Sonra şagirdlərdən Bilqeyis Axundova (VII "a"), Nərmin
Əfəndizadə (VIII "a"), Nərmin Təhməzli
(VIII "a") çıxış edərək bildirdilər
ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir
səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın
istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanışı günü idi. Bu tarix uzun illər
Sovet imperiyasının tərkibində qalan Azərbaycan
xalqının öz suverenliyi və azadlığı
uğrunda əsl cəsarət nümayiş etdirdiyi bir
tarixdir. Bu tarix həm də kimin kim olduğunu göstərən
növbəti bir imtahan idi.
1990-cı il 20 Yanvar hadisələrindən
artıq 22 il keçir. Keçmiş Sovet dövlətinin həmin
gün Azərbaycan xalqına qarşı həyata
keçirdiyi bu terror aktı insanlara qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır.
Çıxışlarda
o da qeyd
olundu ki, ulu öndər Heydər Əliyev faciənin baş verdiyi günün səhəri - yanvarın 21-də
Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək
baş verən hadisələrə öz kəskin etirazını bildirmiş,
onu xalqımıza qarşı
soyqırımı kimi qiymətləndirmişdir.
Liseyin IX "a"
sinif şagirdi Baba Abbasovun tarda, VI "b" sinif şagirdi Zərnigar
Nəbiyevanın isə sazda ifa etdikləri həzin musiqi
nömrələri anım mərasiminin ən təsirli
anları kimi yadda
qaldı. Mərasimdə liseyin
istedadlı şagirdləri 20 Yanvar hadisələrinə,
şəhidlərə həsr olunan çoxlu şeir söylədilər, faciə ilə
bağlı öz fikirlərini bildirdilər.
Anım mərasimi uşaqların ifasında "Axı biz neyləmişik?", "Ağla, qərənfil, ağla",
"Bir kərə yüksələn bayraq" şeirləri, "Qalx
ayağa millətim", "Şəhidlər"
mahnıları, şagirdlərin vətəni qorumağa
hər zaman hazır olduqlarını
bildirmələri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
"Güclü Azərbaycan
hamımızın qürur mənbəyidir"
sözlərini xorla səsləndirmələri
ilə başa çatdı.
Mərasimin
sonunda çıxış edən "Tərəqqi" liseyinin direktoru Məhbubə
Məmmədova şagirdlərin
çıxışını yüksək qiymətləndirib
onların hamıya həyəcanlı anlar
yaşatdığını bildirdi. Kədərli, hüznlü bir gündə həm də sevindiyini
söyləyən direktor bu
sevinci şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyəsi istiqamətində
liseylərində aparılan işlərin bu
gün nəticəsini görməsindən
yarandığını, şagirdlərin timsalında
azadlıq mücahidlərinin ardıcıllarının
yetişməsinin onda məmnunluq hissi doğurduğunu
vurğuladı. O qanlı-qadalı günləri bir daha görməməyimiz,
azadlığımızın, müstəqilliyimizin daimi olması üçün
ulu öndərimiz Heydər Əliyevə
borclu olduğumuzu
söyləyən M.Məmmədova bu gün müstəqil Azərbaycanımızın
möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik,
uzaqgörən siyasəti nəticəsində uğurla inkişaf etdiyini, dünya dövlətləri
sırasında layiqli yer
tutduğunu vurğuladı, müəllimlərə,
şagirdlərə möhtərəm Prezidentimizin
apardığı uğurlu siyasəti daim dəstəkləməyi tövsiyə
etdi, tədbirin hazırlanmasında əməyi
olan müəllimlərə minnətdarlığını
bildirdi.
Anım mərasimi başa
çatdıqdan sonra "dəyirmi masa" ətrafında
müzakirələr aparıldı. Tədbiri liseyin tarix
müəllimi Sevda Yarmetova açıb onun məram və məqsədləri
barədə məlumat verdikdən sonra şagirdlər
çıxış edərək 20 Yanvar hadisələri ilə
bağlı öz fikir və mülahizələrini bildirdilər,
faciənin başvermə səbəblərindən
danışdılar, onu heç vaxt unutmayacaqlarını
söylədilər.
Tədbir şagirdlərin şəhidlərin
ruhuna and içmələri ilə yekunlaşdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 20 yanvar.- S.5.