İspaniya
Krallığının təhsil sistemi
İspaniya
Krallığı
Ərazisi: 504,07
min kv.km
Əhalisi: 46,3
milyon
nəfər
Paytaxtı: Madrid
Dövlət
dili: ispan dili
Pul
vahidi: avro
Təhsil
sistemi
İspaniya Krallığında yüksək
keyfiyyətli və dayanıqlı təhsil sistemi
mövcuddur. Ölkə təhsili
dövlət tərəfindən və özəl fondlar
hesabına maliyyələşdirilir.
İcbari ödənişsiz orta təhsil
6 yaşından 16 yaşına qədər davam edir.
Şagirdlərin demək olar ki, 70 faizi dövlət
məktəblərində təhsil alır. Tələbələrin
96,5 faizi dövlət universitetlərində
oxuyur.
Məktəbəqədər təhsil
müəssisələrinə 6 yaşa qədər olan
uşaqlar cəlb edilir. İbtidai
təhsil səviyyəsində 6-12, orta təhsil səviyyəsində
12-16 yaşlı uşaqlar oxuyurlar. Orta təhsil səviyyəsini
başa vuran məzunlar isə öz təhsillərini texniki və
ali məktəblərdə davam etdirə
bilərlər.
3 yaşından 6 yaşına qədər
uşaqlar üçün məktəbəqədər təhsil
tam ödənişsiz əsaslarla aparılır. Orta təhsil
dövlət və qeyri-hökumət təşkilatları tərəfindən
maliyyələşdirilir. Ümumi təhsil xərclərinin
78 faizi dövlət, 22 faizi isə özəl mənbələr
hesabına ödənilir. Təhsil ödənişsiz
olduğundan valideynlər yalnız əlavə tədris xidmətləri
və materiallarını almaq üçün müəyyən
qədər vəsait xərcləyirlər.
1990-cı ildə icbari, ibtidai və orta təhsilin
müasir çərçivə sənədi (Təhsil
Qanunu) qəbul edildikdən sonra icbari təhsil iki hissəyə
ayrılıb: 6 illik ibtidai təhsil dövrü və 4 illik
orta təhsil dövrü.
Məktəbəqədər müəssisələrin,
ibtidai və orta məktəblərin idarəçilik məsələləri
yerli idarəetmə orqanlarının üzərinə
düşür. Ölkə üzrə 16 yaşa
çatmış uşaqların təxminən 90 faizi tam
orta təhsil alır.
Ölkədə 75 universitet var. Bu
universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir.
25 özəl universitetdən 7-si isə Katolik kilsəsinin nəzarəti
altındadır. 50 dövlət universitetindən 48-i müstəqil
idarəetmə strukturuna malikdir. 2 ali məktəb isə Elm və
Təhsil Nazirliyinin nəzarəti altındadır. Universitetlərdə
tələbələrə qrant və təqaüdlər
verilir.
Digər inkişaf etmiş ölkələrin
təhsil sistemində olduğu kimi, İspaniya universitetlərində
də elmi tədqiqat işləri aparılır. İspaniya
Milli Tədqiqat Şurası, Nüvə Enerjisi üzrə
Şura, həmçinin Kənd Təsərrüfatı, Qida
Tədqiqatı və Texnologiyası üzrə Milli
İnstitut və aqrar tədqiqat mərkəzlərində də
elmi tədqiqat işləri həyata keçirilir. Ölkənin
ən böyük elmi-tədqiqat müəssisələri
sırasında İspan Akademiyası, Tarix Akademiyası, Milli
Təbabət Akademiyası, Dəqiq, Fiziki və Humanitar Elmlər
Akademiyasının adlarını çəkə bilərik.
İspaniyada çoxsaylı beynəlxalq məktəb
fəaliyyət göstərir. Bu məktəblər əsasən
ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq
təhsil müəssisələrinin bəzilərində
yalnız ibtidai təhsil, müəyyən qismində isə
ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər
təhsil və ali təhsil də verilir. Bu məktəblərin
hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali
məktəblərə Amerikanın orta məktəb diplomu ilə
də daxil olmaq mümkündür.
Müəyyən hallarda beynəlxalq məktəblərdə
təhsil alan uşaqlara milli mənşəcə eyni olan
müəllimlər dərs deyirlər. Həmçinin elə
ispan məktəbləri var ki, həmin tədris ocaqlarında
da müxtəlif dillərin, eyni zamanda ingilis və fransız
dillərinin tədrisinə xüsusi önəm verilir.
Ölkənin təhsil sisteminə Elm və
Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, 17
muxtar regionda təhsil sistemləri yerli qurumlara tabedir.
İspaniyada təhsilin bütün pillələrinin fəaliyyəti
Təhsil Qanunu ilə tənzimlənir.
Məktəbəqədər
təhsil
İspaniyada məktəbəqədər
təhsil müddəti hər biri 3 ildən ibarət olmaqla 2
mərhələdən ibarətdir. Birinci mərhələ 3
aylığından 3 yaşına qədər, ikinci mərhələ
isə 3-6 yaşlı uşaqlar üçün nəzərdə
tutulub. 3 aylıq-3 yaş arası uşaqlar üçün
körpələr evi fəaliyyət göstərir. Körpələr
evi həm özəl, həm dövlət əsaslı ola bilər.
3-6 yaş qrupunda olan uşaqlar isə məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur.
Təhsildə Keyfiyyətə dair Əsas
Qanun 2002-ci ildə qəbul edildikdən sonra 3-6 yaşlı
uşaqlar üçün məktəbəqədər təhsil
ödənişsiz əsaslarla aparılır. Dövlət məktəbəqədər
təhsil müəssisələrindən əlavə
İspaniyada uşaqlara özəl qayğı mərkəzləri
də fəaliyyət göstərir.
Özəl məktəbəqədər təhsil
müəssisələrinin ödəniş xərcləri
baha olduğundan, valideynlər öz uşaqlarını
dövlət məktəbəqədər təhsil müəssisələrinə
verməyi üstün tuturlar. Onu da qeyd edək ki, valideynlər
dövlət məktəbəqədər təhsil müəssisələrinə
də maliyyə yardımları edirlər. Belə ki, valideynlər
müəyyən hallarda əlavə xidmətlər və
materiallar üçün məktəbəqədər müəssisələrə
pul ödəyirlər.
Müəyyən hallarda məktəbəqədər
təhsil dövrü ibtidai təhsil mərhələsinin
ayrılmaz hissəsi hesab edilir. Belə ki, uşaqlar
üçün ibtidai məktəbin I sinfinə daxil olmazdan əvvəl
məktəbəqədər müəssisələrdə
hazırlıq sinifləri təşkil olunur.
İbtidai
təhsil
İspaniyada ibtidai təhsil icbari xarakter
daşıyır. İbtidai təhsil səviyyəsinə
6-12 yaşlı uşaqlar cəlb edilir.
İbtidai təhsil səviyyəsində dərslər
saat 9:00-dan 17:00-a qədər davam edir. Günorta saatlarında
uşaqlar üçün 3 saatlıq fasilə olur.
Uşaqların əksəriyyəti nahar saatlarında evə
gedirlər. Evə getməyən uşaqlara isə məktəbdə
nahar verilir.
Tədris ocaqlarında şagirdlərin
nahar fasilələrini məktəbdə keçirmələri
üçün hər cür şərait yaradılır.
Bu vaxt ərzində şagirdlərin məktəb kurikulumundan
kənar fəaliyyətlə məşğul olmasına da
imkan verilir.
İbtidai təhsil pilləsində dərs
ili üçün nəzərdə tutulan təlim nəticələrinə
nail ola bilməyən şagirdlər eyni proqramı yenidən
oxuyurlar. Bu şans şagirdlərə yalnız bir dərs ili
üçün verilir.
Orta təhsil
Ümumi orta təhsil dövrü 6-16
yaşlı uşaqları əhatə edir. Bu dövr icbari
xarakter daşıyır. İcbari orta təhsil
dövrünü uğurla başa vuran şagirdlər orta təhsildən
sonrakı mərhələyə qədəm qoyurlar. Bu təhsil
mərhələsinin sonunda şagirdlərə orta təhsil
müddətini bitirməyi təsdiq edən sertifikat verilir. Bu
sənəd ali məktəblərə qəbul olmaq və
yaxud da texniki peşə təhsili almaq istəyən məzunlar
üçün zəruri hesab olunur.
Orta təhsil mərhələsində isə
12-16 yaşlı şagirdlər təhsil alır. 4 illik bu mərhələnin
özü də iki hissədən ibarətdir. Birinci mərhələ
12-14, ikinci mərhələ isə 14-16 yaşlı
uşaqları əhatə edir.
Orta təhsil mərhələsində təbiət
fənləri, sosial elmlər, tarix, coğrafiya, fiziki tərbiyə,
plastika, təsviri incəsənət, ispan dili, xarici dil, ədəbiyyat,
riyaziyyat, musiqi və texnologiya fənləri tədris olunur.
Orta məktəblərdə şagirdlər
texniki peşə təhsili sahəsində ilkin peşə təliminə
də yiyələnə bilərlər. Orta məktəb
şagirdlərinə dini təlim də verilir. Bəzi təhsil
müəssisələrində incəsənət və
xarici dillərin tədrisi üçün xüsusi sistemlər
mövcuddur.
Texniki
peşə təhsili
İspaniyada
texniki peşə təhsili sahəsində XX əsrin son
onilliyi ərzində mühüm dəyişikliklər
baş verib. 1990-cı ildə təhsil sistemində islahatlara
yol açan Təhsil Qanunu təsdiq edildikdən sonra peşə
təliminin strukturunda da müəyyən dəyişikliklərin
əsası qoyuldu.
Həyata keçirilməsi nəzərdə
tutulmuş islahatlar tam başa
çatdırılmadığı üçün təhsilin
müəyyən sahələrində köhnə və yeni
sistemlər paralel olaraq qalmaqdadır. 1993-cü və 1998-ci
illərdə qəbul olunmuş iki irimiqyaslı islahat
proqramı sayəsində yeni milli peşə təhsili və
milli peşə təlimi proqramları qəbul edilib. Bu
proqramların əsas məqsədi peşə təlimi və
davamlı təhsil proqramlarının inteqrasiyasına nail
olmaqdan ibarət idi. Bu sahədə görülən tədbirlər
peşə təlimi ixtisaslaşmasının milli sisteminin
yaradılması işinə töhfə verməyə xidmət
edir.
İspaniyada əhalinin daha yaşlı
hissəsi üçün texniki peşə təlimi və
kadr hazırlığı sistemi yaradılıb. Peşə
hazırlığı proqramları yerli regional təhsil
müəssisələri və işəgötürmə
assosiasiyaları ilə birgə əməkdaşlıq şəraitində
təşkil olunub.
Ali təhsil
İspaniyada ali təhsil sisteminin təşəkkül
tarixi orta əsrlərdən başlayır. Ölkənin ən
qədim ali məktəbi olan Salamanka Universiteti 1218-ci ildən
fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində
təxminən 1,5 milyon tələbə təhsil alır. Bu
isə 46 milyon əhalisi olan ölkə üçün
yüksək göstərici hesab edilir.
Ali təhsil sisteminə Elm və Təhsil
Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin
17 muxtar regionu üzrə ali təhsil müəssisələrinə
yerli qurumlar cavabdehlik daşıyır.
Ali məktəblərə qəbul olunmaq
üçün orta məktəb məzunları qəbul
imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl
universitetlərdə təhsil ödənişlidir. Təhsil
haqqı kursdan asılı olaraq dəyişir.
Ali təhsil proqramları bakalavriat, magistratura
və doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil
məkanının tədris sisteminə uyğun olaraq
proqramlar müvafiq təhsil mərhələləri üzrə
bölünür:
Bakalavriat proqramı - ilkin dərəcə
proqramı və ya ümumi ali təhsil istiqamətidir;
Magistratura proqramı -
ixtisaslaşmış dərəcə, həmçinin
akademik və ya ixtisas dərəcə proqramıdır;
Doktorantura proqramı - elmi tədqiqat sahəsində
ən yüksək elmi araşdırma metodlarının
öyrənilməsinə yönəlmiş dərəcə
proqramıdır.
Ölkədə 75 universitet var. Bu
universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir.
25 özəl universitetdən 7-si isə Katolik kilsəsinin nəzarəti
altındadır. 50 dövlət universitetindən 48-i müstəqil
idarəetmə strukturuna malikdir. 2 universitet isə Elm və Təhsil
Nazirliyinin nəzarəti altındadır.
Universitetlərdə
qarışıq maliyyələşmə mexanizmi tətbiq
edilir. Təhsil xərcləri mərkəzi hökumətin
ayırdığı subsidiyalar, icma qrantları, şəxsi
investisiyalar və ianələr hesabına ödənilir.
Ali məktəbləri tədris
imkanlarına görə 4 yerə ayırmaq olar:
- texniki fənlərdən başqa
bütün fənləri tədris edən ali məktəblərdə
hər üç ali təhsil pilləsi üzrə
(bakalavriat, magistratura, doktorantura) oxumaq olar;
- ali texniki məktəblər də hər
üç təhsil pilləsini (bakalavriat, magistratura,
doktorantura) təklif edir;
- müəyyən peşə istiqamətləri
üzrə ixtisaslaşmış universitet məktəblərində
yalnız bakalavriat pilləsində təhsil almaq
mümkündür;
-ali mühəndis məktəblərində
isə memar, mühəndis və texnoloq hazırlanır. Bu tədris
ocaqlarında proqram daha məzmunlu və dərindir. Bu məktəblərə
qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən
keçirlər. Statistikaya görə mühəndislik məktəblərində
birinci kurslarda təhsil alan tələbələrin
üçdə biri kursda qalır. Daxil olanların dörddə
biri isə diplom almağa müvəffəq olur.
Ölkə universitetlərində akademik
il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın
ortalarından dekabrın axırlarına kimi davam edir.
İkinci semestr isə fevralın ortalarında başlayır
və mayın sonunda başa çatır. Bütün
universitetlərdə təhsil 5-6 il davam edir. Təhsil ispan
dilində aparılır.
Son onillikdə İspaniya universitetlərində
təhsil alan qızların sayı xeyli artıb. Oğlanlarla
müqayisədə qızlar təhsillərini bitirməyə
və diplom almağa daha çox müvəffəq olurlar.
Əcnəbi tələbələr
İspaniyada ali təhsil müəssisələrində oxuyan
tələbələrin ümumi sayının 3 faizini təşkil
edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən
gələn tələbələrdir.
Ali təhsil ciddi bir struktura əsaslanır
və konkret kurikulumlar tətbiq olunur. Tələbələr
tədris müddətində sağlamlıq və ailə vəziyyəti
ilə bağlı ciddi səbəblər olmadan oxuduqları
universitetləri dəyişə bilməzlər.
İspaniyanın ali məktəblərində
təhsil almaq üçün ispan dilini bilmək əsas
şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini
seçən əcnəbilər ispan dili üzrə imtahan
verirlər. Müvafiq imtahanlar mayda və dekabrda keçirilir.
Heç bir fərq qoyulmadan yerli və əcnəbi
tələbələrə qrantların, təqaüdlərin
verilməsi də mümkündür. Təqaüd və qrant
alınması üçün rəqabət digər ölkələrlə
müqayisədə daha yüksəkdir.
Universitetlərdə təhsil haqqı
yerli əhali və Avropa İttifaqı ölkələrindən
olan tələbələr üçün xeyli
aşağıdır. Universitetlərdə təhsil müddəti
4 il, tibb və bəzi digər ixtisaslar üzrə 6 il davam
edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas
götürülür.
İspaniya beynəlxalq aləmdə
tanınmış bir çox ali məktəbləri ilə məşhurdur.
Bu ali məktəblər arasında Komilas Pontifikal Universiteti,
Alfonso El Sabio Universiteti, Madrid Universiteti, Seville Universiteti,
Valensiya Universiteti, Bask Universiteti, Katolonia Politexnik Universiteti,
Madrid Texniki Universiteti, Barselona Avtonom Universiteti, Qranada
Universiteti, Alkala Universiteti daha nüfuzlu hesab olunur. Ali məktəblərin
əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində
yerləşir. Özəl universitetlərin daha çox hissəsi
Madrid şəhərində yerləşir.
Ölkədə qeyri-universitet təhsili
verən ali təhsil müəssisələri də fəaliyyət
göstərir. Bu təhsil müəssisələri
sırasına mülki dənizçilik, turizm, incəsənət
və rəqs, mahnı və musiqi, yüksək səviyyəli
biznes məktəbləri və Amerika məktəbləri
daxildir.
Yaşlıların
təhsili və davamlı təhsil
1990-cı ildən İspaniyada
Yaşlıların Təhsili üzrə yeni hüquqi çərçivə
sənədi qəbul edilib. Yaşlıların təhsili
konsepsiyası ömürboyu təlim və davamlı təhsil
prinsipləri əsasında hazırlanıb.
İspaniyada yaşlıların təhsili
16 və 18 yaşdan yuxarı şəxslərin bilik əldə
etmək və ya biliklərini genişləndirmək, o
cümlədən fərdi, eləcə də peşəyönümlü
inkişafı, bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq yeni peşələrin öyrənilməsi kimi
məsələləri əhatə edir. Bununla yanaşı,
orta məktəb təhsili olmayan 25 yaş və daha yuxarı
yaşda olan şəxslər universitetlərin nəzdində
təşkil edilən kurslara daxil ola bilərlər.
Yaşlıların təhsili üzrə
universitetlərin nəzdindəki Milli distant təlim
kursları, Yaşlıların təhsili mərkəzləri,
İnnovasiya və Distant Təlimin İnkişafı Mərkəzinin
fəaliyyəti daha çox nəzərə çarpır.
2008-ci ilin statistik göstəricilərinə görə, universitetlərin nəzdindəki
yaşlıların təhsili proqramı üzrə 11754
müəllim təhsil, Yaşlıların təhsili mərkəzlərində
10918 nəfər, yaşlıların təhsili üzrə
özəl mərkəzlərdə isə 836 nəfər təlim
alıb.
Elmi tədqiqatlar
İspaniya Milli Tədqiqat Şurası
ölkədə elmi tədqiqat işləri ilə məşğul
olan ən böyük dövlət qurumudur. Bu tədqiqat
şurası fəaliyyətinin həcminə görə
Avropa məkanında üçüncü yeri tutur.
Bu qurum İspaniya Elm və Təhsil
Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir.
Şuranın əsas məqsədi elmi və texnoloji
axtarışları dəstəkləmək, tədqiqat
işlərinin aparılmasını stimullaşdırmaqdan
ibarətdir. Şura tərəfindən aparılan elmi tədqiqat
işləri ölkə ərazisində yerinə yetirilən
müvafiq fəaliyyətin 20 faizini təşkil edir.
Şura tərəfindən əsasən
humanitar və sosial elmlər, biologiya və biotəbabət, təbii
resurslar, kənd təsərrüfatı elmləri, fiziki elmlər
və texnologiyalar, qida sənayesi və texnologiya kimi sahələrin
araşdırılmasına üstünlük verilir.
Hazırda Milli Tədqiqat Şurası prioritet istiqamətlər
kimi ümumi dövlət idarəçiliyi, dövlət və
özəl müəssisələrdə elmi texniki xidmətləri
təmin etmək, texnoloji bacarıqlara malik şəxslərə,
şirkətlərə köməklik göstərmək, tədqiqatçıların
hazırlanması, cəmiyyətdə elmi mədəniyyətin
təbliği məsələlərinin təşkili,
müasir texnoloji qurğuların idarə edilməsi üzrə
mütəxəssislərin yetişdirilməsi məsələlərini
önə çəkir. Həmçinin Elm və Təhsil
Nazirliyinin elmi-texniki siyasətinin layihələndirilməsində,
həyata keçirilməsində iştirak etmək, elmin,
texnologiyanın təşviqi, transferi, digər milli və beynəlxalq
təşkilatlarla əməkdaşlıq, eləcə də
yeni elmi tədqiqat mərkəzlərinin, institutların
yaradılması işlərinin aparılması İspaniya
Milli Tədqiqat Şurasının fəaliyyətinin ana xəttini
təşkil edir.
Onu da qeyd edək ki, digər inkişaf
etmiş ölkələrdə olduğu kimi, İspaniya
universitetlərində də elmi tədqiqat işlərinə
geniş yer verilir. Həmçinin, Nüvə Enerjisi üzrə
Şura, Kənd Təsərrüfatı, Qida Tədqiqatı
və Texnologiyası üzrə Milli İnstitut və aqrar tədqiqat
mərkəzlərində də çoxşaxəli elmi tədqiqat
işləri həyata keçirilir. İspan Akademiyası,
Tarix Akademiyası, Milli Təbabət Akademiyası, Dəqiq,
Fiziki və Humanitar Elmlər Akademiyası da ölkənin ən
böyük elmi-tədqiqat müəssisələri
sırasındadır.
Bəşarət
MƏMMƏDOV,
Dilrubə
BAYRAMOVA
Yazının
hazırlanmasında İspaniya Krallığının Elm və Təhsil Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2012.- 27 yanvar.- S.5.