Qafqaz
Universitetində müxtəlifyönlü fəaliyyətlərin tələbələr
tərəfindən dəyərləndirilməsi tədqiqatı
aparılıb
Müasir
şəraitdə tələbələrin istəkləri
artmaqda və təhsil aldıqları qurumlardan gözləntiləri
çoxalmaqdadır. Bir çox tələbələr
üçün həyatda qazanacaqları mövqedə ən
önəmli vasitə və imkan alacaqları təhsil nəticəsində
əldə edəcəkləri
bacarıq və vərdişlərdir. Bu baxımdan tələbələrin
gözləntilərinin müəyyənləşdirilməsi
və təhsil prosesində nəzərə alınması zəruridir.
Eyni zamanda ali təhsil müəssisələri
mövcud rəqabət mühitində daha cəlbedici
görünmək və tələbələri cəlb etmək
üçün imkanlar təqdim etmək, varsa zəif cəhətlərini
müəyyənləşdirmək və zaman keçdikcə
bunları keyfiyyət kriteriyaları içərisinə daxil
etmək və bu çərçivədə dəyərləndirmək
məcburiyyətindədirlər. Buna nail olmaq
üçün tələbələrin ehtiyaclarını,
təqdim olunan xidmətlərdən razı
qalıb-qalmadıqlarını müəyyən etmək zəruridir.
Bu zərurət, habelə təhsil
prosesinin strategiyasının formalaşdırılması və
onun dayanıqlığının təmin edilməsində tələbələrin
məmnun qaldıqları məsələlərin müəyyənləşdirilməsinin
mühüm əhəmiyyət kəsb etməsi nəzərə
alınaraq Qafqaz Universitetində tələbələr tərəfindən
onların universitetdə bəyəndikləri məsələlərlə
bağlı dəyərləndirmə tədqiqatı
aparılmışdır.
Dəyərləndirmə məqsədi
ilə universitetin ən fəal tələbələri
arasında sorğu keçirilmiş və onun nəticələri
ümumiləşdirilmişdir. Araşdırmalar əsasında
universitetin əməkdaşı Şahin Durmaz tərəfindən
hazırlanmış məqalə "Qafqaz Universiteti"
jurnalında (Journal of Qafqaz University) dərc olunmuşdur. Məqalədən
aydın olur ki, araşdırmada universitetin pedaqoji, hüquq,
mühəndislik və iqtisadi idarəetmə elmləri
fakültələrində təhsil alan yerli və xarici tələbələr
arasından təsadüfi seçilmiş 811 tələbə
iştirak edib.
Məqalədə "Öyrənci məmnuniyyətini
ölçmə anketi"nə daxil edilmiş
"universitetdə bəyəndiyim fəaliyyətlər-istiqamətlər"lə
bağlı 6 sorğuya alınmış cavablar təhlil
olunmuşdur.
Təhlildən aydın olur ki,
sorğuya cəlb olunmuş 811 tələbədən
453-ü suallara aydın dəyərləndirmə
yazmış, 379 cavab isə boş
buraxılmışdır.
Tələbələrin verdiyi cavablar
içərisində ən yüksək nisbətdə qeyd
edilən xüsusiyyət təhsilin keyfiyyəti ilə
bağlı olmuşdur. Sorğuda əldə edilən 453 dəyərləndirmənin
122-ində bu məsələ xüsusi olaraq qeyd edilmişdir.
Təlim-tədris prosesinin keyfiyyəti ilə bağlı
verilən cavablarda təhsil keyfiyyəti, intizam və ədalət
prinsipi, beynəlxalq əlaqələr, xarici dil tədrisi, sərbəstlik,
rüşvətin olmaması kimi hallar xüsusi qeyd
edilmişdir.
Təhsilin
keyfiyyətini göstərən amillər içərisində
tələbələr müəllimlərin bilik
səviyyələrinin yüksək olmasını, təhsildə
ciddiyyətin ön planda
tutulmasını, qiymətləndirmə (tələbənin bilik səviyyəsinin qiymətləndirilməsi)
sisteminin obyektiv və
düzgünlüyünü, tez-tez
elmi-praktik tədbirlərin (seminar və konfranslar) təşkil
edilməsini, müəllimlərin dərs prosesində tələbələrlə
dialoqa (sual-cavab) üstünlük verməsini, təlim-tərbiyəyə
əhəmiyyət verilməsini (təlim-tərbiyənin təhsil
prosesinin ayrılmaz bir
istiqaməti olaraq qəbul edilməsi),
müəllimlərin
tələbələrə tədris etdikləri fənni
sevdirmələrini, təhsildə keyfiyyətin əsas
götürülməsini, yüksək keyfiyyətli təhsil
verilməsini xüsusi qeyd
etmişlər.
Sərbəstlik
(müstəqillik) dəyərləndirilərkən tələbələrin
fikirlərinə hörmətlə yanaşılması, səmərəli
fikir və təkliflərin hər zaman nəzərə alınması, tələbələrin
azadlıq hüquqlarına hörmətlə
yanaşılması, daha sərbəst bir şəraitdə təhsil
almalarına imkanın təmin edilmiş
olması, fərdi xüsusiyyətlərin nəzərə
alınması, tələbə-müəllim münasibətlərinin
fərqli qurulması (münasibətlərdə sərbəstliyə
üstünlük verilməsi), dürüst münasibət və tələbələrin
şəxsiyyət olaraq qəbul
edilməsi, tələbələrin elmi
biliklərlə yanaşı insanlığa faydalı bir şəxsiyyət olaraq
yetişdirilməsi istiqamətində səmərəli fəaliyyət
mexanizminin tədbiq edilməsi
vurğulanmışdır.
İntizam və ədalət prinsipi cavablarda tələbələrin
hüquqlarına hörmətlə yanaşılması, pozulan hüquqlarının qorunması mexanizminin obyektiv işləməsi,
tələbələrin söz hüququnun tanınması, imtahan
qiymətləndirmə sistemində ədalət prinsipinin əsas götürülməsi, obyektivliyin qorunması, professor-müəllim heyətinin də
intizamlı olması, dərsdən kənar münasibətlərdə
də ədalət və obyektivliyin
qorunması kimi dəyərləndirilmişdir.
Tələbələrin cavablarında universitetdə
rüşvətin olmaması, rüşvət
hallarının ortaya
çıxmaması üçün sağlam ictimai mühitin formalaşdırılmış
olması da qeyd olunmuşdur.
Beynəlxalq
əlaqələrdə tələbələr təhsil
müddəti ərzində xaricdə müddətli təhsil
alma imkanının olmasını, dünyaya inteqrasiya
baxımından əhəmiyyətli olan beynəlxalq
səviyyəli elmi və ictimai
tədbirlərin təşkil edilməsini bəyəndikləri
fəaliyyət
sahələri kimi dəyərləndirmişlər.
İngilis dilinin
yüksək səviyyədə öyrədilməsi,
universitetdə dil laboratoriyasının fəaliyyət
göstərməsi də tələbələr tərəfindən
bəyənilən fəaliyyət sahələri kimi qeyd olunmuşdur.
Tələbələrin
verdiyi cavablar içərisində
ən çox qeyd
edilən məsələlərdən biri
müəllim-tələbə münasibətləri olub. 453 dəyərləndirmənin 86-da bu məsələyə münasibət bildirilmişdir. Verilən cavablar içərisində xüsusilə `təhsil
işçiləri ilə tələbələrin bir-birlərinə
hörmətlə münasibət bəsləmələri, məsləhətçi
rəhbərlərin (tyutor) tələbələrin
problemləri ilə yaxından maraqlanmaları və onları
dinləmələri, onlara faydalı
məsləhətlər vermələri` kimi
halları xüsusi qeyd
oluna bilər.
Tələbələrin
universitet daxilində bəyəndikləri
istiqamətlərdən biri sosial-mədəni
proqramların təşkil edilməsidir. 453 dəyərləndirmənin
40-da tələbələr bu mövzuda məmnuniyyətlərini ifadə
ediblər. Bu cavablar
içərisində xüsusilə "Tələbə dərnəklərinin
olması, tələbələrin dərnəklər vasitəsi
ilə fərqli istiqamətlərdə inkişaf
etmək imkanlarının olması"
vurğulanmışdır. Bilik
müsabiqələri, şeir müsabiqələri,
şənliklər, seminarlar, milli və beynəlxalq tələbə
konfransları, basketbol, futbol
və başqa idman
turnirləri kimi sosial
fəaliyyətlər tələbələr tərəfindən
maraqlı proqramlar olaraq
qeyd edilmişdir. Bu mövzuda
aşağıdakı dəyərləndirmələr diqqəti
cəlb edir:
- Sosial fəaliyyətlərin inkişaf
etdirilməsi üçün mükəmməl
mühitin olması;
-
Yazıçı, şair və digər
məşhur şəxslərin dəvət edilərək tələbələrlə
görüşlərinin təşkil edilməsi;
- Hər
bayram ailələrə təbrik məktubunun
göndərilməsi;
-
"Gənclər bayramı" kimi tələbələrdə
intellektual zövqün
meydana gəlməsinə köməklik
göstərən proqramların təşkil edilməsi.
Tələbələrin
verdiyi cavablar içərisində
infrastruktur və fiziki
imkanlar haqqında cavablar
ayrıca bir qrup təşkil
edir. 453 dəyərləndirmənin
43-ü bu mövzuda olub. Xüsusilə universitetin
təmizliyi əksəriyyət tərəfindən təqdir olunmuşdur. Bundan başqa, universitetin
kampusu, laboratoriya
imkanları, bufet və yeməkxana xidmətlərinin
keyfiyyətli olması, kitabxananın zəngin olması və
xaricdəki kitabxanalarla əlaqəsi, stadion və laboratoriyaların olması, laboratoriyalardan istifadə imkanı və bütün siniflərin sinevizyonla
təchiz edilməsi, universitet ərazisində
hər yerdən girilə biləcək yüksək
sürətli İnternet imkanının
olması da əksəriyyət tərəfindən
qeyd edilib.
Tələbələrin
verdiyi cavablar içərisində
ən çox yeri tutan qruplardan biri də, xüsusiyyət ifadə etmədən
və ya bütün
xüsusiyyətləri ümumiləşdirərək hər
şeydən məmnun olduğunu ifadə
edənlərdir. 453 dəyərləndirmənin 100-ü bu çərçivədədir. Belə ümumiləşdirilmiş
cavablara nümunə olaraq
aşağıdakıları göstərmək olar:
- İdman, müəllimlər, məsləhətçilik,
tələbələr, seminarlar, dərslər,
yataqxana imkanları, yeməkxana, stadionlar, basketbol sahəsi,
bir sözlə hər şeyi,
yəni Qafqazı sevirəm.
- Qafqaz Universitetində oxuduğum
5 (beş) il müddətində
çox şey əldə
etdim. Başqa
universitetlərdən fərqli olaraq burada biz bir
insan kimi formalaşmaq imkanına sahib
olduq. Qafqaz məzunu
adını daşımaq, ona layiq olmaq çox
çətin məsələdir. Bütün
müəllimlərə təşəkkür edirəm. Universitetin bütün fəaliyyətlərindən
razıyam.
Tələbələrin
cavabları içərisində heç
bir şeydən məmnun
olmadıqlarını ifadə edənlər də olmuşdur. Belə cavabların sayı 41-dir. Bunlardan seçilmiş
nümunələr aşağıdakılardır:
- Demək
olar ki, mən Qafqaz Universitetində heç
bir məsələni bəyənmirəm.
- Heç bir şey xoşuma
gəlmir və s.
Məqalə müəllifinin də araşdırmasının sonunda
qeyd etdiyi kimi, belə dəyərləndirmələr ali təhsil
müəssisəsinə öz
fəaliyyətini daha
da təkmilləşdirmək
imkanı verir.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.- 27 yanvar.- S.4.