Təhsil
Nazirliyində görüş
Yanvarın 26-da təhsil naziri Misir Mərdanov
Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər
Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin
rektoru Sami Özcan ilə görüşüb
Qonaqların Azərbaycana gəlişindən
məmnunluğunu ifadə edən nazir iki ölkə
arasında təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi istiqamətində qarşıda
duran mühüm vəzifələrdən söz
açıb. Təhsil naziri müstəqil dövlətimizin
memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla
Türkiyə arasında təhsil və elmi əlaqələrin
inkişafına daim böyük önəm verdiyini, bu kursun
ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayıb.
Ölkələrimiz
arasında təhsil sahəsində genişlənən əməkdaşlığın
milli maraqlarımız baxımından əhəmiyyətini
diqqətə çatdıran Misir Mərdanov
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
təhsil müəssisələrinin, o cümlədən
Qafqaz Universitetinin uğurları barədə ətraflı məlumat
verib. Təhsil naziri Qafqaz Universitetlər Birliyinin ali məktəblərimiz
arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə
qaldıracağına əminliyini ifadə edib, bu qurumun
yaradılmasında əməyi olanlara təşəkkürünü
bildirib.
Ərdahan
Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri
Ramazan Qorxmaz 2009-cu ildə yaradılan, 24 universitetin təmsil
olunduğu qurumun qısa müddətdə keçdiyi
inkişaf yolundan danışıb. Rektor bildirib ki, Qafqaz
Universitetlər Birliyinin əsas məqsədi müxtəlif
ölkələrin ali məktəbləri arasında birgə
əməkdaşlığı genişləndirmək, gələcək
inkişaf perspektivlərini müəyyənləşdirmək,
dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin
qurulması işinə təkan vermək, müəllim və
tələbə mübadiləsini dəstəkləməkdən
ibarətdir.
Qafqaz
Universitetinin rektoru Sami Özcan qeyd edib ki, bu gün Azərbaycanın
və Türkiyənin inkişaf yolu bütün sahələrdə
münasibətlərin daha da dərinləşdirilməsini zərurətə
çevirib. Universitetlərarası əlaqələrin
inkişafına diqqət çəkən qonaq bu baxımdan
Qafqaz Universitetlər Birliyi çərçivəsində əməkdaşlığın
inkişafının əhəmiyyətindən söz
açıb.
Misir Mərdanov
Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq
münasibətlərinin inkişafı yolunda birgə elmi
araşdırmaların əhəmiyyətinə toxunub,
tariximizin dolğun şəkildə gələcək nəsillərə
çatdırılmasının vacibliyini vurğulayıb. Bu
işdə Qafqaz Universitetlər Birliyinin üzvü olan tədris
ocaqlarının üzərinə mühüm vəzifələrin
düşdüyünü söyləyən nazir birgə
konfrans və simpoziumların keçirilməsinin zəruriliyini
qeyd edib. Qafqaz Universitetlər Birliyinin ali məktəblər
arasındakı əməkdaşlığı daha da
gücləndirəcəyinə əminliyini ifadə edən
təhsil naziri bu qurumun fəaliyyətinə hər cür dəstək
veriləcəyini diqqətə çatdırıb.
Daha sonra
görüşdə qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Görüşdə
təhsil nazirinin müavini
Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Tamilla Əliyeva, Ali və
orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev, "Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən,
Qafqaz Universitetinin rektoru Əhməd Saniç
və Avrasiya Universitetinin
rektoru Cəlil Nağıyev iştirak ediblər.
Azərbaycan müəllimi.- 2012.- 27
yanvar.- S.2.