Təhsil
Nazirliyində Peşə Seçiminə Dəstək
Sistemi portalının təqdimatı
Aprelin 1-də Təhsil Nazirliyində
Peşə Seçiminə Dəstək Sistemi (PSDS)
portalının (www.psds.edu.az) təqdimat mərasimi
keçirildi.
Tədbirdə təhsil naziri Misir Mərdanov,
nazir müavini Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının məsul
işçiləri, nazirliyin şöbə müdirləri və
struktur bölmələrinin rəhbərləri,
"Edumedia-Azərbaycan" və Türkiyənin
"Kavrakoğlu" şirkətlərinin mütəxəssisləri,
KİV nümayəndələri iştirak edirdilər.
Mərasimi təhsil naziri Misir Mərdanov
açaraq Peşə Seçiminə Dəstək Sistemi
portalının əhəmiyyətindən danışdı.
Qeyd olundu ki, Peşə Seçiminə Dəstək Sistemi portalının əsas məqsədi
orta məktəb şagirdlərini peşələrlə daha
yaxından tanış etmək, onları maraq dairələrinə
uyğun olan peşə sahələrinə istiqamətləndirmək
və məzunların işəgötürənlərlə
əlaqə qurmalarını təmin etməkdir.
Ölkə başçısı cənab
İlham Əliyev tərəfindən peşə təhsilinin
inkişafına göstərilən diqqət və
qayğıdan söz açan təhsil naziri Misir Mərdanov
respublikamızda bununla bağlı görülən işlərdən,
həyata keçirilən tədbirlərdən
danışdı. Yeni yaradılan Peşə Seçiminə
Dəstək Sistemi portalının bu istiqamətdə
atılan növbəti addımlardan biri olduğunu söyləyən
nazir onun mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasının
vacibliyini önə çəkdi.
Peşə Seçiminə Dəstək Sistemi
portalının Türkiyənin "Kavrakoğlu" şirkəti
və "Edumedia-Azərbaycan" şirkəti tərəfindən
birgə hazırlandığını qeyd edən təhsil
naziri onların fəaliyyətini yüksək dəyərləndirdi.
Çıxış
üçün söz
alan Türkiyənin "Kavrakoğlu"
şirkətinin baş menecerinin
köməkçisi İncilay Kesik PSDS portalının texniki
imkanları, məqsəd və məramı barədə məlumat
verdi. Portalda "Özünü tanı", "Peşə
ixtisasları", "Peşə təhsili müəssisələri",
"Şagird qəbulu", "CV
yüklə" və "CV siyahısı" bölmələrinin
yer aldığını deyən İ.Kesik isifadəçilərə təklif
olunan xidmətlərin üstünlüklərini
qeyd etdi. Bildirildi ki, istifadəçilər
"Özünü tanı" bölməsindəki
170 sualdan ibarət testləri həll etməklə
bacarıq və maraq dairələri ilə
bağlı özlərində aydın təsəvvür
formalaşdıra bilərlər. Bu
bölmədə həmçinin əldə olunan
nəticələrə görə sistem
tərəfindən təklif olunan peşə
seçimlərinə çıxış əldə etmək
imkanı yaradılıb. "Peşə
ixtisasları" bölməsində müvafiq
peşələr haqqında dolğun məlumatlar
əldə etməyin mümkün olduğunu bildirən qonaq
növbəti "Peşə təhsili müəssisələri"
bölməsində isə istifadəçilərə
seçdikləri peşə ixtisasının hansı peşə
təhsili müəssisələrində tədris olunduğu barədə informasiya almaq və həmin
peşə təhsili müəssisələrinə dair məlumat əldə etmək imkanı verildiyini vurğuladı. O, daha
sonra "Şagird qəbulu"
bölməsinə daxil olan
istifadəçilərin müvafiq
peşə ixtisasına uyğun peşə
təhsili müəssisələrinə ərizə ilə
müraciət edə biləcəklərini deyərək
digər bölmələr - "CV yüklə" və
"CV siyahısı" barədə də geniş
məlumat verdi.
"Kavrakoğlu" şirkətinin baş meneceri Dilek Bağdatlıoğlu Peşə
Seçiminə Dəstək Sistemi
portalının orta məktəb
şagirdlərinə peşə seçimlərində
köməklik etmək, təhsillərini hansı istiqamətdə
davam etdirmələrinin uyğun
olacağını göstərmək, onların peşə
təhsili müəssisələri
və ixtisaslarla tanış olmasına
şərait yaratmaq, özlərinə uyğun və arzu etdikləri
peşə liseylərinə daha asan və sürətli şəkildə
müraciət etmələrini təmin etmək üçün nəzərdə tutulduğunu bildirdi. Qonaq peşə təhsili müəssisələrinin
və peşələrin ictimaiyyətə daha
yaxından tanıdılması məsələlərinin də
PSDS-in əsas hədəfində olduğunu söylədi.
Sonra tədbir
iştirakçıları tərəfindən yeni portalın fəaliyyətinin peşə təhsilinin
inkişafına təsiri ilə bağlı fikir
mübadiləsi aparıldı, müvafiq
rəy və təkliflər səsləndirildi.
Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq Peşə
Seçiminə Dəstək Sistemi
portalının uğurlu fəaliyyətinin
təmin olunması ilə bağlı qarşıda duran vəzifələrə toxundu,
bununla bağlı bir
sıra tapşırıq və tövsiyələrini verdi.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.2.