Sinqapurun nümayəndə heyəti
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda olub
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
cənablarının 2012-ci ilin noyabrında Sinqapur
Respublikasına səfəri ölkələrimiz arasında
daha səmərəli əməkdaşlığın
qurulması üçün mühüm zəmin
yaratmışdır. Qeyd etmək yerinə düşər
ki, dövlətlərimiz arasında əməkdaşlığın
siyasi, iqtisadi, sosial, o cümlədən elm və təhsil və
digər sahələrdə böyük potensialı
vardır. Təsadüfi deyil ki, Prezidentimiz həmin səfər
çərçivəsində müasir dünyaya sürətlə
inteqrasiya edən Azərbaycanın humanitar, mədəni
mübadilə və təhsil sahələrində də əməkdaşlıqla
əlaqədar böyük planların olduğunu
vurğulamışdır.
Uğurlu
diplomatiyanın qələbəsidir ki, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yendənhazırlanma İnstitutunun
da beynəlxalq əlaqələri sürətlə genişlənir.
Təhsil Nazirliyinin dəstəyi ilə institut rəhbərliyinin
bu istiqamətdə apardığı məqsədyönlü
işlər öz nəticəsini verir. Aprelin 4-də
institutun rektoru, professor Asəf Zamanov ölkəmizdə səfərdə
olan Sinqapurun nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə
rektor nümayəndə heyətini - Sinqapurun Sənaye və
Ticarət Nazirliyinin rəsmi nümayəndələri -
Frankis Çonq, Coses Vonq, məqsədi həyat səviyyəsinin
və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi
üçün müəllimlərə və məktəblərə
xidmət göstərmək olan Sinqapurun EDUCARE Şirkətinin
baş icraçı direktoru Mayk Tirumanı Azərbaycanın
uğurları, həmçinin elm və təhsil sahəsindəki
islahatlar və yenilikləri barədə məlumatlandıraraq
ölkələrimiz arasındakı əməkdaşlığın
təhsil sferasına da müsbət təsirini xüsusi
vurğuladı. İnstitutun tarixi, strukturu, fəaliyyət
istiqamətləri, elmi-tədqiqat işləri və beynəlxalq
əməkdaşlıq sahəsindəki nailiyyətlərindən
bəhs etdi.
Qonaqlardan
Frankis Çonq ölkəmizə ilk dəfə səfərindən
məmnunluğunu bildirdi, əməkdaşlığın hər
iki tərəf üçün əhəmiyyətini
vurğuladı. Mayk Tiruman institutumuzla Sinqapurun müvafiq
qurumları arasında əməkdaşlığa, o cümlədən
XXI yüzilliyin tələblərinə uyğun təhsil
menecerlərinin hazırlığı və ixtisasının
artırılmasına dair təkliflərini nəzərə
çatdırdı və bu əməkdaşlığın
yaxın gələcəkdə reallaşmasına müvafiq
kömək göstərəcəyinə söz verdi.
Nümayəndə heyəti səmimi qəbula, onlara göstərilən
yüksək qonaqpərvərliyə görə professor Asəf
Zamanova minnətdarlığını bildirdi və instituta hədiyyələr təqdim etdi.
İnstitutun
Heydər Əliyev muzey-lektoriyası, Beynəlxalq əlaqələr
və Keyfiyyətin təminatı şöbələrinin fəaliyyəti
ilə geniş tanışlıq nümayəndə heyətində
yüksək təəssürat yaratdı.
Rektorla
görüşdən sonra qonaqlar institutun ixtisasartırma və
yenidənhazırlanma fakültələrində tədris
prosesinin təşkili ilə tanış oldular. Məktəb
direktorları üçün keçirilən "Təhsil
menecmenti kursu"nda Mayk Tiruman ilə aparılan müzakirə
xüsusi marağa səbəb oldu.
Sonda əməkdaşlar
və müdavimlərlə birgə xatirə şəkilləri
çəkildi.
Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2013.- 5
aprel.- S.5.