Yeni qiymətləndirmə
təhsildə inkişaf deməkdir
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir hissəsidir.
Cəmiyyət təhsilsiz
inkişaf edə bilməz.
Heydər ƏLİYEV
Məlumdur ki,
respublikamızda son zamanlar bütün sahələrdə
olduğu kimi, təhsil sistemində
də məqsədyönlü islahatlar gedir və milli təhsil
sahəsində əsaslı dəyişikliklər artıq
özünü göstərməkdədir. Təhsil
islahatının qarşıya qoyduğu vəzifələr
milli təhsilimizin dünya təhsil sisteminə
inteqrasiyasına və təhsilin keyfiyyətinin tamamilə
yeni səviyyəyə çatdırılmasına xidmət
edir. Əlbəttə, hər bir işin
başlanğıcında çətinliklər olur. Təhsil
mürəkkəb bir sahə olduğundan qarşıya
qoyulmuş vəzifələrin həyata keçirilməsi
üçün müəyyən baza
yaradılmalıdır. Təhsilin məzmununun yeniləşdirilməsi
və təhsilin keyfiyyətinin dövlət standartlarına
müvafiqliyinin təmin edilməsi üçün bu prosesin
dəqiq qiymətləndirilməsi bir vəzifə kimi
qarşıda durur.
Müasir
şəraitdə informasiya və kommunikasiya
texnologiyalarından tədris prosesində istifadə
olunması təhsil müəssisələrində təhsil
alanların fəaliyyətinin qiymətləndirilməsinin
müasir modellərə olan tələbatını
artıq zərurətə çevirmişdir. Təlim-tərbiyə
prosesinin və onun nəticələrinin qiymətləndirilməsində
artıq ənənəvi üsul və metodlardan istifadə
edilməsi bu gün öz aktuallığını
itirmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 09
nömrəli qərarı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasının
ümumi təhsil sistemində
Qiymətləndirmə Konsepsiyası" əsasında fənn
kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili
qiymətləndirmənin aparılması müəyyən
edilmişdir.
Belə ki, məktəbdaxili qiymətləndirmə diaqnostik,
formativ və summativ olmaqla yeni fənn kurikulumları tətbiq
olunan siniflərdə həyata keçirilir.
Fənn
kurikulumlarının tətbiq olunduğu siniflərdə
müəllimlərin işinin asanlaşdırılması və
əlbəttə, bu sahədə rastlaşa biləcəkləri
çətinlikləri aradan qaldırmaq məqsədilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən
respublikamızın bütün regionlarında, o cümlədən
Xaçmazda da ixtisasartırma kursları təşkil edildi.
Bu treninqlər zamanı təcrübəli təlimatçıların
rəhbərliyi altında müəllimlər bir çox
yeniliklərə, fəal dərsin qurulması, şagird
nailiyyətlərinin qiymətləndirilməsi sahəsində
yeni bacarıqlara nail oldular. Bundan əlavə, Təhsil
Nazirliyi tərəfindən "Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması
barədə" Təlimat və müəllimlər
üçün metodiki vəsaitlər vaxtında məktəblərin
ixtiyarına verildi. Təlimat və metodiki vəsaitlər hər
bır müəllım üçün çətinliklərin
öhdəsindən gəlməkdə böyük bir dəstək
oldu.
Hazırda
çalışdığım akademik Zərifə Əliyeva
adına Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey
2012-ci ildə "Ən yaxşı ümumi təhsil məktəbi"
müsabiqəsinin qalibi olub. Bu uğurda biz - xarici dil müəllimlərinin
də xüsusi rolu olmuşdur. Məktəbimizdə
İKT-nin tətbiqi ilə innovativ üsullarla, yeni metodlarla və
yeni qiymətləndirmə ilə keçilən dərslər
şagirdlər və valideynlər tərəfindən
böyük maraqla qarşılanır. Kurikulumların tətbiq
olunduğu siniflərdə təhsilin keyfiyyətinin təmin
olunmasında məhz yeni qiymətləndirmə modelindən
istifadə artıq öz bəhrəsini verməkdədir. Mən
dərslərimi yeni tələblərə əsasən
qururam və "Ümumtəhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılması barədə" Təlimata əsasən qiymətləndirmə
aparıram. Açığını deyim ki, bu günlərdə
məktəbimizə verilən bu sənəddən istifadə
işimə çox fayda verdi. Bu vaxtında
hazırlanmış və pedaqoji ictimaiyyətə gərəkli
bir sənəddir. Belə ki, bu sənədin
hazırlanmasına qədər vahid prinsip
olmadığından hərə öz bildiyini diktə və
ya tövsiyə edirdi. Müəllimlərdə
çaşqınlıq yaranmışdı. Artıq
aydın və başa düşülən bir dildə
hazırlanmış normativ sənəd mövcuddur və
ümid edirəm ki, biz müəllimlər bu sənədin imkanlarından çox
faydalanacağıq.
Diaqnostik
qiymətləndirmə aparmaqla şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirirəm
və şagirdin potensial imkanlarını nəzərə
alaraq təlim strategiyalarını seçirəm. Diaqnostik qiymətləndirməni mən təlimatda
deyildiyi kimi, bir qayda olaraq, təhsil səviyyəsinin, dərs
ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki
şagirdlərin bilik və bacarıqları, eyni zamanda
şagird bir ümumi təhsil müəssisəsindən digərinə
gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat
toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək
məqsədilə aparıram. Məsələn,
birinci sinifdə "Animals" mövzusu ilə bağlı
dərsə başlamazdan əvvəl heyvanların səsi
(pişik, it, xoruz və s.) yazılmış diski səsləndirirəm
və şagirdlərin səsini eşitdiyi heyvanın
adını, əlamətini ingilis dilində nə dərəcədə
bildiyini təyin və bununla da şagirdin gələcək
inkişaf səviyyəsinin istiqamətini müəyyən
edirəm. Bu zaman aşağıdakı qiymətləndirmə
meyarlarından istifadə edirəm:
Grade -1
Surname:
Name:
Unit 7. Lesson 1. My Pets.
Criteria Excellent Good Weak
Can identify animals according to sounds
Can name the animals
Can describe the animals
Şagird nailiyyətləri əvvəllər də
qiymətləndirilirdi. Amma bu qiymətləndirmənin
bir çox çatışmayan cəhətləri də var
idi. Məsələn, diaqnostik qiymətləndirmə,
ümumiyyətlə,
keçirilmirdi. Qiymətləndirmə
yalnız müəllim tərəfindən
aparılırdı və şagirdin yalnız nailiyyəti
qiymətləndirilirdi. Şagird
aşağı qiymət alanda bilmirdi ki, nəyə görə
həmin qiyməti alıb. Şagird
çox zaman fikirləşirdi ki, ya müəllim qiyməti kəsib,
ya da digər şagirdə üstün qiymət yazıb.
Aşağı qiymət alan şagird inamsız olur, öyrənmək
həvəsi azalırdı, yaxşı qiymət alan isə
yalnız qiymət üçün oxuyurdu.
Şagirdlərin qiymətləndirməyə
cəlb olunduğu yeni sistemdə isə formativ qiymətləndirmə
zamanı şagirdlər özləri də qiymətləndirmə
prosesində iştirak edir.
Şagirdin etibarını qazanmaq, maksimum nailiyyətə
çatmaq üçün effektiv vasitə olan
özünüqiymətləndirmə şagirdi daha da
ruhlandırır, bundan başqa özünün zəif və
güclü tərəflərini müəyyən edir, özünün
zəifliklərini aradan qaldırmağa
çalışır və şagird təhsil sisteminin fəal bir
iştirakçısına çevrilir. Şagirdlər
bir-biri ilə ünsiyyət qurur, yarışlar təşkil
edir, bir-birinin işini qiymətləndirirlər, real qiymətləndirmə
aparmağa cəhd edirlər. Bəzən
özünüqiymətləndirmə reallıqdan uzaq olarsa,
müəllim "Siz necə qiymətləndirərdiniz?"
deyə sinfə müraciət edə bilər.
Mən dərs keçdiyim siniflərdə
şagirdlərin özünüqiymətləndirmə
prosesini həyata keçirmək məqsədilə
aşağıdakı qiymətləndirmə vərəqindən
istifadə edərək onlara imkan yaradıram ki, həm
özlərini, həm yoldaşlarını, həm də mənim
fəaliyyətimi qiymətləndirsinlər.
Bu qiymətləndirməni bütün siniflərdə
keçirmək olar:
* Surname:
* Name
* Grade 5, school 8
* Choose one of the marks
* 1.My activity in the
group work
* 1 2 3
4 5
* 2. I could encourage my friends
* 1 2 3
4 5
* 3. How I understood the lesson
* 1 2 3
4 5
* 4. The lesson was interesting
* 1 2 3
4 5
Əgər biz təhsilin inkişafına
nail olmaq istəyiriksə, qiymətləndirmənin daha vacib
olanını - formativ giymətləndirməni inkişaf
etdirməliyik. Çünki formativ qiymətləndirmə
vasitəsilə biz hər bir dərsdə şagirdin təlim
fəallığını, irəliləməsini və geriləməsini
izləyirik, həmçinin valideynlər də
övladlarının nailiyyətlərinin nə dərəcədə
olmasını, irəliləməsini və ya geriləməsini
izləyə bilirlər. Formativ qiymətləndirmədə
şagird qiymət üçün deyil, nəticə göstərmək
üçün səy göstərir. Bütün
bu izləmələr şagirdlərin standartlara uyğun
inkişafına kömək edir, təhsilin nəticəyönümlü
olmasına gətirib çıxarır. Bu
mənada Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin zəhməti ilə ərsəyə gələrək
bu tədris ilindən tətbiqinə başlanılan formativ
qiymətləndirmə jurnalı təqdirəlayiqdir. Belə ki, bu yolla müəllim-valideyn münasibəti
daha da sıxlaşır. Müəllim
şagirdin fəaliyyətini "quru rəqəm"lə
yox, canlı ifadə tərzi ilə - sözlə qiymətləndirir.
Bunun üçün jurnalın səhifələrində
yetərincə imkan yaradılmışdır.
3-cü sinifdə formativ qiymətləndirmənin
həyata keçirilməsi zamanı aşağıdakı
standartları əsas götürürəm:
Unit 1. Lesson 4. Alphabet
Dictionary
Standartlar: 3.1.1.
4.1.1. 4.1.2.
3.1.1. Hərf, hərf birləşmələri
və
sözləri düzgün oxuyur.
4.1.1. Hərf, hərf birləşmələri
və sözləri düzgün yazır.
4.1.2. Öyrəndiyi söz birləşmələri
və cümlələri düzgün yazır.
Verilmiş standartlara uyğun olaraq,
aşağıdakı nümunələrdən istifadə edərək
şagirdlərin özünəməxsus fəaliyyətlərini
aşağıdakı kimi formativ qiymətləndirmə
jurnalı və şagird kitabçalarında qeyd edirəm:
1. Verilmiş hərf və sözləri
oxuyarkən çətinlik çəkir.
2. Verilmiş hərflərə aid sözləri
səhvlərlə yazır.
3. Hərflərə aid verilmiş bəzi
sözləri oxuyarkən çətinlik çəkir.
4. Sözləri üzündən
köçürərək yazır.
5. Verilmiş sözləri düzgün
yazır.
6. Öyrəndiyi bütün söz birləşmələrini
və cümlələri düzgün yazır.
Və yaxud
Unit 2. Lesson 1. Countries and Nationalities
Standartlar:
1.1.3. 2.1.2. 2.2.4
1.1.3. Dinlədiyi mətndə nitq
etiketlərini fərqləndirir.
2.1.2. Öyrəndiyi cümlələri
düzgün intonasiya ilə tələffüz edir.
2.2.4.
Öyrəndiyi dil materiallarından istifadə edərək
ünsiyyət qurur.
Dərsin sonunda aşağıdakı
qeydlərdən uyğun gələnini şagirdin fəaliyyətinə
uyğun olaraq adının qarşısında yazıram, məsələn:
1. Dinlədiyi dialoqda ölkələri və
bayraqları fərqləndirərkən çətinlik
çəkir.
2. Yoldaşlarının verdiyi sualların
köməyi ilə özünü təqdim edir.
3. Dinlədiyi dialoqda bayraq və ölkələri
yoldaşlarının köməyi ilə fərqləndirir.
4. Çoxhecalı sözləri çətinliklə
tələffüz edir.
5. Özünü təqdim edir və
özü haqqında qısa təqdimat edir.
6. Bütün cümlələri
düzgün intonasiya ilə tələffüz edir.
7. Özü haqqında sərbəst təqdimat
edir.
5-cı sinifdə bir dərs
üçün aşağıdakı standartları
seçirəm:
Unit 1. Lesson 2.We Love Group Work.
Standartlar: 2.1.1.
3.1.4. 4.1.1.
2.1.1. Yeni söz və ifadələrdən
istifadə edir.
3.1.4. Mətnin məzmununa uyğun suallara
cavab verir.
4.1.1.Verilmiş sözləri
məna və qrammatik cəhətdən əlaqələndirərək
cümlələr qurur.
Əlbəttə, şagirdlərin
hamısının fəaliyyəti eyni deyildir.
Hər birinin özünəməxsus fəaliyyəti
ilə üzləşirəm. Gözlədiyimdən
də fərqli sərbəst yaradıcı işlərinin,
müsahibələrinin şahidi oluram. Şagirdlərdən
biri müəyyən standartlara əsasən, məsələn,
şəkli yaradıcı şəkildə əhatəli və
sərbəst təsvir etdiyi halda, digər bir şagird
aydınlaşdırıcı sualların köməyi ilə
çətinliklə təsvir edir və yaxud mətnin məzmununu
bir şagird qismən əhatə edərək
danışırsa, o biri şagird tam əhatə edərək sərbəst
fikirlərlə məzmununu danışır. Müşahidələrimə
əsasən bir neçə şagirdin fəaliyyətini
aşağıdakı kimi formativ jurnalda qeyd edirəm:
1. Yeni sözlərdən qismən istifadə
edərək şəkli yoldaşlarının köməyi
ilə təsvir edir.
2. Mətnin məzmununa uyğun suallara səhv
cavab verir.
3. Yeni söz və ifadələrdən
istifadə edərək ünsiyyət qurur.
4. Mətnin məzmununa uyğun bir
neçə suala cavab verir.
5. Mətnin məzmununa uyğun
bütün suallara sərbəst cavab verir.
Bu yazdığım nümunələrdəki
kimi fəaliyyətləri hər hansı bir şagirdin
qarşısında formativ jurnalda və əlbəttə ki,
şagirdin kitabçasında qeyd edirəm.
Bu nümunələrdən bir daha
aydın görünür ki, ənənəvi qiymətləndirmədə
müəllim şagirdin yalnız nailiyyətini qiymətləndirirdisə,
bu gün onun fəaliyyətini bir neçə istiqamətdə
qiymətləndirməyə imkan var və ənənəvi qiymətləndirmədə
olduğu kimi, dərsin bir mərhələsində rəqəmlə
deyil, hər hansı mərhələdə şagird fəaliyyəti
sözlərlə qiymətləndirilir.
İstər dərsdə, istərsə də
tədbirlərdə şagirdlərin bilik, bacarıq və fəaliyyətlərinin
düzgün qiymətləndirilməsi şagirdlərə mənəvi
stimul verir, onları daha da ruhlandırır,
yaradıcılığa aparır. Sadəcə olaraq, "Excellent", "Very
good", "İt is really good" kimi ifadələr
şagirdlərin həvəsini artırır, onlara inam verir.
Şagirdin cavabına heç bir fikir söyləmədən
və ya düzəliş edilmədən digər şagirdə
söz verilməsi onda inamsızlığa, onun susmağa
üstünlük verməsinə gətirib
çıxarır. Bizim verəcəyimiz
qiymət ya pozitiv, ya da neqativ emosiya yaradır. Əlbəttə, bizim vəzifələrimizdən
biri də yaxşı görülmüş işi tərif,
səhvləri isə düzəliş etməkdir.
Düzəliş edərkən biz ehtiyatlı
olmalıyıq. Ünsiyyət zamanı
şagirdə tez-tez və daima edilən qrammatik və ya leksik
düzəlişlər, onun sözünün tez-tez kəsilməsi
şagirdin nitq bacarıqlarının inkişafına təsir
edən effektiv üsul deyil. Bu, şagirdin
passivləşməsinə, fikrini bildirməkdən
qorxmasına gətirib çıxarır. Əgər şagird I taked və
ya he play deyirsə,biz onun səhvini
Yes, very good I took və ya he plays (tələffüz zamanı
took və ya s şəkilçisini vurğulamaq
lazımdır) deyə nəzakətlə düzəldə bilərik.
Hər hansı bölmənın sonunda
mövzunun nə dərəcədə mənimsənildiyini
üzə çıxaran summativ qiymətləndirmənin
çox böyük əhəmiyyəti var. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması
barədə" Təlimatına əsasən summativ qiymətləndirmə
kiçik, böyük və yekun olmaqla, üç yerə
bölünür. Kiçik summativ qiymətləndirmə
bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən,
böyük summativ qiymətləndirmə isə yarımilin
sonunda ümumi təhsil müəssisəsinin və ya orada
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni
tədris edən müəllim tərəfindən
aparılır. Yekun qiymətləndirmə
təhsil səviyyələrinin sonunda buraxılış
imtahanları şəklində aparılır. Summativ qiymətləndimənin nəticələri
keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə
üçün qiymətləndirmə vasitələri
hazırlayarkən çalışıram ki,
tapşırıqlar asan, orta və çətin olsun.
Asan tapşırıqlar idrakın bilmə mərhələsinə
aid olub şagirdin hər hansı bir məlumatı nə dərəcədə
bilməsini və yadda saxlamasını ölçür.
Orta səviyyəli tapşırıqlar
idrakın anlama, tətbiq və təhlil mərhələsinə
aiddir. Belə tapşırıqlar
şagirdin səbəb-nəticə əlaqələrini
anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək
kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar
idrakın sintez və dəyərləndirmə mərhələsinə
aiddir. Bu növ tapşırıqlar
şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək,
qərar qəbul etmək bacarıqlarını
ölçür.
Hər bir müəllim qiymətləndirmədən
sonra bu suallara cavab verməlidir:
1. Şagirdlər qoyulan məqsədə
doğru necə irəliləyiblər?
2. Şagirdin problemi və zəifliyi nədədir?
3. Şagird ingilis dilində nə etməyi
bacarır?
Böyük summativ qiymətləndirmə
vasitələri fənnin məzmunundakı əsas zəruri
bilikləri əhatə edir və daha çox tətbiqi
bacarıqları yoxlamağa xidmət edir.
Bu vasitələrin hazırlanmasında Təhsil
Nazirliyinin tövsiyələri və verdiyi nümunələrə
hər bir ümumi təhsil müəssisəsində
böyük ehtiyac var.
Doğrudur, yeni fənn kurikulumları ilə
işin təşkili biz müəllimlərin məsuliyyətini
bir qədər artırmışdır, lakin işlədikcə
yeni metodların daha maraqlı olduğunu müşahidə
edirik. Şagirdlər formativ qiymətləndirmədə
özünüqiymətləndirməyə, qrup şəklində
qiymətləndirməyə xüsusi maraq göstərirlər.
Məktəbdaxili qiymətləndirmənin yeni
modelinin tətbiqi şagirdlərin intellektual qabiliyyətlərinin
inkişaf etməsində və şagirdlərin idrak fəallığının
və bacarıqlarının aşkara
çıxarılmasında yaxşı nəticələr əldə
etməyə imkan verir. Şagird nailiyyətlərinin
yeni qiymətləndirmə sisteminin tətbiqi təhsil sahəsində
qazanılmış nailiyyətlərdəndir. Aparılmış müşahidələrdən
müəyyən olmuşdur ki, qiymətləndirmənin yeni
modelindən istifadə artıq öz bəhrəsini verməkdədir.
Tamilla ƏLİYEVA,
akademik Z.Əliyeva adına Xaçmaz şəhər
8
nömrəli məktəb-liseyin ingilis dili müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.5.