Zamanın tələblərinə
cavab verən "Azərbaycan dili" dərsliyi
Ötən
il ali məktəblərin I kurs rus bölməsi tələbələri
üçün
yazılmış "Azərbaycan dili" (Bakı,
2012) dərsliyi çapdan çıxmışdır. Dərslikdə
verilmiş mətnlər elmi-metodik tələblərə
layiqincə cavab verir. Məzmunca
rəngarən olan həmin materiallar Azərbaycan dilinin
bütün bölmələrinin şüurlu və
dolğun şəkildə mənimsənilməsini təmin
edir. Bu materiallar tələbələrin orta məktəbdə
öyrəndikləri biliklərə əsaslanan və həmin bilikləri genişləndirməyə,
dərinləşdirməyə xidmət göstərən
çalışmaları, mətnləri, sifahi xalq ədəbiyyatı
nümunələrini özündə birləşdirir. Bunlar tələbələrin həm
Azərbaycan dilinin bütün bölmələri üzrə
biliklərini möhkəmləndirir, həyatın müxtəlif
sahələrinə dair məlumatlarını genişləndirir,
həm də onların şifahi və yazılı nitqlərini
inkişaf etdirir.
Azərbaycan Respublikasının öz
müstəqilliyini yenidən bərpa etməsi
xalqımızın və dilimizin tarixində əbədi
yaddaqalan hadisədir. Bu, respublikamızın ayrı-ayrı
xarici ölkələrlə qarşılıqlı əlaqəsinin,
münasibətinin daha da sıxlaşmasına, möhkəmlənməsinə,
dilimizin işlənmə dairəsinin genişlənməsinə,
onun işləkliyinin
çoxşaxəli xarakter almasına, milli sərvətimizi,
yəni dilimizi öyrənmək
istəyənlərin sayca xeyli çoxalmasına səbəb
olmuşdur. Müstəqil Azərbaycan
dövlətinin milli dilimizə tükənməz
qayğısı və böyük diqqət yetirməsi onun inkişafına
güclü təsir göstərmişdir. Azərbaycan
Respublikasında yaşayan, işləyən başqa
xalqların nümayəndələri dilimizi öyrənməyə
ciddi və zəruri ehtiyac duyurlar. Ona görə də
onların arzu və istəklərini nəzərə alıb
müxtəlif vəsait və dərsliklər yaratmaq
mühüm vəzifə kimi qarşıda durur.
Azərbaycan
tarixinin müəyyən
dövrlərində xalqların müxtəlif təqib və
təzyiqlərdən əziyyət çəkməsi danılmaz həqiqətdir. Bu, dilimizin
leksik qatında müəyyən iz qoymuşdur. Digər dillər kimi, Azərbaycan
dilinin də lüğət tərkibinin
daim dəyişmə və təkmilləşmə prosesi
keçirməsi onun inkişaf etdiyini göstərir.
Pedaqoji təcrübə və
müşahidələr göstərir ki, dilin lüğət
tərkibinin tədrisində söylənilən məsələlər
barədə məlumat vermək lazımdır. Tarixi qaynaqlar,
pedaqoji təcrübə və
elmi-metodiki müşahidələr Azərbaycan dilinin təlim
dili olmaqla bir fənn kimi həm orta, həm də ali məktəblərdə
öyrədilməsinin uzunillik bir tarixi olduğunu deməyə
yetərincə əsas verir. Milli dilimizin həm də təlim
prosesinin rus dilində getdiyi tədris ocaqlarında şagirdlərə,
tələbələrə öyrədilməsi onun dövlətimizdə aparıcı mövqedə
dayanmasından, böyük nüfuz qazanmasından xəbər
verir. Lakin keçmişdə Sovetlər Birliyinin dövlət dili ilə
müqayisədə Azərbaycan dilinə biganəlik göstərdiyini, ona
ögey münasibət bəslənildiyini
demək lazımdır. Bu isə
təlim rus dilində aparılan
tədris ocaqlarını doğma dilimizin tələb
edilən səviyyədə tədrisinə maneçilik
törətmişdir. Belə münasibət xeyli müddət
Azərbaycan dilinə "ikinci dərəcəli fənn",
"fakültativ fənn" kimi yanaşılmasına, onun tədrisinin
könüllülük prinsipi əsasında
aparılmasına səbəb
olmuşdur. "Azərbaycan Respublikasında Dövlət dili
haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə
bütün bunlara son qoyulmuş, dilimiz əsl dövlət
dili statusunu qazanmış, onun hərtərəfli
inkişafı üçün böyük imkanlar
yaranmışdır.
23 may 2012-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" haqqında Sərəncamını
bütün xalqımız, xüsusən Azərbaycan dili fənnini
orta ümumtəhsil məktəblərində və ali təhsil
ocaqlarında tədris edən müəllimlər, ali məktəblərin filologiya
fakültəsinin bakalavr və magistr pilləsində təhsil
alan tələbələr, dilçilik elmi üzrə tədqiqat
işləri aparan mütəxəssislər dilimizə,
dilçilik elminə dövlət
başçısının böyük
qayğısının, tükənməz hörmət və
məhəbbətinin parlaq təzahürü kimi dəyərləndirirlər.
Ölkə Prezidentinin sərəncamında Azərbaycan
dili xalqımızın mənəvi sərvəti, dünya
azərbaycanlılarının həmrəyliyinin sarsılmaz
təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biri adlandırılır.
Sənəddə ana dilimizin öz ifadə imkanlarının
zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik
strukturunun sabitliyi ilə səciyyələndiyi, müasir Azərbaycan
ədəbi dilinin siyasi-ictimai, elmi-mədəni sahələrdə
geniş işləndiyi, yüksək yazı mədəniyyəti,
daim zəngin söz ehtiyatı ilə seçildiyi,
özünün indiki yüksək səviyyəsinə
görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində
çatdığı bu prosesdə Azərbaycan dilçilik
elminin böyük xidmət
göstərdiyi barədə məlumatlar da diqqəti cəlb
edir.
Azərbaycan dilinin qorunmasında,
inkişaf etdirilməsində xüsusi xidməti olan
ümummilli lider Heydər Əliyevin
Azərbaycan dili haqqında müdrik sözləri bizdə ruh yüksəkliyi yaradır, ona bəslədiyimiz məhəbbəti
daha da artırır. Bütün bu rəsmi sənədlər
dilimizin tədqiqi və tədrisi sahələrində
böyük dəyişikliklərə səbəb
olmuşdur. Belə ki, ölkəmizin ictimai-siyasi və mədəni
həyatında başlayan yeniliklər dilimizin, eləcə də dilçiliyimizin inkişafı üçün geniş imkanlar
yaratmışdır.
Validə Balayeva, Süleyman Hüseynov və
Elvira Qaracayevanın gərgin zəhməti sayəsində
hazırlanmış "Azərbaycan dili" (Bakı - Mütərcim-2012)
dərsliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının bakalavr təhsil pilləsinin
I kurs rus bölməsinin tələbələri
üçün yazılsa da, ondan Azərbaycan dili məktəblərinin rus
bölməsində təhsil alan bütün tələbələrin
yetərincə faydalanacaqlarına şübhə etmirik.
Müəlliflər öz doğma dillərini
ürəkdən sevdikləri
üçün həmişə aktual xarakter daşıyan
bir işə - dərslik
yazmağa çox məsuliyyətlə yanaşmış,
ali məktəblərin rus bölməsində oxuyan tələbələr üçün yazılıb nəşr
olunmuş dərsliklərə bənzəməyən orijinal
bir əsər yaratmışlar. "Azərbaycan dili" fənni
proqramı əsasında yazılmış bu dərslik
elmilik prinsipinin tələblərinə layiqincə cavab verir.
Müəlliflər dərslikdə verdikləri hər
bir mətnə yüksək vətəndaşlıq ləyaqəti
mövqeyindən
yanaşmışlar. Buna görə də dərslik
müxtəlif, rəngarəng məlumatlarla zəngindir.
Kitabdakı mövzular I və
II semestrlər üzrə
planlaşdırılmışdır.
Dərsliyə daxil edilmiş mövzular arasında məntiqi
bağlılıq vardır. Dərslikdə Azərbaycan
dilinin bütün bölmələrinə aid nəzəri məlumatlarla
yanaşı, tələbələrin linqvistik təfəkkürünü
inkişaf etdirən, onları düşündürən
çalışmalara, tələbələrin, eləcə
də ali məktəblərin rus bölməsində Azərbaycan
dili fənnini tədris edən
müəllimlərin həyatın, insan fəaliyyətinin
müxtəlif sahələrinə dair məlumatlarını
genişləndirən, nitq mədəniyyəti vərdişləri
formalaşdıran mətnlərə
xüsusi yer ayrılmışdır. Müəlliflər tələbələrin
ixtisası ilə bağlı idmanın ayrı-ayrı
növlərinə aid mətnlərə, maraqlı, dəyərli
məlumatlara daha geniş yiyələnmələrini məqsədəuyğun bilmişlər. Dərslikdə
humanizm, vətənpərvərlik və digər müsbət
mənəvi-əxlaqi keyfiyyətlər aşılayan mətnlər istənilən qədərdir. Dərslikdəki
mətnlər yüksək ideya-məzmun istiqamətində tərtib
edilmişdir. Dərsliyin yüksək vətəndaşlıq
hissi mövqeyindən yazılması, məzmunun həm elmi, həm
də metodiki cəhətdən dolğunluğu diqqəti
xüsusilə cəlb edir.
İnanırıq ki, dərslik rusdilli tələbələrlə
yanaşı, Azərbaycan dilini müstəqil öyrənmək
istəyən başqa xalqların nümayəndələri
üçün də faydalı olacaq.
Yusif
YUSİFOV,
ADPU-nun
dosenti,
filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.7.