Qədim və müasir Hindistan tələbələrin gözü ilə

 

Martın 20-dən 26-dək Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Hindistan Respublikasına səfər edib. Respublika Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynovun rəhbərlik etdiyi 20 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə il ərzində ölkəmizdə elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahəsində uğurlar qazanmış gənclər, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü olan bir neçə universitet tələbə gənclər təşkilatının sədri, departament əməkdaşları və işçi qrup rəhbərləri daxil idilər. Azərbaycan-Hindistan beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində baş tutmuş səfər zamanı nümayəndə heyətinin üzvləri Hindistanın paytaxtı Yeni Dehlidə, Aqra və Caypur şəhərlərində olmuş, bəzi dövlət və hökumət qurumlarının rəsmiləri tərəfindən qəbul edilmiş, bir sıra ali məktəblərdə görüşlər keçirmiş, Hindistanın maddi-mədəni irsi ilə tanış olmuş, tarixi yerlərini ziyarət etmişlər. Bu günlərdə əməkdaşımız nümayəndə heyətinin tərkibində olmuş bir neçə ali məktəb tələbə gənclər təşkilatının sədri və fəal tələbə ilə görüşmüş, onlardan səfər proqramı haqqında ətraflı məlumat vermələrini, bu qədim ölkə ilə bağlı təəssüratlarını bölüşmələrini xahiş etmişdir.

 

 Cəmil Hüseynov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri):

- Hindistana səfərimiz bu ölkənin və Azərbaycanın Gənclər və İdman nazirlikləri arasında bağlanmış əməkdaşlaq haqqında ikitərəfli müqaviləyə uyğun olaraq həyata keçirildi. Nümayəndə heyətinin 20 üzvündən 10-u bizim Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalları idi.  Biz tələbələri özündə birləşdirən ən böyük təşkilat kimi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il beynəlxalq gənclər mübadiləsi proqramında iştirak edirik. Səfərlər qarşılıqlıdır. Bir müddət öncə Hindistanın gənclərdən ibarət 25 nəfərlik nümayəndə heyəti respublikamızda olmuşdur. Biz də buna cavab olaraq Hindistana getmişdik. Səfər proqramımız çox zəngin idi.

Hindistanın müxtəlif əyalətlərində yerləşən 3 şəhərdə olduq. Yeni Dehlidə Hindistanın gənclər və idman nazirinin katibi xanım Nita Çovduri ilə, Caypur şəhərində Racestan əyalətinin gənclər və idman nazirinin gənclər və idman işi üzrə nümayəndəsi ilə görüşdük. 3 ali məktəbdə - Caypur şəhərində fəaliyyət göstərən İİS Universiteti (Hindistan Beynəlxalq Məktəbi), paytaxt Yeni Dehlidə yerləşən Texniki Universitet və Qızlar Kollecində olub professor-müəllim və tələbə heyəti ilə görüşlər keçirdik. Görüşlərdə ölkə haqqında təqdimatlar etdik, həm ölkəmizin Gənclər və İdman Nazirliyinin, həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihələri barədə qarşı tərəfin rəsmilərini, gəncləri məlumatlandırdıq. Eyni zamanda onları ölkəmizdə həyata keçirilməsini nəzərdə tutduğumuz böyük layihələrə dəvət etdik.

Səfərin proqramı  daha çox Hindistanın müxtəlif tarixi-mədəni abidələri ilə tanışlığa, maddi-mədəni irsin öyrənilməsinə yönəldiyindən belə yerlərə ziyarətlərimiz daha çox oldu. Səfər müddətində Aqra şəhərindəki dünyanın 7 möcüzəsindən biri sayılan Tac-Mahal məqbərəsini, Aqra qalasını, Fatehpur abidəsini, Caypur şəhərində Şəhər sarayını, Hava Mahal, Əmir Qala abidələrini, paytaxt Yeni Dehlidə Qırmızı Qalanı, Məhəmməd peyğəmbərin şəxsi əşyalarının saxlandığı məşhur Cümə məscidini, Hindistanın Milli Muzeyini, İnformasiya Texnologiyaları Mərkəzini ziyarət etdik. Yeni Dehlidə NSS təşkilatının (Hindistan Gənclər və İdman Nazirliyi yanında Milli Xidmət Sxemi təşkilatı) könüllüləri ilə görüşümüz də maraqlı oldu. Burada gənclərlə mədəni mübadilə apardıq. Biz öz rəqslərimizi, mahnılarımızı nümayiş etdirdik, onlar da öz mahnı və rəqslərini.

Biz orada olarkən beynəlxalq mübadilə proqramı çərçivəsində bizimlə paralel misirli gənclər də gəlmişdilər. Onlarla da qarşılıqlı məlumat mübadiləsi apardıq: biz onlara öz layihələrimizdən, onlar da bizə özlərinkindən danışdılar.

Səfər çərçivəsində ən maraqlı tədbirlərdən biri martın 21-də oldu. Həmin gün Aqra şəhərində Azərbaycan, Misir və Hindistanın mədəniyyət gecəsi keçirildi. Azərbaycanın və Misirin gənclərdən ibarət nümayəndə heyəti və Hindistanın St.Cons Kollecinin tələbələrinin, Gənclər və İdman Nazirliyinin rəsmilərinin iştirakı ilə "Hovard Plaza" hotelinin mərasim zalında keçirilən mədəniyyət gecəsində hər üç ölkənin gəncləri mahnı və rəqslərdən ibarət musiqi proqramı ilə çıxış etdilər.

Tədbirdə bizim gənclər daha çox seçildi. Biz öz musiqi nömrələrimizlə yanaşı, iştirakçı ölkələrin proqramlarına da qatılıb mahnı və rəqslərini ifa etməklə onların rəğbətini qazandıq. Gecənin sonunda Misir və Azərbaycan gənclərinə St.Cons Kollecinin rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olundu. Mərasim bitdikdən sonra biz proqramı Novruz təamlarının təqdim olunduğu ziyafətlə davam etdirdik. Görüşlərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının özümüzlə apardığımız Azərbaycan haqqında məlumatlar olan çap materiallarını, bukletləri nazirliyin nümayəndələrinə təqdim etdik.

Səfər zamanı Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyevlə görüşümüz oldu. Səfirlikdə çox mehribanlıqla qarşılandıq.

Səfərdən zəngin təəssürat aldım. Ümumiyyətlə, adam xarici ölkələrə gedəndə nə görürsə onu öz ölkəsindəki ilə müqayisə edir. Hindistana səfər zamanı da insanların yaşayışı, məişəti, adət-ənənələrimizlə bağlı müqayisələr apardıq və ölkəmizin bir çox cəhətdən üstünlüklərini etiraf etməli olduq. Baxmayaraq ki, Hindistan böyük ölkədir, əhalisi bizdən qat-qat artıqdır və müstəqilliyini Azərbaycandan xeyli əvvəl əldə edib, biz inkişaf yolumuzda daha çox şey qazanmışıq. Məsələn, bizim ali və orta ixtisas məktəblərimizin binalarının vəziyyəti onlarınkından daha yaxşı, müasirdir. Bizdə təhsil müəssisələrində tədbirlər keçirmək, gənclərin fəaliyyəti üçün daha əlverişli şərait vardır.

Abidələrini çox bəyəndik. Onların çoxu islam, türk memarlığı üslubundadır. Müsəlmanlar kifayət qədər çoxdur. İslamı qoruyub saxlamaları xoşumuza gəldi. Məsələn, cümə günləri Tac-Mahala məhz müsəlmanlar gedir.

 Zərifə Məmmədova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatları İttifaqının rəssamlar işçi qrupunun rəhbəri):

- Hindistan haqqında gözəl təəssüratlarım var. Uşaqlıqdan hind filmlərini çox sevir və imkan düşən kimi onlara baxırdım. Hindistan mənə əsrarəngiz ölkə kimi gəlirdi. Getməzdən əvvəl araşdırma aparıb bu ölkə haqqında, xüsusən də Hindistanın memarlıq abidələri barədə müəyyən məlumatlar əldə etmişdim.

Orada əslində gözlədiklərimi gördüm. Bir çatışmayan cəhət o oldu ki, biz onlardan istədiyimiz qədər məlumat ala bilmədik. Məsələn, Tac-Mahalı götürək. O, Hindistanın əsas memarlıq abidələrindəndir. Lakin onun möhtəşəmliyini, nə dərəcədə dəyərli olduğunu ziyarət zamanı bizə çatdıra bilmədilər. Halbuki, Tac-Mahal bütün dünyada tanınan bir memarlıq abidəsidir. Uzaqdan baxanda mərmərdən tikildiyi üçün həddindən artıq möhtəşəm görünür. Amma içəri daxil olanda bu möhtəşəmlik o qədər də hiss olunmur. Buna baxmayaraq məqbərənin daxilində işlənmiş əl işləri, naxışlar həddən artıq gözəldir.

Hindistana gedəndə orada mədəniyyətimiz haqqında təqdimat edəcəyimizi bizə deməmişdilər. Bu məlum olanda gecəni yatmayıb keçiriləcək mədəniyyət gecəsi üçün öz mədəniyyətimizi nümayiş etdirən təqdimat hazırladıq. Təqdimatımız iştirakçıların çox xoşuna gəldi. Biz hindistanlıların özlərinin unutduqları bir mahnılarını ifa edəndə isə bütün auditoriya bizi alqışlayıb bizimlə birgə rəqs etdi. Hər kəs ayağa qalxıb "Azərbaycan, Azərbaycan" deyirdi. Bu bizə təsir etdi, fərəh duyduq. Əminəm ki, biz gələndən sonra onlar İnternetin axtarış sistemləri vasitəsi ilə ölkəmizi daha yaxından tanımağa çalışacaqlar. Əslində Azərbaycanı tanımayan çox idi. Bu da təbiidir. Axı ölkəmiz cəmi 20 ildir müstəqilliyini bərpa edib. Son illər daha da inkişaf edərək beynəlxalq arenaya çıxır və getdikcə tanınır. Biz bacardığımız qədər Azərbaycanı təqdim edə bildik. Məni ən çox sevindirən cəhət də budur.

Hindistanda olan rəngarənglik bir rəssam kimi diqqətimi daha çox cəlb etdi. Onların milli geyimləri, zinyət əşyaları çox incə, çox gözəldir. Əl işlərinə söz ola bilməz.

Təbii ki, bir universitet tələbəsi olaraq Hindistanın təhsil sistemi ilə də maraqlandıq. Onlarla özümüzü müqayisə etdim və bizim onlardan qat-qat üstün olduğumuzu gördüm. Baxmayaraq ki, bizdə rəssamlıqla bağlı cəmi 2 ali təhsil müəssisəsi var.  Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyası. Həm də universitetimiz çoxdan fəaliyyət göstərsə də akademiya son illərdə yaradılıb, lakin biz təhsilin bu sahəsi üzrə onlardan irəlidəyik.

Səfərin bizim dünyagörüşümüzün genişlənməsi üçün çox faydalı olması zənnindəyəm. Belə gənc yaşımda Hindistan kimi qədim mədəniyyəti olan ölkəyə səfər etmək, orada Azərbaycanımızı təmsil etmək mənim üçün çox qürurverici oldu.

Mən yaranmış fürsətdən istifadə edib səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Azərbaycanda gənclərin inkişafı üçün çox böyük layihələr həyata keçirilir. Bu səfər də belə layihələrdən biri oldu.

İlkin Mustafayev (Milli Aviasiya Akademiyasının III kurs tələbəsi, MAA-nın Tələbə Gənclər Təşkilatının sədri):

- Bu mənim xarici  ölkəyə ilk səfərim idi. Heç vaxt ağlıma gəlməzdi ki, Hindistana gedəcəm. Çox maraqlı ölkədir. Orada 3 şəhərdə olduq. Hər şəhərin özünəməxsus gözəlliyi var idi. Onları birləşdirən ümumi cəhət isə hamısının başdan-başa yaşıllıq içərisində olması idi. Bu da təbiidir. Axı Hindistan tropik ölkədir. Hətta bəzən yaşıllıq içərisində binaları görmək olmur.

Keçirdiyimiz bütün görüşlər maraqlı və faydalı oldu. Mübadilə proqramı çərçivəsində müzakirələr apardıq. Bu görüşlər, müzakirələr hər iki ölkənin, eləcə də misirli gənclərin bir-birini tanımasına, dostluq əlaqələrinin yaranmasına imkan verdi.

Hindistanda tarixi abidələr çoxdur. Olduğumuz hər şəhərdə onların bir neçəsini ziyarət etdik. Bu abidələr həqiqətən də Hindistanın qədim ölkə olmasından xəbər verir. Bizdə tarixi abidələr restavrasiya olunsa da  Hindistanda olduğu kimi qalıb. Bu mənim diqqətimi cəlb etdi. Mənim fikrimcə, bunun bir səbəbi də həmin tarixi abidələrin çox hissəsinin mərmərdən tikilməsidir. Ümumiyyətlə, görünür ki,  Hindistanda vaxtilə mərmərdən tikintidə geniş istifadə olunub.

Orada üç ali məktəbə getdik və hər üçündə bizi çox gözəl qarşıladılar. Hətta ali məktəblərin birində bir stenddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Misir prezidentinin şəkillərini gördük. Orada eyni zamanda hər iki ölkənin dövlət bayrağı da yan-yana  vurulmuşdu. Bu bizdə qürur hissi doğurdu.

Bizim üçün maraqlı cəhətlərdən biri də Hindistanın milli mətbəxi idi. Xörəkləri həddən artıq acı və istiotludur. Bizə qəribə gəlirdi ki, yeməyə də bu qədər istiot qatmaq olar?! Onlar bu acılığı azaltmaq üçün bizə qatıq təklif edirdilər. Menyularında düyüdən çox istifadə olunur. Bu da təbiidir. Axı Hindistan dünyanın ən böyük çəltik istehsal edən ölkələrindən biridir.

Xıdır Kazımov (Azərbaycan Dillər Universiteti regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, ADU Tələbə Gənclər Təşkilatının sədri):

- Bizim universitetlə Hindistan arasında əlaqələr çoxdan mövcuddur. Bildiyiniz kimi, dillər universiteti olaraq bizdə bir çox xarici dil, o cümlədən hind dili öyrədilir, hindşünaslıq ixtisası fəaliyyət göstərir. Bu ixtisas üzrə təhsil alan tələbələrimiz var. Oxuduğum ali məktəbdə eyni zamanda müxtəlif ölkələrə aid mərkəzlər, o cümlədən Hind mərkəzi də fəaliyyət göstərir. Məhz buna görə universitetimizin Hindistanla əlaqələri artıq formalaşıb. Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə universitetimizdə müxtəlif layihələr həyata keçirilir. Bir neçə dəfə hind günü keçirmiş, müxtəlif bayramları birgə qeyd etmişik.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə çox iştirak etsəm də mən də ilk dəfə idi ki, beynəlxalq tələbə mübadiləsi proqramına qatılırdım.

Hindistan səfəri mənim üçün də çox maraqlı oldu. Olduğumuz hər yerdə özünəməxsusluq gördüm. Hər şəhərin öz abidələri, binaları, hətta insanları da bir-birindən fərqlənirdi. Mən də səfərdən aldığım təəssürata əsasən bu qənaətdəyəm ki, Hindistan nə qədər böyük olsa da bizim ölkə ona nisbətən çox inkişaf edib. Bu fərq hər addımda hiss olunurdu. Azərbaycanda keçirilən tədbirlər də təşkilatçılıq səviyyəsinə görə hindistanlıların tədbirlərindən müqayisəolunmaz dərəcədə yüksək olur.

Mənim üçün Azərbaycanı xaricdə təmsil etmək olduqca xoş idi. Azərbaycan bayrağını çiynindən asıb başqa ölkədə gəzmək, həqiqətən də adama qürurverici hisslər yaşadır. Dostlarım çox şey dedilər, mən onları təkrarlamaq istəmirəm.

Mən Hindistanda keçirilən görüşlərdə öz universitetimiz haqqında mümkün qədər çox məlumat verməyə, xüsusən də Hind mərkəzinin işi barədə onlarda təsəvvür yaratmağa çalışdım və fikrimcə, buna müəyyən qədər nail oldum.

Aqşin Hüseyni (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının IV kurs tələbəsi, akademiyanın Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzarət-təftiş komissiyasının sədri):

- Mən beynəlxalq proqramlarda, tədbirlərdə çox iştirak etmişəm. Hindistan səfəri də belə tədbirlərdən idi. Səfər mənim üçün çox maraqlı keçdi. İlk dəfə idi ki, insanlarla təbiətin, xüsusən də heyvanların vəhdətdə yaşadığı bir ölkədə olurdum.

Hər şəhərə gedəndə fikrimdə Bakı ilə paralellər aparır, oxşarlıqlar tapmağa çalışırdım. Maraqlı yerlərdən şəkillər çəkirdik ki, qayıdandan sonra təəssüratlarımızı yoldaşlarımızla əyani şəkildə bölüşə bilək.

Hindistanda hər hansı bir yerə gedəndə insanların orada komplekssiz bir qrup şəklində əyləndiklərini, oynadıqlarını görürdük və bəzən elə olurdu ki, biz də öz komplekslərimizi kənara atıb onlara qoşulurduq.

Səfərimizin sonlarına yaxın Azərbaycan səfirliyində keçirilən görüşü də yəqin ki, ömrüm boyu unutmayacağam.  Səfirlik  bizə çox doğma gəldi. Cənab səfirimiz İbrahim Hacıyev bizə çox qayğı göstərdi, hər birimizlə ayrıca söhbət etdi, ölkə haqqında təəssüratlarımızı soruşdu. Bir həftə idi ki, yaxşı yemək yemirdik. Səfirlikdə bizə milli mətbəximizə məxsus yeməklər verdilər, necə deyərlər, ağzımız dada gəldi.

Hindistanın olduğumuz ali məktəblərində bir cəhət diqqətimi cəlb etdi. Bizdən fərqli olaraq Hindistanın ali məktəblərində əcnəbilər çox azdır. Bir kollecdə bu məsələ ilə maraqlandıq. Məlum oldu ki, burada cəmi 5 əcnəbi tələbə oxuyur. Halbuki, bizim ali məktəblərdə onların sayı onlarca, yüzlərcədir.

Onu da deyim ki, Hindistanda informasiya texnologiyaları çox inkişaf edib. Olduğumuz İnformasiya Texnologiyaları Mərkəzində bunu əyani görüb duyduq.

Mən də sözümün sonunda Hindistana getməyə bizə şərait yaradan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də təşəkkür edirik ki, onun dəstəyi ilə bizim tələbə gənclər təşkilatlarımız bu gün universitetlərin və kolleclərin tərkibində fəaliyyət göstərir.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 12 aprel.- S.5.