VII Beynəlxalq
Layihə Olimpiadasında Azərbaycan məktəbliləri iyirmi altı medal
qazandılar
Aprelin
6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində
ekologiya və təbiəti mühafizə problemlərinə
həsr olunan "Ətraf mühitin mühafizəsi" VII
Beynəlxalq Layihə Olimpiadasının (İnepo-Euroasia)
qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi.
Tədbirdə müvafiq dövlət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
respublikanın orta ümumtəhsil məktəblərinin
direktorları, görkəmli alim və pedaqoqlar iştirak
edirdilər.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra çıxış
üçün söz alan Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi, "Ətraf
mühitin mühafizəsi" VII Beynəlxalq Layihə
Olimpiadasının (İnepo-Euroasia) təşkilat komitəsinin
sədri Məsud Kurnaz olimpiada haqqında ətraflı məlumat
verdi. Bildirildi ki, 2007-ci ildən 17 ölkənin
iştirakı ilə Bakıda keçirilməyə
başlayan adıçəkilən beynəlxalq yarışa
qatılmaq istəyənlərin sayı ildən-ilə artaraq bu il 45-ə
çatmışdır. İdarə rəisi olimpiadanın əhəmiyyətinə
xüsusi toxunaraq onun dünyada,
o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli və ətraf
mühitin mühafizəsi istiqamətində böyüməkdə
olan gənc nəslin məlumatlandırılmasında, ekoloji
biliklərin artırılmasında müsbət rol
oynadığını qeyd etdi. Tədbirin
açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti, "Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti
üzrə Beynəlxalq Dialoq"-IDEA-nın rəhbəri
Leyla xanım Əliyevanın iştirakının olimpiada
iştirakçılarının hafizəsində əlamətdar
hadisə kimi qalacağını deyən Məsud Kurnaz
keçirilən bu nüfuzlu yarışın ulu öndər,
dahi şəxsiyyət Heydər
Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunduğunu bildirdi.
Layihə olimpiadasının eyni zamanda
ölkəmizin tanıdılmasına, Azərbaycan həqiqətlərinin
təbliğinə, dünya məktəbliləri arasında
dostluğun yaranmasına xidmət etdiyini vurğulayan təşkilat
komitəsinin sədri tədbirin
yüksək səviyyədə keçirilməsində dəstək
olan dövlət
qurumlarının və təşkilatların hər
birinə təşəkkürünü bildirdi.
Sonra mərasim
iştirakçıları beynəlxalq
layihə olimpiadasının yaranma tarixindən və məzmunundan
bəhs edən filmə tamaşa etdilər.
Layihə olimpiadasının adları
açıqlanan qalib məktəbliləri səhnəyə
dəvət olundu. 4 kateqoriya- ətraf mühit, enerji, mühəndislik və sosial elmlər üzrə
keçirilən beynəlxalq layihə olimpiadasında Azərbaycan
məktəbliləri 5 qızıl, 8 gümüş,13
bürünc olmaqla bütövlükdə 26 medal
qazandılar. Bundan başqa, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin təsis etdiyi xüsusi mükafat da
olimpiadaya təqdim etdikləri layihələrin mövzusunun
aktuallığı ilə seçilən azərbaycanlı məktəblilərə
nəsib oldu. Yarışa xarici ölkələrdən
qatılan şagirdlər də müvafiq yerlər tutaraq
medallara sahib oldular.
Olimpiada qaliblərinə
mükafatları Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, Milli Məclisin deputatı Qənirə
Paşayeva, Türkiyənin ölkəmizdəki səfiri
İsmail Alper Coşkun, ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev, "Çağ"
Öyrətim İşlətmələri Şirkəti
İdarə Heyətinin sədri Ənvər Özərən,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti Rəfiqə Hüseynzadə təqdim etdilər.
Təhsil naziri Misir Mərdanov
çıxış edərək beynəlxalq layihə
olimpiadasının ölkəmizdə məktəblilər
arasında indiyə qədər keçirilən bilik
yarışmaları arasında coğrafiyasına görə
ən geniş yarışma olduğunu söylədi. Qeyd
olundu ki, bu tədbir müxtəlif ölkələrdən gəlmiş bilikli və bacarıqlı
şagirdlərin seçilməsinə, onların gələcək
inkişafına zəmin yaradır. Bu biliklərin bacarıqlara
çevrildiyini göstərən bir olimpiadadır. Nazir daha
sonra yaxın keçmişə nəzər salaraq Azərbaycanda
ekoloji problemlərin həlli ilə bağlı ilk
addımların ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə atıldığını bir daha mərasim
iştirakçılarına xatırlatdı.
Ulu öndər Heydər Əliyevin
anadan olmasının 90 illiyinə həsr edilmiş "Ətraf
mühitin mühafizəsi" VII Beynəlxalq Layihə
Olimpiadasına 45 ölkədən 500-ə yaxın məktəblinin
qatılmasının təqdirəlayiq hal olduğunu bildirən
nazir iştirak etmək istəyənlərin sayının ildən-ilə
artmasını ölkə başçısı cənab
İlham Əliyevin respublikamızda ekologiya problemlərinə
diqqətinin nəticəsi kimi dəyərləndirdi.
Ölkə Prezidentinin həyata
keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində
müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində
hər il çoxlu sayda beynəlxalq tədbirlərin yüksək
səviyyədə keçirildiyini qeyd edən təhsil naziri
bu layihə olimpiadasının da uğurla başa
çatmasından məmnunluq hissi keçirdiyini söylədi.
Çıxışında Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatu Mehriban xanım Əliyevanın, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ətraf
mühitin mühafizəsi məsələlərinə və
ekoloji problemlərin həllinə daim xüsusi önəm
verdiklərini deyən nazir Misir Mərdanov sonda tədbirin təşkilində
əməyi olanlara minnətdarlığını bildirdi,
olimpiada iştirakçılarına və qaliblərə ən
xoş arzularını çatdırdı.
Türkiyənin
Azərbaycandakı səfiri İsmail Alper Coşkun öz ölkəsi ilə Azərbaycan
arasındakı dostluq əlaqələrindən
söz açaraq
müstəqil respublikamızın gündən-günə inkişaf etdiyini, çoxlu sayda uğurlara imza
atdığını bildirdi. Səfir hər
iki dövlətin münasibətlərinin
inkişafında ulu öndər Heydər
Əliyevin, onun siyasi kursunu layiqincə davam
etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin əvəzsiz
xidmətlərini xüsusi qeyd etdi.
"Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər
Özərən məktəblilərin "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq
Layihə Olimpiadasının əhəmiyyətindən
danışdı. Bildirdi ki,
Azərbaycan dünyanın müxtəlif ölkələrində
təşkil olunan fənn olimpiadalarında
uğurla iştirak edir, bununla
yanaşı həmçinin
müxtəlif mövzularda keçirilən
bilik yarışlarına ev
sahibliyi vəzifəsini də öhdəsinə
götürür. Ənvər Özərən
daha sonra bir sıra dövlət qurumları arasında
qurulmuş əməkdaşlıqdan
razılıq hissi ilə danışaraq rəhbərlik etdiyi şirkətin "Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına
qoşulmasından məmnun olduğunu bildirdi. Ənvər Özərən onlara göstərilən diqqət və
qayğıya görə ölkə başçısı cənab
İlham Əliyevə minnətdarlıq
etdi.
Çıxış
üçün söz
alan Milli Məclisin
deputatı Qənirə Paşayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə də
beynəlxalq layihə olimpiadasının məktəblilərin
həyatındakı mühüm rolundan, qloballaşan dünyamızda
ekologiyanın hər kəs tərəfindən
qorunmasının vacibliyindən danışdılar. Qeyd etdilər
ki, məktəblilərin təqdim etdikləri
və dünyanın müxtəlif ölkələrindən
dəvət olunan mütəxəssis və
professor heyəti tərəfindən qiymətləndirilən
layihələr müasir təhsil sistemi sayəsində bugünkü
gənclərin mühüm ekoloji problemlərin
həllinə qadir olduqlarını
göstərdi. Olimpiadanın yüksək səviyyədə
keçirildiyini söyləyən natiqlər
qaliblərə yeni-yeni nailiyyətlər
arzuladılar.
Mərasimdə
Azərbaycan məktəbliləri ilə yanaşı, xarici ölkələrin şagirdlərinin doğma dilimizdə ifa
etdikləri şeir və mahnılar isə
əsl bayram ab-havası yaratdı,
onların çıxışları iştirakçılar
tərəfindən alqışlarla qarşılandı.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2013.- 12 aprel.- S.2.