Pedaqoji mətbuatın Azərbaycan ali təhsil sisteminin inkişaf tarixində və onun aktual problemlərinin
həllində tutduğu mövqe
Azərbaycan
Respublikası müstəqil dövlət kimi bərpa
olmasının artıq 3-cü onilliyinə qədəm qoyur.
Bu zaman kəsiyində Azərbaycan dövləti
özünü təsdiq etmiş, çoxsaylı problemləri
dəf edərək dünya dövlətləri
sırasında özünə müvafiq yerini tutmuşdur.
Digər sahələrdə olduğu kimi, təhsil sahəsi də
inkişaf mərhələsi keçmiş və dövlətin
yürütdüyü müvafiq təhsil siyasətinin nəticəsi
kimi uğurlu göstəricilərə nail olmağı
bacarmışdır. Məlumdur ki, təhsil sistemi ölkənin
sosial, iqtisadi, siyasi və mədəni səviyyəsi ilə əlaqədar
təşəkkül tapır və inkişaf edir. Sovet
dövründə təhsil sistemimiz beş dəfə yenilənmişdir:
1921-ci, 1958-ci, 1966-cı, 1984-cü, 1988-ci illərdə.
Respublikamızda dövlət müstəqilliyi elan ediləndən
sonra 1992-ci ilin dekabrında növbəti dəfə "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edildi. Bununla da təhsilimizin inkişafında tamam yeni dövrə
qədəm qoyuldu. Təhsil sisteminin köhnə
şablonlardan azad edilərək yeniləmməsi və yeni
ictimai-iqtisadi şəraitin tələblərinə uyğun
şəkildə formalaşdırılmasına
başlandı. O zaman ulu öndər Heydər Əliyev öz
nitqlərinin birində böyük uzaqgörənliklə
bildirmişdi: "İqtisadiyyatı güclü olan dövlət
hər şeyə qadirdir".
Doğrudan da, güclü iqtisadiyyata
nail olmaq üçün birinci növbədə insan
kapitalına sərmayə yatırmaq lazımdır. Bu,
inkişaf etmiş dövlətlərin sosial siyasətinin təməl
prinsiplərindən birini təşkil edir. "İnsan
kapitalı" termini XX əsrin ortalarında elmi dövriyyəyə
gətirilib və daha çox iqtisadi anlayış kimi işlədilir.
İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları
Teodor Şults və Harri Bekker bu sahədə geniş elmi
araşdırmalar apararaq "insan kapitalı"nın
bütün digər kapitalların fövqündə
durduğunu elmi şəkildə əsaslandırmışlar.
Azərbaycan dövləti müasir
dövrdə özünün intellektual resurslarının
yetişdirilməsində daha çox maraqlıdır və
insan kapitalının səmərəli təmərküzləşməsi
və istifadəsi üçün müvafiq təhsil siyasətini
həyata keçirməyə, xüsusilə ali təhsil
sisteminin inkişafını haqlı olaraq sürətləndirməyə
başlayıb.
Təhsilin, elmi fikrin humanistləşməsi
YUNESKO-nun bütün fəaliyyətinin ana xəttini təşkil
edir. Təşkilatın 9 oktyabr 1998-ci ildə qəbul etdiyi
"XXI əsr üçün ali təhsilə dair
Ümumdünya Bəyannaməsi: yanaşmalar və əməli
tədbirlər" sənədi bu sahədə işləmələrin
çoxdan vüsət aldığını göstərməkdədir.
Müşahidələr göstərir
ki, təhsilin fəlsəfi problemlərinin
araşdırılması sahəsində görünməmiş
canlanma mövcuddur. YUNESKO son 10 ildə müasir təhsilin,
xüsusilə də ali təhsilin idealları, prioritetləri
məsələsini dönə-dönə qabardır. Avropa
dövlətlərinin vahid iqtisadiyyata, valyuta və
gömrüyə keçidinin ardınca əmək
bazarında insan kapitalının dövriyyəsində
qarşıya çıxan çətinlikləri dəf etmək
üçün vahid Avropa təhsil məkanının
yaradılması, beləliklə də müxtəlif millətlətin
bir yerdə təhsil alması və sosial sektorda bərabər
çalışmağa başlaması təhsildə humanizm
prinsiplərinin inkişafına böyük təkan verdi.
Ali təhsil sisteminin inkişaf etdirilməsi,
onun Avropa təhsil məkanına inteqrasiya yollarının
axtarışında olan Azərbaycan dövləti də
2005-ci ildə "Boloniya bəyannaməsi"ni imzalayaraq ali
təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası sahəsində
mühüm bir addım atmış oldu və ali təhsilimizi
Avropa ölkələrinin təhsil standartlarına
uyğunlaşdırmaq sahəsində üzərinə bir
sıra öhdəliklər götürdü. Bu öhdəliklərdən
biri də təhsilin sosial yönümlülüyünün
təmin edilməsi idi.
Prezident İlham Əliyev öz
çıxışlarının birində bildirmişdir:
"Bizim iqtisadi uğurlarımız sosial məsələlərin
həllinə də öz təsirini göstərir.
Bütün bunlarla bərabər, humanitar sahəyə
böyük diqqət göstərilməlidir və ilk
növbədə təhsilə. Mən buna bir də
qayıtmaq istəyirəm, tam əminəm ki, bizim gələcəyimiz
təhsillə bağlıdır".
Çox keçmədi ki, Azərbaycan Avropa təhsil məkanına mərhələli
şəkildə inteqrasiyanın həyata keçirilməsilə
bağlı mühüm addımlar atmağa başladı.
Ölkə Prezidenti İlham Əliyevin
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında"
imzaladığı 31 yanvar 2008-ci il tarixli sərəncam
qarşıda duran vəzifələri müəyyən
edirdi.
19 iyun 2009-cu ildə Azərbaycan
Respublikası Milli Məclisi yeni Təhsil Qanununu təsdiq
etdi. Bu Qanun vətəndaşların Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil
hüququnun təmin edilməsi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən
etdi. Ardınca Prezidentin
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın qəbul edilməsi haqda sərəncamı
və "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" fərmanı ölkəmizdə aparılan
təhsil islahatlarının uğurundan xəbər verirdi.
Yuxarıda da qeyd etiyimiz kimi, hazırda
Avropada təhsilin "beynəlmiləlləşməsi"
prosesi gedir. Bu, əsasən, Avropa ölkələrinin
inteqrasiyası ilə əlaqədar olub, təbii xarakter
daşıyır. Elə Avropa Şurasının əsas məqsədi
də humanitar sahədə əməkdaşlığın
inkişafına yardım etməkdir. Təbii olaraq, Azərbaycan
bu prosesdən geri qala bilməz, buna görə də
mövcud sahədə Avropa ölkələri ilə əməkdaşlığı
hər zaman yüksək səviyyədə həyata
keçirir.
Ümumiyyətlə, təhsilin və tərbiyənin
hunanistləşməsi tendensiyası vətəndaş cəmiyyətinin
sosial-mədəni mühitinin bir tələbi kimi, əsasən
ali təhsil sistemində formalaşır. Şəxsiyyətin
azad və hərtərəfli inkişafının, onun cəmiyyətin
ictimai həyatında iştirakının təminatı məhz
bu tendensiya ilə bağlıdır. Pedaqoji fikrin görkəmli
nümayəndələrinin yaradıcı irsini öyrənərkən
humanizm ideyalarına rast gəlmək mümkündür ki,
bunun da öyrənilməsi hazırkı dövrün pedaqoji
problemlərində aktuallıq kəsb edir.
Azərbaycan milli pedaqogikasında humanizm
ideyalarının genezisinə nəzər salanda aydın olur
ki, o heç də yüksələn xətt üzrə getməyib,
əksinə, dövrün tələblərinə uyğun
olaraq, mürəkkəb, enişli-yoxuşlu yol qət edib, bəzən
uğurlu, bəzən müvəffəqiyyətsizliklərlə
dolu olub: hər dövrün müəyyən mərhələsində
humanizm ideyalarının gah artma, gah
azalması ilə müşayiət olunan müxtəlif
səviyyələri məqbul hesab olunmuşdur. Amma qəbul
etmək lazımdır ki, Azərbaycanın ali təhsil
sistemində humanizm ideyaları, həmçinin
açıqfikirlilik, tolerantlıq, mədəni müxtəliflik,
sosial məsuliyyət çar Rusiyası dövründə də,
xüsusilə sovetlər dönəmində xalqlar dostluğu
ideologiyası çərçivəsində davamlı
sınaqlardan keçmiş və bu proses məhz vahid təhsil
mühitinin sayəsində tam formalaşmağı
bacarmışdır. Məhz bu amil deməyə əsas verir
ki, Azərbaycan ali təhsil sistemində humanizm və
tolerantlığın tarixi uzunömürlü olduğu qədər
möhkəm və sarsılmazdır. Azərbaycan
pedaqogikası tarixində humanizm ideyalarının genezisinin
ayrıca təhlil olunması həmin tendensiyaların mahiyyətini
üzə çıxarmağa, onu müəyyən
qanunauyğunluq halında öyrənməyə imkan verir. Belə
bir aktual problemin araşdırılması üçün də
elə bir mənbə tələb olunur ki, orada problem sırf
pedaqoji mövqedən təhlil olunsun və tarixi ardıcıllığı olan
materiallarla zəngin olsun. Fikrimizcə, bunun üçün ən
optimal vasitə pedaqoji mətbuatdır. Məhz pedaqoji mətbuatda
dövrün aktuallıq kəsb edən məsələlərinə
obyektiv yanaşma mütəxəssis şərhləri əsasında
işıqlandırılmışdır. Etiraf etmək
lazımdır ki, kifayət qədər aktual olan haqqında
danışdığımız mövzu təhsil problemlərinə həsr olunmuş elmi tədqiqatların
xaricində qalmış və araşdırma predmeti
olmamışdır. Halbuki Azərbaycanın müasir təhsil
sistemi və onun inkişafı haqqında danışarkən
pedaqoji mətbuatın bu sahədə oynadığı rolu
görməzlikdən gəlmək ədalətsizlik olar.
Yeri gəlmişkən qeyd etmək yerinə
düşər ki, "İctimai və humanitar elmlər:
zaman kontekstində baxış" sərlövhəli məqaləsində
bu problemə toxunan akademik R.Mehdiyev haqlı olaraq yazır:
"Son beş ildə Azərbaycanda müdafiə edilmiş
dissertasiyalar arasında elələri var ki, tragikomik təsir
bağışlayır. Xüsusilə filologiya sahəsində
hansısa yazıçının "yaradıcılıq
yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim.
Adları qədər özləri də bəsit olan bu
dissertasiyalar elmi tədqiqatdan daha çox son dərəcə
zəif yazılmış publisistik yazıları
xatırladır. Eyni mənzərə ictimai və humanitar
elmlərin digər sahələrində də müşahidə
olunur". Doğrudan da bəzi elmi tədqiqatların
mövzusuna baxarkən onun aktuallıq kəsb etmədiyi,
araşdırılması tələb olunan mövzuların
isə diqqətdən kənarda qalması təəssüf
hissi doğurur.
Boloniya Bəyannaməsinin müvafiq
müddəalarını daha səmərəli həyata
keçirmək məqsədilə ölkə Prezidenti tərəfindən
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" sərəncam
imzalanmış və müvafiq olaraq "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı" təsdiq
edilmişdir. Göründüyü kimi, qarşıya qoyulan
məqsəd ölkənin ali təhsil sisteminin Avropa təhsil
məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi,
ölkə iqtisadiyyatının inkişaf tələblərinə
uyğun yüksək hazırlıqlı kadrlara tələbatının
ödənilməsi və əhaliyə müasir standartlar səviyyəsində
təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin
formalaşdırılmasıdır.
Pedaqoji mətbuatın əsas əhəmiyyəti
ondadır ki, burada problemə müxtəlif baxışlar,
yeni yanaşmalar mövcud olur və təhsil sahəsində
gedən innovativ proseslər haqda onun mənfi və müsbət
cəhətlərini saf-çürük edən mövqelər
yer alır. Həm də pedaqoji publisistikanın mahiyyəti
pedaqoji fikrin bədii-emosional və peşəkar elmi tərzdə
ifadə olması ilə fərqlənir ki, bu da həm ictimai
rəyin, həm də sırf pedaqoji şüurun
formalaşmasına öz təsirini göstərməsindədir.
Pedaqoji mətbuat özünün spesifikliyi
ilə fərqlənən ayrıca publisistik sahə təşkil
edərək elmi əhatəliliyinə və təsir
publikasına görə aşağıdakı funksiyaları
yerinə yetirdiyini görmüş oluruq:
a) informativ - pedaqoji mətbuat hər
zaman dövrün aktual problemləri, həlli yollarını,
aparılan islahatların effektini, gələcək perspektivləri
və elmi-pedaqoji əhəmiyyətə malik yenilikləri
geniş əhatə edərək oxucu kütləsinə
lazımi məlumatı
ötürmə qabiliyyətinə malik olur.
b) formalaşdırıcı - müasir
pedaqoji problemlər üzrə ictimai rəyi formalaşdıran
funksiyanı yerinə yetirir.
c) öyrədici - təlim, tərbiyə,
təhsil və psixoloji inkişaf kateqoriyalarından hər
hansı birinin nəzəri və ya praktiki probleminə
yaradıcı yanaşan və həmkarları
üçün yenilik kimi qəbul oluna bilən mütəxəssis
baxış bucağının ideya məhsulu kimi xarakterizə
olunur.
d) diaqno-proqnoztik - problemin hazırkı
aktual vəziyyətini təsvir edir və analitik mühakimə
yürütməklə təhsilin sonrakı
inkişafını proqnozlaşdırıb problemə diqqəti
cəlb etmək məqsədini özündə ehtiva edir.
e) inteqrallaşdırıcı -
mübahisə obyekti olan pedaqoji problemə ekspertlərin və
ya müstəqil mühakimə yürüdən müəlliflərin
bir neçə mövqedən fərdi yanaşma tərzləri
və ya polemikaların aparılması məsələ ətrafında
müəyyən ortaq nəticəyə gəlməni sürətləndirir
və s.
Məsələn, "Azərbaycan
müəllimi" qəzetinin 1992-ci il yanvar sayında
işıq üzü görmüş "dəyirmi
masa"da sovet dövrünün
diqtə etdiyi təhsil sistemində, onun strukturunda, məzmununda,
proqram və dərsliklərdə təkmilləşdirilmənin
tez bir zamanda vacibliyi ictimaiyyətə çatdırılır.
Sirr deyil ki, müasir dövrümüzdə
mövcud olan şərait təhsilin və təhsil
ocaqlarının yeni sosial və mədəni dəyərlər
məxrəcində formalaşmasını tələb edir.
Ali təhsil sosial-mədəni fenomen olaraq insan şəxsiyyətinin
formalaşmasında önəmli faktor rolunu oynayır.
Qloballaşma ilə bilavasitə bağlı olan Boloniya prosesi
təhsil kontekstində milli mədəniyyət, əxlaq və
etik dəyərlərə güclü təsir göstərəcəyi
şübhəsizdir. Azərbaycanın elm və təhsil məkanında
keyfiyyətcə yeni, zamanın tələbinə uyğun
elmi innovasiya və idarəçilik siyasətinin həyata
keçirilməsi də çox vacibdir. Məhz bunun
üçün Azərbaycan ali təhsil sisteminin Avropa təhsil
məkanına inteqrasiya üzrə fəaliyyət istiqamətləri
üzərində işləyərkən təhsildə milli
xüsusiyyətlərin saxlanılması şərtilə, bu
sahədə lider olan güclü dövlətlərin elmi
innovasiyalarının operativ şəkildə tətbiqi
zamanı məhz pedaqoji mətbuatın rolundan
yararlanmağı məqsədəuyğun hesab edirik.
Ali təhsilin inkişafının və
modernləşməsinin mühüm istiqamətlərindən
biri kimi, bu sahədə ölkənin pedaqoji fikrinin və təcrübəsinin
öyrənilməsi və onun ali təhsil sistemində
müasir tolerant düşüncənin formalaşması
prosesində qarşıya çıxacaq çətinliklər
zamanı tətbiqinə cəhdlər edilməsi məqsədəuyğundur.
Pedaqoji mətbuat təhsildə milli xüsusiyyətləri
saxlamaqla innovasiyaların geniş şəkildə tətbiq
olunmasına imkan verən sosial-mədəni tribunadır.
Orada səslənən tənqidi
fikirlərə etinasız yanaşmamaq, qaldırılan aktual
məsələlərə biganə qalmamaqla ali təhsil
sistemimizdə baş verən nöqsanların aradan
qaldırılmasında elm ictimaiyyəti ilə əməkdaşlıq
kimi vacib məqamı nəzərdən qaçırmamaq istənilən
pedaqoji problemin həlli istiqamətində irəliyə
doğru daha bir addım atmaq deməkdir.
Nurlan MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin doktorantı
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.7.