18 nömrəli
peşə liseyində "Elektrik alətlərindən istifadə" mövzusunda
təlim keçirilib
Bakıdakı 18 nömrəli peşə liseyinin Resurs Mərkəzində
"Elektrik alətlərindən istifadə" təlimi
adlı tədbir keçirilib.
Tədbiri Almaniyanın BOSCH şirkətinin Rusiyadakı təlimçisi Vadim
Petroviç Dorofeyev açaraq
öncə şirkət haqqında qısa məlumat verərək
qeyd edib ki, 1886-cı ildə Ştutqartda "Dəqiq mexanika
və elektrotexnika emalatxanası" adı ilə əsası
qoyulan şirkət hazırda istehsal, satış və texniki
xidmət sahəsində ən böyük konsernlərdən
biridir. Şirkətin təxminən 350 filialı və 140-dan
çox ölkədə 12 mindən artıq xidmət mərkəzi
vardır. Sevindirici haldır ki, Azərbaycanda BOSCH şirkətinin ilk təlimi bu peşə liseyində
aparılır. Təlimdə
iştirak edənlər elektrik avadanlıqları, məişət
texnikaları, qızdırıcı ötürücülər,
mühafizə xidməti avadanlıqları, sənayedə
qablaşdırıcı avadanlıqlar, hərəkət və
ötürücü alətlərdən istifadə
qaydaları və s. haqqında
məlumatlandırılıblar.
Sonra isə tədbir
iştirakçıları
slaydlarla nümayiş olunan
texnika ilə daha yaxından tanış olublar. Təlimin keçirilməsində əsas məqsəd elmin, texnikanın
sürətlə inkişaf etdiyi bir dövrdə istehsal
müəssisələrini
mütəxəssislərlə təmin edəcək təhsil ocaqlarında müasir elektrik
avadanlıqlarının istifadə qaydalarının öyrədilməsidir.
İlk dəfə olaraq sertifikatlar Azərbaycanda 18 nömrəli
peşə liseyinin 8 nəfər müəllimi - Rəsmiyyə
Allahverdiyeva, Zahid Şahbazov, Balakişi Balakişiyev, Hafizə
Tağıyeva, Kamran Mikayılov, Namiq Salayev, Vaqif Qasımov, Miri Əhmədov və
BOSCH-un rəsmi satış nümayəndələrinə təqdim
olunub. Təlimçilərə test
tapşırığı
verilib, ən yaxşı təlimçi müəllim
BOSCH şirkəti tərəfindən
mükafatlandırılıb. Liseyin
Resurs Mərkəzinə 49 adda elektrik alətləri və
əyani vəsaitlər təqdim olunub.
Liseyin direktor müavini Rəsmiyyə
Allahverdiyeva bildirdi ki, belə bir innovativ təlim tədbirinin keçirilməsi üçün
peşə liseyinin seçilməsi heç də təsadüfi
deyil. İstər onun bu gün sahib olduğu mövcud
maddi-texniki baza, istər təlimin yeni dünya standartlarına uyğunlaşdırılması,
istərsə də kollektivdə
yeni pedaqoji təfəkkürün formalaşması
imkan verir ki, qarşıya qoyulan məqsədlər bu təhsil
ocağında həyata keçirilsin.
Qeyd edilib ki, hazırda liseydə ilk
peşə ixtisası pilləsinin ixtisas klassifikatorunda öz əksini tapmış Təhsil Nazirliyinin qəbul
planına uyğun qaydada iqtisadiyyatın 6 istiqaməti -
inşaat, kompüter texnikası, mühasibatlıq, avtomobil təmiri,
ictimai iaşə və ticarət sahələri üzrə
kadr hazırlığı aparılır. Liseydə 500-dən
artıq tələbə təhsil alır. Həm tələbələr,
həm də əməkdaşlar üçün daxili intizam
qaydaları, liseydaxili nəzarət qrafiki, buna uyğun illik və
aylıq planlar, təhsil alanların vəzifələri təsdiq
olunub. Qarşılıqlı münasibətlərin tənzimlənməsi
məqsədilə "Müəllim-təhsilalan",
"Müəllim-müəllim", "Müəllim-valideyn"
münasibətlərinin əsas konseptual prinsipləri
hazırlanaraq xidməti istifadəyə verilib. Metodiki işlərin təşkili
zamanı pedaqoji məruzələr, tematik iclaslar,
yaradıcı işlərə baxış, qabaqcıl müəllimlərin
hesabatlarının dinlənilməsi, metodik həftələrin
keçirilməsi, psixoloji seminar və treninqlərin təşkili
mühüm əhəmiyyət kəsb edir. Tələbə
özünüidarə və ümumi idarəetmədə
aktiv iştirak komponentləri əsas götürülərək
liseydə Tələbə
Parlamenti yaradılmış və Pedaqoji Şurada müzakirələrdən
sonra parlamentin əsasnaməsi təsdiq
edilmişdir. Parlamentin sədri, müavin, üzvləri
bütün tələbələrin iştirak etdikləri
ümumi yığıncaqda səsvermə yolu ilə
seçilir. Parlamentin yaradılmasında əsas məqsəd
tədris müəssisəsinin idarə olunmasında daha demokratik modellərin tətbiqi, qərar
qəbul etmə prosesində təhsilalanların bilavasitə
iştirakı, tələbələrin ictimai fəaliyyətinin
dəyərincə genişləndirilməsi, onların bu
proseslərdə aktiv fəaliyyətinin təmin olunması, tərbiyə
konsepsiyasının reallaşdırılmasında gənclərin
rolunun artırılmasıdır. Tədbirdə bildirilib ki, təhsilalanların
təlim-tərbiyəsinin faydalılığını daha
da artırmaq, onların təhsilə maraqlarını
stimullaşdırmaq, ailə ilə lisey arasında səmərəli
əlaqələr-ünsiyyət qurmaq məqsədilə müəllim-valideyn birliyinin əsasnaməsi
yaradılmışdır. Artıq bu gün liseydə "nəyi öyrədirik",
"necə öyrədirik", "necə qiymətləndiririk"
və "kim öyrədir" kimi sualların
cavablandırılması ilə əsas məqsədlərə
çatmaq niyyəti birmənalı şəkildə bəyan
edilmiş, fəaliyyət məhz elə bunların əsas hədəf
kimi götürülməsi istiqamətində qurulmuşdur. Əgər
əvvəllər təhsilalanın biliyinə formal şəkildə
qiymət yazılırdısa, artıq müasir mərhələdə yeni qiymətləndirmə
modeli üzrə həmin tələb
köklü şəkildə dəyişdirilmişdir. Tədris
ili ərzində "açıq dərs"lər metodiki
komissiyaların illik planına uyğun olaraq aparılır. Hər
"açıq dərs" müvafiq metodiki komissiyada
geniş müzakirə olunur. Qeyd edilməlidir ki, ilk peşə-ixtisas
təhsili sistemində təhsilalanların aşağı səviyyəsi stereotipinin aradan qaldırılması
məhz elə tərbiyə konsepsiyasının lazımi səviyyədə
reallaşdırılması ilə bilavasitə
bağlıdır. Burada hərbi vətənpərvərlik,
fiziki tərbiyə, psixoloji xidmət strukturlarının
müasir tələblər səviyyəsində fəaliyyəti, valideynlərlə
əlaqəli işin aparılması, yeniyetmələrin asudə
vaxtlarının səmərəli təşkili kimi aspektlər xüsusi önəm
kəsb edir. Müəllim-tələbə münasibətlərinin
düzgün tənzimlənməsi üzrə liseydə
hazırlanmış tövsiyələr daim diqqət mərkəzində
saxlanılır. 30 nəfər üzvü olan müəllim-valideyn
birliyinin fəaliyyəti müsbət effekt verir. Valideynlərin
fikirləri öyrənilir, onlar "açıq dərs"lərə
dəvət edilirlər.
Liseydə təhsil alan yeniyetmələr ulu öndər Heydər Əliyevin,
ölkə Prezidenti İlham Əliyevin, Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyətinə,
Milli Qəhrəman Mübariz İbrahimov, eləcə də
şəhidlərin əziz
xatirəsinə həsr olunmuş guşələrlə bəhrələnirlər.
Gənc nəslin milli ruhda tərbiyələnməsi məqsədilə
narkomaniyaya qarşı mübarizə, gənclər siyasətinə,
dövlət atributlarına, ali qanun- Konstitusiyaya, hüquq və
vəzifələrə aid çoxsaylı stendlər liseyin dəhlizində yerləşdirilib. Xocalı
soyqırımı qanlı hadisələrini özündə
əks etdirən soyqırımı qurbanlarının anma
guşəsi yaradılmış,
guşə qarşısında tələbələrin
"Xocalı soyqırımı- ana fəryadı"
mövzusunda hazırladıqları ədəbi-bədii
kompozisiya nümayiş olunmuşdur. Tədbirlərin təşkilində
İctimai Birliyin rəhbərliyi
də yaxından iştirak
edir. Müxtəlif səviyyəli idman
yarışlarında tələbələr
liseyi layiqincə təmsil ediblər. Ötən dərs ilində
liseyin tələbələri
idmanın voleybol növü üzrə
keçirilmiş 2 yarışda, güləş növü
üzrə peşə məktəbləri və liseyləri
tələbələrinin arasında keçirilən Bakı
birinciliyində və stolüstü tennis
yarışlarında uğurla çıxış edib.
Liseyin 3 tələbəsi
güləş yarışlarında I və III yerlərə
layiq görülüb. Tələbələr arasında asudə
vaxtın səmərəli təşkili
işinə ən önəm verən hal lisey üzrə
yaradılmış özfəaliyyət dərnəyinin təşkili
ilə birbaşa bağlıdır. Belə ki, 20 tələbənin
mütəmadi qaydada iştirak etdiyi həmin dərnəyin
üzvləri ulu öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə
ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri
arasında ifa, xalq çalğı alətləri və
şeir üzrə II respublika müsabiqəsində fəal
iştirakı ilə seçilmiş, müsabiqənin şəhər
turunda liseyin tələbəsi G.Novruzova şeir nominasiyası
üzrə I yerə,
C.Kürçaylı isə xalq çalğı alətlərində
ifa nominasiyası üzrə həvəsləndirici IV yerə
layiq görülmüşdür.
Vurğulandı ki, liseydə 43 nəfər
valideyn himayəsindən məhrum olmuş yeniyetmə də təhsilə
cəlb olunub. Onlarla aparılan iş "İnsan
hüquqları klinikası"nın fəaliyyəti ilə əlaqələndirilir.
Klinikanın mütəxəssisləri mütəmadi olaraq liseyə dəvət olunur, həmin
tələbələrlə treninqlər keçirilir. Hər
tədris ilinin başlanğıcında bu tələbələr
müvafiq dərs vəsaitləri, zəruri geyim əşyaları,
onların bir hissəsi yataqxana ilə təmin olunurlar.
Liseyin ən əhəmiyyətli
göstəricilərindən
biri davamiyyətin monitorinqi ilə
bağlıdır. Davamiyyətin monitorinqi
İKT-nin tətbiqi ilə iki kompüter proqramı
çərçivəsində aparılır, məlumatlar
liseyin İnternet saytında yerləşdirilir. Bütün
hallarda yeni mexanizmlərin həyata
keçirilməsindən əvvəl
xüsusi treninqlərin təşkili, öyrədənlərin
öyrədilməsi sisteminin tətbiqinə xüsusi diqqət
yetirilir. Təkcə bir
faktı qeyd etmək kifayətdir ki, son il yarım ərzində
müxtəlif təhsil mütəxəssislərinin, o
cümlədən də xarici ekspertlərin dəvət
olunması ilə 27 müəllim və 15 istehsalat təlimi ustası
üçün 50-ə yaxın treninq və öyrədici
seminar-kurslar təşkil edilib. Həmin müddət ərzində
lisey əməkdaşlarından 1 nəfər Yaponiyada, 2 nəfər
Türkiyədə, 1 nəfər Almaniyada təlim səfərlərində
olmuş, qabaqcıl təcrübəni mənimsəmişlər.
Liseydə müvafiq proqramlarla təchiz
olunmuş 2 kompüter sinfi, (hər birində 20 kompüter dəsti
olmaqla), 1 tədris mərkəzi açılmış, fizika
və kimya kabineti-laboratoriyalar quraşdırılmış,
tam funksiyalı 31 ümumtəhsil və ixtisas fənn kabinetləri,
laboratoriyaları yaradılmışdır. Konfrans zalı
tikilərək ən müasir avadanlıqlarla təchiz
olunmuşdur. Nəzəri biliklərin öyrədilməsi məqsədilə
xeyli sayda yeni dəzgah və cihazlar, eləcə də
yanğından mühafizə avadanlıqları
alınmışdır. Tədris emalatxanası dəzgahlarla
təchiz olunmuşdur.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.5.