Böyük
Britaniyada İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının növbəti
konfransı
7-14 aprel 2013-cü il tarixlərində
Böyük Britaniyanın Liverpul şəhərində
İngilis Dili Müəllimlərinin Beynəlxalq
Assosiasiyasının (IATEFL) "IATEFL - 2013" konfransı
keçirilib.
Britaniya
Şurasının dəstəyi ilə keçirilən
konfransda bu təşkilatın ingilis dili və imtahanlar
şöbəsinin direktoru Mark Robson, Avropa regionu üzrə
ingilis dili proqramlarının direktoru Eylid Hamilton, marketinq və
ictimaiyyətlə əlaqə üzrə direktoru Kleyr Sirs,
ingilis dili proqramlarının meneceri Maja Mandekic iştirak ediblər.
Konfransda
ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri Fərzəli Qədirov təmsil
edib. Konfransa 100 ölkədən 2500-dən artıq nümayəndə
qatılıb, 70 min nəfər isə tədbiri online izləyib.
Konfrans çərçivəsində 500 təqdimat və
sessiya keçirilib.
Xatırladaq
ki, IATEFL 1967-ci ildə Böyük Britaniyada xeyriyyə təşkilatı
kimi yaradılıb. 4 mindən
artıq üzvü olan təşkilatın əsas məqsədi
bütün dünyada ingilis dilinin tədrisinə və
ingilis dili müəllimlərinin inkişafına dəstək
verməkdir. Təşkilatın konfransı hər il
keçirilir. 100-dən çox ölkənin ingilis dili
müəllimləri assosiasiyaları, o cümlədən
AzETA da IATEFL təşkilatının üzvüdür.
Konfransı IATEFL təşkilatının
prezidenti Erik Baber açıb. İlk plenar iclasda linqvistika
üzrə mütəxəssis David Kristalın təqdimatı
dinlənilib. Sonra ingilis dilində düzgün və sürətli
danışıq bacarıqlarının inkisafı üçün praktik təkliflər;
oxu və dinləmə öyrənmə məqsədləri
kimi; şagirdlərin motivasiyasının inkişaf etdirilməsi;
birgə əməkdaşlığın inkişafı;
ingilis dili vasitəsilə şagirdlərin İnternet təhlükəsizliyi
barədə biliklərinin artırılması; dərsliklərin
videoillüstrasiyalar vasitəsilə zənginləşdirilməsi;
tələffüzün inkişafı; peşəkar
inkişaf üçün tapşırıqlar; elektron
resurslardan istifadə; sərbəst öyrənmə; dilin tədrisində
musiqinin rolu; ingilis dilinin tədrisində keyfiyyətin təminatı;
mobil ingilis dilinin öyrənilməsi üçün
materialların hazırlanması; ingilis dilinin öyrənilməsində
autentik materialların rolu; tapşırıq əsaslı
öyrənmədə yeni
yanaşmalar; akademik təqdimat, yazı
bacarıqlarının inkişaf etdirilməsi və s.
kimi məsələlər
üzrə müzakirələr aparılıb.
İkinci plenar iclasda müəllim
motivasiyasının inkişafı; ilkin müəllim
hazırlığı; xarici dil təlimində humanistləşdirmə;
animasiya vasitəsilə kiçikyaşlı uşaqlara
ingilis dilinin tədrisi; müəllimlərin online
ixtisasının artırılması; online magistr
proqramlarının tətbiqi; işçilər
üçün XXI əsr ingilis dili bacarıqları, çətinliklər
və onların həlli yolları; dərsliklərin
müqayisəli təhlili; online təlim və öyrənmənin
çətinlikləri və digər məsələlər
müzakirəyə təqdim edilib.
Üçüncü plenar iclasda akademik
idarəetmə üçün müəllimə tövsiyələr;
akademik tədqiqatın planlaşdırılması;
davamlı peşəkar inkişafda mentorluğun rolu; dil vərdişlərinin
inteqrasiyası; yuxarı siniflərdə dilin tədrisində
smart lövhədən istifadə; səhvlərin
korreksiyasına sistemli və kreatıv yanaşma; lüğətlərin
rəqəmsal gələcəyi; elektron lüğətlərdən
tədrisdə istifadə məsələləri müzakirə
edilib.
Dördüncü plenar iclasda isə
kreativ pedaqogika və dil təlimi; Web2.0 proqramı vasitəsilə
alternativ qiymətləndirmə; dil öyrənilməsində
kompüter oyunlarından istifadə; vizual nitq texnologiyalarından
istifadə etməklə təqdimat qabiliyyətinin
inkişafı; idarəetmə sahəsində
çalışanların və müəllimlərin
akkreditasiyası təcrübəsi müzakirə obyekti olub.
Plenar iclaslarda müzakirə olunan məsələlər
üzrə Azərbaycan təcrübəsi də konfrans
iştirakçılarına çatdırılıb. Son illərdə
ölkəmizdə ingilis dilinin tədrisi, yeni
kurikulumların, qiymətləndirmə sisteminin, dərsliklərin
tətbiqi sahəsində əldə olunmuş təcrübə
maraqla qarşılanıb. Eyni zamanda 20 məktəbdə
ingilis dilinin intensiv tədrisi, əldə olunan nailiyyətlər
barədə konfransda məlumat verilib. Bununla yanaşı,
modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin
yaradılmasına imkan verən yeni ixtisasartırma sisteminə
keçid sahəsində Azərbaycanda əldə olunmuş
nəticələr də konfrans iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov ilə Britaniya Şurasının və IATEFL təşkilatının
rəhbərliyi arasında görüş keçirilib,
qarşılıqlı əməkdaşlığın
genişləndirlməsi məsələləri müzakirə
edilib.
Konfrans zamanı əhatəli təhsil sərgisi
təşkil edilib. Sərgidə universitetlər, kolleclər,
dil kursları və digər təhsillə məşğul
olan təşkilatlar olmaqla 60-dək müəssisə və
təşkilat iştirak edib. 6 gün ərzində konfrans
iştirakçıları nümayiş etdirilən
resurslarla, o cümlədən ingilis dilinin tədrisi ilə
bağlı yeni texnologiyalar, modellər və innovasiyalarla
tanış olmaq imkanı qazanıblar.
Konfrans çərçivəsində
maraqlar üzrə qruplar da yaradılıb ki, bunlar da dilin tədrisi
ilə əlaqədar müxtəlif yeniliklərin, nəşrlərin,
elektron resursların mütəxəssislərə
çatdırılması məqsədini
daşıyıb. Cari ildə keçirilən
konfransda maraqlar üzrə qruplar biznes ingilis dili, qlobal məsələlər,
öyrənmə texnologiyaları, tələffüz, müəllim
hazırlığı, spesifik sahələr üzrə
ingilis dili, liderlik və idarəetmə, ədəbiyyat, media
və mədəni əlaqələr, tədqiqat, testləşdirmə
və qiymətləndirmə, ingilis dilinin ikinci xarici dil kimi tədrisi
(ESOL), sərbəst öyrənmə, tədris materiallarının
hazırlanması, müəllim inkişafı, kiçik və
orta yaşlı şagirdlərə dilin tədrisi sahələri
üzrə təşkil edilib. Bu təşəbbüsün əhəmiyyətli
cəhətlərindən biri də budur ki, konfranslararası
müddətdə maraqlar üzrə qrupların üzvlərinə
yeni tədris resursları göndərilir. Bununla
yanaşı, hər il Böyük Britaniya və ya digər
ölkədə maraqlar üzrə qrupların minimum bir tədbiri
keçirilir. Bu tədbirlərə qrupların ən
yaxşı mütəxəssisləri dəvət edilir və
müəllimlər üçün təqaüd
proqramları təklif edilir.
Konfransda
Azərbaycanla IATEFL təşkilatı arasında əməkdaşlığın
genişləndirilməsi, ölkəmizdə ingilis dilinin tədrisi
sahəsində təşkilatın təcrübəsindən
səmərəli istifadə üzrə Britaniya Şurası
ilə birgə tədbirlərin müəyyənləşdirilməsi
istiqamətində irəli sürülmüş təkliflərin
nəzərə alınması məqsədəmüvafiq
hesab edilib.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.5.