"Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda Respublika elmi konfransı

 

Aprelin 23-24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti  Qərb Universiteti ilə birlikdə  "Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda Respublika elmi konfransı keçirmişdir. Tədbiri  giriş sözü ilə ADPU-nun rektoru, professor Yusif Məmmədov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 21-də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin dövlət səviyyəsində geniş miqyasda keçirilməsi haqqında sərəncam imzalamışdır.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi xalqımız üçün böyük bayramdır. Xalqımız öz müdrik, vətənpərvər  oğlu Heydər Əliyevin bu yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edir. Sərəncama uyğun olaraq ADPU-da da ulu öndərin 90 illik yubileyinə həsr edilmiş müxtəlif tədbirlər, konfranslar, seminarlar, "dəyirmi masa"lar, o cümlədən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı və universitetin professor-müəllim heyəti və tələbə kollektivi arasında spartakiada keçirilmişdir. Bugünkü Respublika elmi konfransı da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərdən biridir.

Qərb Universitetinin rektoru, dosent Zemfira Məmmədova  çıxışında bildirmişdir ki, "Təhsil millətin gələcəyidir!" - deyən ulu öndər Heydər Əliyev həmişə ekoloji məsələlərə xüsusi diqqət yetirmişdir.  Universitetdə ekoloji təhsil sahəsində görülən işlər barədə geniş məlumat verən Z.Məmmədova ADPU-da belə bir müştərək konfransın keçirilməsindən razılıq duyduğunu xüsusi qeyd etmişdir. 

Konfransın plenar iclasında müxtəlif  mövzularda məruzələr dinlənilmiş,  ekologiyaya dair sənədli film nümayiş etdirilmişdir.

Sonra BDU-nun professoru Qara Namazov, AMEA-nın müxbir üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor  Vaqif Abbasov və  başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinin təmizliyinə, ekoloji tarazlığın qorunmasına böyük diqqət yetirdiyini qeyd etmiş    keçirilən tədbiri yüksək qiymətləndirmişlər.

İki gün davam edən konfransda alimlər və mütəxəssislər tərəfindən 3 bölmədə 140-a yaxın məruzə edilmişdir. Həmçinin müasir qlobal ekoloji problemlər və onlardan çıxış yolları, qloballaşma zamanı yeni enerji mənbələrinin aşkarlanması zərurətləri, ətraf mühitin qorunmasının təbii-elmi problemləri, təbii resursların səmərəli istifadəsi, təbiət-biosfer-insan sistemi, ekoloji böhranlar və onların həlledilmə yolları bölmələri üzrə səmərəli müzakirələr aparılmışdır. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 26 aprel.- S.2.