Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşmüşdür
Aprelin
22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə
Respublikası Hökuməti yanında Xaricdə Yaşayan
Türklər, İcmalar və Əqrəba Topluluqları
İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Qonaqları Təhsil Nazirliyində
görməkdən məmnunluğunu ifadə edən
Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı
qarşılıqlı dostluğa əsaslanan münasibətlərə
xüsusi önəm verdiyini bildirmişdir. Nazir iki ölkənin
təhsil sahəsindəki əlaqələrinin
inkişafı üçün geniş potensialın
mövcudluğunu nəzərə
çatdırmışdır.
Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri
Mikayıl Cabbarova yeni işində uğurlar
arzulamışdır. Azərbaycanla Türkiyə
arasındakı münasibətlərə toxunan səfir təhsil
sahəsindəki əməkdaşlığın daha da
genişləndirilməsinin əhəmiyyətinə diqqət
çəkmişdir.
Türkiyə Respublikası Hökuməti
yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba
Topluluqları İşi üzrə Komitənin sədri Kamal
Yurtnac səmimi qəbula görə təhsil naziri Mikayıl
Cabbarova təşəkkürünü bildirmişdir. Rəhbərlik
etdiyi qurumun 2010-cu ildən fəaliyyət göstərdiyini
söyləyən komitə sədri Azərbaycanla təhsil əlaqələrinin
inkişafında maraqlı olduqlarını nəzərə çatdırmışdır.
Türkiyənin ali təhsil sahəsində
əldə etdiyi təcrübənin Azərbaycanla
bölüşməsinin zəruriliyini vurğulayan qonaq
qarşılıqlı əməkdaşlıqda tələbə
mübadiləsinin əhəmiyyətindən bəhs
etmişdir. Kamal Yurtnac Türkiyə universitetlərində
oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri
ilə yaxından tanış olduqlarını,
ayrı-ayrı ölkələrdən olan tələbələrin
təhsildəki uğurları əsasında təhlillər
apardıqlarını bildirmişdir.
Kamal Yurtnac bu il Türkiyə universitetlərində
oxumaq istəyən 150 azərbaycanlı tələbə
üçün təqaüdlərin ayrılmasının nəzərdə
tutulduğunu söyləmişdir. Komitə sədri
aparılacaq seçimlərin Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının keçirdiyi
imtahanların nəticələrinə və müvafiq mütəxəssislərdən
ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini
qeyd etmişdir. Qonaq, həmçinin azərbaycanlı tələbələrə
Türkiyənin nüfuzlu universitetlərində təhsil
almaq və müvafiq ixtisaslar üzrə seçim etmək
imkanı yaradılacağını nəzərə
çatdırmışdır.
Təhsil naziri Mikayıl Cabbarov azərbaycanlı
tələbələrin Türkiyənin qabaqcıl universitetlərində
təhsil alması üçün yaradılan şəraitə
görə minnətdarlığını bildirmişdir. Azərbaycanda
təhsilin, insan kapitalının inkişafının dövlət
siyasətinin prioritetlərindən biri olduğunu diqqətə
çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin
Türkiyə universitetlərində ölkəmiz
üçün prioritet olan ixtisaslar üzrə
oxumasının səmərəli əməkdaşlığa
əsaslanan münasibətlərimizə yeni töhfələr
verəcəyinə əminliyini ifadə etmişdir.
Daha sonra qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmış, ölkələrimiz
arasında təhsil əlaqələrinin müasir tələblər
səviyyəsində inkişafı ilə bağlı
müvafiq təkliflər səsləndirilmişdir.
Görüşdə Azərbaycanın
Türkiyədəki səfirliyinin təhsil üzrə
attaşesi Nəcibə Nəsibova da iştirak etmişdir.
Azərbaycan müəllimi.- 2013.-
26 aprel.- S.2.