Rusiyalı gənclərdən
ibarət nümayəndə heyəti Bakı Slavyan
Universitetində olmuşdur
Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatlarının Milli Şurası idarə heyəti, Gənclərin İctimai Palatasının üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Bakı Slavyan Universitetində (BSU) olmuşdur.
Qonaqlar universitetin muzeyi, bu ali təhsil ocağında fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarus tədris-mədəniyyət mərkəzləri, müasir standartlar əsasında yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqlarla təchiz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları, akt zalı, "Heydər Əliyev məktəbi" və Tələbə Teleradio Studiyası ilə tanış olmuşlar.
Universitetin müəllim-tələbə heyətinin rusiyalı qonaqlarla görüşündə tədris işləri üzrə prorektor, professor Asif Hacıyev BSU-nun yaranma tarixi, bu ali təhsil müəssisəsinin fakültələri, strukturu, onun zəngin elmi və mədəni həyatı, tələbə gənclər təşkilatı və "Kölgə kabineti"nin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova, tərbiyə işləri üzrə prorektor, dosent Oqtay Səmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Anna Bayramova ali məktəbin beynəlxalq layihələrindən, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən, zəngin tələbə həyatından bəhs edərək bildirmişlər ki, bu gün BSU Rusiyanın bir sıra nüfuzlu universiteti ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri sürətlə inkişaf etdirməkdədir.
Qonaqlar BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsinə sadiq qaldığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə universitetin kollektivinə təşəkkürlərini bildirmiş və tələbələrlə fikir mübadiləsi aparmışlar. Görüşdə yeni tədris ilində Rusiyanın bir sıra gənclər təşkilatı ilə BSU-nun tələbə gənclər təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınmışdır.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-
2013.- 2 avqust.- S. 2.