Biliklərə əsaslanan tərəqqi
Son illər respublikamızda həyat sürətlə dəyişir,
insanların rifahı yaxşılaşır, yeni iqtisadi və
sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə
genişmiqyaslı tikinti-abadlıq işləri
aparılır. Yeni yaranan sənaye, aqrar və xidmət
müəssisələri, tikilən göydələnlər,
nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın
getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.
Bütün ölkə boyu elm, təhsil,
sağlamlıq, o cümlədən idman müəssisələrinin
yaradılması, onların fəaliyyətinin yeni səviyyədə
təşkili iqtisadi imkanların ölkənin uzunmüddətli
inkişafına hədəflənməsini, dövlət siyasətinin
innovativ əsasda qurulmasını və
sosialyönümlü olmasını göstərir. Bu gün Azərbaycan Respublikası müasir
dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə
uyğun milli dövlət quruculuğu istiqamətində
islahatlarını uğurla davam etdirir. Azərbaycanın
XXI əsrdə innovativ modernləşmə mərhələsinə
keçidini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni
duruma transformasiyasını daha da sürətləndirəcək istiqamətlər və
prioritetlər müəyyənləşdirilir.
Heç şübhəsiz, bu nailiyyətlərin
altında müstəqil dövlətimizin memarı, ulu
öndər Heydər Əliyevin imzası durur. İstənilən
dövlətin müstəqilliyinin ən mühüm zəmini
onun dövlət başçılarının təfəkkürü,
düşüncə tərzinin müstəqilliyidir. Eyni zamanda, hər bir xalqın milli azadlığa və
dövlət müstəqilliyinə qovuşması
üçün bir neçə mühüm şərt, o
cümlədən tarixi şans, milli iradə və liderə
malik olması vacibdir. Bu
baxımdan müstəqil Azərbaycanın ideya müəllifinin,
liderinin dünya siyasi fikir tarixində öz dəst-xətti
ilə seçilən ümummilli lider Heydər Əliyev
olması və onun zamanında, tələb olunan şəraitdə
siyasi arenada parlaması konkret Azərbaycan gerçəkliyindən
çıxış edən milli müstəqillik
konsepsiyasının həmişəyaşarlığı və
həyatiliyinin qarantı olub. Bunun nəticəsidir
ki, hazırda dünya XXI yüzillikdə tarixi inkişafın
obyektiv yekunu - müasir "Azərbaycan möcüzəsinin"
təntənəsinin şahididir.
Yuxarıda sadalananlar Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında göstərdiyi xidmətlərin
yalnız bir qismidir. Bütün bunlar Azərbaycanın gələcək
inkişafının - XXI əsrdə inkişafının əsas
meyillərini müəyyən edir. Maraqlıdır
ki, ümummilli lider Heydər Əliyev XX əsrdə
qazanılan müvəffəqiyyətlər əsasında XXI
əsrin inkişaf meyillərini də uzaqgörənliklə
göstərmişdir. Onun "Azərbaycan XXI əsrin və
üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü
minillik münasibətilə Azərbaycan xalqına müraciəti"
və ondan sonrakı başqa çıxış və nitqləri
keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI
yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının
bitkin konsepsiyası və aydın proqramıdır. Heydər
Əliyev həmin müraciətində deyirdi: "Sizi əmin
edirəm ki, Azərbaycan dövləti indiyə qədər
olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin,
müstəqilliyinin, Azərbaycan xalqının milli
azadlığının keşiyində daim duracaq və bu
müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan
Respublikası XXI əsrdə həyatın bütün sahələrində
geniş inkişaf edən, çiçəklənən bir
ölkə kimi böyük uğurlar qazanacaqdır".
Azərbaycanın bugünkü uğurları və tərəqqi
perspektivləri bu fikirləri bir daha təsdiqləyir. Hazırda ulu
öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi
varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla, yaradıcılıqla davam etdirilir.
Böyük sürətlə yeniləşən Bakı
şəhəri və regionlarımız, xüsusi templə
dəyişən və inkişaf edən Azərbaycan
iqtisadiyyatı, həyata keçirilən möhtəşəm
regional və qlobal əhəmiyyətli layihələr -
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər
uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin
real bəhrələri, sanballı töhfələridir.
Bu gün
Azərbaycan iqtisadi artım templərinə görə
dünyada analoqu olmayan özünəməxsus bir inkişaf
modeli ortaya qoymuşdur.
Son 20 ildə ölkəmiz faktiki autsayderlərin
sıralarını tərk etməklə kifayətlənməyib,
üstün start imkanlarına malik ölkə imici qazanıb
və artıq intensiv və ən müasir inkişaf
dövrünü yaşayır. Ölkədə
davamlı inkişafa yönələn dövlət siyasətinin
uğurları və bu nailiyyətlərin BMT, Dünya
Bankı, digər beynəlxalq inkişaf təşkilatlarının
hesabatlarında qeyd olunması, bəzi hallarda isə dünya
üçün innovativ xarakter daşımasının
xüsusi vurğulanması deyilənləri bir daha sübut
edir.
Davamlı inkişaf bəşəriyyətin XXI əsrdə
əsas prioritetidir və onun başlıca prinsipi
hazırkı nəsillərin rifahını yüksək səviyyədə
təmin etməklə, gələcək nəsillərin
inkişaf imkanlarını məhdudlaşdırmamaqdan ibarətdir. Bu, ilk növbədə
təbii ehtiyatlardan, xüsusilə bərpa olunmayan təbii sərvətlərdən
istifadənin səmərəliliyinin durmadan
artırılmasını tələb edir. Sənayenin, kənd təsərrüfatının,
xidmət sahələrinin diversifikasiyası, istehsalın və
idarəetmənin optimallaşdırılması, fasiləsiz
yeniləşən texnoloji tərəqqi iqtisadi və sosial
stabilliyin və ümumiyyətlə, davamlı
inkişafın uğurunu təmin edən ən vacib şərtlərdəndir.
Azərbaycan Respublikası bu istiqamətdə
inamla irəliləməkdədir. Məlum
olduğu kimi, ölkədə ümumi daxili məhsul
(ÜDM) sürətlə artmaqdadır. 2003-cü
illə müqayisədə adambaşına düşən
ÜDM-in həcmi 3 dəfədən çox
artmışdır. Çox önəmlidir
ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə
müşayiət olunur. Eyni zamanda, son on
ildə ÜDM-in hər bir vahidinin istehsalı
üçün enerji sərfiyyatı sürətlə
azalıb. Bu isə davamlı inkişaf və
yaşıl iqtisadiyyatın ən önəmli göstəricilərindən
sayılır və biliyə əsaslanan inkişafın
prioritet olmasından xəbər verir. Məsələn,
BMT tərəfindən təklif edilmiş və bütün
dünyada qəbul olunmuş davamlı inkişaf və
iqtisadiyyatın diversifikasiya səviyyəsini əks etdirən
göstəricilər mövcuddur. Bu
göstəricilərdən biri və ən əhəmiyyətlisi
enerjinin hər bir vahidinin istifadəsi nəticəsində sənaye,
kənd təsərrüfatı və xidmətlər sahəsində
istehsal olunan məhsulun dəyəridir. Beynəlxalq
müqayisələrin keçirilməsini təmin etmək,
qabaqcıl təcrübənin yayılmasına dəstək
vermək məqsədilə aparılan təhlillərdə
enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti
götürülür, istehsal olunan məhsul və yaxud xidmətin
qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir.
Bu seçimin bir səbəbi də ondadır ki, hər
hansı bir vaxt kəsiyində neftin, o cümlədən onun
bir barrelinin və onu təşkil edən 136 kiloqramının qiyməti bəllidir
və fəaliyyətin "sərfiyyat-effekt" aspektində
qiymətləndirilməsi üçün şərait
yaradır. Milli iqtisadi təhlükəsizliklə
yanaşı, belə yanaşma qlobal problemlərin həlli
üçün də əhəmiyyətlidir. Belə
ki, eyni iqtisadi nəticəni əldə etmək
üçün enerjinin daha az sərfiyyatı
qlobal problem olan iqlim dəyişmələrinin
qarşısının alınmasının əsas
yollarından biridir. Qeyd edilməlidir ki, milli və
qlobal problemlərin həllinə sinergetik yanaşma,
inkişafın planlaşdırılması zamanı bu iki
amilin əhəmiyyətinin və maraqlarının eyni dərəcədə
nəzərə alınması, bunun üçün ən
optimal idarəetmə texnologiyalarının tətbiqi ölkə
rəhbərliyinin həyata keçirdiyi siyasətin
uğurlarındandır.
Azərbaycan üçün enerji effektivliyi beynəlxalq
təşkilatlar tərəfindən hesablanıb. Onların bu il
yaydığı məlumatlar və dərc edilmiş rəsmi
hesabatlara əsasən, ölkədə miqdarca hər bir
kiloqram neftdəki enerjinin istifadəsi nəticəsində
2010-cu ildə dəyəri 7,6 ABŞ
dolları olan məhsul istehsal edilib və yaxud xidmət
göstərilib. Dünya Bankı tərəfindən
həyata keçirilmiş təhlillər və onların əsasında
dərc edilmiş rəsmi hesabatlar göstərir ki, Azərbaycanda
bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin
göstəricilərindən daha yüksəkdir. Bu həm bizim yaxın qonşularımıza, həm
də digər qitələrdə yerləşən ölkələrə
aiddir. Dünya Bankının rəsmi hesabatlarına
görə, bir çox ən tanınmış neft və qaz
ixrac edən ölkələrdə bu rəqəm əsasən
1,9 - 4,1 ABŞ dolları təşkil
edir. Sözügedən
göstəriciyə görə, ölkəmiz yalnız
Norveçdən geri qalır.
Bu ölkədə hər bir kiloqram neftdə
olan enerji miqdarının istifadəsi nəticəsində
istehsal olunmuş məhsul və xidmətlərin dəyəri
10 ABŞ dolları təşkil edir. Lakin
Azərbaycan Respublikasında bu davamlı inkişaf göstəricisinin
artım dinamikası Norveçdən daha sürətlidir.
Belə ki, 2009-cu ildə Azərbaycanda bu göstərici 7,0 ABŞ
dolları təşkil edib. Deməli, bu rəqəm bir il ərzində
0,6 ABŞ dolları artmışdır.
Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin
beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə
görə hazırlanmış və dərc edilmiş
hesabatlarında Azərbaycan Respublikasında bu rəqəm
yalnız 2,1, 2005-ci ildə isə 2,7
ABŞ dolları təşkil edirdi. Davamlı
inkişafın ən vacib göstəricilərindən olan
enerji effektivliyinin Azərbaycanda son on ildə müşahidə
edilən artım templəri Şəkil 1-də
verilmişdir. Bir daha qeyd edilməlidir ki,
göstərilən rəqəmlər beynəlxalq təşkilatların
rəsmi hesabatlarından götürülmüşdür.
Bu məlumatlar göstərir ki, ölkə davamlı
inkişaf istiqamətində inamla irəliləməkdədir. Enerji istifadəsinin səmərəliliyi
2003-cü illə müqayisədə 2010-cu ildə 3,6 dəfə artmışdır. Göstərilən dinamikanı nəzərə
alaraq tam inamla qeyd etmək olar ki, 2013-cü ildə Azərbaycanda
enerji effektivliyi və davamlı inkişaf prinsiplərinin həyata
keçirilməsi istiqamətində daha yüksək nailiyyətlər
qazanılmışdır. Əldə edilən
bu yüksək nailiyyət ölkə Prezidenti İlham
Əliyevin "qara qızıl"ın insan
potensialının yüksəldilməsinə yönəldilmiş
konsepsiyasının və bu istiqamətdə həyata
keçirilən ardıcıl uğurlu fəaliyyətin nəticəsidir.
Ölkədə
davamlı inkişafa yönəldilmiş siyasətdən xəbər
verən digər bir
göstərici qorunan ərazilərin, yəni
qoruqların, milli parkların sayı
və onların ölkə ərazisinin neçə
faizini təşkil etməsi ilə bağlıdır. Azərbaycanda son illər milli parkların,
qoruqların sayı artıb, sahələri genişlənməkdədir.
Bunun real nəticəsi olaraq, ölkədə
qorunan təbii ərazilərin ümumi sahəsi 2000-ci ildə
478 min hektardan 2013-cü ildə 894 min hektara
çatdırılmışdır. Bu, həm
yeni qorunan ərazilərin yaradılması, həm də
mövcud ətraf mühitin mühafizəsi obyektlərinin ərazilərinin
genişləndirilməsi sayəsində mümkün
olmuşdur. Eyni zamanda, 2003-cü ildə Azərbaycanda
ilk dəfə olaraq mühafizə edilən təbii ərazilərin
yeni növü olan biosfer qoruğunun yaradılması üzrə
irihəcmli layihə işlənib
hazırlanmışdır. Qeyd olunmalıdır ki,
dünyada, ümumiyyətlə, qorunan təbii ərazilərin
azalması fonunda Azərbaycanda qoruqların, milli parkların,
digər qorunan ərazilərin genişlənməsi və
ölkənin 10 faizdən artıq sahəsini əhatə etməsi
beynəlxalq qurumlar tərəfindən çox böyük
nailiyyət kimi qəbul edilir.
Eyni zamanda, milli davamlı inkişaf proqramına əsasən
ölkədəki meşə əraziləri də ilbəil
artıb. Azərbaycanda meşəbərpa istiqamətində
məqsədəuyğun və intensiv işlər
aparılır. Hazırda ildə 10 min
hektara yaxın yeni meşə massivləri salınır.
Son 10 ildə meşə sahələri 63 min
hektardan çox sahədə salınmışdır. Dünyada sürətli meşəsizləşmə
getdiyi bir dövrdə Azərbaycan Respublikasında son on ildə
meşə sahələrinin genişlənməsinə
yönəldilmiş fəaliyyət davamlı inkişafın
çox vacib bir amilidir. Ətraf mühitin
mühafizəsi və təbii sərvətlərin səmərəli
istifadəsinin təşkilində dövlət qurumları ilə
yanaşı, vətəndaş cəmiyyətinin, ictimai birliklərin
rolu böyükdür. Bu istiqamətdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə
yaradılmış "Ətraf mühit naminə beynəlxalq
dialoq" kampaniyası olduqca əhəmiyyətlidir.
Digər diqqətçəkən misal Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2012-ci ildə
Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və
"ASAN xidmət"in yaradılması ilə
bağlıdır. Qeyd edək ki, XXI əsrin əvvəllərində
onun təşəbbüsü ilə məhz Azərbaycanda
insan inkişafı və davamlı gəlir əldə
olunması üçün yaşayış yerinə, onun əhalisinə
məxsus olan dünyada ilk insan inkişafına əsaslanan
sosial müəssisələr yaradılmışdı.
Hələ o zaman bu təşəbbüs və
qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti və
beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmişdi. BMT-nin Baş Qərargahı
(Nyu-York) tərəfindən 2005-ci ildə Azərbaycanda
yaranmış həmin təşəbbüsü
"innovativ ideya və fəaliyyət" kimi bütün
dünyaya tanıtmışdı (http://hdr.undp.org/nhdr/impact).
İndi yuxarıda qeyd olunan agentliyin
yaradılması və xidmətlərlə yanaşı, onun
funksiyalarından birinin bilavasitə sosial innovasiya olması
haqda qərarın əhəmiyyəti təsəvvür edilməyəcək
qədər böyükdür. Bu, yenə
də qlobal miqyaslı innovasiyadır. Sözügedən
agentliyin fəaliyyəti təkcə xidmət sahəsinə,
iqtisadiyyat, sosial sahənin inkişafına təsir göstərməyəcək,
həmçinin bir sıra demoqrafik problemlərin, gender
problemlərinin həllinə, demokratiya və
özünüidarəetmənin inkişafına, tarixi
istehsal və istehlak mədəniyyətinin, əsrlərlə
toplanan təcrübənin qorunması və səfərbər
edilməsinə imkan yaradacaqdır.
Tarixi baxımdan qısa bir vaxt kəsiyində əldə
edilmiş yüksək nailiyyət yalnız iqtisadi
diversifikasiyanın və texnoloji tərəqqinin effektiv idarə
edilməsi şəraitində mümkündür. Bu isə
öz növbəsində ancaq biliyə və onun
daşıyıcısı olan insan potensialının
inkişafına əsaslanan siyasət sayəsində
reallaşa bilər. Alınmış nəticələr
uzunmüddətli iqtisadi təhlükəsizlik və
davamlı insan inkişafı nöqteyi-nəzərindən
olduqca əhəmiyyətlidir və bu istiqamətdə
dövlətin strateji baxımdan uzaq perspektivə
hesablanmış siyasət gerçəkləşdirməsindən
xəbər verir.
Müasir dövrdə strateji önəm daşıyan
tükənməyən və daim təkmilləşən təbii
sərvətlər arasında ən böyük əhəmiyyətə
malik olanı və ən dəyərlisi insan
potensialıdır. İnsan amili hər zaman inkişafın həlledici
amili kimi çıxış edib və etməkdədir.
Son zamanlar isə ölkələrin
inkişafının, əhalinin həyat səviyyəsi və
rifahının bilik və bacarıqlardan asılı
olması insan amilinin vacibliyini bir daha ön sıraya
çıxarıb. Bəllidir ki, idarəetmə
və istehsal sahələrində qazanılmış nailiyyətlər,
ölkənin nüfuzu və rəqabət qabiliyyəti
istifadə edilən elmi yanaşmalardan və tətbiq edilən
müasir texnologiyalardan asılıdır. Bu bilik və texnologiyaların yaradıcısı,
onları təkmilləşdirən və tətbiq edən də
insandır. Bu səbəbdən dünyada
insanı inkişafın mərkəzinə qoymaq, bu prosesi
insana doğru yönləndirmək, göstərilən
istiqamətdə mövcud olan problemləri aradan qaldırmaq və
mənəvi dirçəlişə yol açmaq prioritetdir.
Əslində, bir çox davamlı inkişaf
ideoloqları da qeyd olunan gerçəkliyi proqnozlaşdırılan
innovativ inqilabın təməli kimi görürlər. Vaxtilə ümummilli lider Heydər Əliyev də
insan potensialını bütün sahələrdə və hər
zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və
həlledici amili kimi müəyyənləşdirib. Onun
təşəbbüsü ilə hələ keçən əsrin
70-ci illərindən başlayaraq hər il
minlərlə azərbaycanlı gəncin keçmiş Sovet
İttifaqının aparıcı ali mülki və hərbi
məktəblərinə göndərilməsi bu siyasətin
təzahürüdür. Müstəqillik qazanmış Azərbaycan
Respublikasında müasir anlamda insan inkişafı ilə
bağlı vəziyyətin fasiləsiz monitorinqinin
aparılması, təhlil və qiymətləndirmələr
əsasında insan inkişafı prosesinin idarə edilməsi
ilk dəfə ümummilli lider tərəfindən həyata
keçirilmişdir. Onun təşəbbüsü
ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf
Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk
hesabatlar hazırlanmışdır. Bu
layihə əsasında insan potensialının
inkişafının ölkədəki vəziyyətinin təhlilinə
1994-cü ildən başlanmışdır. Ölkə və BMT-nin rəhbərliyinin qərarı
ilə bu layihənin həyata keçirilməsi
hazırkı məqalənin müəllifinə
tapşırılmışdı.
BMT-nin Azərbaycanda insan inkişafına aid ilk milli
hesabatı 1995-ci ildə dərc edilmişdir. Onun ölkə
ictimaiyyəti və beynəlxalq təşkilatlara təqdimatı
ümummilli lider Heydər Əliyev tərəfindən şəxsən
həyata keçirilmişdir. Qeyd edilməlidir ki, insan
potensialının formalaşmasının təşkili və
idarə edilməsi sahəsində müstəsna bilik,
bacarıq və təcrübəyə malik olan, bu sahədə
hələ Sovet İttifaqı dövründə olduqca önəmli
işlər görən ümummilli lider Heydər Əliyev
yenicə müstəqillik qazanmış ölkədə
gerçəkləşdirilən bu beynəlxalq əhəmiyyətli
layihəyə xüsusi diqqət yetirirdi. Bunun nəticəsində
BMT-nin Azərbaycanda İnsan İnkişafına dair
1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf
prosesinin nəzəriyyəsi və praktikasına yenilik gətirən
hesabatlar
sırasına daxil edilmişdir. Bu səbəbdən
Hesabatın təqdimat mərasiminə ulu öndər Heydər
Əliyev ilə yanaşı, BMT Baş Katibinin müavini,
BMT-nin inkişaf proqramının rəhbəri, dünyada
tanınmış siyasi xadim və alim cənab Qustaf Spet də
qatılmışdı. O zamandan Azərbaycanda insan
potensialının zənginləşdirilməsi ölkənin
inkişafının əsas prioritetinə
çevrilmişdir. Elə bu səbəbdən
də ölkədə insan potensialı inkişafının
göstəricisi olan insan inkişafı indeksi ilbəil
artmaqdadır.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında insan
inkişafı sahəsində qazanılmış yüksək
nailiyyətlər ölkənin 2010-cu ildən insan
inkişafı sahəsində yüksək nəticələr
əldə etmiş ölkələr qrupuna daxil olunması ilə
sonuclanıb.
Həmin zamana qədər ölkə beynəlxalq təşkilatlar
tərəfindən insan inkişafı sahəsində orta
göstəricilərə nail olmuş ölkələr
qrupuna aid edilirdi.
Davamlı insan inkişafı sahəsində əldə
edilmiş yüksək nəticələr ölkədə həyata
keçirilən müasir təhsil strategiyasının
uğurudur. Ölkənin təhsil strategiyasına görə,
Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin
orta ümumtəhsil məktəblərinin proqramlarına daxil
edilməsi prosesinə 2001-ci ildə start verilib. 2003-cü ildən
ölkənin Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmrləri
əsasında orta məktəblər üçün
davamlı insan inkişafına dair dünyada ilk tədris
proqramı və dərs vəsaiti dərc edilib. Bu sahədə Azərbaycanın birinciliyi barədə
məlumat BMT-nin Baş Qərargahı (Nyu-York) tərəfindən
19 dekabr 2001-ci ildə dünyaya yayılıb. Qlobal
miqyasda isə bu prosesə 4 il sonra - 2005-ci
il martın 1-də BMT-nin baş katibi Kofi Annan və YUNESKO-nun
baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə
təkan verilib.
Cədvəl. Davamlı insan
inkişafı tədrisinin xronologiyası: Azərbaycan və
dünya
İl |
Dünya |
Azərbaycan |
2001 |
Məlumat yoxdur |
Davamlı insan inkişafı ölkənin
orta ümumtəhsil məktəblərində pilot layihə. Təhsil Nazirliyinin əmri |
2003 |
Məlumat yoxdur |
Davamlı insan inkişafına dair orta
ümumtəhsil məktəbləri üçün ilk
kurikulum (tədris proqramı və dərs vəsaiti) dərc
edilir. Təhsil Nazirliyinin 175, 688 nömrəli əmrləri |
2005 |
BMT və YUNESKO 2005-2014-cü illəri
davamlı inkişafın tədrisi onilliyi elan edir (4) |
Davamlı insan potensialına əsaslanan
inkişaf bütün orta məktəblərdə (İnsan
və cəmiyyət fənni tərkibində) tədris
edilir. Təhsil Nazirliyinin 880 nömrəli əmri |
2007 |
Məlumat yoxdur |
Ali məktəblər üçün
davamlı inkişaf üzrə dərs vəsaiti. Təhsil Nazirliyinin 961 nömrəli əmri |
2010 |
Məlumat yoxdur |
“Yaşıl” peşə təhsili. Təhsil Nazirliyinin 569 nömrəli əmri |
Azərbaycanda
insan inkişafı haqqında hesabatlar müxtəlif illərdə
fərqli sahələrin təhlilinə, onların vəziyyətinin
qiymətləndirilməsi və inkişaf potensialının müəyyənləşdirilməsinə
yönəldilmişdir. Məsələn,
2002-ci ilin hesabatı yoxsulluğa həsr edilmişdir.
Ölkə ərazisinin 20 faizinin işğal altında
olduğunu, bir milyona yaxın vətəndaşın
qaçqın və məcburi köçkün statusu
daşıdığını əks etdirən bu hesabatda,
eyni zamanda, ölkədə yoxsulluq ilə mübarizə sahəsində
həyata keçirilən siyasət barədə geniş material
təqdim edilmişdir. Sözügedən siyasətin
uğurları artıq göz qabağındadır.
Yoxsulluq 2001-ci ildə 49,6 faizdən 2012-ci
ildə 6 faizə enib. Xüsusilə vurğulanmalıdır ki, bu göstərici
yoxsulluq həddi ayda 24 manatdan 117 manata qalxdığı şəraitdə
qeydə alınmışdır. Bu nailiyyətin
qazanılmasında insan potensialının inkişafı
xüsusi əhəmiyyət daşıyır.
Digər bir misal informasiya və kommunikasiya
texnologiyalarının (İKT) inkişafı və tətbiqi
ilə əlaqədardır. Azərbaycan
Respublikasının BMT ilə birgə
hazırladığı 2003-cü ilə aid İnsan
İnkişafı haqqında hesabat İKT-yə, bu istiqamətin
ölkənin inkişafına təsirinə həsr
edilmişdir. Ölkə rəhbərliyinin
bu sahədə həyata keçirdiyi ardıcıl siyasət
göstərilən istiqamətin böyük əhəmiyyət
daşıdığını bir daha sübut etdi. Buna
misal kimi ölkə Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2013-cü ilin "İKT ili" elan edilməsini, Azərbaycanın
ilk milli peykinin orbitə çıxarılmasını, məktəblərin
kompüterləşdirilməsini və s. göstərmək
olar. Bu istiqamətdə Heydər Əliyev Fondu, onun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xüsusi qayğıya ehtiyacı olan tələbə və
gənclər üçün İKT-dən istifadə
imkanlarının yaradılması təşəbbüsü
də diqqətəlayiqdir. Qeyd edilməlidir ki, bu Fond Azərbaycanın
dünya miqyasında tanıdılması sahəsində
misilsiz təşəbbüslərə və önəmli
layihələrə imza atmışdır.
Azərbaycan Respublikasının son illərdə
davamlı inkişaf sahəsində qazandığı
uğurların əsasında müasir və innovativ idarəetmə
texnologiyalarının tətbiqi durur. Davamlı inkişaf naminə dövlət
qurumlarının, qeyri-hökumət təşkilatlarının
və fərdi sektorun vahid milli proqramlar və layihələr
çərçivəsində birgə fəaliyyət
göstərməsi gələcək uğurların təminatçısıdır.
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası davamlı
inkişafın təmin edilməsində yeni mərhələdir.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının rektoru,
akademik
Azərbaycan müəllimi.- 2013.- 2 avqust.- S. 3.