700 bal toplamış məzunlar
2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə bu il iyulun 28-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu barədə yaydığı məlumatda qeyd olunur ki, IV ixtisas qrupu üzrə sənəd vermiş 11796 abituriyentdən 11123-ü imtahanda iştirak etmişdir. Müsabiqə şərtlərinə əsasən ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmayan abituriyentlər (dövlət sifarişli ixtisaslar üzrə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar) IV ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edə bilərlər.
IV ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının müsabiqəsində ümumi balı 75-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, IV ixtisas qrupu üzrə qəbul imtahanında 403 nəfər 600-dən yuxarı, 973 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
İmtahanda 2 nəfər maksimum nəticə (700 bal)
göstərmişdir. Aşağıda onları
oxucularımıza təqdim edirik.
Müslümov Osman Məmmədhüseyn
oğlu
1996-cı il iyulun 7-də Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakıdakı 98 nömrəli tam orta məktəbin I sinfinə gedəndə Osmanın ağlına belə gəlməzdi ki, 11 il keçəcək və o, doğma təhsil ocağını "əla" qiymətlərlə bitirərək ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayıb respublikanın istedadı, biliyi ilə seçilən gənclərindən biri olacaq, hamı tərəfindən tanınacaqdır. Osman Müslümov orta təhsil illərində çalışqanlığı, özünə qarşı tələbkarlığı, dərslərinə hazırlığı ilə məktəbdə seçilib-sayılan şagirdlərdən biri olmuşdur. İstedadlı yeniyetmə doğmalarının, təhsil aldığı məktəbin, onu əhatə edən yaxınlarının və dostlarının etimadını doğruldaraq yüksək bilik nümayiş etdirmişdir.
Ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum - 700 bal toplamış Osman bu sevincli hadisəni bizimlə paylaşaraq bunları söylədi: "Sınaq imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam. Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayacağıma nədənsə inanmırdım. Amma daxilimdəki bir hiss mənim yüksək nəticə göstərəcəyimi deyirdi. Sevinirəm ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərdən biri də məhz mən oldum. Əlbəttə, əldə etdiyim bu uğur eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Mənim üzərimdə əməyi olan müəllimlərimdən Xalidə Ağayevaya, Ülviyyə Abdullayevaya, Sevil Vəliyevaya və digərlərinə minnətdarlığımı bildirirəm. Ən böyük arzum respublikanın tanınmış həkimlərindən biri olmaq, xalqımızın sağlamlığının keşiyində durmaqdır".
Osmanın uğuruna ən çox sevinənlər isə valideynləri ilə yanaşı, onun təhsil aldığı 98 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektividir.
Məktəbin direktoru Nazim Səfərov və təlim-tərbiyə işləri üzrə direktor müavini Flora Hüseynova bu yeniyetmənin olduqca tərbiyəli, yüksək biliyə malik olduğunu söylədilər. Bizimlə söhbət zamanı qeyd etdilər ki, onlar Osmanı təhsil aldığı 11 il ərzində savadlı, hazırlıqlı, nümunəvi bir şagird kimi tanıyıblar və onun gələcəyinə inanıblar. Əldə etdiyi bu yüksək nəticə ilə öz doğma məktəbinə başuçalığı gətirən Osman Müslümovla hamı fəxr edir.
Paşazadə
Aytən Vaqif qızı
1996-cı il fevralın 17-də Mingəçevir şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2002-ci ildə Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə I sinfə qəbul edilmiş, bu il həmin təhsil ocağından məzun olmuşdur.
Oxuduğu müddətdə dərs əlaçısı kimi tanınmış, məktəbin ictimai həyatında yaxından iştirak etmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Rüstəmova məzunlarını belə səciyyələndirir:
"A.Paşazadə yüksək
potensiala malik şagird idi. Keçirilən bütün müsabiqələrdə,
fənn olimpiadalarında
yüksək nəticələr
göstərir, mükafata
layiq yerlər tuturdu. Bir neçə dəfə
olimpiadanın şəhər
mərhələsinin qalibi
olmuşdur. O, TQDK-nın
keçirdiyi sınaq
imtahanlarında da bizim etimadımızı doğruldaraq yüksək
bal toplayırdı. Qəbul imtahanında göstərdiyi
ən yüksək nəticə ilə - 700 balla isə o, biz müəllimlərini, eləcə
də valideynlərini
hədsiz sevindirmişdir.
Fürsətdən istifadə edib
qəzetiniz vasitəsi
ilə Aytənin valideynlərinə gözaydınlığı
verir, Aytənə isə gələcək həyatında və təhsilində uğurlar
arzulayırıq".
Aytən
bizimlə söhbətində
imtahan öncəsi
700 bal toplayacağına
əmin olduğunu bildirdi. Dedi ki, düzdür, müəyyən tərəddüdlərim
olsa da, əminliym çox idi.
Qəbul imtahanının təşkili
və gedişindən
razı qaldığını
deyən Aytən imtahanın çox obyektiv və şəffaf keçirildiyi,
imtahan zamanı elə də çox həyəcanlanmadığını
söylədi.
A.Paşazadənin arzusu dövlət hesabına xaricdə tibb təhsili almaqdır və bunun üçün Təhsil Nazirliyinə müraciət etməyi nəzərdə tutub. Hədəfi Böyük Britaniya, Almaniya və ya Türkiyə universitetlərinin birində
oxumaqdır.
Böyük arzulara gedən
yolun astanasında olan Aytəni qəbul imtahanında ən yüksək bal toplaması və tələbə olmaq şansı qazanması münasibəti
ilə təbrik edir, ona gələcək
təhsilində uğurlar
arzulayırıq.
Yusif ƏLİYEV, Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2013.-
2 avqust.- S. 4.