Dünya şöhrətli azərbaycanlı
alim İspaniyada
İKT üzrə ali mükafata
layiq görülmüşdür
Lütfi-Zadənin
elmi kəşfi inqilabi
tərəqqi adlandırılmışdır
Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi-Zadə elm sahəsinə verdiyi töhfələrə görə İspaniyanın BBVA Fondunun (Banco Bilbao Vizcaya Argentaria, S.A.) 400 min avro dəyərində mükafatına layiq görülmüşdür.
Fondun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdim edilməsi mərasimi İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmişdir. İnformasiya-kommunikasiya texnologiyaları kateqoriyası üzrə mükafat Lütfi-Zadəyə "qeyri-səlis nəzəriyyənin kəşfi və inkişaf etdirilməsi" sahəsində xidmətlərinə görə verilmişdir. BBVA Fondu Lütfi-Zadənin elmi kəşfini inqilabi tərəqqi adlandırmışdır. Fondun nüfuzlu münsiflər heyəti mükafatın təqdimolunma mərasimində qeyd etmişdir ki, qeyri-səlis nəzəriyyəsi texnika və maşınların daha effektiv fəaliyyətini təmin etmişdir. Maşınların qeyri-səlis anlayışlarla işləməsinə imkan verən bu nəzəriyyə nəticələrin daha effektiv, düşünülmüş və reallığa uyğun olmasına kömək edir. Münsiflər heyəti xüsusilə qeyd etmişdir ki, Lütfi-Zadənin hazırladığı metodologiya əsasında Yaponiyada və Amerikada 50.000-dən artıq patent alınmışdır.
Lütfi-Zadənin nəzəriyyəsinin bir sıra sistemlərin və kompüterlərin işinə tətbiq olunması onların sadə hesablama maşınları olaraq fəaliyyətlərinə son qoyur və müstəqil və ya yarımmüstəqil rejimdə (daha az insan müdaxiləsi ilə) işləmək qabiliyyəti əldə edir. Münsiflər heyətinin açıqlamasında bildirilmişdir: "Lütfi-Zadənin (Bakı, Azərbaycan, 1921-ci il) kəşfi sənaye tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Minlərlə mühəndis Lütfi-Zadə nəzəriyyəsinə əsaslanaraq rəngarəng mürəkkəb və intellektual sistemi yaratmışdır. Lütfi-Zadənin tədqiqatları çoxsaylı istehsal proseslərinin simasını dəyişmiş, dizayn işlərini sadələşdirmiş, daha effektiv məhsulların yaradılmasına imkan vermişdir. Bu nəzəriyyə istehsal proseslərinin gedişini daha təkmil və asan etmişdir".
Mükafatın təqdim olunması mərasimində çıxış edən Lütfi-Zadə müəllifi olduğu nəzəriyyənin ilk vaxtlardan bir çoxları üçün anlaşılan olmadığını bildirmişdir.
"Əvvəlcə qeyri-səlis nəzəriyyə bir qədər mübahisəli idi. Bəzi insanlar bu nəzəriyyəni yüksək təşəbbüskarlıqla alqışladılar, bir sıra insanlar isə ona şübhə ilə yanaşdlar. Bu cür vəziyyətin mənim üçün xüsusi mənası var".
Lütfi-Zadə qeyd etmişdir ki, qeyri-səlis məntiq klassik məntiq və real dünya arasındakı fərqi aradan götürür. "Bir mühəndis kimi mən həmişə inanmışam ki, riyaziyyat bütün problemli məsələlərə cavab tapa bilmişdir, lakin mən eyni zamanda anladım ki, klassik riyaziyyat qeyri-səlisliyi izah edə bilməmək qabiliyyətinə görə məhduddur".
Bu çatışmazlığı aradan qaldırmaq üçün Lütfi-Zadə insan modelinə üz tutmuşdur: "Bizim insanlarda məlumatların kasadlığı və qeyri-müəyyənlik şəraitində qərarları müzakirə etmək və qərar qəbul etmək qabiliyyəti vardır. Qeyri-səlis məntiqin başlıca məqsədi də bu qabiliyyətlərin formalaşdırılmasıdır. İnsanlar intuitiv olaraq qeyri-dəqiq məlumatları manipulyasiya etməklə və hər bir müvafiq elementi tarazlaşdırmaqla qeyri-səlis məntiqi öz qərarlarında tətbiq edirlər".
Mükafatın təqdim olunmasından sonra Lütfi-Zadə İspaniya mətbuatına müsahibə vermişdir. İspan mətbuatının yazdığına görə, BBVA Fondu Lütfi-Zadənin xidmətlərini "bir çox tətbiqi sahələrdə çox güclü olan yeni tədqiqat sahəsinin banisi" kimi qiymətləndirmişdir.
Lütfi-Zadə ilk dəfə olaraq öz nəzəriyyəsini 1965-ci ildə XX əsrin ən çox sitatgətirilən qəzetində nəşr etdirmişdir. Qeyri-səlis nəzəriyyədən 35 min dəfə sitat gətirilmişdir. Lütfi-Zadənin ən böyuk xidmətlərindən biri ondadır ki, bu nəzəriyyə biliklərin sərhədlərini xeyli genişləndirmişdir.
Lütfi-Zadə ispan mətbuatına verdiyi açıqlamada qeyd etmişdir ki, onun banisi olduğu qeyri-səlis nəzəriyyə ilk tətbiqini Yaponiyanın Sendae şəhərindəki avtomatlaşdırılmış metro sistemində tapmışdır.
Yalnız bundan sonra qeyri-səlis nəzəriyyənin uğurlu tətbiqinə şübhə edən alimin yaxınları belə bu nəzəriyyənin konseptual əhəmiyyətini başa düşmüşdülər.
İspan mətbuatı yazır ki, laureat 92 yaşının tamam olmasına baxmayaraq hələ də tədqiqatlarının perspektivinə inanır və kompüterləri və daha təbii dilə malik sistemləri birləşdirəcək tərəqqinin baş verəcəyinə ümid edir.
Azərbaycan müəllimi.- 2013.-
2 avqust.- S. 5.