"Masallı folkloru"

 

Son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondunun xətti ilə  muğam sənətimizin dünyada təbliği sahəsində görülən işlər, beynəlxalq səviyyəli simpozium və konfransların, kitab sərgilərinin, festivalların və müsabiqələrin keçirilməsi, bir neçə tarixi sənət nümunəsinin YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi, klassik ədəbiyyat və folklor nümunələrinin nəşri, tərcüməsi və sair tədbirlər təqdirəlayiq işlərdəndir.

Ata-babalarımızdan gənc nəslə ötürülən musiqimiz və rəqslərimiz, zərbi-məsəllər, Novruz ənənələri, müxtəlif deyimlər, baməzə söhbətlər, lətifələr və sair mədəniyyət nümunələri irsimizin zəngin xəzinələrindəndir. Əksər şifahi xalq yaradıcılıq növləri Cənub bölgəsində və həmçinin Masallıda da daim yaşamış, dillərdə və yaddaşlarda həkk olunaraq nəsildən-nəslə keçmişdir.

Masallı rayonunda boya-başa çatmış və folklor tədqiqatları aparmış həmyerlilərimizdən məşhur folklorşünas Teymurbəy Bayraməlibəyov, şair Mücrüm, alimlərimizdən Mirkazım Aslanlı, Əsədulla Cəfərov, Fərahim Sadıqov, Əsgər Zahidov, Fizuli Bayat, araşdırmaçılarımızdan Maarif Teymur, Ağəddin Mansurzadə, Novruz Xoşbəxt, Nurəddin Ədiloğlu, Hadi Seybətinli, Xodaşirin Cəbiyev, Məmməd Kazım, Zakir Abbasov, Musarza Mirzəyev və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.

2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Masallı şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan olunması və bununla əlaqadar rayonda keçirilən tədbirlər ən qədim yaşayış məskənlərindən sayılan bu rayonun maraqlı folklor nümunələri olduğunu nümayiş etdirdi. Həmin nümunələrin toplanıb kitab şəklində çap olunması işi uşaqlıqdan tanıdığım, savadına, təfəkkürünə, analitik tədqiqatçılıq səriştəsinə yaxşı bələd olduğum, məktəbşünaslığa, filologiya, dil, musiqi, folklor məsələlərinə yaxından bağlılığı, doğma yurda qəlbən vurğunluğu ilə seçilən həmyerlimiz, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun çiyinlərinə düşmüşdür. Onun "Gənclik" nəşriyyatı tərəfindən çap edilmiş "Masallı lətifələri" kitabı (I kitab) Masallıda keçirilmiş II Beynəlxalq Folklor festivalının iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Maraqlı məzmunu ilə fərqlənən, rayondakı yenilikləri və keçmişi vəhdət şəklində bir araya gətirən "Masallı toplusu", F.Sadıqovun "Masallı folkloru", professor, folklorşünas Fizuli Bayatın "Masallı folklor örnəkləri" (I cild) kitabları Heydər Əliyev parkında keçirilən təqdimolunma mərasimində oxucuların geniş marağına səbəb oldu.

Müəllif tamamilə haqlı olaraq göstərir ki, "...folklorun hər sözü tarixdir və yalnız bu tarixi bütövlükdə, qədərincə arayıb-araşdırmaqla xalqın kimliyini tanımaq, dilinin məxsusluğunu, qədimliyini bilmək, həyata baxışını, fəlsəfi düşüncəsini, adət-ənənəsini, ayin-mərasimlərini, istək və amalı yolunda vuruş məqamlarını öyrənmək olar" (F.Sadıqov. "Masallı folkloru". səh.16).

Kitabın giriş hissəsində "Masallı" sözünün, yəni qədim Dəştvəndin etimologiyası izah olunurbu izahat sanki verilmiş folklor janrlarının hər birinə giriş qapısı rolunu oynayır.

Kitabın 47-ci səhifəsindəki əvvəllər Dəşti-vənd (düzənlik və meşə yeri) adlanmış Masallının toy adətləri bölməsindən bəhs edən müəlliflə tam razılaşmaq olar ki, elə rayonun keçmiş adı "Dəşti" muğamının melodik mənası, məzmunu və ritmi ilə bir növ həmahəngdir.

Topluda verilmiş yerli ağılar, laylalar, öcəşmələr, sataşmalar, şəbədələr, alqışlar və qarğışlar, milli oyunlar və digər janrlarda tədqiqatçı alim geniş müqayisələr aparmaqla konkret yerli ünvanlara və ayrı-ayrı şəxslərin dedikləri söz boğçasına lazımınca yer ayırır. Kitabın səhifələrinə çıxarılan bu nümunələri oxuduqca hiss edirsən ki, əsər beş-on ilin deyil, bir-bir kənd və obaları, məhəllələri gəzib-dolanmış, hər zaman Masallı əhalisinin bütün təbəqələri, söz ustadları, alimləri və tədqiqatçıları ilə yaxın təmasda olmuş, oturub-durmuş, onları dilləndirmiş və deyilənləri möhkəmcə hafizəsinə toplamış məhsuldar bir alimin uzunillik yaradıcılıq axtarışları və gərgin əməyinin məhsuludur.

Kitabın sonrakı hissəsində rayonda keçirilən toy mərasimlərinin bütün mərhələlərində kənd və obaların spesifik xüsusiyyətlərinə görə təsviri maraq doğurur. Bunları təqdim və təqdir etməklə müəllif hər birimizi keçmişdən qalan mədəni irsimizi unutmamağa çağırır. Masallı Rayon İcra Hakimiyyətinin tövsiyəsi və Bakı Elm Təhsil Mərkəzinin elmi şurasının qərarı ilə çapdan çıxmış "Masallı folkloru" kitabının məziyyətlərindən biriNovruz bayramı, milli rəqslər və musiqi, halaylar, bəy və gəlin tərifləri, milli mətbəx çeşidlərinin və geyimlərinin təsnifatı, tapmacaların xalqın dilində, bir sıra hallarda yerli dialektdə işlədilməsidir.

Kitabın "Masallı  gülməcələri" bölməsini xüsusi qeyd etmək istəyən müəllif burada rayonun bir çox tanınmış gülməcə ustadları ilə yanaşı, duzlu-şəkərli söhbətləri ustalıqla qoşmaq məharətinə malik məşhur qarmonçalan Abutalıb Sadıqovun dilindən səslənən misallara geniş yer vermişdir ki, bunlar da çoxları üçün yeniaz eşidilən məzəli əhvalatlardandır.

Nəhayət, qeyd edim ki, professor F.Sadıqovun nəcibliyi ondadır ki, həmyerlimiz kitabında tədqiqatçı və yazıçı, jurnalist N.Ədiloğlunun "Masallının söz boğçası" üçünbir neçə səhifə ayırıb, bir neçə ziyalının folklor janrının Masallı nümunələri ilə bağlı sözünü oxucuya çatdırıb.

Kitab haqqında qeydlərimizi onun müəllifi, pedaqoji elmlər doktoru, professor F.Sadıqovun öz sözləri ilə bitirirəm: "Qədim tarixə malik olan Masallı çox zəngin folklora malikdir. Bu mənada Masallının ölkəmizin folklor paytaxtı kimi seçilməsini mühüm ictimai-siyasi hadisə hesab etmək olar".

 

Ələşrəf NİFTİYEV,

 

yazıçı-publisist, AJB-nin üzvü, "Qızıl qələm" media mükafatı laureatı

 

Azərbaycan müəllimi.- 2013.- 2 avqust.- S. 6.