Təhsil işçilərinin sentyabr konfranslarında

 

Dünyanın təhsil potensialı onun inkişafının əsasını təşkil edir. Əldə olunmuş bütün nailiyyətlər təhsil sahəsindəki  irəliləyişlərin nəticəsi kimi meydana çıxmaqla özünü göstərir. Parlaq gələcək bu günün  təhsil sütunları üzərində qurulur. Elmin, təhsilin nailiyyətlərinə əsaslanaraq formalaşır. Ulu öndər Heydər Əliyevin təbirincə demiş olsaq, "Gələcək bilikli, elmli insanların çiyinlərində qurulacaqdır".  Müstəqillik yolunda addımlayan Azərbaycanın inkişafında təhsil önəmli yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Təhsil Azərbaycanın davamlı  inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir... Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır". Bu vaxta qədər təhsilə cəmiyyətin prioritet sahəsi kimi baxılması, onun islahatyönümlü fəaliyyət sahəsinə çevrilməsi  məhz bu zərurətdən irəli gəlir.

Təhsil cəmiyyətin döyünən nəbzi, həyatı kimi hər zaman diqqət mərkəzində saxlanılmaqla ona qayğı göstərilir. Artıq neçə illərdir ki, respublikamızda təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi bir ənənəyə çevrilmişdir. Hər il müəllimlər sentyabr konfransına toplaşaraq görülmüş işləri təhlil edir, dəyərləndirir, növbəti il üçün vəzifələrini müəyyənləşdirir və onların həlli yolları barədə fikir mübadilələri aparırlar.

Bu il də Azərbaycan Respublikası təhsil nazirinin 15 avqust 2013-cü il tarixli əmrinə əsasən təhsil işçilərinin 2013-cü il sentyabr konfranslarının keçirilməsi nəzərdə tutulur. 2013-2014-cü dərs ilində ümumi təhsil sahəsində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş inkişafyönümlü tədbirlər müəyyənləşdirmək məqsədilə iki gün davam edəcək həmin konfranslarda birinci gün plenar iclasının keçirilməsi, orada rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin "2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzələrinin dinlənilib müzakirə olunması, ikinci gündə isə metodik bölmə iclaslarının təşkili planlaşdırılır. Bu konfranslarda nələrin daha çox diqqət mərkəzində saxlanılması, müzakirə obyektinə çevrilməsi tövsiyə olunur?

Məlum olduğu kimi, artıq təhsil islahatlarının başlandığı vaxtdan 14 ilə yaxın bir zaman  keçir. Bu müddətdə təhsilin, demək olar ki, bütün sahələrində müvafiq dəyişikliklərin aparılması onun hansı məzmunda və istiqamətlər üzrə həyata keçirildiyini aydın şəkildə göstərir. Xüsusilə  ümumi təhsil sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni məzmunun və texnologiyaların yaradılması, müəllim kadrlarının hazırlanması sahəsindəki tədbirlər  bilavasitə görülmüş işlərdən və onların keyfiyyət səviyyəsindən xəbər verir. Son illərdə icbari ümumi təhsilin həyata keçirilməsində, yeni tipli tədris müəssisələrinin yaradılmasında, məktəbyaşlı uşaqların təhsillə əhatə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində, təhsil sahəsi üzrə sosial-iqtisadi inkişaf planlarının, islahatla bağlı müvafiq proqramların hazırlanmasında ardıcıl addımlar atılır. Təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili, digər nazirliklər, idarə, beynəlxalq humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi ümumi təhsil sahəsinin dinamik inkişafını təmin edir.

Eyni zamanda xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının yüksəldilməsi, Azərbaycan dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ  qayğı  üzrə  Dövlət Proqramının icrası istiqamətində fəaliyyət planlarının reallaşdırılması, ali məktəblərə tələbə qəbulunun nəticələri ilə bağlı vəziyyətin təhlil edilib müvafiq təkliflərin hazırlanması istiqamətində işlər aparılır, yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi istiqamətlərində müvafiq tədbirlər həyata keçirilir, şagird nailiyyətlərinin qiymətləndirilməsi mexanizmlərinin yaradılması istiqamətində işlər davam etdirilir.

Ümumtəhsil məktəbləri üçün 139 adda dərslik və müəllim üçün metodik vəsait  4 milyon nüsxədən yuxarı tirajla nəşr  olunmuşdur. Bu dərsliklər II,  IV, VI, VIII, IX və X  sinifləri əhatə edir. VI sinif dərslikləri ilk dəfədir ki, yeni təhsil proqramları (kurikulumları) əsasında hazırlanmışdır.

Eləcə də yeni təhsil  proqramlarının (kurikulumların) tətbiqini səmərəliləşdirmək və keyfiyyətini yüksəltmək məqsədilə müəllim hazırlığı sahəsində tədbirlər həyata keçirilmiş və bu gün də həmin tədbirlər davam etməkdədir.

Nəzərə almaq lazımdır ki, təhsil islahatlarından irəli gələn vəzifələr kimi hər bir bölgədə təhsil müəssisələrinin, o cümlədən, bütövlükdə təhsil şöbəsinin, heç şübhəsiz, gördüyü işlər vardır və sentyabr konfranslarında bu işlərin səmərəli və keyfiyyətli olması baxımından təhlili verilməli, irəliləyişlər və geriləmələr aydın şəkildə göstərilməli, onları doğuran səbəblər açıqlanmalı, təkliflər, vəzifələr müəyyənləşdirilməlidir.

Ölkəmizdə ümumi təhsil cəmiyyətin formalaşmasında həlledici rol oynayan bir pillə kimi inkişaf etdirilir. Müasir zamanda onun məqsəd və vəzifələri cəmiyyətin ehtiyac və tələbatlarına uyğun olaraq dəyişir. Təhsil qanununda göstərilir ki, "Ümumi təhsil  təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır" ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009, səh 27).

Bu xüsusiyyətlər bizdən Azərbaycanda təhsilin yeni fəlsəfəsinə aid müddəaları mənimsəməklə yanaşı, həm də vəzifələrimizi, onlara uyğun olaraq fəaliyyət istiqamətlərimizi müəyyənləşdirməyi tələb edir.

Bu gün ümumi təhsilin prioritet problemlərindən biri kimi onun yeni məzmununun tətbiqi istiqamətində işlər aparılır, yeni təhsil proqramları (kurikulumları)  tətbiq olunur. Artıq altıncı ildir ki, bu proses davam etməkdədir. Daha konkret demiş olsaq, bu il əvvəlki siniflərin davamı kimi VI sinifdə yeni təhsil proqramları (kurikulumları) tətbiq olunacaqdır. Bu, iki istiqamətdə çətinliklərin yaranması ilə nəticələnə bilər. Əvvəla,VI sinifdə ümumi tarix, fizika, biologiya, coğrafiya fənləri ilk dəfə tədris olunduğundan müəllimlərin bu baxımdan problemləri yarana bilər. Ona görə də bu fənlər üzrə təhsil proqramlarının (kurikulumların) xüsusiyyətləri ətrafında fikir mübadiləsinin təşkil olunması məqsədəuyğun hesab edilir. İstər plenar iclasdakı məruzədə və istərsə də metodbirləşmə rəhbərlərinin yığıncağında bu fənlərin fəlsəfəsi, məzmun, struktur xüsusiyyətləri, eləcə də  həmin fənlər üzrə kurikulumların strukturuna daxil olan hər hansı məsələnin geniş müzakirəsi təşkil olunmalı və müəllimlərin peşəkarlığının inkişafında faydalı ola biləcək təkliflər verilməlidir.

İkinci, çətinlik V sinifdən başlayaraq tədris olunan fənlərin VI sinifdə davam etdirilməsi ilə bağlı yarana bilər ki, buna da təbii proses kimi yanaşılmalıdır. Belə ki, fənnin bütün siniflər üçün ümumi cəhətləri olduğu kimi, sinfin səviyyəsindən, standartların və resursların müxtəlifliyindən asılı olaraq müəllimin, eləcə də bu məsələyə cavabdeh olan hər hansı təhsil mütəxəssisinin fəaliyyətindəki fərqli yanaşmaların olması istisna edilmir. Ona görə də fənlər üzrə təhsil proqramlarının (kurikulumların) xüsusiyyətləri ilə bağlı təlim kurslarından keçmiş müəllim və metodistlərin məruzə və çıxışlarının dinlənilməsi, onun ətrafında işgüzar müzakirələrin aparılması təklif olunur. Bu zaman aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması zəruri hesab edilir:

 

* fənn üzrə təhsil standartları, onların xüsusiyyətləri;

 

* fənn üzrə inteqrasiyanın özünəməxsus cəhətləri və təlim prosesində onun nəzərə alınması;

 

* fənn üzrə strateji yanaşmalar: iş forması və təlim üsulları, müəllimin fəaliyyətini planlaşdırması (illik və gündəlik planların hazırlanması  və ondan istifadə);

 

* məzmun standartlarının şərh olunması;

 

* qiymətləndirmə mexanizmləri və onlardan təlim, tədris prosesində istifadə edilməsi.

Əgər nəzərə alınsa ki, fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqindən o qədər də çox vaxt keçməyib və bu sənədlər üzərində iş zamanı  I-V siniflərlə bağlı müəyyən təkliflərin müzakirə olunmasına ehtiyac yaranır, o zaman həmin müzakirələrin keçirilməsi və müvafiq təkliflərin ümumiləşdirilməsi tövsiyə olunur.

Yeni təhsil proqramlarında  (kurikulumlarda)  fənlər üzrə təlimin məzmunu standartlarla ifadə olunur. Məzmunun bu formada verilməsi bir neçə cəhətdən əhəmiyyət daşıyır. Əvvəla, siniflər üzrə verilmiş məzmun standartları müəyyən tələblər qismində şagirdlərin ümumi inkişafını addım-addım izləməyə imkan verir. İkinci, standartın (nəticənin) verilməsi və ona nail olmaq üçün forma, vasitə və üsuldan ibarət olan strateji fəaliyyətin seçilməsi, onunla işləyən şəxsə (müəllim, dərslik müəllifi və b.) bu məsələ ilə bağlı səlahiyyətlərin verilməsi təhsildə demokratikləşdirmə prinsipinin nəzərə alınmasından irəli gəlir. Bu standartlar ilə işləyən müəllim və ya digər şəxsin standartı reallaşdırmaq üçün imkan və şəraitə uyğun strategiya müəyyənləşdirilməsinə imkan yaranır.

Ona görə də yeni təhsil proqramlarından (kurikulumlardan) istifadə edən müəllimdə ilkin olaraq standartlarla işləmək bacarığının formalaşdırılması, özünün illik təqvim - tematik planını hazırlayarkən standartlara, mövcud resurslara yaradıcı yanaşması tələb olunur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yeni pedaqogika müəllimin  təşkilatçılıq, təlim, periseptiv, kommunikativ (ünsiyyət), suqqestiv (təlqinedici), tədqiqatçılıq və elmi-idraki qabiliyyətlərinin olmasını tələb edir. Yeni təhsil konsepsiyası, müasir təhsil proqramları (kurikulumları) isə müəllimlərdə tədqiqatçılıq qabiliyyətini ön plana çəkir, subyektiv bacarıqları yüksək qiymətləndirir.

Yeni təhsil proqramları (kurikulumları) ilə işləyən müəllim bütün fəaliyyəti boyu  məntiqi və yaradıcı yanaşma tərzi ilə özünün orijinal konstruktiv və yaradıcı pedaqoji nümunələrini meydana qoya bilər. İlkin təcrübələr göstərir ki, dərsləri yalnız  bu yolla  quru,  sxematik, cansıxıcı təsir dairəsindən çıxarmaq, onu maraqlı bir prosesə çevirmək mümkündür.

Müəllim nəinki elmi anlayışların, çalışma və tapşırıqların seçilməsində, o həm də pedaqoji texnologiyaların müəyyənləşdirilməsində, tətbiq olunmasında yaradıcı yanaşma tərzi ilə peşəkarlıq nümayiş etdirməli, dərs dediyi şagirdlərinin marağına səbəb olan fəaliyyət nümunəsi göstərməlidir.

Sentyabr konfranslarında, xüsusən bölmələrin işində müəllimlərin fənlər üzrə təhsil proqramları (kurikulumları) üzərində işlə bağlı qarşılıqlı təcrübə mübadilələrinin təşkil olunması, praktik nümunələr üzərində şərhlərin aparılması tövsiyə olunur. Eyni zamanda şagirdlərin inkişafını izləməyə imkan yaratmayan, onların yaş səviyyələrinə uyğun fəaliyyətlərini qurmaqda çətinlik yaradan standartlarla bağlı qənaətlərin ümumiləşdirilməsi, onların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətli hesab edilir.

Bu gün təlim prosesinin daha səmərəli qurulmasında mühüm vasitələrdən biri kimi, dərslik aparıcı rol oynayır. Ümumiyyətlə, dərslik  təhsilin məzmununu ifadə edən əsas komponentlərdən biri hesab edilir. Ənənəvi olaraq dərslik özünün yeganə məlumat mənbəyi olmaq statusunu uzun illər saxladığından ondan istifadə edənlər də dərsliyə dəyişilməz standart kimi yanaşmaqda davam edirlər. Son dövrlərdə dərsliklərlə bağlı vahid standart tələblər ətrafında müzakirələrin aparılması məhz bu səbəblə bağlıdır. Mahiyyət etibarı ilə dərslik müəllif və ya müəlliflər qrupu tərəfindən orijinal prinsiplər əsasında hazırlanan və özünəməxsus sistemi olan standart tələblərə nail olmaqda texnoloji vasitə kimi çıxış edən vəsaitdir. Bütün bunlarla yanaşı, həm də nəzərə alınmalıdır  ki, şagirdə verilən hər bir resursun, o cümlədən dərsliyin elmi-metodik cəhətdən düz olması təkzibolunmaz bir həqiqətdir.            

Nəticəyönümlü təhsil sistemində standartların qəbul olunması və onun reallaşmasının zəruriliyi monitorinq və qiymətləndirmənin həmin standartlar əsasında aparılmasını tələb edir. Bu zaman bütün istifadə olunan vasitələr, o cümlədən dərsliklər standartlara nail olmaqda müəllimin yardımçısına çevrilir. Müəllim standart tələblərə çatmaq üçün öz sinif şəraitinə və şagirdlərinin səviyyələrinə uyğun olaraq resursların, o cümlədən dərsliyin imkanlarını araşdırır. Ona yaradıcı yanaşmaqla nələri isə əlavə, yaxud əvəz edə bilir. Bu gün informasiyaların bolluğu, informatlaşma prosesinin baş verdiyi bir zamanda dərsliyin yeganə məlumat mənbəyi kimi funksiyasını dəyişməkdə davam etməsi təbiidir. Təhsildə kompetensiyaların formalaşdırılmasının zəruriliyi, standartlaşma prosesinin yaranması istər-istəməz müəllimin həmin standartların tələbinə uyğun nəticələrə gəlməsini və bu zaman mövcud resurslara yaradıcı yanaşmasını tələb edir. Variativ dərsliklərin meydana gəlməsi və genişlənməsi də məhz bu səbəblə  izah olunur.

Sentyabr konfranslarının bölmə iclaslarında dərsliklərlə işi qurarkən bu fikirləri nəzərə almaları, fəaliyyətlərini standartların tələbinə uyğun daha yaradıcı şəkildə təşkil etmələrı müəllimlərə tövsiyə olunmalıdır.

İslahatların həyata keçirildiyi hazırki şəraitdə müəllimləri daha çox maraqlandıran məsələlərdən biri yeni təlim strategiyalarıdır. "Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur" (Ümumi təhsil  məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, "Təhsil", 2008, səh. 468).

Bu gün təlim strategiyaları anlayışı ilə yanaşı, həm də "təlim texnologiyaları" anlayışı da işlənir. "Təlim texnologiyası - didaktik sistemin prosessual tərkib hissəsidir". "Pedaqoji texnologiya isə planlaşdırılmış təlim nəticələrinə nail olan prosesin təsviridir" (Ïåäàãîãè÷åñêèå òåõíîëîãèè: Ó÷åáíîå ïîñîáèå äëÿ ñòóäåíòîâ  ïåäàãîãè÷åñêèõ ñïåöèàëüíîñòåé / Ïîä îáùåé ðåä. Â.Ñ.Êóêóøèíà  Ìîñêâà; ÈÊÖ  "Ìàðò"; Ðîñòîâ Í/Ä: Èçäàòåëüñêèé  öåíòð  "Ìàðò",  2004, ñòð. 5-6).

Bölmə iclaslarında elmi anlayış kimi  yeni pedaqogikaya gəlməkdə olan, normativ-hüquqi sənədlərimizdə işlənən bir sıra belə pedaqoji terminlər ətrafında müzakirələri genişləndirmək də olar. Lakin  başlıca məsələ müəllimləri yeni təlim strategiyaları ilə işləməyə istiqamətləndirməkdən, onların bu texnologiyalardan şüurlu şəkildə istifadə etmələrinə nail olmaqdan ibarətdir.

Müəllimlərlə söhbətlər, müzakirələr onu göstərir ki, onların əksəriyyəti fəal təlim anlayışını qruplarla iş forması kimi  başa  düşürlər. Bu isə ona gətirib çıxarır ki, onlar bütün fəal təlim nümunələrini  qruplarla iş formasında hazırlayır və təqdim edirlər. Əslində isə fəal təlim müəllim ilə şagirdin əməkdaşlığı şəraitində qurulan  təlim prosesidir. Belə şəraitdə yalnız qruplarla iş formasından deyil, həm də fərdlərlə, cütlərlə və kollektivlə iş formalarından da istifadə olunur. Ona görə də fəal təlim şəraiti yaratmaq istəyən hər bir müəllim onun üçün müəyyən olunmuş pedaqoji tələbləri düzgün bilməli və ondan yerində  istifadə etməyi bacarmalıdır.

Dərs də təlimin əsas təşkilat forması kimi müəllimlərin istifadə etdiyi təlim texnologiyalarından biridir. Fənlər üzrə yeni təhsil proqramlarında (kurikulumlarda)  bu ehtiyac nəzərə alınmaqla orada dərsin məzmun və strukturuna aid tövsiyələr və dərs planı nümunələri verilmişdir. Eləcə də pedaqoji mətbuatda müəllimlərin öz təcrübələrinə əsasən hazırladıqları dərs nümunələri çap olunmuşdur. Lakin buna baxmayaraq, dərs təlimin təşkili  forması kimi həmişə müzakirə obyekti olaraq  qalmaqdadır.

Ənənəvi olaraq pedaqoji mənbələrdə, xüsusən  metodik  ədəbiyyatlarda dərsin məzmunu,  strukturu,  mərhələləri konkret olaraq verilməklə onları öz fəaliyyətində gözləmək müəllimlərə tövsiyə olunurdu. İnzibati təhsil sistemində xarakterik yanaşma tərzi kimi buna həmişə məqbul bir təcrübə kimi baxılmışdır. Müşahidələr göstərir ki, həmin təcrübə bu gün də davam etməkdədir. Hətta fəal təlimin təşkili formalarından, xüsusən dərsdən bəhs edən mütəxəssislərimiz  demokratik  bir təhsil sisteminin  qurulduğu hazırkı şəraitdə  dərs texnologiyasını dəyişməz, standart bir forma kimi müəllimə təqdim edirlər. Belə bir yanaşma tərzi  kompetensiyaların və təhsil standartlarının reallaşdırılmasını qarşıya məqsəd qoyan təhsil sistemində müəllimin strategiyalar hazırlamaqda  yaradıcılıq imkanlarını məhdudlaşdırır, onları qəlibə salır.

Demokratik prinsiplər əsasında qurulan təhsil sistemində onun təşkili formalarından biri kimi dərsin funksiyaları  koqnitiv (idraki) xarakter alır. Müəllimin yaradıcı fəaliyyətinin müqabilində  qeyri-standart bir forma daşımağa başlayır. Qeyri-standartlıq müasir dərsin əsas atributlarından biri kimi dəyərləndirilir. Müşahidələr göstərir ki, məqamına görə dərs-müzakirə, dərs-ekskursiya, dərs-konfrans və s. kimi qeyri-standart dərs formalarından istifadə olunması təcrübəsi yaranmaqda davam edir. Bölmə iclaslarında bu məsələlərə münasibət bildirilməsinə ehtiyac vardır.

Əslində isə planlaşdırılaraq həyata keçirilən dərs təhsilimizin tarixi boyu müəllimin imkanları daxilində qurulan yaradıcı fəaliyyət nümunəsi olmuşdur. Qabaqcıl müəllimlər öz  zəngin təcrübələrinə istinad edərək  orijinal dərs nümunələri  yaratmışlar. Onlara təklif olunan standart modelləri şagird marağının tələbinə uyğun olaraq  daha təkmil formaya salmaqla genişləndirmişlər. Belə təcrübələr həmişə müsbət qarşılanmışdır. Bu gün də onu davam etdirmək səmərəli təcrübə kimi dəyərləndirilir və müəllimlərə həmin istiqamətdə tövsiyələrin verilməsi faydalı hesab edilir.

Plenar və bölmə iclaslarında şagird fəaliyyətlərinin qiymətləndirilməsi məsələlərinin müzakirə obyektinə çevrilməsi, xüsusilə  aşağıdakı məsələlər ətrafında təkliflərin  verilməsi də qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi  baxımından faydalı bilinir.

Məlum olduğu kimi, ölkəmizin təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi siyasətinin formalaşdırılması istiqamətində xeyli iş aparılmışdır. İlk növbədə, normativ-hüquqi bazanın formalaşdırılması ilə bağlı hökumətin 2006-cı ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin  Konsepsiyası  (Milli Kurikulumu)" sənədində "Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi"nə dair tələblər müəyyənləşdirilmiş, 2009-cu ildə isə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" qəbul olunmuşdur. Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi "Ümumi  təhsilin dövlət standartları və proqramları (kurikulumları)" sənədində isə təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi" adlı bölmə verilmişdir. Eləcə də Azərbaycan Respublikasının təhsil naziri tərəfindən təsdiq olunmuş fənlər üzrə təhsil proqramlarına (kurikulumlara)  "Şagird nailiyyətlərinin qiymətləndirilməsi" adda bölmə daxil edilmişdir. Normativ-hüquqi bazanı möhkəmləndirməyə xidmət edən bu sənədlərdə daha çox şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı ümumi məsələlər əhatə olunmuşdur. Əsasən  qiymətləndirmənin məqsəd və vəzifələri, əhəmiyyəti, növləri, formaları barədə konseptual xarakterli fikirlər ifadə olunmuşdur. Biz bu məsələlər ətrafında fikir mübadiləsi aparmaqla daha çox müasir təhsilimizin prioritet məsələsi kimi qiymətləndirmənin ümumi fəlsəfi, metodoloji aspektlərdə mahiyyətini dərk edir, onun tətbiqi ilə bağlı potensial imkanlarımızı genişləndirmiş oluruq. Eyni zamanda qiymətləndirmənin humanist təhsil texnologiyalarından biri kimi tətbiq olunması barədə praktik fikirlər söyləmək imkanı əldə edirik.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin xüsusi məktubla məktəblərə göndərdiyi şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə prosedur qaydalar da vardır ki, onlar da məktəbə, müəllimlərimizə kömək məqsədi ilə hazırlanmışdır.

Əvvəla onu nəzərə almaq lazımdır ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi özündə qiymətləndirmənin prinsiplərini, məzmununu (qiymətləndirmə  standartlarını), qiymətləndirmə vasitələrini, qiymətləndirmənin növ və formalarını əhatə edir. Eyni zamanda qiymətləndirmə sisteminin tətbiqi üçün zəruri prosedur qaydalar tələb olunur. Hazırda bu sistemin tamamlanması üzrə iş aparılır. Ancaq onu nəzərə almaq lazımdır ki, müəllimlər mövcud qiymətləndirmə sənədləri əsasında özlərinin işini davam etdirə bilərlər.Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə hansı sahələrdə boşluqların olduğu hiss edilərsə, o zaman fəal və qabaqcıl müəllimlərdən ibarət işçi qrupu yaradaraq həmin boşluğu doldurmaq üçün müvəqqəti olaraq tədbirlər müəyyənləşdirmək, istifadəyə yararlı tələblər hazırlamaq olar və bu barədə əlaqədar distansiyalara ardıcıl və sistemli hesabatlar, məlumatlar verməklə fəaliyyətlərini qura bilərlər.

Təcrübələr onu göstərir ki, müəllimlər subyektiv mülahizələrinə əsasən hansısa qiymətləndirmə növünü daha önəmli hesab etməklə onu qabarıqlaşdırmağa, başqalarından fərqləndirməyə çalışırlar. Nəzərə alınmalıdır ki, hər bir qiymətləndirmə növü öz mövqeyinə görə əhəmiyyətli hesab edilir və əvəzolunmazdır. Lakin şagirdlərin bilik, bacarıq və keyfiyyətləri summativ (ümumiləşdirici) qiymətləndirilmənin nəticəsi olaraq dəyərləndirilir və şagird bu qiymətləndirmə növünün nəticəsi olaraq  bir səviyyədən digər səviyyəyə keçir. Ona görə də qərarların qəbul olunmasında summativ qiymətləndirmənin nəticələrindən istifadə olunur. Digər qiymətləndirmə növləri onu əvəz edə bilmir.

Heç şübhəsiz, şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində hansı mexanizmlərin çətinlik yaratması, işləməməsi, yaxud müəllim və şagirdlərin potensial imkanlarından kənar olması plenar və bölmə iclaslarında müzakirə olunmaqla kollegial qərarlar qəbul edilməli  və təkliflər verilməlidir.

Təhsilin, məktəbin yenidən qurulduğu hazırkı şəraitdə onun normativ-hüquqi qaydalara uyğun idarə olunması səriştə və bacarıq tələb edir. Əslində bu, təhsilin inkişafında idarəetmə mədəniyyəti kimi diqqəti cəlb edən, bacarıqlar sistemindən ibarət keyfiyyət göstəricisidir. Bu bacarıqların formalaşması üçün ardıcıl və sistemli qaydada iş aparmaq, məktəb rəhbərlərinin liderlik imkanlarını meydana çıxarmaqla onun bir dəyər kimi formalaşmasına çalışmaq vacib hesab edilir. Təəssüflə qeyd etmək lazımdır ki, bu baxımdan arzu və istəklərimiz çox olsa da, fəaliyyətlərimiz onları reallaşdırmağa imkan vermir. Təhsilin pillələrində zəif ixtisasyönümlü iş aparılır. Ona görə də  plenar və bölmə iclaslarında təhsil müəssisələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin idarə olunması məsələləri ətrafında müzakirələrin təşkili  tövsiyə olunur.

Məlum olduğu kimi, ümumi təhsilin idarə olunması onun sistemli və məqsədyönlü fəaliyyətinin əsasını təşkil edir. Görünür, elə bu səbəbdən də təhsil qanununda təhsil müəssisələrinin idarə olunmasına ayrıca maddə ayrılmışdır. Orada göstərilir ki, "Təhsil müəssisəsi aşkarlıq və demokratik prinsiplər əsasında bu Qanuna, digər normativ-hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir" ("Təhsil haqqında" Azərbaycan Respublikasının  Qanunu. Bakı. "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009, səh. 47).

"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində göstərildiyi kimi, "Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin  bölüşdürülməsi    inkişafın monitorinqi  prinsipləri  əsasında  həyata keçirilir". Bu prinsiplərin hər birinin nəzərə alınması müasir təhsil texnologiyalarından istifadə zamanı mümkün olur. Ona görə də plenar və bölmə iclaslarında ümumi təhsilin idarə olunmasında müasir mexanizmlərdən istifadə olunması üzərində dayanmaqla daha səmərəli idarəetmə təcrübələrini nümayiş etdirmək, onlardan daha geniş miqyasda istifadə olunması barədə qərara gəlmək olar. Eyni zamanda zərərli təcrübələrin aradan qaldırılması üçün faydalı təkliflər vermək olar.

İstedadlı uşaqlarla iş aparmaq Azərbaycanda təhsil siyasətinin mühüm bir istiqamətini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuş belə bir müddəa vardır: "Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir" (Azərbaycan Respublikasının Konstitusiyası. Azərbaycan dilində. Bakı, "Qanun", 2005, səh. 15). Eləcə də təhsil qanununda qeyd olunur ki, "Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların  təhsil almasına şərait yaradır" ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009, səh. 13). Məlum olduğu kimi, bu gün respublikamızın yeddi məktəbində istedadlılardan ibarət sinif təşkil olunmuş və dərslər keçilməkdədir. Bu eksperimental siniflərdə şagirdlərin məntiqini, nitq mədəniyyətini inkişaf etdirmək, onların yaradıcı təfəkkürlərini formalaşdırmaq prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.

İstedadlılarla iş daha geniş miqyasda anlaşıldığından onun reallaşdırılmasını ölkənin hər bir yerində, hər bir təhsil müəssisəsində, hətta hər bir sinifdə izlənilməsi vacib hesab edilir. Bu məsələ uşaqlarla işləyən hər kəsin diqqət mərkəzində olmaqla onun vətəndaşlıq borcuna çevrilməli, ölkənin təhsil siyasətindən irəli gələn bir vəzifə kimi həll edilməlidir. Plenar və bölmə iclaslarında istedadlıların müəyyən olunması, sinif şəraitində onlara fərdi yanaşılması, onların inkişaf etdirilməsi üçün texnologiyaların hazırlanması istiqamətində müzakirələr və fikir mübadilələri təşkil edilməlidir.

Plenar və bölmə iclaslarında müzakirə olunmalı məsələlərdən biri də məktəb və valideyn münasibətlərinin yenidən qurulmasıdır. Məlum olduğu kimi, məktəb və valideyn əlaqələrinin qurulması pedaqoji məsələ kimi həmişə aktual olmuşdur. Lakin informasiyalı cəmiyyətin yarandığı,  məlumatların  ariyalının genişləndiyi bir zamanda təhsilin məzmununu yeniləşdirmək, təşkilini daha səmərəli qurmaq üçün məktəbin fəaliyyət imkanlarının genişlənməsinə yardım göstərən qüvvələrdən istifadə olunmasına ehtiyac yaranır. Valideyn bunların içərisində maraqlı olan tərəf kimi ən etibarlı qüvvədir. O, müasir təhsil şəraitində özünün əvvəlki seyrçi funksiyasını dəyişməli, məktəbin idarə olunmasında və tədris prosesində fəal iştirakçıya çevrilməlidir. Əks halda, məktəb şagirdlərin təlim-tərbiyəsində öz missiyasını yerinə yetirməklə çətinlik çəkəcəkdir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov  ümummilli  lider  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında bu məsələyə münasibətini belə bildirmişdir: "Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın mənəviyyatının əsasını qoyuruq. Məktəbdə hökm sürən psixoloji atmosfer övladlarımızın gələcək həyat yoluna, mənəvi dəyərlərinə və əqidələrinə, milli identifikasiyasına və vətəndaşlıq hisslərinə bilavasitə təsir göstərir. Mən bu məsələdə valideynlərin də rolunu qeyd etmək istərdim. Təhsil sahəsində nazirliyin və ya təhsil müəssisəsinin təkbaşına səyləri ilə vəziyyətin düzəldilməsinə inanmaq sadəlövhlük olardı. Bu, eyni zamanda hər bir ailənin və bütövlükdə cəmiyyətin ümumi işidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artmalı, bunun üçün islahatlar aparılmalıdır".

Qeyd olunan bu məsələlər ciddi pedaqoji müddəalar kimi gündəmə gətirilməli, müzakirələrin tezislərinə çevrilməlidir. Məktəb-valideyn müstəvisində qarşılıqlı fikir mübadiləsindən irəli gələn və çoxluğun qəbul etdiyi optimal fikirlər əsasında təkliflər verilməlidir.

Mühüm bir məsələ - müəllimlərin hazırlığı məsələsi də sentyabr konfranslarının  gündəmində dayanan məsələlərdən olmalıdır. Çünki təhsil islahatının ən zəruri istiqamətlərindən biri onun hərəkətverici qüvvələrinə çevrilən müəllim kadrlarının pedaqoji-psixoloji cəhətdən inkişaf etdirilməsi, peşəkarlıq cəhətdən müasir texnologiyalarla işləməyə hazırlanmalarıdır.

Artıq  neçə vaxtdır ki, hər  il minlərlə ibtidai sinif və fənn müəllimi təlim kurslarına cəlb olunur, onlara yeni təlim texnologiyaları ilə işləmək üçün sertifikatlar verilir. Keçilən bu kurslar müəllim hazırlığının tələblərinə tam cavab verirmi? Yaxud ongünlük təlim kursları  müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından kifayət edirmi, yoxsa davamlı kursların yaradılmasına ehtiyac vardır?  Müəllim hazırlığının həyata keçirildiyi ali və orta ixtisas təhsili müəssisələrində ilkin müəllim hazırlığı ilə bağlı hansı məsələlərə xüsusi diqqət yetirilməlidir? Yaxud da hər hansı digər bir pedaqoji yanaşma tərzindən istifadə olunmalıdır?  Söz yox ki, bu məsələlərə də  pedaqoji ictimaiyyət tərəfindən münasibət bildirilməlidir. Eyni zamanda məktəblərin pedaqoji-metodik laboratoriyaya çevrilməsi, müəllimin ardıcıl və sistemli olaraq elmi-metodik təminatının ödənilməsi üçün potensial imkanın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.

Plenar və bölmə iclaslarında praktik məktəb psixoloqlarının, məktəb kitabxanalarının, uşaq birliklərinin fəaliyyəti ilə bağlı da məsələlər müzakirə olunmalı, müvafiq təkliflər verilməlidir.

Nəticə olaraq qeyd etmək lazımdır ki, bu il sentyabr konfransları ölkə üzrə qəbul olunmuş "Azərbaycan- 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən fəaliyyətlərdə yeni  mərhələnin başlandığı bir dövrə düşür. Xüsusən ümumi təhsil sahəsində, onun müddətində, keyfiyyətində, infrastrukturunda, eləcə də digər sahələrində böyük dəyişikliklərin gözlənildiyi bir zamanda islahatların daha da genişlənəcəyini nəzərə alaraq  bu barədə öz ideyaları ilə töhfələr vermək hər bir pedaqoji ictimaiyyət üzvünün vətəndaşlıq borcu hesab edilir.

Ümidvarıq ki, bu məqalədə qeyd olunan,  yaxud təhsil islahatları çərçivəsində zəruri hesab edilən qeyd olunmamış hər hansı məsələ ətrafında sentyabr konfranslarının plenar və bölmə iclaslarında müzakirələr aparılacaq, onların nəticələri ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunmaq üçün Təhsil Problemləri İnstitutuna göndəriləcəkdir. 

 

Qulu NOVRUZOV,

 

Təhsil Problemləri İnstitutunun direktoru,  hüquq elmləri üzrə fəlsəfə doktoru,

 

Ənvər ABBASOV,

 

Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2013.- 23 avqust.- S. 3.