Sümük iliyi transplantasiyasının
banisi
Amerikalı
nobelçi alim öz kəşfi ilə yüz minlərlə
insanın həyatını xilas etmişdir
XX əsrdə
elmin müxtəlif sahələri üzrə diqqətəlayiq
kəşflərə imza atılmışdır. Fiziologiya və
tibb sahəsində əldə olunmuş nailiyyətlərdən
danışanda dünyada ilk dəfə insanlar üzərində
sümük iliyinin köçürülməsi əməliyyatlarını
həyata keçirmiş amerikalı həkim-transplantoloq
Edvard Donnall Tomas yada düşür.
Onun həyat və elmi karyerası uzunsürən mübarizələr,
saysız-hesabsız çətinliklər, təzadlar, bəzən
də sarsıntılarla zəngin olmuşdur. Lakin elmi
araşdırmaları ilə dövrünün ən məşhur
alimlərini belə təəccübləndirə
bilmiş Tomas bir an geri çəkilməmiş,
özünün yaratdığı tədqiqatçı
qrupla tibb elmində yeni istiqamətin əsasını
qoymuşdur.
Uşaqlıq və
gənclik illəri
Edvard Donnall Tomas (Thomas Edward Donnall) 1920-ci il martın 15-də Amerikanın Texas ştatının Mart şəhərciyində anadan olmuşdur. Onun atası həkim idi. Edvard Tomas orta məktəb illərində xüsusi qabiliyyəti ilə yaşıdlarından seçilməmişdir. O özü bu barədə sonralar Nobel Mükafatları Komitəsi üçün yazdığı tərcümeyi-halında qeyd etmişdir: "Oxuduğum sinif 15 şagirddən ibarət idi. Mən hətta bu kiçik qrupda heç də qabiliyyətli şagird deyildim".
Tomas 1937-ci ildə Ostindəki Texas Universitetinə daxil
olmuşdur.
O, burada kimya və kimya texnologiya fənnini öyrənmişdir.
Universitetin ilk semestr imtahanlarını Tomas
uğurla vermişdir. Lakin yuxarı kurslarda oxuyarkən
onun diqqəti əsasən elmi tədqiqatlara yönəldiyindən
semestr imtahanlarına hazırlaşmaq bir qədər çətinlik
yaratmışdır. Çünki Tomas dərslərdən əlavə,
həm də
dərindən aludə olduğu tədqiqatlarına pul
toplamalı idi. Universitetdə
oxuduğu bütün illərdə Tomas demək olar ki, bir
çox iş yerlərini dəyişmişdir. Maliyyə vəziyyəti tədqiqatlar aparmağa
imkan vermirdi. Buna görə də o, rast gəldiyi
hər bir təsadüfı işdən ikiəlli
yapışardı. O, gələcək həyat yoldaşı
Marti Doroti ilə də Texas Universitetinin yeməkxanasında
ofisiant işləyərkən tanış
olmuşdur. Bu tanışlıq onların ailə
qurması ilə nəticələnmişdir. Onların 3 uşağı anadan olmuşdur. Marti Doroti
heç ağlına da gətirə bilməzdi ki, universitetin
jurnalistika ixtisasını yarımçıq qoyaraq ərinin
elmi tədqiqatlarına qoşulacaq və bununla da gələcəkdə
onun ali elmi mükafat qazanmasında payı olacaq. Marti Doroti Tomasın
istəyi ilə yerli tibb mərkəzlərinin birində 2
illik laborator-texnik kursu keçərək tibbi araşdırmalara
qoşulmuşdur. E.Tomas 1941-ci ildə bakalavr, daha iki il sonra isə
magistr dərəcəsi almışdır. 1943-cü ildə Harvard Tibb Məktəbinə daxil
olan Tomas 1946-cı ildə tibb doktoru elmi dərəcəsi
almışdır.
"Qorxunc əməliyyatlar"
Edvard Tomas hələ Harvardda oxuduğu illərdə
sümük iliyi və leykemiya xəstəlikləri ilə
maraqlanmağa başlamışdır.
O, 1955-ci ildə Kolumbiya Universitetinin filialı olan Bassett
Mary Imogene hospitalında baş həkim təyin olunmuşdur.
O bu hospitalda ölümcül miqdarda radiasiya dozaları alan, sonradan isə sümük iliyi
köçürülməklə xilas edilən gəmiriciləri
tədqiq etməyə başlamışdır. O vaxtlar sümük iliyi
transplantasiyası əməliyyatı keçirmiş
bütün pasiyentlər gəmiricilərin üzərində
aparılmış tədqiqatlar gedişində rast
gəlinməmiş infeksiya və ya
immun sistemi xəstəlikləri nəticəsində
ölürdü. Tomas model sistem kimi itlərdən istifadə
etməyə başlamışdır. 1963-cü ildə o öz laboratoriyasını Siettl ştatına
köçürmüşdür.
Edvard
Tomas sümük iliyi transplantasiyası sahəsində öz elmi tədqiqatlarına
hələ 50-ci illərdə başlamışdır. O zaman
orqan köçürülməsi birmənalı qəbul
olunmurdu. Çünki əməliyyatın nəticələrini
təsəvvür etmək mümkün deyildi, buna görə
də çoxlarına qorxunc gəlirdi. Bir
çox pasiyentlərin immun sistemi ya köçürülmüş
sümük iliyini rədd, ya da ki, immun sisteminə malik
sümük iliyi böyrəkləri, ciyərləri və xəstənin
digər orqanlarını məhv edirdi. Həkimlərin
çoxu hesab edirdi ki, sümük iliyinin
köçürülməsi heç vaxt təhlükəsiz
olmayacaq. Lakin Tomas uğur əldə edəcəyinə
inanır və inadkarlıqla bu problem üzərində axtarışlarını
davam etdirirdi. Baxmayaraq ki, öz pasiyentlərini
böyük təhlükə altında qoymasına dair
çoxsaylı irad və tənqidlərlə üzləşirdi.
Tomas
müsahibələrinin birində demişdir: "Mənim iki
yaxşı
xüsusiyyətim var. Birincisi, mən inadkaram və
həmişə öz işlərimi davam etdirirəm. İkincisi isə mən həmişə
özümə birgə işləmək üçün
lazım olan adamları tapmağı bacarıram".
1955-ci ildə doktor Cozef Ferrebinin dəvəti ilə
Tomas Kolumbiya Universitetinin Nyu-Yorkdakı tibb xəstəxanasında
işə düzəlmişdir. Tomas öz komandası
ilə birlikdə insanlar üzərində sümük iliyi
transplantasiyası sahəsində tədqiqatlara
başlamışdır. Tədqiqatlar eyni
vaxtda itlər üzərində də aparılırdı.
İtlər üzərində
aparılmış tədqiqatlar daha çox fundamental əhəmiyyət
kəsb edirdi. Çünki əldə
olunmuş müsbət nəticələr insanlar üzərində
əməliyyatlar aparılmasına yol açırdı.
Tomas sonralar xatırlayırdı: "Soyuq qış günləri
bizim tədqiqatlarımızın sonrakı gedişinə dərindən
təsir göstərmişdir. Fundamental anlayışların
bir çoxunun əsası məhz bu illərdə
qoyulmuşdur. Bizim həkim və tibb
bacılarından ibarət komandamız öz işinə sədaqətli
və əzmkar idi. Biz doğrudan da aradan qaldırılması getdikcə
çox çətin olan problemlərlə üzləşirdik". Doğrudan da
Tomasın komandası ciddi problemlərlə
qarşılaşmışdır. Amerikanın federal
hökuməti 1972-ci
ildə Tomasın
Siettldəki laboratoriyasının bağlanması barədə
qərar qəbul etmişdir.
Tibb məktəbinin dekanlığı ilə
aparılmış danışıqlar gedişində
Tomasın komandası sümük iliyi sahəsində
aparılmış tədqiqatlarda bir sıra mütərəqqi
nəticələr əldə olunduğunu sübuta yetirməyə
çalışmış və buna qismən də nail ola bilmişdir. Nəticədə Tomasın
laboratoriyası üçün tibb mərkəzinin zirzəmisində
kiçik bir otaq ayrılmışdır. Tomasın həmkarları
bu zirzəmidə iki il ərzində
çox gərgin tədqiqatlar aparmışdır.
Tomas Ferrebi ilə birlikdə şüa və kimya
terapiya vasitəsi ilə leykemiya xəstələrini
müalicə etməyə cəhd etmişdir. Köçürülmüş
sümük iliyi bir neçə xəstədə həyati əlamətlər
göstərmişdir, lakin onlardan heç biri 100 gündən
artıq yaşamamışdır. Bir
sıra digər çoxsaylı cəhdlər də
uğursuzluqla nəticələnmişdir. Köçürülmüş hüceyrələr
xəstənin orqanizmi tərəfindən rədd
edilmişdir. Bütün bu uğursuzluqlardan sonra Tomas
geri çəkilməli idi... Lakin o bu barədə
fikirləşmirdi. O, inadkarlıqla
köçürülmüş sümük iliyinin yaşaması
üçün yeni eksperimentlər qoymağa
başlamışdır.
Novator həkim bu məsələyə bir daha 12 ildən sonra
qayıtmışdır. O, tibb bacıları, texniklər və həkimlərdən
ibarət yeni qrup yaratmışdır. İlk vaxtlarda həyatlarının
son günlərini yaşayan xəstələr üzərində
tədqiqatlar aparılmışdır. Tomas
qeyri-adi addım ataraq pasiyentlərinin bütün zəruri
ehtiyaclarının təmin olunmasını, onlara qulluq
göstərilməsini öz üzərinə
götürmüşdür. Bir sıra
prosedurları Tomas özü yerinə yetirirdi. Bütün səylərə baxmayaraq, xəstələrin
əksəriyyəti ölmüşdür, lakin onlardan bəziləri
sağ qalmışdır. Aparılmış
əməliyyatlar gedişində üzə
çıxmış orqanların uyğunsuzluğu probleminin
aradan qaldırılması yönündə ilk müsbət
nəticələr Tomasın işlərinin uğurlu məcrada
inkişafına imkan yaratmışdır.
1975-ci ildə Edvard Tomas "The New England Journal of
Medicine" jurnalında sümük iliyi transplantasiyasına
dair iki məqalə dərc etdirmişdir. Məqalələrdə
heyvanlar üzərində aparılmış əməliyyatların
insanlar üzərində uğurlu tətbiqinin
mümkünlüyündən bəhs olunurdu.
E.Tomas 100 xəstədən 13-nün
sağaldığını xəbər vermişdir. Leykemiyalı xəstələrin
60 faizinin sağalması isə Tomasın komandasının böyük
uğuru idi.
Ağır xəstəliyin müalicəsində
əsl inqilab
1969-cu ildə
Tomas öz komandası ilə sümük iliyinin
köçürülməsi üzrə ilk əməliyyat
aparmışdır. O, əməliyyat üçün xəstənin
doğma qardaşının sümük iliyindən istifadə
etmişdir. Həkimlər 8 il sonra analoji əməliyyat
aparmışdılar, bu dəfə isə xəstə ilə
qohumluq əlaqəsində olmayan donorun sümük iliyindən
istifadə olunmuşdur. Bu uğur 11 milyon
sümük iliyi donorunun verilənlər bazasının
formalaşdırılmasına imkan vermişdir.
Edvard Tomas sümük iliyi transplantasiyası sahəsində
"pioner" hesab olunur, məhz onun hazırladığı
metod leykemiya kimi ağır xəstəliyin müalicəsində
əsl inqilab yaratmışdır. Bu metod sayəsində
pasiyentlərin sağ qalma faizi 0-dan 90 faizə qədər
yüksəlmişdir. Alimin keçmiş
həmkarlarının birmənalı qeyd etdikləri kimi,
Tomasın kəşfi bütün dünyada yüz minlərlə
insanın həyatını xilas etmişdir. Tomas öz tədqiqatlarına
başladığı illərdə həkimlər
transplantasiyaya ən son cəhd kimi baxırdılar.
Pasiyentlər çox təhlükəli əməliyyatdan
sonrakı ağırlaşmalardan əziyyət çəkirdilər
və onların sağ qalma ehtimalı çox aşağı idi.
1975-ci ildə Tomas həmkarları ilə birlikdə Fred
Xatçinson Onkologiya Tədqiqatları Mərkəzinə
köçmüşdür. Burada onlar
üçün xeyli əlverişli şərait var idi.
Tezliklə Tomas və onun həmkarları İsveçdəki
Tibb Mərkəzi ilə əməkdaşlıq əlaqəsi qura
bilmişdir. Fred Xatçinson Onkologiya Tədqiqatları
Mərkəzində doktor Tomasın rəhbərliyi və
novator həkimlərin iştirakı ilə minlərlə
insan leykemiya xəstəliyindən müalicə olunmuşdur.
Tomas pasiyentin xəstə sümük iliyini
radiasiyanın ölümcül dozaları və kimyəvi
terapiya üsulları ilə dağıtmaqla və sonradan ona
sağlam ilik maddəsi yeritməklə xəstəni
sağaltmaq kimi riskli addım atırdı. Məqsəd qanın xərçəngdən
təmizlənməsinə və immun sisteminin
funksiyasının tam
bərpa olunmasına nail olmaq idi.
Tomas uzaqgörən idi və apardığı tibbi
araşdırmaların uğur qazanacağına ürəkdən
inanırdı. Və bu inam sonda ona və komandasına
dünya şöhrəti qazandırmışdır.
1990-cı
ildə Edvard Tomas
tibb professoru Cozef Müreylə birlikdə fiziologiya və tibb
sahəsində "xəstəliklərin müalicəsində
orqan və hüceyrələrin
transplantasiyasına dair" kəşfə
görə Nobel mükafatına layiq
görülmüşdür.
Gözlənilməz zəng
Edvard Tomas bir gün fiziologiya və tibb sahəsində
Nobel mükafatına layiq görüləcəyini heç
vaxt gözləmirdi. Ali mükafat, məlum olduğu kimi,
pasiyentlər üzərində kliniki araşdırmalar aparan
həkimlərə deyil, fundamental elmi nəticələrə
nail olan alimlərə verilir. Edvard Tomas ali
mükafat alması barədə ilk xəbəri 1990-cı il
səhər 03:40-da almışdır. Gecəyarısı
olan telefon zəngini Tomas zarafat kimi qiymətləndirmişdir. Lakin Nyu-Yorkdan olan reportyor israrla Tomasa ali mükafata layiq
görüldüyünü bildirmiş və ondan
sümük iliyinin transplantasiyası
barədə müsahibə
verməsini xahiş etmişdir.
"Mən
çarpayımda oturaraq 5 dəqiqə ərzində
jurnalistə onu maraqlandıran suallara cavab verməli oldum. Yoldaşım isə yarıyuxulu halda "siz nə
edirsiniz, gecəyarısı müsahibəyə necə
razılıq verdiniz" deyərək mənə etiraz etdi.
Mən ona "bu reportyor deyir ki, mən Nobel
mükafatına layiq görülmüşəm" dedim. O
isə yorğun halda "bu,
yaxşıdır" deyərək
başını örtməklə tezliklə
yarımçıq qalmış yuxusuna davam etməyə cəhd
etdi. Lakin bir saniyə sonra o, çarpayıda
oturaraq "Nə? Sən nə dedin?" deyə
qışqırırdı!". Gecəyarısı Tomas ailəsinə olan telefon zəngləri
səhərə qədər davam etmişdi. Ailə gələn zənglərə cavabları
çatdıra bilmirdi. Nyu-York polisi alimin telefon zənglərinə
niyə cavab verməməsinin səbəbini öyrənmək
üçün onun evinə təşrif buyurmuşdur.
Edvard
Tomas Stokholma ali mükafatın təqdim olunması mərasiminə
həyat yoldaşı və üç övladı, eləcə
də bir neçə əməkdaşı ilə birlikdə getmişdi.
Qeyd edək ki, Edvard Tomas bütün Nobel
mükafatını işlədiyi Siettldəki doğma
instituta xərcləmişdir.
Nobel
mükafatına layiq görüldüyünü eşidəndə
ilk növbədə tibb bacısına minnətdarlıq
etmişdir
Fred
Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun direktoru,
Vaşinqton Universitetinin professoru Frederik Appelbaum yaxından
tanıdığı, uzun illər birlikdə
çalışdığı alimi
belə xarakterizə etmişdir: "Don (Donnall) qeyri-adi, çox ağıllı,
dərin yaddaşa və hafizəyə malik idi. O, hər
şeyə maraq kəsilərdi. Sizin üzərində
işlədiyiniz hər hansı məsələ onun
üçün maraqlı görünsə, o dərhal
yanınıza gələr və sizdən dərs
almağı belə özünə rəva görərdi.
O, çox sakit idi, həmkarlarına geniş diskussiyalar
aparmağa imkan verərdi. Öz ətrafında
gözəl rəhbərlik aurası yaratmışdı.
O danışanda hamı qulaq asmalı idi. Həmkarlarının
əsaslandırılmış arqumentlərini, səliqə
ilə yazılmış rəylərini maraqla gözdən
keçirərdi. Səliqəsiz ifadələr,
yerində deyilməmiş arqumentlər onun üçün
qeyri-məqbul idi. Olduqca təvazökar idi
və həmkarları, dostları, eləcə də
tanışları tərəfindən təriflənməsinə
heç vaxt imkan verməz, onların sözlərini kəsərdi.
O, həmişə başqalarının xidmətlərini qiymətləndirməyə
çalışardı.
Onun karyerasında iki mühüm cəhət
özünü aydın göstərirdi. Birincisi, Don doğrudan da
sümük iliyi transplantasiyası ideyasına inanırdı
və bu yolda hər şeydən, hətta evindən belə keçməyə
hazır idi. Digər onkoloji mərkəzlərin
daha geniş kliniki proqramlar inkişaf etdirdikləri bir vaxtda,
Don bütün səylərini Fred Xatçinson Elmi-Tədqiqat
Onkologiya Mərkəzində sümük iliyi
transplantasiyasına yönəltmişdir. Onun
komandasına qəbul olunan hər bir yeni işçi bu
istiqamətdə fəaliyyət göstərirdi. Onun karyerasında ikinci mühüm cəhət xəstələrə
yanaşma, transplantasiyanın çətinliklərinin dərk
olunması ilə bağlı idi. Transplantasiyadan
sonra bir çox xəstələr infeksion xəstəliklər,
mədə-bağırsaq pozğunluqlarından əziyyət
çəkirdilər. Tomas öz
komandasına elə işçilər
götürürdü ki, onlar adıçəkilən
problemlərin aradan qaldırılmasında xəstələrə
peşəkar xidmət göstərə bilsinlər. Dona görə, bütün bunlar transplantasiyanın
uğurla nəticələnməsini şərtləndirən
amil idi. O eşidəndə
ki, Nobel mükafatına layiq görülüb, ilk növbədə,
işə qaçaraq əldə etdiyi elmi uğurda böyük töhfəsi
olan tibb bacısına öz dərin minnətdarlığını
çatdırmışdır".
Qayğıkeş müəllim,
dost, həmkar...
Edvard Tomas elmi karyerası ərzində bir neçə
qiymətli kitab yazmışdır. "Aplastik anemiya" (1978),
"Sümük iliyi köçürülməsinin sərhədləri:
embrional
hematopoiesis" (1991), "Hüceyrə
transplantasiyası hematopoietic" (1999-cu il, Stiv Forman və
Karl Blum ilə birlikdə) kitabları ona tibb aləmində
şöhrət qazandırmışdır.
Edvard Tomas Vaşinqton Universitetində
müəllimlik fəaliyyəti ilə məşğul
olmuş və Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya
İnstitutunda (Fred Hutchinson Cancer Research Center) çalışmışdır.
O, 1974-cü ildə Xatçinson mərkəzinin ilk direktoru
seçilmişdir. Hazırda bu mərkəz
dünyada xərçəng xəstəliklərinin
müalicəsi ilə məşğul olan ən böyük
elmi tədqiqat institutlarından biridir.
1982-ci ildə Tomas Amerika Milli Elmlər
Akademiyasının üzvü seçilmişdir. 1990-cı ildə
Vaşinqton Universitetinin fəxri tibb professoru adına və
milli elm medalına layiq görülmüşdür. 1990-cı ildə
Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun direktoru
vəzifəsindən istefa verən Tomas 2002-ci ildə təqaüdə
çıxmışdır.
Təxmini hesablamalara görə, təkcə 2012-ci ildə
bütün dünyada sümük iliyi transplantasiyası
üzrə 65 min əməliyyat aparılmışdır. Tomasın ilk uğurlu əməliyyatlarından
keçən müddət ərzində 1 milyon sümük iliyi
köçürülmüşdür.
"Don
Tomas həmişəlik bütün dünyada sümük
iliyinin transplantasiyasının atası kimi tanınacaq,
lakin Fred Xatçinsondakı
keçmiş həmkarları onu dost, həmkar, hami və
pioner kimi tanıyacaqlar", - deyə elmi-tədqiqat mərkəzinin
prezidenti Lari Kori demişdir. Həmkarları onu qayğıkeş müəllim
kimi xatırlayırlar. O, tələbələrinə,
tabeliyində olan işçilərə qarşı olduqca
qayğıkeş münasibəti və diqqətcil olması
ilə seçilmişdir. Olduqca səxavətli və həm
də tələbkar olan Tomas tələbələrinə
işləmək üçün müxtəlif mövzular
verər, fikirlərini, gəldikləri qənaətləri dinləyərək
onları istiqamətləndirərdi.
Alim
Don-kiçik, Cefri və Eleyn adlı üç
övladı, 8 nəvə-nəticəsi ilə son günlərində
Texas ştatında yaşamışdır. Bir
vaxtlar övladları da valideynlərin işlədiyi mərkəzdə
onunla çiyin-çiyinə işləmişlər. Həyat
yoldaşı Marti Doroti 2000-ci ildə mətbuata verdiyi
açıqlamada "biz öz işimizlə məşğul
olmağı çox sevirik. Başqa bir işlə
məşğul olmağı və başqa cür
yaşamağı isə təsəvvürümüzə
belə gətirə bilmirik" demişdi.
Novator
alim, həkim-transplantoloq 2012-ci il oktyabrın 20-də
92 yaşında ürək
çatışmazlığından vəfat etmişdir.
...Doktor Tomasın bütün dünya üzrə on minlərlə xəstəsi olmuşdur. Alim həyatının son günlərində belə keçmiş xəstələrini bir-bir xatırlayırdı. Tomas əməliyyatlar gedişində dünyasını dəyişmiş xəstələrinin adlarını səhvsiz çəkə bilirdi. 2012-ci ilin payızında onun keçmis xəstələri öz ehtiramlarını çatdırmaq və onlar üçün əziz bir insanın xatirəsini yad etmək üçün dünyanın dörd yanından Texasa axışmışdılar. Bu insanlar ölümcül xəstəlikdən xilas olmuşdular, öz ailələrinə, qohumlarına qovuşmuşdular. Onların arasında yaşlılar, uşaqlar var idi. Bu insanlar yenidən dostlar qazanmış və öz karyeralarını bərpa etmişlər. Onlar ümidsizliyə qapıldıqları vaxtda onları ruhdan düşməyə qoymamış, onlara yaşamaq üçün yeni ruh vermiş bir insana - doktor Edvard Tomasa minnətdarlıq edirdilər. Onlar "Sağ olun, doktor Don!" deyə öz ehtiramlarını bildirirdilər.
Hazırladı:
Oruc MUSTAFAYEV
Məqalədə
Nobel Mükafatları Komitəsinin, Britaniya Ensiklopediyasının,
Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun
materiallarından istifadə olunmuşdur.
Azərbaycan müəllimi.- 2013.-
30 avqust.- S.5.