İtaliyada alman dili müəllimlərinin
XV ümumdünya qurultayı
keçirilmişdir
Ümumdünya Alman dili Müəllimləri Birliyinin təşəbbüsü ilə bu günlərdə İtaliya Respublikasının Botsen şəhərində alman dili müəllimlərinin XV qurultayı keçirilmişdir. Qurultayda dünyanın 110 ölkəsindən 2700 nəfərə yaxın nümayəndə iştirak edirdi. Azərbaycan müəllimlərini qurultayda bir qrup qabaqcıl ali və orta məktəb müəllimləri təmsil edirdilər.
Qurultayda əsas məqsəd alman dilinin Avropada, eləcə də bütün dünyada inkişafına təkan vermək, onun ali və orta məktəblərdə tədrisini daha da yaxşılaşdırmaq, bu istiqamətdə təcrübi və nəzəri tədqiqatları gücləndirmək idi. Qurultayın təntənəli açılışı Botsen Universitetinin bayramsayağı bəzədilmiş akt salonunda oldu. Qurultayın açılışını hamının izləməsi məqsədilə universitetin ən böyük auditoriyalarında geniş ekranlar quraşdırılmışdı.
Ümumdünya Alman dili Müəllimləri Birliyinin
prezidenti, professor
Marianne Hepp qurultayı
açdı. Açılış
mərasimində çıxış
edən Cənubi Tirol
vilayətinin başçısı
Luis Durnvalder, vilayət
məclisinin Təhsil
və alman mədəniyyəti üzrə
sədri Sabina Kasslatter
Mui, Botsen şəhər rəhbərliyi
adından Luigi Spagnolli,
Botsen Azad Universitetinin
rektoru, professor Valter Lorents, Botsen Avropa Akademiyasının prezidenti Verner Stuflesser və başqaları qurultayın
əhəmiyyətini qeyd
edib onun işinə uğurlar arzuladılar.
Musiqiçilər qurultay iştirakçılarını
alman, italyan və başqa dillərdə mahnılarla
salamladılar.
Bir həftə
davam edən qurultay öz işini 8 mövzu sahəsi üzrə 48 paralel bölmədə apardı. Əsas məruzə ilə professorlar Monika Dannerer (Almaniya), Christian Fandryx (Almaniya), Volfgang Hacki (Avstriya), Claudio Meola (İtaliya) və başqaları çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki,
alman dili dünyanın ən inkişaf etmiş, çox öyrənilən
dillərindən biridir. Avropada hər
dörd nəfərdən
birinin ana dili alman dilidir.
Alman dili Almaniya Federativ
Respublikasında, Avstriyada,
İsveçrədə dövlət
dilidir. İtaliyanın Cənubi Tirol vilayətində,
Lixtensteyndə, Lüksemburqda
da bu dildə
danışırlar. Dünyanın bir çox yerində isə alman dili xarici
dil kimi öyrənilir.
Azərbaycan Respublikasından gəlmiş
nümayəndələrdən Leyla Qasımzadə, Aynurə Əbdulova, Səkinə Əhmədova,
İradə Quliyeva, Samirə Adışova, Həcər Hacıyeva və başqaları qurultayda fəal iştirak etməklə bərabər, Azərbaycanın
tarixi, onun Qarabağla bağlı problemi və respublikamızın
bugünkü inkişafı
barədə də ətraflı məlumat verdilər.
Bu sətirlərin müəllifi
respublikamızın bu
günündən söhbət
açıb, ulu öndərimiz Heydər Əliyevin sərəncamı
ilə yaradılmış
Azərbaycan Müəllimlər
İnstitutundan, xarici dillərin daha yaxşı tədrisi üçün görülən
tədbirlərdən danışdı. Bir qrup qurultay nümayəndəsinə
hədiyyə olaraq respublikamızın üçrəngli
miniatür bayrağı
və Azərbaycanın
gözəlliklərini əks
etdirən bukletlər
verildi.
Təşkilatçılar qurultay iştirakçılarının
asudə vaxtlarının
səmərəli təşkilini
də unutmamışdılar. Bu baxımdan İtaliyanın
Venetsiya, Almaniyanın
Münhen şəhərlərinə
təşkil olunmuş
birgünlük gəzintilər
maraqlı və yaddaqalan oldu.
Müəllimlər birlikləri arasında gələcək
əlaqələrin yaradılması
və alman dili müəllimlərinin
əməkdaşlığı, alman dilini öyrədənlərin
ixtisasının artırılması
və təkmilləşdirilməsinə
köməklik göstərmək,
xarici dil kimi alman dilinin
sonrakı inkişafı,
alman dilinə olan müvafiq maraq-tələb, bir-birindən
fərqli mədəniyyət
sahəsində qarşılıqlı
anlaşma və təcrübə mübadiləsi
və sair kimi məsələlərin
araşdırılması və
yolların göstərilməsi
baxımından qurultay
hər bir iştirakçı üçün
əhəmiyyətli oldu.
Alman dili müəllimlərinin növbəti XVI ümumdünya qurultayının İsveçrənin Frayburq şəhərində keçirilməsi qərara alındı.
Namaz MANAFOV,
AMİ-nin Mingəçevir
filialının xarici dillər
kafedrasının müdiri, dosent
Azərbaycan
müəllimi.- 2013.- 30 avqust.- S.6.