İnteraktivlik əsas amildir
Kurikulumların həyata keçirilməsində səmərəli nəticələrə nail olmaq üçün müəllim bütün imkanlardan maksimum istifadə etməlidir. Şagirdlərdə fənlərə marağın yaradılmasında müəllimin novatorluğu da əsas amillərdən biridir. Müəllim dərsi elə qurmağa çalışmalıdır ki, şagirdlər təlim prosesində fəal iştirakçı olmaqla yanaşı, yeni bilik və bacarıqlara böyük maraq və həvəslə yiyələnsinlər. Çünki bu zaman qazanılmış nailiyyətlər davamlı və möhkəm olur. Müəllim təlim prosesində fənlərarası və fəndaxili inteqrasiyadan istifadə etməklə özünün də müxtəlif fənlərə dair bilik və bacarıqlarının potensial imkanlarını üzə çıxarır. Şagirdlərdə zehni qabiliyyətlərin, axtarış və tədqiqatlara müstəqil yanaşma bacarıqlarına nail olma vərdişləri yaranır.
Bu zaman müəllim bilmədiklərini öyrənməkdə onlara yardımçı olur. Məsələn, III sinifdə Azərbaycan dili fənnindən "Dini bayramlarımız" mövzusunu keçərkən şagirdlərə elmi biliklərin verilməsində bəzi məqamları çatdırmağı zəruri hesab edirəm. Bu prosesdə şagird müxtəlif üsullarla məlumatları toplayır, onlara proqnoz və şərhlər verir, sualları cavablandırır, mühakimə yürüdür, təqdimat edir və s.
Şagird mənəviyyatımızın formalaşdırılmasında dinin rolunu anladığını, hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. Sinfə müraciət edirəm:
- Novruz bayramını hər il martın 20-21-də keçirdiyimiz halda dini bayramlarımız olan Ramazan və Qurban bayramlarını nə üçün hər il fərqli günlərdə qeyd edirik?
Bu zaman yaranmış situasiya şagirdləri düşünməyə məcbur edir, onlar cavab verməkdə çətinlik çəkirlər.
Mətnin ilk abzaslarını oxuyur və suallar qoyuram:
- Hansı təqvimləri tanıyırsınız?
- Onlar necə adlanır?
Suallara müvafiq cavablar alıram. Sonra mətnin digər abzaslarını da hissələrlə oxuyur və lövhədəki sualların cavablandırılması üçün sinfə müraciət edirəm:
- Nə üçün orucluq bayramına Ramazan bayramı da deyilir?
- Müsəlman ayları niyə Günəş təqvimindəki aylarla üst-üstə düşmür?
- Hicri və miladi təqvimləri haqda nə deyə bilərsiniz?
- Onların fərqi nədir?
Sonra siniflə hər iki təqvimə dair hazırladığım cədvəl üzrə iş aparıram. Belə ki, cədvəlin II hissəsinin üstünü örtürəm. Şagirdləri fəallaşdırmaq məqsədilə ayların ingilis və türkcə adlarını da soruşuram.
Venn diaqramı üzrə iş davam etdirilir, oxşar və fərqli cəhətlər araşdırılır. Novruz bayramı ilə əlaqədar sinfə müraciət edirəm:
- Novruzda süfrəyə S hərfi ilə başlanan hansı qidalar qoyulur? (Səməni, su, süd, sumaq, sarımsaq, sarıkök, sünbül).
Müxtəlif cavablar alınır.
- S hərfi ilə neçə atribut saydınız? (7)
- Məhz 7 rəqəmi sizə daha nələri xatırladır?
(Göy qurşağının
rənglərini, həftənin
günlərini, notların
sayını, planetləri,
muğamları və
s.). Sual qismən cavablandırılandan
sonra yeni cədvəli şifahi tərtib edirik.
Nəticədə şagirdlər öyrənirlər
ki, rənglərlə
həftənin günləri,
notlar, planetlər (onların ərəb-farsca
adları) və muğamlarımız arasında
qarşılıqlı əlaqə
vardır. Sonda şagirdlər rənglərlə
tərtib olunmuş müqayisəli cədvəllə
tanış olur, onların məlumatları genişləndirilir.
Oxuyub öyrəndikləri mətni
necə qavradıqlarını
yoxlamaq məqsədilə
şagirdlərə müxtəlif
suallar verirəm:
- 2009-cu ildə Ramazan və Qurban bayramları sentyabrın
19-u və noyabrın
27-də keçirilibsə, sonrakı 2011-2012-ci illərdə
bu bayramlar hansı tarixlərdə keçirilib?
- Bəs 2013-cü ildə hansı tarixlərə düşür?
- Müsəlmanların ibadət
etdikləri yer necə adlanır?
- Müsəlmanların hər
il Qurban
bayramı ərəfəsində
ziyarət etdikləri
yer haqda nəyi bilirsiniz?
- Ailənizdən, qohumlarınızdan
Həcc ziyarətində
olan varmı?
- Ramazan ayı miladi təqvimi ilə hansı aya uyğun gəlir və s.
Şagirdlər təqvimlər üzrə
apardıqları müqayisələri
söyləyir və nəticə çıxarırlar.
Cavablar müzakirə
olunaraq müvafiq meyarlara uyğun qiymətləndirilir. Göründüyü kimi, müxtəlif
fənlərə inteqrasiya
şagirdlərdə yüksək
fəallıq yaradır,
fənlərə marağını
artırır, daim öyrənməyə, nailiyyətlər
qazanmağa həvəs
yaradır.
Hər hansı
bir fənnin tədrisi prosesində şagirdlər nəyi öyrəndiklərini bilməli
və bu dərsdən zövq alaraq şəxsiyyət kimi formalaşmağa istiqamətləndirilməlidir. Müəllim
yaxşı nəticələrə
nail olmaq üçün
daim pedaqoji yenilikləri izləməli,
metodiki hazırlığını,
psixoloji fəaliyyətini
yüksəltməyə səy
göstərməlidir.
Nəzakət ƏHMƏDOVA,
Xudat şəhər N.Nərimanov
adına 2 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi,
"Ən yaxşı
müəllim" müsabiqəsinin
2008-ci il qalibi
Azərbaycan müəllimi.- 2013.- 30 avqust.- S.4.