Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq gənclər onlar
üçün
yaradılmış bu imkanı yüksək qiymətləndirirlər
Artıq yeddinci ildir ki, əsas məqsədi
azərbaycanlı tələbələrin ölkəmizin
davamlı inkişafına töhfə verəcək yüksək
ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət
olan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" həyata keçirilir. 2015-ci ilədək
5000 gəncin dünyanın inkişaf etmiş ölkələrinin
ən aparıcı universitetlərində təhsil
almasını nəzərdə tutan proqrama maraq ildən-ilə
artır. Bu il də Dövlət Proqramı çərçivəsində
təhsil almaq üçün yüzlərlə gənc
müraciət etmişdir. Dövlət Proqramına
2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 22
may-16 avqust tarixlərini əhatə etmişdir.
Azərbaycan Respublikası Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində xarici ölkələrin təhsil müəssisələrində
təhsil almaq üçün sənəd vermiş namizədlərin
152-si barədə müsbət qərar qəbul
edilmişdir. Sənədləri qəbul olunmuş digər
namizədlərlə Təhsil Nazirliyində müsahibələr
davam edir. Redaksiyamızın əməkdaşı barələrində
müsbət qərar verilmiş namizədlərin bir neçəsi
ilə əlaqə saxlayaraq aparılmış seçim proseduru
haqqında fikirlərini oxucularımızla bölüşmələrini
xahiş etmişdir.
"Sevincimin həddi-hüdudu
yox idi"
-
1993-cü il noyabrın 30-da Bakı şəhərində
anadan olmuşam. 2000-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsindəki
228 nömrəli tam
orta məktəbdə I sinfə getmişəm. 2011-ci ildə həmin məktəbdən məzun
olmuşam. Həmin il TQDK-nın I
ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 625
bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının
proseslərin avtomatlaşdırılması (tempus) mühəndisliyi
ixtisasına qəbul olmuşam. I semestrin
sonlarında artıq ixtisasımla bağlı İnternetdən
davamlı şəkildə məlumatlar əldə etməyə
başlamışdım. Hər dəfə
yeni bir şey öyrəndikcə bu ixtisasa olan marağım
daha da artmağa başlayırdı. Lakin
hər dəfə yeni bir şey öyrəndikcə bakalavr təhsilimi
xaricdə almağın mənim üçün nə qədər
vacib olduğunu anlayırdım. Buna
görə də I kursun sonunda təhsilimi xaricdə davam
etdirmək qərarına gəldim.
Əksər xarici universitetlərə qəbul olmaq
üçün əsasən, attestat, universitet qiymətləri
(transkript) və ən əsası IELTS sertifikatı tələb
olunur. Hər bir universitetin özünün ixtisasdan
asılı olaraq minimum tələbləri və müraciət
qaydası olur. Məsələn, İngiltərədə
bakalavr üzrə təhsil almaq istəyənlər
universitetlərə mütləq UCAS vasitəsilə
müraciət etməlidirlər. UCAS
universitetlərə mərkəzləşdirilimiş onlayn
müraciət sistemidir. UCAS vasitəsilə
eyni anda maksimum 5 universitetə müraciət etmək
mümkündür. IELTS
sertifikatımı alandan sonra mart ayında 4 universitetə
müraciət etdim. Artıq aprel
ayının sonuna kimi Şeffild, Nyukasl və Nottingam
universitetlərindən müsbət cavab almışdım.
Həm digər universitetlərlə müqayisədə daha
reytinqli olduğu, həm də buradakı ixtisas oxuduğum
ixtisasla demək olar ki, eyniyyət təşkil etdiyi
üçün Şeffild Universitetini (avtomatik idarəetmə
və sistemlər mühəndisliyi) seçdim.
Növbəti
mərhələdə universitetə qəbul olduğumu
göstərən məktubu, universitetdə kafedramızın
dosent və professorundan aldığım 2 ədəd zəmanət
məktubunu, transkript və s. tələb olunan sənədləri
topladıqdan sonra iyun ayının sonlarında Təhsil
Nazirliyinə müraciət etdim və 5-6 gün sonra
müsahibəyə çağırıldım. Seçdiyim universitetin üstünlükləri və
ixtisasım haqqında, onun tətbiq sahələri barədə
kifayət qədər ümumi bilgilərə sahib olduğum
üçün müsahibə nisbətən rahat keçdi,
amma təbii ki, həyəcan da var idi. Qeyd
edim ki, müsahibə çox şəffaf və yaxşı
təşkil olunmuşdu. Müsahibədən
təxminən bir ay sonra isə nazirlikdən gələn zənglə
proqrama qəbul olduğum barəsində çoxdan gözlədiyim
şad xəbəri aldım. Sevincimin həddi-hüdudu
yox idi.
Gələcək
üçün kifayət qədər böyük
planlarım var. İlk öncə onu qeyd edim ki, təhsil
alacağım ixtisasın neft-qaz sektoru ilə yanaşı, həm
də qeyri-neft sektorunda kifayət qədər geniş tətbiqləri
var. Zaman keçdikcə ölkədə qeyri-neft sektorunun
inkişafı, alternativ enerji mənbələrinin tətbiqi
və getdikcə insan əli dəyməyən avtomatik idarəolunan
zavodların inkişafı ilə əlaqədar gələcəkdə
avtomatika mühəndislərinə
olan tələbatın artacağına şübhə yoxdur.
Təhsilimi bitirdikdən sonra geri qayıdaraq ölkədə
BP, SOCAR, Schlumberger, Halliburton, Emerson və s. bu kimi
böyük şirkətlərdə karyera qurmağı
düşünürəm.
İngiltərədə təhsil aldığım
müddətdə elmi cəmiyyətlərin üzvü olmaq,
universitet daxilində və
xaricində təşkil olunan robot yarışlarında
iştirak etmək və beləcə
robototexnika biliklərimi artırmaq istəyirəm. Yay tətillərində isə
İngiltərədə təhsil alacağım müddətdə
əldə edəcəyim bilikləri burada təhsil alan tələbələrlə
bölüşmək üçün seminarlar keçirməyi,
bu sahə üzrə əldə etdiyim ən son yeniliklərdən
onları da xəbərdar etməyi düşünürəm.
Hətta yaxın gələcəkdə ölkə daxilində
avtomatika və elektronika mühəndisləri cəmiyyətini
də qurmağa və beləcə daim universitetdə təhsil
alan tələbələrin bu sahəyə
maraq göstərməsinə və universitetdə əldə
edə bilmədiyi praktiki bilikləri əldə etməsinə
yardımçı olmağa çalışacağam.
Hazırda
gənclərin xaricdə təhsil alması üçün
geniş imkanlar var. Onu deyə bilərəm ki, xaricdə təhsil
almaq üçün hər kəsin əlində kifayət qədər
şans var. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" və SOCAR-ın xarici təqaüd proqramı
vasitəsilə Amerika, Kanada,
İngiltərə, Almaniya kimi ölkələrdə
dünyanın ən qabaqcıl təhsil ocaqlarında təhsil
almaq artıq reallıqdır. Digər tərəfdən,
gənclərin magistr dərəcəsi üzrə təhsil
almaq istədiyi universitetlərdən də təqaüd və
ya endirimlər əldə etməsi üçün kifayət
qədər proqramlar mövcuddur. Biz gənclərə xaricdə təhsil almaq
üçün bu qədər geniş şəraitin
yaradılmasına görə, əlbəttə, ilk növbədə,
dövlətimizə, gənclərə daim böyük
qayğı göstərən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlığımı bildirirəm.
Dərslərim sentyabr ayının sonunda
başlayacağı üçün hələ ki, Azərbaycandayam. Amma təxminən 1 aydan
sonra ixtisasım üzrə Avropada ən böyük kafedraya
sahib, Siemens, Rols-Roys, British Airways, Avropa Kosmik Agentliyi və s.
bu kimi dünyaca məşhur şirkət və təşkilatlarla
əlaqəsi olan bir
universitetdə təhsil alacağımı
düşündükcə keçirdiyim sevinc hissini sözlə
ifadə edə bilmirəm. Düzdür,
İngiltərə kimi bir ölkədə xüsusilə də
mühəndislik üzrə təhsil almağın kifayət
qədər çətin olduğunu başa düşürəm.
Amma ixtisasa olan marağım çox
böyükdür, ona görə də bütün çətinlikləri
aşa biləcəyimə inanıram. Bu il
mənimlə yanaşı Dövlət Proqramı ilə
xaricdə təhsil alacaq və gələcəkdə təhsil
almağı düşünən bütün gənclərə
və abituriyentlərə uğurlar arzulayıram.
Nicat İBRAHİMOV,
Böyük Britaniyanın Şeffild
Universitetinin tələbəsi
"Seçim mərhələsi
şəffaf və ədalətli keçirilmişdir"
- Mən, Fuad Arif oğlu Hacıyev
1986-cı ildə Bakıda anadan olmuşam. 1992-ci
ildə Bakı şəhərinin Suraxanı rayonundakı 104
nömrəli tam orta məktəbdə təhsilə
başlamışam. Ailəmizdə təhsilə
olan maraq 7-ci sinifdə mənim Bakı Özəl Türk
Liseyinə imtahan verib qəbul olmağıma səbəb oldu.
Lakin o dövr üçün çox yüksək olan təhsil
haqqı mənə liseydə yalnız bir il
təhsil almaq imkanı verdi. Daha sonra mən yenə
əvvəlki məktəbimə qayıtmalı oldum.
Artıq qarşımda yeni hədəfim var idi: təhsil
haqqının olmadığı, amma seçim imtahanının
çox çətin olduğu Bakı Türk Anadolu Liseyi. İmtahan verərək bu liseyə qəbul oldum.
Qəbul siyahısında 5-ci olmağım əvvəlki
ruh düşkünlüyünü aradan
qaldırmışdı. Liseydə
oxuduğum müddətdə bakalavr təhsilimi xarici
universitetdə almaq arzusunda idim. Lakin ailəmizin
maddi imkanının məhdudluğu məni hələ hədəfimdən
çox uzaqda saxlayırdı.
2005-ci ildə Bakı Türk Anadolu Liseyindən məktəb
birincisi kimi məzun olub 637 balla Qafqaz Universitetinin kompüter
mühəndisliyi fakültəsinə qəbul oldum. Oxuduğum
dövrdə kompüter proqramlaşdırmasına olan
böyük marağım dəyərli müəllimlərimin
diqqətindən yayınmadı. Qafqaz
Universiteti daxilində qurulan proqramlaşdırma üzrə
qrupun fəal üzvlərindən oldum. Dəfələrlə
universitetdaxili müsabiqələrdə uğur qazandım.
Daha sonra qrup şəklində tələbələrin
beynəlxalq ACM proqramlaşdırma olimpiadalarına
qatılmağa başladım. Regionlar
üzrə keçirilən bu olimpiadaların birində 2-ci
yeri tutaraq yarımfinala vəsiqə qazandım. 2006-ci ildə Tehran və Batumi, 2007-ci ildə Tbilisi
şəhərlərində olimpiadalarda iştirak hüququ
qazanaraq fəxri fərmanlar əldə etmişdim. Olimpiada hazırlıqlarımla bərabər digər
dərslərimə də həvəslə davam edirdim. Nəticədə qiymət ortalamasına görə
2010-cu ildə Qafqaz Universitetindən bölmə və
fakültə birincisi kimi məzun oldum.
Hələ buraxılış işini bitirməmiş
qəbul olduğum Azərfon şirkətində (Nar Mobile)
2010-cu ildən praktik təcrübə qazanmağa
başladım. İşlədiyim müddətdə
artıq xaricdə təhsil üzrə Dövlət
Proqramının mövcudluğundan xəbərdar idim. Xaricdə ən reytinqli universitetlərdə təhsil
almaq hədəfim daha mənə uzaq
görünmürdü. 2012-ci ildə sənədlərimi
Böyük Britaniyanın London İmperial Kollecinə
yolladım və şərtli qəbul aldım. Şərtsiz
qəbul üçün IELTS imtahanından yüksək bal yığmalı idim. Lazımı balı yığdım. Fəqət
imtahan və nəticələrin açıqlanma proseduru
çox vaxt aldığından sənədlərimi
yalnız avqustun ilk həftəsində Təhsil Nazirliyinə
təqdim edə bildim. Təqribən iki ay
sonra - oktyabr ayının ikinci həftəsində
proqramın qalibi olduğumu bildirdilər. Ancaq
universitetdə qeydiyyata gecikdiyim üçün sonrakı ildə
yenidən müraciət etmək qərarına gəldim.
Beləliklə,
bu il iyun ayının 6-da Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirilən elektron ərizə vasitəsilə təqaüd üçün
yenidən müraciət etdim. Qəbul olunduğum
Böyük Britaniyanın London İmperial Kolleci dünya
universitetləri içərisində reytinqinə görə
ilk onluğa daxil olan ali məktəb idi. Təyin olunmuş vaxtda sənədlərimi yenidən
təqdim etdim. Sənədlərimi qəbul
etdikdən sonra mənə müsabiqədə
iştirakımın qeydiyyatı ilə əlaqədar
bildiriş verdilər. Digər tələbələr
kimi mən də bizim müvəffəqiyyətimiz naminə
bu cür həssas münasibəti yüksək qiymətləndirirəm.
Hətta müşahidə edirdim ki, elektron ərizənin
doldurulması zamanı səhvə yol vermiş
iştirakçılar geri qaytarılmır, tam əksinə,
oradaca ərizələrin düzgün şəkildə
redaktə olunmasına kömək göstərilirdi.
Sənədlərimi təqdim etdikdən təqribən
iki həftə sonra - iyun ayının 13-də məni telefon
vasitəsilə növbəti mərhələyə -
müsahibəyə dəvət etdilər. Müsahibə
nazirliyin Təhsil Muzeyində təşkil olunmuşdu. Burada tələbələri tək-tək qəbul
edirdilər. Hamı kimi məni də üç nəfərdən ibarət
qrup qəbul etdi. Xaricdə təhsilimi ingiliscə
alacağımdan müsahibəyə də elə bu dildə
başladıq. Özümü təqdim
etdikdən sonra indiyə qədər aldığım təhsilin
keyfiyyətini və gələcək ixtisasımla əlaqəsini
əhatə edən dialoqlarımız başladı.
Onlar proqram çərçivəsində maraqlı
olduqları bütün nüanslarla bağlı
suallarını verirdilər, mən də onları
cavablandırırdım. Daha sonra müsahibəni
ana dilimizdə davam etdirdik. Təqribən
12-15 dəqiqə davam edən müsahibənin ardından nəticəm
barədə daha sonra məlumat veriləcəyi bildirildi.
Nəhayət,
iyulun 29-da mənə telefonla zəng edib proqramın qalibi
olduğumu bildirdilər və avqust ayının 3-də təhsil naziri cənab
Mikayıl Cabbarovla görüşə dəvət etdilər.
Mən çox sevindim, təkcə ona görə
yox ki, təqaüd qazanmışdım, həm də ona
görə ki, çoxdan arzusunda olduğum və maddi cəhətdən
əldə edə bilmədiyim hədəfimə dövlətimizin
dəstəyi ilə nail olacaqdım.
Gözlənilən gün gəlib çatdı. Cənab nazir
bizi təbrik etdi, builki proqramın ilk qalibləri olaraq bizə
uğur və müvəffəqiyyət arzuladı. Bizə böyük ümidlər bəsləndiyini
və hər birimizin Azərbaycanı təmsil etdiyini
vurğuladı. Daha sonra Təhsil Nazirliyi
ilə tələbələr arasında müqavilə
imzalanaraq bizlərə sponsorluq məktublarımız təqdim
edildi.
Həqiqətən cənab Prezidentimiz İlham
Əliyevin sərəncamı ilə qəbul olunmuş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" Təhsil Nazirliyi tərəfindən layiqincə
həyata keçirilir. Seçim mərhələsinin şəffaf
və ədalətli keçirilməsini yüksək qiymətləndirirəm
və bu işdə əməyi olan Azərbaycan
Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiyanın üzvlərinə öz təşəkkürümü
bildirirəm.
Azərbaycan gəncləri üçün yaradılan
bu şəraitə, böyük diqqət və
qayğıya görə möhtərəm Prezidentimizə dərin
minnətdarlığımı ifadə edir, bu etimadı
doğruldacağıma söz verirəm.
Fuad HACIYEV,
Böyük Britaniyadakı London
İmperial Kollecinin magistrantı
"Azərbaycanı
dünyada layiqincə təmsil edəcəyik"
- Mən,
Məmmədov Şahlar Şahmar oğlu 1994-cü ildə
Samux rayonunda anadan olmuşam. 2011-ci ildə Bakıdakı 287
nömrəli "Zəkalar" liseyinin məzunu olub
TQDK-nın keçirdiyi qəbul imtahanlarında 660 bal toplayaraq Xəzər Universitetinə qəbul
olmuşam. 2011-2012-ci illərdə
ABŞ dövləti tərəfindən maliyyələşən
FLEX mədəniyyətlərarası mübadilə
proqramı ilə 1 il Amerikada təhsil
almışam. 2013-cü ildə Kanadanın Toronto Universitetinə
qəbul olmuşam və "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
növbəti 4 ili Toronto Universitetində təhsil
alacağam.
"Zəkalar" liseyində təhsil
aldığım müddətdə müəllimlərim məni
daim yarışlarda, olimpiadalarda və müxtəlif turnirlərdə
iştirak etməyə həvəsləndirirdi. Məhz
onların sayəsində hələ məktəbdə oxuyarkən
dil biliklərimi inkişaf etdirmişdim. Eyni zamanda
sinfimizdəki rəqabət mühiti və özümün
qalib olmaq istəyim məni məqsədinə can atan bir insan
kimi formalaşdırırdı. Bu, eyni zamanda
özlüyündə xaricdə təhsil almaq, yeni insanlarla tanış olmaq və Azərbaycanı xaricdə
təmsil etmək kimi istəklərimi daha da
artırırdı.
Məktəbi bitirdikdən sonra ABŞ-da keçirdiyim
bir ilin həyatımda çox müsbət təsirləri
oldu və ailədən uzaqda yaşamağı, problemləri
təkbaşına həll etməyi və digər mənsubiyyətə
malik insanlarla münasibət yaratmağı öyrətdi. Düşünürəm
ki, hazırda Kanadada təhsil almaq üçün tam
hazır vəziyyətdəyəm və özümü
inkişaf etdirmək, əldə olan imkanlardan maksimum
yararlanmaq üçün çalışacağam.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" bir çox azərbaycanlı gənc kimi mənim
də arzularımın yerinə yetməsində əsas rol
oynayır. Hələ
məktəb illərindən formalaşan xaricdə təhsil
almaq arzumu yerinə yetirmək və dünyanın ən
yaxşı universitetlərindən birində təhsil almaq
imkanı yaradan bu proqramdan öncəki illərdə
tanıdığım bir neçə adam
da yararlanmışdır. Xaricdə təhsil
üzrə dövlət proqramı xarici universitetlərin təhsil
haqqı və orta statistik Azərbaycan ailəsinin gəlirləri
arasındakı fərqi əhəmiyyətsizləşdirir və
layiqli gənclərin yüksək səviyyədə təhsil
almasını təmin edir. Bu proqram
dövlətin yürütdüyü gənclər siyasətinin
uğurlu nümunəsidir. Biz gənclərə göstərdiyi
bu qayğıya
görə dövlətimizə, proqramın
reallaşmasında əməyi olan bütün insanlara minnətdarlığımı
bildirirəm.
Xaricdə təhsil üzrə dövlət
proqramının seçim prosesi sənədlərin qəbulu
və müsahibədən ibarətdir. Bu proqram haqda bir neçə
il öncə maraqlandığımdan sənəd
qəbulu başlayan kimi ərizəmi təqdim etdim və təxminən
2 həftə sonra müsahibəyə dəvət olundum. Müsahibə həm ingilis, həm də Azərbaycan
dillərində keçirildi və müsahibədən
uğurla çıxdım. Təxminən
1 ay sonra cavablar elan olundu.
Sonda mənim bu uğurumda zəhməti olan hər kəsə
- valideynlərimə, müəllimlərimə və bizə
bu imkanı yaradan Təhsil Nazirliyinə təşəkkürümü
bildirirəm.
Dövlət proqramının
iştirakçısı seçilmiş hər kəsi təbrik
edir və təhsillərində uğurlar arzu edirəm.
İnanıram ki, Azərbaycanı dünyada
layiqincə təmsil edəcəyik. Gələcəkdə
ən böyük arzum iqtisadiyyat üzrə magistratura təhsili
də alıb yüksək ixtisaslı mütəxəssis
kimi yetişmək, Vətənimə layiqincə xidmət etməkdir.
Şahlar MƏMMƏDOV,
Kanadanın Toronto Universitetinin tələbəsi
"Dövlət
Proqramı gənclərə göstərilən
qayğını əks etdirir"
- Mən,
Fərhad Aydın oğlu Pənahov 1993-cü ildə Bakı
şəhərində anadan olmuşam. Orta təhsilimi
Bakıdakı 214 nömrəli tam orta məktəbdə
almışam. Hələ erkən
yaşlarımdan məndə oxumağa böyük həvəs
var idi. Xüsusilə də riyaziyyat fənninə
güclü maraq göstərirdim. Çox sevdiyim müəllimim
Səidə Qasımova məndə bu istedadı aşkar
etmiş, riyaziyyatla
ciddi məşğul olmağımın əsasını
qoymuşdu. Bir çox fənn olimpiadalarında uğurlu iştirakımın səbəbkarı
da məhz o olmuşdur. Məktəb illərində məndə şahmata da
böyük həvəs var idi və bu müdrik oyunla müntəzəm məşğul
olurdum. Bu sahədə kifayət qədər
nailiyyətlərim də var idi. Belə ki, bir neçə
dəfə respublika səviyyəli yarışlarda iştirak
edərək
qaliblər sırasına
çıxmışdım. Hamı mənim perspektivli idmançı olduğumu
deyirdi. Lakin sonralar prioritetlərimi nəzərə
aldım və təhsilimi mükəmməlləşdirməyə
daha çox önəm verdim. Nəticədə 2011-ci ildə
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul
imtahanında 652 bal toplayaraq Qafqaz Universitetinin tələbəsi
oldum. Son zamanlar
iqtisadiyyatla daha çox maraqlandığım
üçün fakültə seçimində çətinlik
çəkmədim.
Yeri gəlmişkən qeyd edim ki, Qafqaz Universiteti tələbələrə
yüksək keyfiyyətli kadr olmaq şəraiti
yaratmışdır və mən bacardığım qədər
bu imkandan yararlandım. Lakin mən burada oxuya-oxuya xarici ölkələrin birində
təhsilimi davam etdirmək barədə
də fikirləşməyə
başladım. Elə hər şey də bundan başlandı. Xarici
ölkələrin universitetləri ilə maraqlananda
gördüm ki, onlara daxilolma proseduru kənardan göründüyü qədər
də mürəkkəb deyil.
Tez bir zaman ərzində seçim edib Kanadanın Britaniya Kolumbiyası Universitetinin
üzərində dayandım. Seçim mərhələsindən uğurla keçdim. Bundan
sonra lazım olan sənədləri toplayıb Təhsil Nazirliyinə verdim.
Ən çox həyəcanım sənədlərimi Dövlət
Proqramına təhvil verdikdən sonra başladı. Düzdür, sənədlərimlə
bağlı bəzi problemlər yaşansa da Təhsil
Nazirliyinin əməkdaşları öz köməklərini
əsirgəmədilər və qısa zamanda bu sıxıntılar
aradan qalxdı. Müsahibəyə
çağırıldım. Mənə
ixtisasımı necə seçməyim, niyə məhz
Britaniya Kolumbiyası Universitetində oxumaq istəməyimlə, eləcə
də ümumi
dünyagörüşümü müəyyənləşdirməklə
bağlı suallar verildi. Cavablarımdan razı
qaldılar.
Müsbət cavab alanda isə sevincimin həddi-hüdudu yox idi. Çünki bu, gələcək həyatımda çox böyük, bəlkə də həlledici rol oynayacaq bir hadisədir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin gənclərin təhsilinə göstərdiyi böyük qayğını əks etdirir. Mən bu proqramla bizə xaricdə təhsil almaq imkanı verdiyi üçün dövlətimizə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımı bildirirəm.
Təbii ki,
bakalavriatura təhsili ilə kifayətlənməyəcəyəm.
Gələcəkdə
təhsilimi magistraturada davam etdirəcəyəm. Bu arzumu imkan
olsa elə oxuduğum
universitetdə, bu alınmasa,
digər xarici universitetlərin birində
reallaşdırmağa çalışacağam.
Çünki hazırda ölkəmiz yüksək
sürətlə inkişaf edir. Bu inkişaf sürətini gələcəkdə
də saxlamaq üçün ölkəmizin güclü
iqtisadçılara ehtiyacı
olacaq. Mən məhz belə bir
mütəxəssis olub Vətənimə xidmət
etmək istəyirəm.
Fərhad PƏNAHOV,
Kanadanın Britaniya Kolumbiyası
Universitetinin tələbəsi
Səhifəni hazırladı: Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 30 avqust.- S.3.