Əl işlərinə həsr olunmuş müsabiqə

 

Respublika Texniki Yaradıcılıq Mərkəzində məşğul olan dərnək üzvlərinin əl işlərinə həsr  olunmuş respublika baxış müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinin aparıcı məsləhətçisi Təranə Aslanova, texniki yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri, Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin  rəhbəri  Alik Məmmədov və  qaliblər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qorxmaz Əliyev qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd burada məşğul olan məktəblilərin yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün stimulların yaradılması və respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnəklərinə cəlb olunmuş məktəblilər arasında təcrübə mübadiləsinin təşkili olmuşdur. Müsabiqə iki mərhələdə və 4 nominasiya üzrə keçirilib. Müsabiqədə 37 rayon, şəhər texniki mərkəzlərinin üzvləri  iştirak ediblər və respublika mərhələsinə 237 təqdim olunub. Respublika mərhələsində hər nominasiya üzrə müsabiqədə iştirak etmiş məktəblilərin yaş qrupları nəzərə alınmaqla I, II və III yerləri tutmuş qaliblər müəyyənləşdirilib.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinin aparıcı məsləhətçisi Təranə Aslanova müsabiqədə yer tutan qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Sonda qaliblər  diplom və hədiyyələrlə mükafatlandırılıb. 

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.10.