Necə
yaşayırsan, müəllim?
Tərtərin Cəmilli kəndində bir ailənin iki müəllimi ilə söhbət
Müəllim ömrü! Bu iki söz nə qədər sadə səslənsə də dərin məna daşıyır, minlərlə yeniyetmə və gəncin taleyinə işıq saçır. Bütün zamanlarda bu ada, bu peşəyə dərin hörmət və ehtiram göstərilib, dünyanın ən dahi şəxsiyyətləri belə əldə etdikləri uğurlara görə müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Peşəsini sevən və bütün varlığı ilə bu sənətə bağlı olan müəllim yaşadığı mühitdən və cəmiyyətdən asılı olmayaraq ancaq bir amal üçün - şagirdlərə yüksək bilik verməyi, onları bir şəxsiyyət kimi yetişdirməyi qarşısına məqsəd qoyub. Qarşılığında isə müəllimin umacağı tək bir şey var ki, o da ona göstərilən diqqət və ehtiramdır. "Azərbaycan müəllimi" qəzetinin kollektivi olaraq biz də daim müəllimlərin həyat tərzini, onların fəaliyyətini işıqlandırmağı ümdə vəzifəmiz hesab edirik.
Elə bu məqsədlə də
respublikamızın ucqar kənd yerlərində
yaşayan müəllimlərin gündəlik
yaşayış tərzi ilə tanış olmaq
və bu barədə yazıları
oxucularımıza təqdim etmək üçün
təcavüzkar qonşularımızla həmsərhəd olan Tərtər rayonuna
yollandım. Gəlişimin
məqsədini rayon təhsil şöbəsinə
bildirdikdən sonra mərkəzdən təxminən
15 km məsafədə yerləşən
Cəmilli kəndinə üz tutdum. Cəmilli kənd tam
orta məktəbinin direktoru
Famil müəllimlə
görüşdükdən sonra uzun illər bu təhsil
ocağında Azərbaycan dili və ədəbiyyat
fənnini tədris edən Qabil Nuriyevin qonağı oldum.
Qabil müəllim gəlişimin səbəbini
öyrənəndə çox məmnun oldu. Həyat yoldaşı və onunla çiyin-çiyinə bir
məktəbdə eyni fənni tədris
edən Gülnaz müəllimi də
çağıraraq mənimlə tanış etdi. Düzü, axtardığımı
tapmışdım. Belə ki,
bir evdə həm ailənin
başçısının, həm də
xanımının müəllim olduğunu
biləndə çox sevindim. Əsl kənd qonaqpərvərliyi
ilə məni evinə dəvət edən Qabil
müəllimin halal süfrəsində ətirli
çay içərək şirin söhbətə başladıq.
Qeyd edim ki,
Qabil Nuriyev 1955-ci ildə
Tərtər rayonunun Cəmilli kəndində
müəllim ailəsində dünyaya göz açıb. 1981-ci ildə indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsini bitirib.
Pedaqoji fəaliyyətə 1977-ci ildə
Tərtər rayonunun Dəmirçilər
kənd 8 illik məktəbində
başlayıb, 1981-ci ildən Cəmilli kənd tam orta məktəbində
çalışır. Qabil müəllim
müxtəlif vaxtlarda rayon
qəzetində korrektor kimi
də fəaliyyət göstərib.
Müsahibimin həyat
yoldaşı Gülnaz Hümbətova da 1963-cü ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1982-ci ildə indiki Gəncə Dövlət Universitetinin
Azərbaycan dili və ədəbiyyat
fakültəsini bitirib və elə həmin
ildən də Cəmilli kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir.
- Kənddə
çalışan müəllim ilə şəhərdə
çalışan müəllimin fərqli cəhətləri
haqqında nə deyə bilərsiniz?
Qabil Nuriyev: -
Düşünürəm ki, kənddə
çalışan müəllimlər daha
çox zəhmət çəkirlər.
Bundan başqa, şəhərdən
fərqli olaraq
kənddə sakinlər bir-birini
yaxından tanıyır. Belə ki, istər
ictimaiyyət arasında, istərsə də müxtəlif məclislərdə
həmişə diqqət bizə yönəlir. Ona görə də şəhərdən fərqli
olaraq kənd müəllimləri məktəbdən
kənarda da şagirdlərlə
ünsiyyətdə olur. Şagirdlər
müəllimin davranışını, hətta geyimini belə örnək götürür.
Kənd müəlliminin xalq arasında həmişə
nüfuzu saxlanılır və xüsusi ehtiram göstərilir.
Tədrisə gəldikdə isə bir o qədər hiss olunmur. Dərslik eyni, proqram eyni.
Şükürlər olsun ki, son illər rayon və kəndlərdə də yüksək
səviyyəli yeni məktəb
binaları tikilir və hər bir avadanlıqla təchiz olunur.
Ancaq onu da etiraf
edək ki, şəhərdəki müəllimlər
enerjilərinin böyük hissəsini pedaqoji fəaliyyətə, ictimai
işlərə həsr edirlərsə, biz
kənddə çalışan müəllimlər təsərrüfat
işlərinin çoxluğundan enerjimizin bir hissəsini də
bu kimi işlərə
sərf etməyə məcbur oluruq.
Lakin bütün bunlara baxmayaraq, işimizin öhdəsindən də layiqincə
gəlirik.
- Repetitorluqla
məşgul olursunuzmu?
Qabil Nuriyev: - Kənddə repetitorluqla
məşğul olan çox
az sayda müəllim
tapılar. Mən də əvvəllər
şagirdlərimlə dərsdən kənar məşğul
olurdum. İndi
yaşım və səhhətim buna bir o qədər imkan vermir. Şagirdlərə
ali məktəblərə hazırlıq
dövründə və digər vaxtlarda əlavə
dərslər keçirdim. Amma bütün bunları
həmişə təmənnasız etmişəm. Müəllimə
şagirdin əlavə pul
verməsi və repetitorluq kimi
çalışmağımız ağlımıza belə
gəlməzdi. Bütün bunları
özümüzə borc bilmişik.
Tək arzumuz ali məktəblərə
hazırladığımız məzunların tələbə
adı alması idi. Bu
bizim üçün
ən böyük var-dövlət idi. Ali məktəbə daxil olan məzunların
şərəfinə verilən ziyafətlərdə valideynlər
bizi başda oturdub şənimizə xoş
sözlər deyirlər. Biz bu xüsusiyyətləri ənənə kimi yaşlı müəllimlərimizdən götürmüşdük. Ümumiyyətlə, müəllim
kimi fəaliyyətə başlamazdan
öncə həmişə yaxşı müəllimləri
özümə örnək hesab eləmişəm.
Məsələn, bizim kənddə Məcid
müəllim adında ədəbiyyat müəllimi var idi. Həmişə Allahdan diləyirdim ki, mənə
Məcid müəllimdə olduğu kimi tələbkarlığı, Göyüş müəllim kimi
dərs demək qabiliyyəti qismət eləsin. Eləcə
də digər müsbət xüsusiyyətləri başqa müəllimlərdən örnək
götürürdüm. Sözün
yaxşı mənasında həmin müəllimlərə
qibtə eləmişəm. Ailəmizdə də atam və böyük
bacım müəllim idi. Gənc
yaşlarımda onlar da
mənə bir çox
məsləhətlər verərdilər.
- Bu
peşəyə bağlılığınız hansı istəkdən
doğur?
Gülnaz Hümbətova: - Düşünürəm ki, ən şərəfli bir
peşəni seçmişik. Mən
müəllim olmağımla fəxr edirəm. Şagirdlərimdən
bir çoxu
hazırda mənimlə çiyin-çiyinə müəllim
işləyir. Bundan başqa,
həkim, mühəndis, hüquq-mühafizə orqanlarında
və digər peşələrdə çalışan
yetirmələrimiz var. Onları hər dəfə
görəndə böyük qürur hissi keçirirəm.
Düzdü, yaxşı oxumayan
şagirdlərimiz də olub. Amma həmin
şagirdlərlə küçədə, yolda,
hər hansı məclisdə qarşılaşanda onlardan daha çox
diqqət və hörmət görürəm. Çünki onlar həyatın
sərt üzünü gördükcə
başa düşürlər ki, vaxtında onlara "oxu-oxu" deyərək necə böyük yaxşılıq etmək
istəyirmişəm. Bütün bu gördüklərimiz,
yaşadıqlarımız bizi bu peşəyə daha da vurğun edir və müəllimlik sənətini
seçməyimiz də düzgün
addım atmağımızın nəticəsidir.
- Həm məktəbdə
çalışmaq, həm də evdə təsərrüfat
işləri ilə məşğul olmaq
sizin üçün
çətin deyilmi?
Qabil Nuriyev: - Səmimi desək, əlbəttə ki, müəyyən çətinliklər
törədir. Kənd yerində istədin, istəmədin, iş elə başdan
aşır. Məktəbdən evə qayıdanda təsərrüfatla
məşğul olmaq zehni
yorğunluğumuzu aradan
qaldırır. Onu da qeyd edim ki,
kəndimizin çox gözəl təbiəti,
münbit torpağı var.
Bu torpaqda istər
bağçılıq, istərsə də
bostançılıqla məşğul olmaq
insana xüsusi zövq verir. Həm həyətyanı
təsərrüfatla, həm də az da olsa maldarlıqla məşğul
oluruq. Düşünürəm ki, kənd yerində yaşayırıqsa
bunları etmək vacibdir. Necə ola bilər ki, biz kənddə yaşaya-yaşaya
kənd təsərrüfatı məhsullarını bazardan alaq. Təsərrüfatla
məşğul olmaq ailəmizin büdcəsini
də artırır. Bundan başqa,
həm də təbii məhsullardan istifadə etməyə daha çox üstünlük veririk. Onu da qeyd
edim ki, mənə
nisbətən Gülnaz xanımın işi daha
ağırdır. O, məndən fərqli olaraq
ev işləri ilə də məşğul
olur. Lakin bütün bunlara baxmayaraq, biz gördüyümüz işləri sevə-sevə,
yorulmadan edirik və bundan zövq
alırıq. Necə deyərlər, "iş
insanın cövhəridir".
- Təhsilimizdə
gedən prosesləri necə qiymətləndirirsiniz?
Gülnaz Hümbətova: - Son illər təhsilimiz
yüksək sürətlə inkişaf edir. Yeni təlim
metodlarının tətbiqi, İKT-dən geniş
istifadə biz müəllimlərin fəaliyyətinə
daha geniş imkanlar yaradır. Düşünürəm ki, şəhər və kənddən
asılı olmayaraq işimizi
günün tələblərinə uyğun qursaq çox müsbət nəticələr əldə
etmək olar. Bunun üçün hər bir
şəraitimiz var. Sadəcə olaraq biz əvvəlkindən
daha çox
çalışmalı və şagirdlərimizin bilik və bacarıqlarının
artırılması üçün əlimizdən
gələni əsirgəməməliyik. Onu
da qeyd edim
ki, məktəbimizin məzunları hər
il qəbul imtahanlarında yüksək nəticələr
əldə edirlər. Buna misal
olaraq şagirdlərimdən Aynur Əhmədovanın bu
il 593 balla BDU-nun filologiya fakültəsinə
daxil olduğunu
göstərə bilərəm. Kəndimizin və məktəbimizin
tarixi təhsil ənənələri var. Məktəbimizin məzunlarından respublika səviyyəsində elm
adamları, həkimlər və başqa
peşələrin sahibləri var. Kimya elmləri doktoru, professor Vaqif Abbasov və onlarla
adını cəkmədiyimiz məzunlar buna bariz nümunədir.
Biz həmin şəxsləri şagirdlərimizə
daim örnək göstəririk.
- Tərtər rayonu təcavüzkar qonşu
dövlətlə həmsərhəddir. Bu
sizin üçün
hansı çətinliklər yaradır?
Qabil Nuriyev: - Aramızda 7-8 km məsafə
var. Kəndimizin onlarla
oğulları Qarabağ müharibəsində
qəhrəmancasına döyüşərək şəhid
olub. Onlardan bir çoxu mənim
şagirdlərim olub. Allah
bütün şəhidlərimizə rəhmət
eləsin. Çox çətin dövrlər
idi. Demək olar ki, tez-tez ermənilər kəndimizi
mərmi atəşinə tuturdular. İndi də arabir
güllə səsləri gəlir, amma əvvəlki
kimi təhlükəli deyil.
Kənd camaatı artıq buna öyrəşib.
Bütün bunlara baxmayaraq, biz kənddə
müharibə dövründə belə, təhsili davam etdirmişik.
- Gələn il qəzetimizin 80 yaşı tamam olur. İmkan düşəndə necə,
"Azərbaycan müəllimi"ni vərəqləyirsinizmi?
Qabil Nuriyev: - "Azərbaycan müəllimi"
ölkəmizin mətbuat
tarixində öz ənənələri, dəst-xətti
ilə seçilən
və biz müəllimlər
üçün çox
doğma olan bir qəzetdir. Mən həmişə bu qəzetin növbəti nömrəsinin məktəbimizə
gəlməsini səbirsizliklə
gözləmişəm. Bu qəzetin biz müəllimlərin
formalaşmasında da
xüsusi rolu var. Doğrusu, sizin gəlişiniz bizi çox sevindirdi. Belə bir qəzetə müsahibə vermək, öz fikirlərimi paylaşmaq mənim üçün çox sevindiricidir.
Bəli,
biz də Nuriyevlər
ailəsinə bu şərəfli işlərində
uğurlar arzulayır,
onlara uzun ömür, cansağlığı
diləyirik.
Söhbəti yazdı: Niyazi
RƏHİMOV,
"Azərbaycan müəllimi"
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.7.