V-VIII siniflərdə musiqi tədrisinin metodikası
Məlum
olduğu kimi, V-VIII sinif şagirdləri özünəməxsus psixo-fizioloji
xüsusiyyətlərə malikdirlər. Məsələn, V sinif çətin sinif hesab olunur.
Bu yaşda olan
uşaqlar tez-tez qıcıqlanırlar. Onların səs
əzələləri tədricən
düzəlir. Nəfəs dərinləşir, səslənmə dolğunlaşır.
VI sinif şagirdləri böyüklərin
onlara qarşı münasibətlərinə daha
çox fikir verirlər. Onlar müstəqil
olmağı, hər şeyə şəxsi münasibət bəsləməyi
xoşlayırlar. VI sinifdə şagirdlərin
maraq dairələri genişlənir, emosionallıq
və dərketmə fəaliyyətləri güclənir
və musiqi dərslərində diqqətləri
daha da sabitləşir.
VII sinif şagirdlərinin maraq dairələri musiqi dərslərində daha da genişlənir. VII sinifdə heç
bir şagird özünü passiv dinləyici kimi göstərmir. Yeddincilərin
dərketmə qabiliyyətlərinin
səviyyəsinin ümumiliyi
imkan verir ki, onlar nəğmə
dərsinin musiqidinləmə
bölməsində klassik
musiqini (simfoniya, sonata, uvertüra)
dinləsinlər. VII-lərlə dərsin oxuma bölməsində müəllim diqqətli olmalıdır. Çünki onlarda mutasiyanın əlamətləri görünməyə
başlayır.
VIII sinifdə təhsil
alan yeniyetmələr
artıq müstəqil
fikir yürütməyə,
müstəqil fəaliyyətə
hazır olurlar. Səkkizincilərə irihəcmli əsərlərin
məzmunu da aydın olur. Onlar bu və ya
digər bəstəkarların
həyat və yaradıcılıqlarına aid tezislər və ya geniş məruzə
hazırlamaq qabiliyyətinə
malikdirlər. VIII sinif üçün əsər seçərkən
uşaqların marağını
nəzərə almaq
lazımdır. Hər bir
musiqi müəllimi öz işini qurarkən sinfin faktik səviyyəsinə
əsaslanmalıdır. Belə hallarda müəllim çalışmalıdır ki,
sinifdə olan əvvəlki nöqsanları
aradan qaldırsın.
Bəzən
müəyyən səbəblərə
görə (məktəblərdə
məşğələlərin olmaması, müəllimlərin
tez-tez dəyişməsi,
zəifliyi, siniflərin
ümumi səviyyəsi)
musiqi təhsili ardıcıl olmur. Bu cür hallar
şagirdlərin keçilən
musiqi materialını
sistemli və ardıcıl mənimsəmələrinə
mane olur. İşini planlı
surətdə quran hər bir müəllim
şagirdlərin musiqi
savadının inkişafına
və ümumi dünyagörüşünün artmasına böyük köməklik göstərə
bilər.
V-VI siniflərə nisbətən VII-VIII siniflərdə
oxuyan uşaqlar mənən inkişaf etmiş olurlar. Belə uşaqların
musiqiyə yanaşması
da fərqli olur. Müəllim mütləq şagirdlərin
tələbatları ilə
hesablaşmalıdır. O, heç vaxt hər şagirdə eyni cür yanaşmamalıdır.
Ən
vacib məsələlərdən
biri V-VIII sinif şagirdlərinin səslərinin
bir qaydaya salınmasıdır. Bu zaman uşaqların yaş xüsusiyyətləri
nəzərə alınmalıdır.
Müəllim bu mərhələdə
VII-VIII sinif şagirdləri
ilə xüsusilə
diqqətli olmalıdır.
Çünki onlar mutasiya
(səsin dəyişməsi)
dövrünü yaşayır.
Bəzən yuxarı registrdə
verilən səsləri
bir oktava aşağı oxutdurmaq üsulundan istifadə etmək olar. Belə hallarda müəllim uşaqları yormamalıdır.
Mutasiya vaxtı uşaqların səsləri passiv üsullarla deyil, aktiv üsullarla qorunmalıdır. Müəllim fikir verməlidir ki, uşaqların oxuması rahat diapazonda olsun.
Mahnı
öyrədilmə mərhələsi
dərsin bədii musiqili bölməsidir. Hər bir mahnının öz dili, təsir
qüvvəsi vardır
və onların öyrədilmə metodikası
da müxtəlif olmalıdır. Burada, əlbəttə
ki, oxşar cəhətlər də vardır. Məsələn, mahnılar ayrı-ayrı
fraqmentlərlə bitkin
fikirli cümlələrlə
öyrədilir. Mahnı üzərində
müəllim xüsusi
enerji ilə işləməlidir. Mahnının öyrədilməsinin əsas
anı müəllimin
uşaqlara mahnı haqqında qısa məlumat verməsindən
başlanır. Müəllim bir neçə sözlə mahnının
məzmununu açır,
müəlliflər haqqında
məlumat verilir.
Məsələn, "Azərbaycan əsgəri" mahnısında
söz və musiqi vəhdət təşkil edir. Mahnının mətninə
nəzər yetirdikdə görürük
ki, doğma torpaqlarımızın düşmənlərdən
azad olunması uğrunda döyüşə
hazır olan, ürəyi daim yurd eşqi ilə döyünən Azərbaycan əsgərinin
dönməzliyi, düşmən
qarşısında əyilməz
olduğu şair tərəfindən ustalıqla
təsvir edilmişdir.
Çətin və oynaq mahnıların ifasından
əvvəl yaxşı
olar ki, uşaqlar mətni şeir formasında əzbərləsinlər. Belə olduqda onlar mahnını
yaxşı yadda saxlayır, rahat, aydın tələffüz
edirlər. Müəllim mahnı üzərində
işləyərkən uşaqları
müşahidə edir,
düzgün nəfəsalmanı,
hissiyyatlı, ifadəli
oxumağı tövsiyə
edir.
Mahnı
ifa edilərkən müəllim müəyyən
sözlərlə vurğular
edilməsini də tövsiyə edir. Bu vurğular isə,
adətən, xanənin
güclü payları
ilə üst-üstə
düşür və
bununla da birtipli, "metrik" oxuma əmələ gəlir. Lakin xanədə olan
vurğular mahnıların
ifadəli oxunması üçün kifayət
deyildir. Hər bir
musiqi cümləsi özünəməxsus məntiqi
vurğular əsasında
qurulur. Uşaqların diqqətini xüsusilə
bu fakturaya yönəltmək lazımdır.
İntonasiya üzərində işləyərkən səsin
tembri də təkmilləşir.
Mahnının
ifadəli ifasından
başqa vacib şərtlərdən biri
də sözlərin aydın və düzgün tələffüzüdür. Məsələn, sözləri
M.Günərin, musiqisi
Polad Bülbüloğlunun
olan "Azərbaycan"
mahnısında olduğu
kimi:
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə
bir də keçim öz diyarımdan
Qeyd
edim ki, tələffüz şagirdlərdə
tədricən formalaşır. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Mahnının
ifası zamanı sait və samit
səslərin aydın
tələffüzü artikulyasiya
aparatının düzgün
qurulmasından, dodaqların
hərəkətindən asılıdır.
Aşağı
siniflərdə, yəni
V sinfə qədər
mahnıları unison, yəni
bir səslə oxuma, yuxarı siniflərdə isə
(V-VIII siniflərdə) çoxşaxəli
oxuma üstünlük
təşkil edir. Bəllidir ki, keçid dövrünü yaşayan
yuxarı sinif şagirdlərinin səs diapazonları çox da böyük olmur. Çoxşaxəli oxuma bu uşaqlarda olan məhdud səsdən istifadə olunmasına imkan verir.
Bütün
bu deyilənlərin nəzərə alınması
musiqi dərslərinin
səmərəliliyini artırmağa
imkan verir.
Yaqut
ƏLİYEVA,
Lənkəran Dövlət Humanitar
Kollecinin
Musiqi şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.7.