Qafqaz Universitetində
mexanika mühəndisliyi
laboratoriyalar kompleksi istifadəyə verilib
Dekabrın
9-da Qafqaz Universitetinin
mexanika mühəndisliyi
laboratoriyalar kompleksi istifadəyə verilmişdir.
Laboratoriyalar
kompleksi bp şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində bu şirkətin dəstəyi ilə yaradılmışdır.
AzərTAc xəbər
verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli
Məclisin deputatlarının,
təhsil işçilərinin
iştirak etdikləri
açılış mərasimində
Qafqaz Universitetinin rektoru, professor Əhməd
Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, müdrik rəhbərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini bildirmişdir.
bp şirkəti ilə Qafqaz Universiteti arasındakı əməkdaşlığın
əhəmiyyətini vurğulayan
rektor bu əməkdaşlıq çərçivəsində
reallaşdırılan tədbirlərdən
danışmışdır.
Qeyd
olunmuşdur ki, bp şirkəti 2009-cu ildə Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinin
yaradılmasına və
2011-ci ildə bu fakültə üçün
dünya səviyyəli
5 laboratoriyanın təşkil
olunmasına dəstək
vermişdir. 2011-ci ildə şirkət universitetin mexanika mühəndisliyi fakültəsini
yaratmış və hazırda isə bu fakültə üçün 11 laboratoriyanın
qurulmasına dəstək
göstərmişdir.
Professor Ə.Saniç
universitetlərarası əlaqələrin
vacibliyini də diqqətə çatdırmışdır.
bp şirkətinin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti
Qordon Birrel bildirmişdir ki, dünya səviyyəli yerli mütəxəssislərin
hazırlanması istiqamətində
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti və Təhsil Nazirliyinin göstərdiyi səylərə
dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq
edirik. Hazırlanan
mütəxəssislər Xəzər regionundakı gələcək
böyük layihələrimizə cəlb
olunacaqlar.
Qeyd edilmişdir ki,
mexanika mühəndisliyi laboratoriyalar
kompleksi üçün
1,3 milyon ABŞ dolları məbləğində
vəsait xərclənmişdir. bp
şirkəti indiyədək universitetə iki
fakültənin açılması və laboratoriyaların
qurulması üçün layihələrə,
ümumilikdə 2,5 milyon ABŞ
dollarından artıq vəsait xərcləmişdir.
Universitetdə müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin
hazırlanacağına əminliyini vurğulayan
Q.Birrel müəllim və tələbələrə
təhsildə uğurlar
arzulamışdır.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev
ümummilli lider Heydər
Əliyev siyasətinin uğurlu nəticələrindən
bəhs etmiş, bu xəttin
Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən əzmlə davam
etdirildiyini vurğulamışdır.
Dövlətimizin
başçısı İlham
Əliyevin təhsil sahəsi ilə bağlı
imzaladığı sənədlərin əhəmiyyətini
diqqətə çatdıran R.Abdullayev
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
azərbaycanlı gənclərin ayrı-ayrı ölkələrin nüfuzlu universitetlərində
oxuduqlarını söyləmişdir.
Mexanika mühəndisliyi laboratoriyalar
kompleksi barədə fikirlərini diqqətə
çatdıran R.Abdullayev, yüksək
ixtisaslı mütəxəssislərin hazırlanmasında onun mühüm rolu olacağını bildirmişdir.
Təhsil
nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham
Əliyevin "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasının təsdiq
edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli Sərəncamının
əhəmiyyətindən danışmışdır.
Nazir müavini Qafqaz Universitetində təhsilin
inkişafı üçün
reallaşdırılan tədbirlər, qazanılan uğurlar barədə fikirlərini də diqqətə
çatdırmışdır.
Sonra tədbir iştirakçıları ən
müasir avadanlıqla təchiz edilmiş mexanika mühəndisliyi
laboratoriyalar kompleksi
ilə tanış olmuşlar.
Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.2.