Təhsil Nazirliyi tərəfindən
ümumtəhsil
məktəblərində həyata keçiriləcək
islahatların əsas prioritetləri müəyyənləşdirilib
Əsas
prioritetlər
Təhsil
Nazirliyi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan əsas hədəflərin həyata keçirilməsi
və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması
üçün təhsilin bütün pillələri - məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil və
diplomdan sonrakı təhsillə bağlı hər il növbəti
il üçün prioritetləri elan edəcək.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil
sistemində aktual problemlərin həllinə istiqamətlənmiş
islahatyönlü tədbirlər planı
hazırlanmışdır. Həmin tədbirlərin
keçirilməsində əsas məqsəd məktəblərdə
sağlam və səmərəli təhsil mühitinin
yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi
və məktəbin idarə olunmasının müasir tələblər
səviyyəsinə çatdırılmasından ibarətdir.
İslahatların
çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə
həyata keçirilməsinə mənfi təsir göstərə
biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri
ilkin mərhələdə yalnız Bakı şəhərinin
məktəblərində keçiriləcəkdir. Bakı
şəhərində ölkə üzrə ümumtəhsil
məktəblərinin sayca 8 faizi yerləşsə də,
şagirdlərin sayı baxımından şagird kontingentinin
28 faizi əhatə olunmuşdur. Şagirdlərin sayı, idarəetmə
heyətinin və müəllimlərin nisbi peşəkarlığı,
həmçinin Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi
üçün Bakı şəhərinin seçilməsini
şərtləndirmişdir.
Qeyd
olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris
ilində aşağıdakı tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur:
1. Məktəb
rəhbərlərinin səmərəli fəaliyyətini təmin
etmək məqsədi ilə onlar üçün peşə
standartları əsasında təlimlərin keçirilməsi;
2.
Keyfiyyət sertifikatı almış məktəb
direktorlarının əməkhaqqına əlavələrin
edilməsi;
3.
Hesabatlılıq və məsuliyyətin
bölüşdürülməsi prinsiplərinin tətbiq
edilməsi yolu ilə məktəblərin idarə edilməsində
şəffaflığın və aşkarlığın
artırılması;
4.
Korrupsiyaya qarşı tədbirlərin sistemli və
davamlı aparılması, korrupsiya halları ilə
mübarizə nəticəsində cəmiyyət və məktəb,
cəmiyyət və müəllim arasında sağlam
münasibətlərin bərqərar olunması;
5. Təhsil
sahəsində innovativ ideyaların, o cümlədən
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələrindən
qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə
şəraitin yaradılması;
6. Dərsliklərin
və müəllimlər üçün metodik vəsaitlərin
təkmilləşdirilməsi ilə bağlı onların
müəlliflərinə təlimlərin keçirilməsi;
7. Fənn
kurikulumlarının mahiyyətinin valideynlərə
çatdırılması üçün maarifləndirmə
işlərinin gücləndirilməsi;
8.
Şagirdlərin tədris proqramlarını səmərəli
mənimsəməsi məqsədilə illik dərs müddətinin
2 - 3 həftə artırılması (2014-2015-ci tədris
ilində bütün ölkə ərazisini əhatə etməklə);
9.
Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs
yükünün azaldılması, onların meyil və
maraqlarını nəzərə alaraq, məcburi və
seçmə fənləri əhatə edən tədris
planlarının tətbiqi;
10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması;
11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması.
Müasir
dövrdə təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil
sistemi anlayışına olan baxışları da yeniləmişdir.
Bu sahədə mühüm sənəd olan və ölkə
Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təhsil sahəsi üzrə ictimaiyyəti
düşündürən məsələlərin həlli
istiqamətində atılacaq addımları özündə
ehtiva edir. Peşəkar bilik və bacarıqlara yiyələnən,
rəqabətədavamlı insan qaynaqlarının
yetişdirilməsi missiyasına xidmət edən bu sənəddən
irəli gələrək Təhsil Nazirliyi ümumtəhsil məktəblərində
həyata keçiriləcək islahatların əsas prioritetlərini
müəyyənləşdirib. Həmin prioritetlər barədə
ətraflı məlumat almaq üçün nazirliyin Təhsilin
statistikası və keyfiyyətin qiymətləndirilməsi
şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi
sektorunun müdiri Emin Əmrullayevə müraciət
etdik. E.Əmrullayev bizimlə
söhbətində ümumtəhsil məktəblərində
təhsilin keyfiyyətinin yüksəldilməsi
üçün idarəetmənin müasir tələblər
səviyyəsində təmin edilməsindən, sağlam və
səmərəli təhsil mühitinin yaradılmasından və
digər vacib məsələlərdən bəhs edib.
- Emin müəllim, Təhsil
Nazirliyi artıq məktəb rəhbərləri
üçün təlimlərə başlayır. Məktəb rəhbərlərinin
səmərəli fəaliyyətini təmin etmək məqsədilə
onlar üçün peşə standartları əsasında
təlimlərin keçirilməsi dedikdə, nəyi
düşünə bilərik?
- Biz bu məsələyə yenə də
keyfiyyət standartları baxımından
yanaşmalıyıq. Məktəb direktorlarından da idarəetmə
sahəsində müəyyən bilik, bacarıq tələb
olunur. Təhsil Nazirliyi tərəfindən məktəb
direktoru vəzifəsinə uyğun standartların
hazırlanması yolu ilə məktəb direktorlarının
gələcəkdə eynilə müəllimlərlə
iş istiqamətində olduğu kimi, müəyyən bir
qiymətləndirmədən keçirilməsi və bu
işin ilkin olaraq könüllü qaydada aparılması
planlaşdırılır. Hazırda bu standartlar
hazırlanır. Nazirlik tərəfindən direktor təyin
edilən şəxsin bir sıra zəruri şəxsi keyfiyyətlərə
və təhsil prosesinin təşkili ilə bağlı bilik
və bacarıqlara malik olması vacibdir. Kurikulum, qiymətləndirmə,
keyfiyyətə nəzarət mexanizmləri ilə
bağlı məlumatlılıq, valideynlərlə işin
aparılması, məktəb icmasının məktəbə
cəlb olunması sahəsində bilik və bacarıqlar, qərar
qəbuletmə, hesabatvermə, düzgün və şəffaf
maliyyə idarəetmə bacarığının olması, məktəbin
əsas fəaliyyət göstəriciləri ilə
bağlı sadə də olsa, müəyyən statistik məlumatların
toplanması və təhlilinin aparılması, onların digər
qurumlarla bölüşülməsi müasir dövrdə Təhsil
Nazirliyinin məktəb direktorlarından gözlədiyi keyfiyyətlərdir. Bu keyfiyyətlər
üzrə məktəb direktorları, həmçinin gələcəkdə
direktor olmaq istəyən şəxslər
nazirlik tərəfindən təşkil olunan təlimlərdə
iştirak edə bilərlər.
Bu tədris ilinin
sonunda təlimlərdən keçmiş kifayət qədər
şəxslərin olmasını gözləyirik. Məqsəd təhsilin keyfiyyətinin, məktəb
direktorlarının idarəetmə səriştəliliyini
artırmaq, onları məktəblərdə nazirlik
üçün prioritet olan hədəflərə çatmaqda
əsas menecerlərə çevirmək və ümumilikdə, məktəb
idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən
həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
- Nazirliyin keçirəcəyi bu təlimlərdə iştirak üçün müraciətlər varmı?
- Bəli, var.
Artıq gözlənildiyi kimi, kifayət qədər insanlar təlimlərə
maraq göstərirlər. Bu günədək təlimlərdə
iştirak üçün 200-ə qədər şəxs
müraciət edib. Nəzərə alsaq ki, hələ son
müraciət tarixinə bir neçə gün qalıb, biz
300-400 arasında namizədin müraciət etməsini gözləyirik.
Təlimdə iştirak üçün cəmi 50 yer
olmasını nəzərə alaraq, seçim prosesinin rəqabətli
olmasını gözləyirik.
Bu prosesdə 3 mərhələli
seçim mexanizmi tətbiq ediləcək. I mərhələdə
namizədlər müvafiq formanı dolduraraq Təhsil
Nazirliyinə müraciət edirlər. Daha sonra layihənin əsas
icraçısı olan Qafqaz Universiteti, həm də nazirliyin
cəlb etdiyi ekspertlər tərəfindən seçim
aparılır. Bu mərhələdə daha çox diqqət
minimum tələblərə, 5 il pedaqoji təcrübəyə
malik olmağa, ali pedaqoji təhsilə fikir verilir.
II mərhələdə
biz maksimum 150-200 nəfər namizəd üçün
imtahanın keçirilməsini nəzərdə tuturuq. Bu
imtahan iki hissədən ibarət olacaq - yazı və məntiq.
İmtahanda rəhbər şəxs olacaq namizədin yazı
savadı yoxlanılır, bu şəxsin öz fikir və
düşüncələrini yazılı şəkildə
ifadə etməsi, yuxarı qurumlara çatdırma
bacarığı çox önəmlidir. Həmçinin,
yazı əllə yox, birbaşa kompüterlə
yazılmalıdır ki, artıq bununla biz namizədin ilkin
İKT bacarığına malik olduğunu da yoxlayırıq.
Seçim
imtahanının 2-ci hissəsində idarəetmədə tətbiq
olunan müxtəlif məntiq, sadə riyazi təfəkkür,
qərar vermək üçün zəruri olan
düşüncə tərzini yoxlayan testdən istifadə
ediləcək. Minimumları toplayan hər bir
şəxs növbəti mərhələyə keçir. Ən
önəmli olan III mərhələdə müsahibə
zamanı həm I, həm də II mərhələdə
iştirak etmiş namizədin təcrübəsi, biliyi,
qısa zaman ərzində problemi həll etmə qabiliyyəti,
insanlarla ünsiyyət qurma bacarığı
yoxlanılır. Bundan sonra ən yüksək nəticə
göstərmiş 50 nəfər təlimlərə cəlb
olunacaqdır.
- Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əməkhaqqına əlavələrin edilməsi barədə nə deyə bilərsiniz?
- Bu, çox sadə məsələdir. Yəni, kim ki, sonda qiymətləndirmədə səriştəli direktor adını ala bilirsə, onların əməkhaqqında diferensasiya müşahidə olunmalıdır. Ümumiyyətlə, yanaşma budur ki, fərqi yoxdur, müəllim, direktor, əgər insan keyfiyyətli iş görürsə, bu halda onun əməkhaqqı digərlərindən fərqli olmalıdır. Əlavələrin verilməsinin məhz bu yanaşma əsasında reallaşması təklifi nəzərdən keçirilir.
- Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflıq və aşkarlığın artırılması üçün nə kimi tədbirlərin həyata keçirilməsi düşünülür?
- Hazırda ümumi təhsil məktəblərində
aparılmış tədqiqatların nəticəsi və bu
təhsil müəssisələri rəhbərlərinin
mövqeyi bundan ibarətdir ki, məktəb direktorları bir
çox məsələlərdə qərarvermə səlahiyyətlərinə
malik deyil. Məsələn,
müəllimin işə qəbulu, qiymətləndirmə
sahəsində vasitələrin hazırlanması və s.
Bunlar hamısı mərkəzləşdirilmiş qaydada həyata
keçirilir. Məktəb direktorlarına bu səlahiyyətlər
tədricən könüllülük əsasında verilə
bilər. Önəmli məsələ ondan ibarətdir ki,
özünüidarəetmə o demək deyil ki, məktəb
direktorları bu və ya digər şəkildə hər
şeyi özləri etməlidirlər. Burada söhbət
qanunvericilik çərçivəsində fəaliyyət
göstərməklə səlahiyyətlərin
artırılmasından gedir. Səlahiyyətlərin
artırılması isə öz növbəsində daha
yüksək cavabdehlik və hesabatvermə tələb edir.
Səlahiyyətlər
aşağı olduğuna görə məktəb rəhbərliyi
nəticələrə görə cavabdehlikdən boyun
qaçıra bilir və "idarəetmə məsələləri
səlahiyyətimdə olmadığından, nəticəyə
də mən məsuliyyət daşımıram" deyir.
Bilirsiniz
ki, müəllim mərkəzləşdirilmiş imtahan
verdikdən sonra məktəbə işləməyə gəlir.
Əgər məktəb direktorunun müəllim işə qəbul
etmək səlahiyyəti varsa, sabah həmin müəllimin
göstərdiyi nəticəyə görə də məhz
özü cavabdehlik daşımalıdır. Bu, çox önəmli bir dəyişikliklərə
səbəb ola bilər.
- Emin müəllim, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunmasının önəmliliyi də danılmazdır.
- Bildiyiniz
kimi, ötən tədris ilinin sonunda və bu tədris ilinin əvvəlində
təhsil nazirinin müvafiq göstərişləri, həmçinin
nazirlik əməkdaşlarının mütəmadi və gərgin
işi nəticəsində ümumi təhsil müəssisələrində
korrupsiya ilə mübarizə tədbirləri gücləndirilib. Lakin həmişə
deyildiyi kimi, bir daha təkrarlamalıyıq ki, korrupsiya ilə
mübarizə yalnız Təhsil Nazirliyinə aidiyyəti olan
bir məsələ deyil, bu, həm də cəmiyyətin və
valideynlərin birbaşa məsuliyyətidir. Bununla
bağlı dəfələrlə ictimaiyyətə məlumatlar
verilib və açıq şəkildə söylənilib
ki, anonimliyi qorumaqla valideynləri bu və ya digər şəkildə
narazı salan məsələlərə vaxtında, operativ
reaksiyanın verilməsi nazirliyin prioritet istiqamətlərindəndir.
Yenə də bu, zaman tələb edən məsələdir,
birdən-birə dəyişən məsələ deyil.
Düşünürük
ki, bu istiqamətdə qayda və prosedurların tətbiqi vəziyyəti
əsaslı şəkildə dəyişməyə imkan verəcək.
Əsas məsələ məktəblərdə valideyn
icmalarının, valideyn-məktəb əlaqələrinin
gücləndirilməsi, şəffaf mühitin
yaradılmasıdır.
Bu asan məsələ deyil ki, onu qısa şəkildə təsvir
etmək mümkün olsun. Dövlət tərəfindən
bir çox xərclər ödənilir, dövlət bu xərcləri
qarşılamaq üzrə öhdəlik götürüb.
Eyni zamanda Təhsil Nazirliyi mərkəzi icra strukturu olaraq bu
istiqamətdə vətəndaşlarla əməkdaşlığın
çox açıq şəkildə həyata keçirilməsində
maraqlı olmasını dəfələrlə bəyan edib. Bu prosesdə yalnız Təhsil Nazirliyinin səyi nəticəsində
məktəblərdə müəyyən vəsaitlər
yığılmasının qarşısının
alınmasını gözləmək kimi birtərəfli
baxışla səmərəliliyin olması mümkün
deyil. Burada əsas məsələ ondan ibarətdir ki,
valideynlər Təhsil Nazirliyinin, Təhsil Nazirliyi də
valideynlərin yanında olmalıdır. Valideynlər
öz məsuliyyətlərini başa düşməlidirlər
ki, əgər hər hansı bir qeyri-qanuni formada onlardan
müəyyən fond pulu, yaxud vəsait tələb olunursa,
onlar öz adlarını göstərməklə anonim olmadan
Təhsil Nazirliyinə müraciət etməlidirlər.
Təhsil Nazirliyi bu şikayətlər əsasında məsələləri
araşdıra bilir.
- Hazırda müəllimlər üçün maraqlı olan daha bir məqam var. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması barədə məlumat verməyinizi xahiş edirəm.
- "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri
zamanında səmərəliliyin artırılması
üçün innovativ bir təşəbbüs idi. Bunun tətbiqi
ilə artıq müəllimlərdə bir hərəkətlilik,
müəyyən bir rəqabətlilik və istək
yaranmışdı ki, hamı ilin müəllimi olmağa can
atırdı. Təbii ki, bundan qazanan şagirdlər idi. Digər
tərəfdən, ilkin illərlə müqayisədə
artıq bir qədər təkmilləşməyə,
yanaşmaların müasirləşməsinə ehtiyac var. Bu
istiqamətdə həyata keçiriləcək dəyişikliklərin
əsas müddəaları müvafiq müsabiqələrdə
"ən yaxşı" məfhumunun müəyyən
edilməsidir. Yəni, ilin ən
yaxşı müəllimi heç də ilin ən
savadlı, ən bacarıqlı, ən fədakar müəllimi
formatında yox, məhz innovativ yanaşmaları tətbiq edən
müəllimlər olmalıdır. Sual verilə bilər ki,
niyə? Çünki savadlı müəllim başqa bir
şəkildə stimullaşdırılmalıdır, onun əməkhaqqı
yüksək olmalıdır, dövlət tərəfindən
mükafatlandırılmalıdır və s. Amma həmin
müəllim həm də innovativ təcrübələri
uğurla tətbiq edərsə, bu halda "ilin ən
yaxşı müəllimi" adına iddia edə bilər.
"Ən
yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrində
daha çox verilmiş təhsil müddəti ərzində
müəllimin və məktəbin həyata keçirdiyi
innovativ yanaşmaların dəstəklənməsindən
söhbət getməlidir. Müəllimin
yaradıcı yanaşması, hər hansı problem yaratmadan
digər bir problemi həll etmə qabiliyyəti, bunu çox
resurs sərf etmədən həyata keçirməsi, risklərin
olmaması və digər məsələləri tətbiq etməklə
təhsildə keyfiyyətin artırılmasına nail
olması, eləcə də bu yanaşmanın geniş
tətbiqi mümkündürsə, həmin müəllim və
ya məktəblər müsabiqələrin qalibləri ola bilərlər.
Burada nəticələrin yayılması və nəticələrdən
bəhrələnmə, innovativlik çox önəmli məsələdir.
Müəllim zatən
bilikli olmalıdır, müəllimin öz sahəsini
yaxşı bilməsi vəzifə borcudur.
Mükafatlandırma vəzifə borcundan daha çoxa nail
olanlar üçün nəzərdə tutulmalıdır.
Yenilikçi, yeni metodlardan istifadə edən ən
yaxşı müəllim və ən yaxşı məktəb
bu kriteriyalara cavab verməlidir.
- Bu gün ictimaiyyətin diqqətində olan ən önəmli məsələlərdən biri də dərsliklərdir. Sizcə, dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi bu işdə irəliləyişlərin əldə olunmasına səbəb ola bilərmi?
- Bilirsiniz ki, bu il dərsliklərin
hazırlanması və çatdırılması, həmçinin
onların monitorinqi və qiymətləndirilməsi, dərslik
siyasəti, onun müxtəlif detalları və komponentləri
ilə bağlı bir sıra önəmli addımlar
atılmışdır. Amma düşünmürük ki,
bu, kifayətdir. Dərsliklərlə bağlı daha çox, daha geniş, onların
keyfiyyətinin daha da artırılması üçün
müəyyən tədbirlər görülməlidir. Bu tədbirlərdən
biri də fənn kurikulumlarının, ümumiyyətlə,
yeni tələblərin dərslik müəllifləri tərəfindən
mənimsənilməsi məsələsidir. Dərslik müəlliflərinin
də fənn kurikulumlarını anlaması, düzgün mənimsəməsi
vacib şərtdir. Bu baxımdan müəlliflər
üçün belə bir təlimlərin keçirilməsi
ümumilikdə dərsliklərin keyfiyyətinin
artırılmasına xidmət edir. Yalnız dərsliklərin
deyil, müəllimlər üçün paralel hazırlanan
vəsaitlərin də tələblərə daha da
uyğunlaşması, sözün əsl mənasında,
müəllimlər üçün vasitəyə
çevrilməsi istiqamətində də təkmilləşdirmə
işlərinin aparılması önəmlidir.
Bu tədbirlər
uzun sürən bir proses olsa da, sonunda ümid edirik ki, müəyyən
bir vaxt çərçivəsində dərsliklərin həm
məzmunu, həm də müəllimlər üçün
hazırlanan vəsaitlərin yardımçı vəsait
olması baxımından əsaslı keyfiyyət dəyişikliyinə
müsbət mənada
nail olunacaqdır.
Təhsil Nazirliyi ali təhsil
müəssisələri və qeyri-hökumət təşkilatları
ilə gələcəkdə bu istiqamətdə sıx əməkdaşlıq
etmək niyyətindədir.
- Cəmiyyətdə ümumi təhsil sahəsində problemlərin olması, kurikulumların ağırlığı, kurikulumların ləğvi barədə fikirlər səsləndirilir. Sizə elə gəlmirmi ki, doğrudan da fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac vardır?
- Ümumiyyətlə,
təhsil ictimaiyyətinin, valideynlərin, müəllimlərin
çox tez-tez müxtəlif problemləri səsləndirməsi,
həmin problemlərin Təhsil Nazirliyi tərəfindən
qısa zamanda həll olunması barədə deyilənlər
normal qarşılanmalıdır. Sadəcə olaraq, hər
bir problemin ayrı-ayrılıqda səbəbləri, kökləri
araşdırılmalı və problemlərə adekvat
yanaşılma mövcud olmalıdır. Biz problemlərin
ümumi yox, məhz ayrı-ayrılıqda və prioritetlərin
müəyyən edilməsi ilə həll edilməsinin tərəfdarıyıq.
Məhz bu sənədin də əsas mahiyyəti müxtəlif
problemlərin həlli istiqamətində
islahatyönümlü tədbirlərin həyata keçirilməsi
və yaxud onların təşviqi, ictimaiyyətin məlumatlandırılmasıdır.
Bəzən valideynlər
və ya ictimaiyyət nümayəndələri
"kurikulumlar ləğv olunacaqmı" sualını
verirlər. Artıq sualdan da görünür ki, belə bir təklif
və yaxud iddia ilə
çıxış etmək kurikulumların, kurikulum
sözünün mahiyyətini başa düşməməkdən
irəli gəlir. Kurikulum ləğv oluna bilməz.
Kurikulum tədrisin məzmunu deməkdir.
Yeni fənn
kurikulumları ənənəvi fənn kurikulumlarından daha
çox şagirdlərin bacarıqlarının
inkişafını, fəal təlim metodlarını, yeni
qiymətləndirmə yanaşmalarını və digər məsələləri
özündə əks etdirir. Biz düşünürük
ki, valideynlər yeni fənn kurikulumlarının mahiyyətini
başa düşməzsə,
"kurikulumları ləğv etmək
lazımdır" - kimi yersiz
ifadələr işlədə bilərlər. Ona
görə də bu sənəddə valideynlərin
kurikulumların mahiyyəti haqqında maarifləndirilməsi və
onların uzun müddətdə kurikulumların tələblərinin
reallaşdırılmasında partnyorlara çevrilməsini dəstəkləyən
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Belə tədbirlərin
bir istiqaməti məktəblər səviyyəsində
müxtəlif təlimlərin təşkili, digər istiqaməti isə kütləvi
informasiya vasitələri ilə həyata keçirilməsidir.
KİV-in imkanlarından istifadə edərək valideynlərə
bəlli mesajları çatdırmaq çox önəmlidir.
Qeyd edək ki, bu layihələr ilkin mərhələdə
yalnız Bakı şəhərini əhatə edəcək.
Ona görə də Bakı şəhərində fəaliyyət
göstərən müxtəlif
ictimai təşkilatlar vasitəsilə bu tip layihələrin
həyata keçirilməsi planlaşdırılır. Belə
ki, Təhsil Nazirliyi artıq ictimai təşəbbüslərin
dəstəklənməsi istiqamətində bir sıra
işlər görür, layihələri dəstəkləyir.
Gələcəkdə bu işin daha da intensivləşdirilməsi
və prioritetləşməsi nəzərdə tutulur.
-
Sizcə, fənn kurikulumlarının mahiyyətinin valideynlər
tərəfindən mənimsənilməsi nəzərdə
tutulan işlərlə nə dərəcədə effektli
ola bilər?
- Valideynlərin məktəbdə aparılan
tədrisin evdə dəstəklənməsi, müəyyən
mənada tamamlanması, öz övladları
üçün dəstəkləyici vasitələrin və
yaxud düzgün öyrənmə mühitinin
formalaşdırılması baxımından rolu vacibdir. Bu həmişə
belə olub, indi də belədir, gələcəkdə də
belə olacaq. Valideyn 20-30 il əvvəl oxuduğu və
gördüyü tədris prosesini XXI əsrin əvvəllərində
öz övladına tətbiq etmək istəyir, müəllim
isə tamamilə başqa yöndə tədris aparır. Təbii
ki, bu yöndə zərər
görən tərəf yenə də şagird olur.
Biz şagirdlərdə müxtəlif
bacarıqları formalaşdırmaq istəyiriksə, bu
baxımdan yeni fənn kurikulumlarının əhəmiyyəti
çox böyükdür. Valideyn bunu başa düşərsə,
övladının müasir zamanın və məzun olduqdan
sonra gələcəkdə əmək bazarının tələblərinə
uyğun bacarıqlarının formalaşdırılması
istiqamətində, tərbiyə və təlimində
iştirakının səmərəliliyini
artırmış olar.
- Məlumdur
ki, dünyanın inkişaf etmiş ölkələrində
dərs ili 38 tədris həftəsindən ibarətdir. Bəs
bizdə necə, bu sahədə hansı yeniliklər nəzərdə
tutulub? Ümumiyyətlə, şagirdlərin tədris
proqramlarını səmərəli mənimsəməsi məqsədilə
illik dərs müddətinin 2-3 həftə
artırılması və bu işin növbəti tədris
ilində bütün ölkəni əhatə etməsi barədə
nə deyə bilərsiniz?
- Bu sənəd növbəti tədris ilindən
illik dərs müddətinin 2-3 həftə
artırılmasını nəzərdə tutur. Bildiyimiz
kimi, tədris dövrü ilə həftəyə düşən
oxunan material və yaxud bu və ya digər məsələnin
mənimsənilməsi üçün ayrılan vaxt
arasında riyazi olaraq ciddi əlaqəlilik var. Tədris
müddətinin uzadılması şagirdlərə müəyyən
mövzuları daha yaxşı mənimsəməyə,
öyrədilməsi vacib olan materialın hər həftəyə
düşən həcmi baxımından daha da
asanlaşdırılmasına, azaldılmasına gətirib
çıxarır.
Ümumilikdə, tədris həftəsi
müddətinin uzun olması ilə ölkənin
inkişafı, həm də beynəlxalq qiymətləndirmədə
göstərdiyi nəticələr arasında ciddi əlaqəlilik
mövcuddur. Belə ki, dünyanın inkişaf etmiş
ölkələrində, tam dəqiqliyi ilə desək,
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan
ölkələrdə tədris həftəsinin orta göstəricisi,
təxminən 38 həftədir. Azərbaycanda isə bu,
hazırda 32 həftədir. Nəzərə alsaq ki, il ərzində
kifayət qədər bayramlar, tətillər var, o zaman tədris müddətinin təxminən
142-143 gün olması məlum olur. Yəni, bizim şagirdlər
365 gündən 142-143 gününü məktəbdə
keçirirlər ki, bu da ilin yarısından da azdır. Təbii
ki, bu mənada dünya standartlarına, dünyanın orta
göstəricilərinə yaxınlaşmaq həm ölkə,
həm valideynlər, həm də şagirdlər səviyyəsində
yüksək nəticələrin əldə olunmasına gətirib
çıxara bilər.
- Bu
məqamda yuxarı siniflərdə şagirdlərin həftəlik
dərs yükünün azaldılmasından danışsaq,
daha məqsədəuyğun olar, elə deyilmi?
- Yuxarı siniflərdə
təhsil alan şagirdlərin yüklənməsi
müşahidə olunur.
Bilirsiniz ki, yuxarı siniflər şagirdlərin həm
ali təhsil müəssisələrinə hazırlıq, həm
də peşə seçimi baxımından kifayət qədər
məşğul olduğu bir dövrdür. Bütün
bunlarla yanaşı, dərs yükünün də çox
olması, çox sayda fənnin tədrisi,
düşünmürük ki,
şagirdlərin daha da yaxşı öyrənməsinə
və daha yaxşı vətəndaş, daha keyfiyyətli əmək
qüvvəsi kimi yetişməsinə səbəb olur. Əksinə,
ixtisaslaşmanın müəyyən məsələ və
mövzuların dərindən öyrənilməsində,
ümumiyyətlə, təhsilə olan həvəsin
formalaşmasında çox ciddi rolu vardır.
- Sənəddə məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi də əsas məsələ kimi diqqətdə saxlanılır. Yuxarı sinif şagirdlərinin meyil və maraqlarının nəzərə alınacağı bu tədris planlarından gözləntiləriniz nədir?
- Yuxarı sinif şagirdləri ilə
iş zamanı onların artıq formalaşmış meyil və
maraqlarına diqqət təhsilin keyfiyyətinin
artırılması baxımından çox önəmli məqamdır.
Əvvəlcə seçmə və məcburi fənn məsələlərinə
bir az aydınlıq gətirək. Bildiyiniz kimi, bir sıra fənlərin
şagirdlər tərəfindən seçilməsi ancaq maraq
yox, məcburi formada olmalıdır. Məsələn, Azərbaycan
dili, riyaziyyat. Əlbəttə, müəyyən standartlar fənn
kurikulumlarında nəzərdə tutulmuş şəkildə
şagirdlər tərəfindən mənimsənilməlidir.
Amma digər tərəfdən, bütün fənlərin
şagirdlər tərəfindən mənimsənilməsi
real görünmür. Çox az şagird bu yüksək nəticəyə
nail ola bilir. Ona görə də hər hansı bir sayda, 7, 8,
yaxud 10 sayda fənnin məcburi saxlanılması ola bilər.
Məcburi fənlərdən savayı, şagird maraq dairəsinə,
dünyagörüşünə, meyilinə uyğun olaraq
müxtəlif seçmə fənlər də seçə
bilər. Bu müddəanın önəmliliyi
bütün şagirdlərə hər bir fənni keçmək
əvəzinə müəyyən fənlərin
bütün şagirdlər tərəfindən keçirilməsi
(məcburi fənlər), digər fənlərin isə
seçmə fənn olaraq şagirdin maraq və meyilinə
uyğun seçilməsindən ibarətdir.
Şagird yalnız məcburi dərsləri keçməklə
kifayətlənməməli, həmçinin məzun olmaq
üçün tələb olunan fənn sayını ödəmək
məqsədilə əlavə olaraq seçmə fənlər
də müəyyənləşdirməlidir.
İnanırıq
ki, bu modelin tətbiqi həm şagirdin xüsusi maraqlarına
daha çox vaxt ayırmasına səbəb olacaq, həm də
onların müvafiq məsələləri dərindən
öyrənməsinə, dünyagörüşünün
formalaşdırılmasına imkan yaradacaqdır.
- Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması üçün nə kimi tədbirlər nəzərdə tutulur?
- Ümumiyyətlə,
Təhsil Nazirliyi üçün prioritet istiqamətlərdən
biri budur ki, məktəblərdə verilən qidalar, həmçinin
göstərilən xidmətlər müəyyən dövlət
standartlarına cavab verməlidir. Bu həm qida təhlükəsizliyi,
həm də sağlamlıq baxımından çox önəmlidir.
Artıq gələn ilin yanvarından bu məsələ
yalnız dövlət standartlarına uyğun qida və xidmətlər
göstərmək öhdəliyini öz üzərinə
götürmüş təchizatçılarla həyata
keçiriləcəkdir.
Ümid edirik ki, bu istiqamətdə müsbət irəliləyiş
əldə olunacaq.
- Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması da günümüzün ən aktual məsələlərindəndir. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə,
təhsil dedikdə, ənənəvi olaraq, insanlar ancaq təhsili
və biliklərin mənimsənilməsini əsas
götürürlər. Unutmaq lazım deyil ki, şagirdlər
demək olar ki, günün kifayət qədər
böyük bir hissəsini məktəbdə keçirirlər.
Məktəb mühitinin sağlam olması, sağlam vətəndaşların
yetişdirilməsi ən önəmli məsələlərdən
biridir. Bu baxımdan fiziki tərbiyə dərslərinin
müvafiq formatda aparılması əsas məsələdir.
Fiziki tərbiyə dərsləri uşağın
düzgün fizioloji inkişafını qarşıya məqsəd
kimi qoymalıdır. Fiziki tərbiyə dərsləri
hansısa boş, əhəmiyyətsiz dərslər deyil, bu
dərslər şagirdlərin sağlamlılığı
baxımından çox əhəmiyyətlidir.
Əsas məsələlərdən
biri də pis vərdişlərin şagirdlərin həyat tərzinə
çevrilməsinin qarşısının
alınmasıdır. Reproduktiv sağlamlıq, şəxsi
gigiyena məsələləri də diqqətdə
saxlanılmalıdır. Burada məlumatlandırılmanın
vacibliyini qeyd etmək lazımdır. Bütün bunlar nazirlik
üçün prioritet istiqamətlərdir.
Şagirdin
psixoloji və fiziki baxımdan sağlam böyüməsi onun
ətraf mühiti qavramasında, gələcəkdə
özünə olan münasibətin formalaşmasında
çox önəmli rol oynayır. Şagirdin sağlam
olması, onun savadlı
olması qədər, bəlkə də ondan da vacib bir məsələdir.
Müsahibəni hazırladı:
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.3.