Azərbaycanın və Çinin idarəçilik akademiyaları

arasında əməkdaşlığa dair Memorandum imzalanıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

AzərTAc xəbər verir ki, dekabrın 9-da Çin İdarəçilik Akademiyasının katibi Çen Baoshen ilə keçirilmiş görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər bu istiqamətdə qarşılıqlı səfərlərin rolunu vurğulamış, təcrübə, elmi-tədqiqat nəşrlərinin və hesabatların mübadiləsinin, habelə hər iki ölkədə təşkil edilən elmi konfranslarda qarşılıqlı iştirakın təmin olunmasının əhəmiyyətini qeyd etmişlər.

Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Çin İdarəçilik Akademiyası arasında mübadilə və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Çinin dövlət qurumlarının təmsilçiləri və Çin İdarəçilik Akademiyasının dinləyiciləri üçün "Davamlı inkişafekoloji sivilizasiyanın planlaşdırılması və idarə edilməsi: Azərbaycan təcrübəsi" mövzusunda mühazirə oxumuş, sualları cavablandırmışdır.

Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın 10 illik inkişafına həsr edilmiş "Desyat let, izmenivşiye Azerbaydjan: 2003-2013" kitabının nüsxələrini və digər nəşrləri Çin İdarəçilik Akademiyasının kitabxanasına hədiyyə etmişdir.

Dekabrın 13-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şanxay İdarəçilik Məktəbində görüşləri və mühazirələri nəzərdə tutulmuşdur.

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.4.