Təhsil müəssisələrində ümummilli liderin xatirəsi anıldı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu

  

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

LDU-nun Mətbuat və informasiya xidmətindən aldığımız məlumatda bildirilir ki, universitetin rektoru Asəf İsgəndərov tədbiri açdıqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rektor sözünə davam edərək bildirdi ki, ulu öndər bütün ömrünü xalqa həsr etmiş, dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı və onun iqtisadi cəhətdən güclü, beynəlxalq sahədə nüfuzlu dövlətə çevrilməsi istiqamətində çox mühüm işlər görmüşdür.

Universitetin dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Yədulla Ağazadə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyət tarixinin dahi şəxsiyyətidir" mövzusunda məruzə edərək ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışdı.

Universitetin tarix və fəlsəfə kafedrasının müdiri Rakif İbadov, iqtisadi təhlil və idarəetmə kafedrasının müdiri Tofiq Paşayev respublikamızın iqtisadi, sosial və mədəni sahələrində qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam  etdirildiyini bildirdilər.

Tələbələrdən Rüfanə Mahmudlu, Səbinə Həsənova, Aynur Tağıyeva və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiq qalacaqlarını, bundan sonra da yaxşı oxuyacaqlarını və universitetin ictimai həyatında fəal iştirak edəcəklərini bildirdilər.

Sonda ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.

Sonra universitetin kollektivi Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə parkında dahi rəhbərin abidəsi önünə çiçək dəstələri düzdülər.

Tədbirdə təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

 

***

 

Bakıdakı 54 nömrəli tam orta məktəbdə müasir Azərbaycanın memarı və qurucusu  ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Sahibə Abbasova  ulu öndər Heydər Əliyev haqqında danışaraq bildirib ki,  Azərbaycan  dövlətçiliyinin, iqtisadiyyatının və mədəniyyətinin inkişafı, xalqın rifahının yüksəlməsi üçün böyük xidmətlər göstərmiş ikinci belə tarixi şəxsiyyət olmayıb. Ümummilli lider  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərib, onun hakimiyyətdə olduğu illərdə yeni-yeni təhsil müəssisələri yaradılıb, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar açılıb. Qeyd olunub ki, Azərbaycan gəncləri dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməklə hər sahədə fəallıq göstərir, ulu öndərimizin müqəddəs amallarına sadiqlik nümayiş etdirirlər. Vurğulanıb ki, dahi şəxsiyyətin ideyaları nə qədər yaşayırsa, deməli, o özü də yaşayır. Əminlik ifadə olundu ki, Azərbaycan Respublikası bir dövlət kimi mövcud olduğu qədər Heydər Əliyev də yaşayacaq. Hər bir azərbaycanlı fəxr etməlidir ki, o, ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır.

Tədbirin aparıcıları qeyd etdilər ki, bu böyük şəxsiyyət xalqımız tərəfindən hər an anılır, hər gün yad edilir. Ulu öndər bu məhəbbəti xalqına, vətəninə, dövlətinə, böyük türk dünyasına əvəzsiz xidməti ilə qazanıb, əbədiyaşar liderə çevrilib.

Sonra  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Şagirdlər söylədikləri şeirlərlə, ifa etdikləri mahnılarla ulu öndərə olan sevgilərini bildiriblər.

 

***

 

Bakıdakı 159 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım tədbirində  əvvəlcə  iştirakçılar müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev haqqında şagirdlərin hazırladıqları divar qəzetləri və fotostendlərlə tanış olublar.

Məktəbin akt zalında təşkil olunmuş tədbir Dövlət himninin ifası və Dövlət bayrağının Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında səhnəyə gətirilməsi ilə başlayıb. Tədbir iştirakçıları xalqın sevimlisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ulu öndər haqqında danışan məktəbin direktoru Vahid Xəlilov bildirib ki, tarix güclü şəxsiyyətləri sevir. O şəxsiyyətləri ki, onlar öz xalqını yüksəklərə qaldırır və gözəl gələcəyə aparır.  O adamlar ki, gələcək nəsillər naminə qurub yaradır və milli dövlətçilik binasının özülünü qoyur. Bu gün xatirəsini anmaq üçün bura yığışdığımız ümummilli liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.  Dahi lider hələ  1969-cu ildə ilk dəfə hakimiyyətə gələndən sonra ölkəmizdə bütün sahələrdə sürətli dönüş yarandı. Həmin dövrdən başlayaraq respublikamızda bir çox sənaye müəssisələri, zavod və fabriklər tikildi, aqrar sahə sürətlə inkişaf etdirildi, yeni  məktəblər yaradıldı. Çox keçmədi ki, Azərbaycan keçmiş SSRİ-nin aparıcı respublikalarından birinə çevrildi. Ümummilli lider bununla yanaşı, Azərbaycanın gələcək intellektual kapitalının formalaşması istiqamətində də bir sıra ciddi layihələr həyata keçirdi.

Ümummilli lider Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyini, ölkəmizin müstəqilliyini əbədi etdiyini vurğulayan tədbirin aparıcıları olan X "a" sinif şagirdləri xalqımızın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsini, xalqı ağır bəlalardan xilas edərək çox güclü və müstəqil dövlət qurduğunu diqqətə çatdırıblar. Qeyd olunub  ki,  ümummilli liderin siyasi kursu bu gün   möhtərəm Prezidentimiz  İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

Məktəbin tarix müəllimləri Xəyalə Əhmədova və Vüsal Məmmədov ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu haqqında danışıblar.

Tədbir Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.  

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.5.