Uşaqlar məktəbə gedənədək

nələri bilməlidirlər?

 

Bu sual demək olar ki, valideynlərin əksəriyyətini düşündürür. Hətta, "Övladım 100-ə qədər sayır, bütün hərfləri tanıyır, çoxlu şeir  və nağıllar öyrənsə də məktəbdə dərslərini qavramaqda çətinlik çəkir" deyən valideynlərin necə böyük təlaş  və həyəcan keçirdiklərinin də dəfələrlə şahidi oluruq. Məktəbə ilk dəfə qədəm qoyan balacalara gəldikdə isə  dərs prosesində qarşılaşdıqları çətinliklər onları həm zehni, həm də fiziki cəhətdən yorur və qısa bir müddət ərzində təhsil müəssisəsinə alışmasını ləngidir.

Bu gün "yaddaş məktəbi"ndən "düşüncə və təfəkkür məktəbi"nə keçid uşaqlara fərqli yanaşmanı tələb edir. Təsadüfi deyildir ki, son illər müəllimlər tərəfindən də məhz uşaqlara şəxsiyyət kimi yanaşılır. Valideynlər də övladlarının məktəbə getməsinə bir, iki il qalmış onları məktəb təliminə hazırlamağa başlayırlar. Nəticə isə əksər vaxtlarda  yuxarıda qeyd etdiyimiz kimi o qədər də ürəkaçan olmur. Uşaqlarında nitq inkişafını, diqqət, yaddaş, təfəkkür, təxəyyül və digər psixi xüsusiyyətləri, həyati bacarıqları formalaşdırmaq  əvəzinə onlara əsasən mahiyyətini başa düşmədikləri müəyyən şeyləri öyrətməyə, əzbərlətməyə çalışırlar. Digər bir  məsələ isə uşaqların məktəb təliminə hazırlığının hansı formada həyata keçirilməsidir. Yəni, valideyn seçim qarşısında qalır, bilmir ki, övladlarını uşaq bağçasının  məktəbəqədər hazırlıq qrupunaya ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupuna, yoxsa müxtəlif adlar altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarına qoysun. Bəzi valideynlər əksinə, uşaqlarını  məktəb təliminə özləri hazırlamaq istəyirlər. Bəs görəsən bunlardan hansı  uşaqların məktəb təliminə hazırlığında daha effektiv nəticə verə bilər? Ümumiyyətlə, uşaqlar məktəbə gedənədək nələri bilməlidirlər? Elə psixoloqpedaqoqumuzla söhbətimizdə də bu məsələlərə aydınlıq gətirməyə çalışdıq. Onların fikirlərini bilmək, düşünürük ki, valideynlərimiz, bütövlükdə oxucularımız üçün də maraqlı olar. 

 

Hüseyn XƏLİLOV,

Qafqaz Universitetinin psixoloqu

 

Məktəbə psixoloji hazırlıq uşaq həyatının ən önəmli dövrlərindən biridir. I sinfə daxil olacaq uşaqlarla psixoloji hazırlığın təşkil edilməsi mühüm yerlərdən birini tutur. Y.L.Kolominski şəxsi hazırlıq, intellektual hazırlıq və sosial-psixoloji hazırlığı məktəbə psixoloji hazırlığın əsası hesab edir. Bu dövrdə hazırlığın önəmli hissəsi kimi oyun əsas fəaliyyət formasıdır. Uşaq yeddi yaşa qədər üç mühüm mərhələni keçir: ümumi insani dəyərləri mənimsəmək, onu dərk etmək və ətraf aləmi emosional şəkildə öyrənmək. Üç yaşdan  yeddi yaşa qədər uşağın idrak, iradiemosional inkişafı üçün yeni imkanlar yaranır. Yalnız yeddi yaşın başlanğıcında nəzəri təfəkkür formalaşmağa başlayır. Yaşıdları ilə ünsiyyətə girmək qabiliyyəti təlim fəaliyyətinə keçid üçün yetərli olur. İxtiyari diqqət təlim materiallarının mənimsənilməsi, iradi səy çətinliklərin aradan qaldırılmasına imkan verir. Məktəbə uyğunlaşmanın iki əsas yolu  var. Biri hələ məktəbəqədər yaş dövründə uşağın tədricən oyun prosesində təlimə alışması,  digəri isə təlim fəaliyyətinin müəyyən müddət oyun xarakteri daşıması ilə bağlıdır.

Məktəbəqədər hazırlıqda aşağıdakılara diqqət edilməlidir:

* Uşağın  məktəbə kommunikativ hazırlığı

* Məktəbli mövqeyinin mənimsənilməsi

* Məktəb həyatı haqqında bilik və təsəvvürlərin yaranması

* Təlim fəaliyyətinin çətinliklərinə alışmaq

* Təlim motivasiyasının yaranması və tədricən  möhkəmlənməsi.

Məktəb təliminin başlaması ilə uşağın davranışına təsir edəcək amillər də dəyişir. Belə ki, gün rejiminin dəyişməsi - səhər tezdən yuxudan durmaq, ev tapşırıqlarını hazırlamaq, əşyalarını səliqəli saxlamaq kimi məsuliyyətlər qoyulur uşaq qarşısında. Əgər bu proseslər məktəbəqədər hazırlıq dövründə düzgün qurulmayıbsa, uşaq üçün müəyyən çətinliklər yaranacaq. Məktəbəqədər hazırlıqda artıq uşaqda 1-ci sinfə aid ilkin məlumatlar formalaşdırılmalıdır. Onlar fiqurları, rəngləri, səbəb-nəticə əlaqələrini, ümumi və xüsusiləşdirməyi bacarmalıdırlar ( məsələn, sudaquruda yaşayan heyvanları, meyvələrin rəngini, dadını, meyvələrlə bitkiləri ayırmaq kimis.). Bunlarla tanış olmayan uşaq ilk dəfə gəlir məktəbə və adaptasiya ola bilmir. Bu da uşağı gərginliyə salır. Məktəbə getməmişdən əvvəl istədiyi vaxt oynayan uşaq bundan qismən məhrum olur. Həmin prosesə uşağı yavaş-yavaş alışdırmaq lazımdır.

Uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə əlaqədar olur. Müəllimin məktəbdəki mövqeyi birbaşa təlimlə bağlıdır. Onlar daha ciddidaha işgüzar bir münasibətdə olurlar. Bağçadakı tərbiyəçinin mövqeyi isə daha mülayim, mehriban oluruşaq üçün bir növ valideyni əvəz edən bir rolu xatırladır. Bu rolların dəyişilməsi də uşaq üçün yeni bir sosial şəraitin olması deməkdir. İbtidai sinif müəllimləri 1-ci sinfə daxil olan uşaqlara fərdi yanaşmağı bacarmalıdırlar. Hər bir uşaq məktəbə yeni bir mədəniyyət, yeni bir münasibət gətirir.

Məktəbə hazırlığın əsas xüsusiyyətlərini konkretləşdirsək, məktəb proqramının mənimsənilməsi üçün lazım olan bilik, qabiliyyət, motivasiya və davranışın optimal səviyyəyə çatdırılmasını aid etmək olar. Bura  əqli fəaliyyət, idrak prosesləri, maraqları, diqqət  və hafizənin xarakterik xüsusiyyətlərini də aid etmək olar. Məktəbə hazırlıqda uşaq fəaliyyətini iradi tənzimləməyi bacarmalıdır. Bunun  üçün  uşaqları rollu, təlim xarakterli oyunlarla həmin prosesə hazırlamaq lazımdır.

Məsələn, 6 yaşı tamam olmayan məktəbəqədər hazırlıq qrupuna gedən  bir uşağı müəllim: "Gah stolun altına girir, gah sumkasından nə isə cıxarır", -deyə idarəolunmaz bir tip adlandırırsa, günahı uşaqda axtarmaq yanlış olar. Əslində onu cəzalandıran, ona qışqıran, onu gücsüz edən təlim prosesinin gedişatına nəzər salınmalıdır. Öncə uşağın stolun altına niyə girdiyinin psixoloji səbəbləri araşdırılmalı və sonra tədbirlər görülməlidir. Bu cür uşaqların dərsə qarşı qayğıları, qorxuları olur. Bunları məktəb psixoloqu ilə müəllim birlikdə aradan qaldırmalıdır. Bu çətinlikləri aradan qaldırmadan 1-ci sinifdə hec bir  nəticə əldə etmək olmayacaq.

Uşaqlara yüksək səviyyəli bilik verərkən, onlara vərdiş və bacarıqlar öyrədərkən özləri də undulmamalıdır.  Yəni, yaşlıların  vəzifəsi uşağı öyrətmək, tərbiyə vermək, uşaqların borcu isə öyrənmək, sözə baxmaqdan ibarət deyildir.  Artıq qarşımızda yeni bir şəxsiyyət yetişir və formalaşır.

Məktəbəqədər hazırlıqda məktəb həyatı ilə bağlı oyunlar keçirilməlidir. Məsələn, indi dərsdir, özünü  necə aparmaq lazımdır? İndi tənəffüsdür. Uşaqlar müəyyən qədər təcrübə qazandıqdan sonra oyun qaydaları bir qədər mürəkkəbləşir. Oyun təxminən dərsdə, tənəffüsdə olduğu kimi qurulur.

Məktəb həyatına başlamamışdan əvvəl  uşaqda məktəb həyatına psixoloji identifikasiya  başlayır: "Mən daha uşaq deyiləm, artıq məktəbliyəm". Məktəb həyatına identifikasiya uzun və ziddiyyətli bir prosesdir. Valideynlər və tərbiyəçilər uşaq qarşısında  sosial mövqelərini kəskin şəkildə qoymamalıdırlar. Onlar hesab edirlər ki, məktəb həyatına başlayan uşaqlar daha oyun (qızlar kukla oynatmamalı, oğlanlar oyuncaq maşın sürməməli) oynamamalıdırlar. "Sən daha uşaq deyilsən, I sinif şagirdisən.  Özünü uşaq kimi aparmaq sənə yaraşmaz". Bu cür qeyri-real tələblər uşağın imkanları ilə üst-üstə düşmür, onun təlim maraqlarına və motivlərinə mənfi təsir göstərir.  Eyni zamanda, uşağın özünüqiymətləndirməsini, özünəinamını azaldır. Belə hallar məktəbəqədər hazırlıq prosesi keçməyən, əzizlənən, təriflənən, müəyyən qədər eqoist  böyüyən uşaqlar üçün ağır keçir. Yaxşı olar ki, böyüklərin gözləmələri və tələbləri reallığa uyğun, uşaq üçün başa düşülən olsun.

Bilirsiniz, məktəbə daxil olmaqla uşağın uşaqlığına son qoyulmur. Uşağa imkan verilməlidir ki, o, dərs prosesində şagird, ondan kənarda isə uşaq olsun. Lakin o, məktəbə getməmişdən əvvəl onun məktəbə daxilən hazır olmasına kömək etmək lazımdır. Məktəbəqədər təhsilin, o cümlədən uşaqların məktəbə psixoloji hazırlığının  mahiyyəti bu proseslərdə çox vacib bir məsələdir.

 

Məlahət ŞİRİNLİ,

Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif

müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 

Bu gün müəllimin, eyni zamanda şagirdin qarşısında qoyulan tələblər dəyişib. Müəllim dərs prosesində uşağın fəallığını yaxşı təşkil etməyi, sinifdə fəal təlim mühiti yaratmağı bacarmalıdır. Məktəb təliminə hazırlıq zamanı valideyn, ilk növbədə, öz uşaqlarının daha hazırlıqlı olması və müvəffəqiyyətlə oxuması üçün  onun bir sıra keyfiyyətlərə yiyələnməsinə xüsusilə diqqət yetirməlidir. Bu keyfiyyətlərə məntiqi düşünmək və qavramaq, mühakimə, müqayisə və təhlil etmək, işi sona qədər çatdırmaq, diqqətli olmaq aiddir. Valideyn övladlarının nitqinin aydınlığı və rabitəliliyinə, fikrini sərbəst, düzgün ifadə etməsinə, müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsinə imkan yaratmalıdır. Üzümü valideynlərə tutub deyirəm ki, əgər uşağınızın 3 yaşı varsa, deməli artıq onun əqli qabiliyyətini normal inkişaf etdirməyə gözəl imkan yaranıbdır. Uşaqlarla pillə-pillə müxtəlif yolla sadə hesablama vərdişlərinə yiyələnmək, nitqin, əqli qabiliyyətin inkişafı, ətraf aləmlə tanışlıq sahəsində işlərin aparılmasına başlanılmalıdır. Məsələn, uşaq nənə-babanın və yaxud ata-ananın köməyi ilə pazlları (hər hansı bir fiqurun qurulması üçün istifadə olunan hissəciklər) quraraq müəyyən bir fiquru düzəldir. Gələn dəfə uşaq bunu özü düzəltməyə can atır. Bu zaman demək olar ki, ona kömək  az edilir. Nəticədə uşaq həmin fiquru artıq qısa bir müddətdə  özü müstəqil şəkildə qurmağı bacarır. Bu əyləncəli oyun uşağın məntiqi təfəkkürünün, düşüncə tərzinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Valideynlər uşaqları ilə danışmalı, boş vaxtlarını birlikdə keçirməli, müxtəlif mövzularda söhbətlər aparmalıdırlar. Ata-analar övladlarının onlara verdikləri sualları bəzən qulaqardına vurur, cavab vermir, bəzən də hirslənirlər. Belə yanaşma düzgün deyil. Verilən  suallar isə gün ərzində kifayət qədər çox olur. Ata-analar əslində övladlarına elə bir şərait yaratmalıdırlar ki, onlar öz fikirlərini düzgün şəkildə çatdırmağı bacarsınlar, maraqlandıqları müxtəlif mövzular, baş verən hadisələr  barədə düşündüklərini, təəssüratlarını bölüşə bilsinlər, nəyi isə birlikdə müzakirə etsinlər. Dialoqları "Nə üçün", "Bu bizə niyə lazımdır" digər uşaqları maraqlandıra biləcək, onların məntiqi, yaradıcı təfəkkürünün, ümumiləşdirmə bacarığının və yaxud hər hansı bir məsələ ilə bağlı söhbət edərkən müstəqil olaraq  müvafiq bir nəticəyə  gəlməsinə kömək edə bilən müxtəlif səpgidə suallar ətrafında qurmaqla onlarda zehni keyfiyyətlərin formalaşmasına əhəmiyyətli dərəcədə kömək edə bilərlər.

Valideynin uşağının gördüyü, şahidi olduğu, bilavasitə iştirakçısına çevrildiyi hər bir hadisə barədə ondan məlumat almaq bacarığı olmalıdır. Hər günlə bağlı uşağın öz fikirləri olmalı, gördüklərindən nəticə çıxarmağı, ünsiyyət qurmağı bacarmalı  yaxud ona müəyyən təkliflərlə çıxış etmək üçün şərait yaradılmalı, sərbəstlik verilməlidir. Bundan başqa, müəyyən inkişafetdirici tapşırıq, test kitabçalarından, digər əlavə vəsaitlərdən istifadə etməklə  uşaqlarla xüsusi məşğələlər keçmək olar. Məşğələnin  müddəti isə 30 dəqiqə, özü də fasilələrlə olmalıdır.

Biz müəllimlər təklif edərdik ki, yerli  televiziya kanallarımızda uşaqlarla, onların məktəb həyatına hazırlıqları ilə  bağlı müəyyən verilişlər hazırlansın. Bilirsiniz ki, kiçik yaşlarında  uşaqlar görüb-götürməyə, öyrənməyə daha həvəsli olurlar. Məktəb təliminə hazırlaşan uşaqlar üçün təhsil üzrə mütəxəssislərimiz, tanınmış pedaqoqlarımız tərəfindən  inkişafetdirici  xüsusi disklərin hazırlanması, düşünürük ki, olduqca əhəmiyyətli olar.

Uşaqlarını məktəb təliminə hazırlamaq üçün  valideynlərdən bəzisi onları uşaq bağçalarındakı məktəbəqədər və ya ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına, bəziləri isə müxtəlif adlar altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarına qoyurlar. Valideynlərin bir qismi isə övladları ilə evdə özlərinin məşğül olmasına üstünlük verirlər. Əlbəttə, uşağın kollektivçiliyə, digər yaşıdları ilə birlikdə məşğul olmağa öyrəşməsində, ünsiyyət qurmasında, məktəbə müəyyən qədər hazır olmasında bağçalar mühüm rol oynayır. Uşağın məktəb təliminə hazır olmasında ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunun rolu da danılmazdır.

Övladlarının məktəbə hazırlığı ilə özü məşğul olmaq istəyən valideynlərə demək istərdim ki, uşaqların həmin yaş dövründə əqli inkişafında baş verən proseslər onları artıq oxumağa və öyrənməyə sövq edir. Bu isə uşaqların təkbaşına bacaracağı deyil. Valideynlər onlara dəstək olmalı, kömək etməli və düzgün istiqamətləndirməyi bacarmalıdırlar. Həmin dövr ərzində uşaqlarda diqqət, hafizə, təfəkkür, təxəyyül kimi ən əsas idrak prosesləri inkişaf edir. Məhz həmin vaxt onların söz ehtiyatının zənginliyinə, nitqinin aydın və rabitəliliyinə, fikrini sərbəst, düzgün ifadə edə bilməsinə xüsusi diqqət yetirməlidirlər. 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.6.