"Heydər Əliyev
təkrarsız şəxsiyyət idi"
Əməkdar müəllim, Prezident təqaüdçüsü, professor İmamverdi Əbilovla söhbət
İmamverdi Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Əvvəlcə pedaqoji məktəbi, sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi, 1953-cü ildən təqaüdə çıxana kimi Neftçalada ədəbiyyat müəllimi işləyib. Azərbaycan müəllimlərinin 1946-cı ildən başlayaraq bütün qurultaylarında nümayəndə kimi iştirak edib. Azərbaycan Ağsaqqallarının təsis və sonrakı qurultaylarında, həmçinin Türk Yazarlarının 3-cü qurultayında nümayəndə olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. "Rəsul Rza", "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər...əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi. Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub. "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
- İmamverdi müəllim,
bir ömür Neftçalada keçdi...
- Biz əslən
Neftçaladanıq. Burada doğulmuşam. Burada
böyümüşəm.
- Kimlərlə
dostluğunuz, yoldaşlığınız, ədəbi əlaqələriniz olub?
-
Gördüyünüz bu evdə kimlər olmayıb? Mustafa Topçubaşov, Yusif Məmmədəliyev,
Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim, Əbülhəsən, Mirzə İbrahimov, Qılman
Musayev, İsmayıl Şıxlı, Mirvarid Dilbazi,
Süleyman Rəhimov, Balaş Azəroğlu, Mədinə
Gülgün, Əli Kərim, Rəsul Rza, Nigar Rəfibəyli,
Anar, Səməd Vurğunun övladları - Yusif, Vaqif...
1951-ci ildə Kamran
Hüseynov Neftçalaya raykom katibi təyin olundu. Rayona gəlməyi
ilə məni tapmağı bir oldu. Necə nurlu insan idi Kamran
Hüseynov!
- Yadınızdan
çıxmayan dost...
- Bəxtiyar Vahabzadə
dünyadan gedəndən sonra mən elə bildim ki,
dünyanın yükü azaldı. Yerin məhvərində
bir yüngüllük əmələ gəldi. Bəxtiyar
misilsiz bir insan idi. Onun mənə həsr elədiyi nə qədər
şeiri var: kitablarında, məktublarında...
İsmayıl
Şıxlı ilə də 50-ci illərdən dostluq
etmişik. Həmişə bizə gəlib gedərdi. Çox səmimi dost
idik.
- Həyat
yoldaşınız necə?
- Həyat
yoldaşım Cəmilə xanım
evdar qadın olsa da, təbiətən çox ziyalı
insan idi. Gözünü açıb evimizdə ədəbiyyat
xadimlərini görmüşdü. Bizə gələn yazıçılar deyirdilər
ki, bu adam elə bil universitet təhsili görüb. 2005-ci ildə
dünyasını dəyişəndən sonra, var ikən
yox oldum sanki.
- İndi sizə kim
baxır?
- Qızlarım Səadət
də, Sürəyya da Neftçalada yaşayırlar. Səadət
həyat yoldaşını itirdikdən sonra ailə üzvləri
ilə birlikdə mənim yanıma köçüb. Sizi
qarşılayan onun oğlu idi. Adı Samirdi. O da Azərbaycan
dili və ədəbiyyatını tədris edir.
- İmamverdi müəllim,
qibtə ediləcək kitabxananız var.
- Bu kitabxananı 1944-cü ildə yaratmışam.
Dünya mənim üçün bu kitabxanadakı
kitablardadır. Müasir dünya da buradadır, klassik dünya da. Hətta ölən
dünyalar, imperiyalar da burada, bu kitablardadır.
On yeddi, on səkkiz yaşım olardı.
Neftçalanın bünövrəsi qoyulmuşdu, amma hələ
binalar tikilməmişdi.
Anam rəhmətlik mənə otuz manat verib dedi ki, get
bazarlıq elə, pulun qalığını da qaytar gətir.
Kasadlıq illəri idi...Gəldim gördüm kitabxana
açıblar, yaxınlaşdım, bax gördüyünüz bu kitabı- Nizaminin "Yeddi
gözəl"ini
götürüb vərəqlədim. Vuruldum
kitaba. Soruşdum neçəyədir,
dedilər 25 manata. Dedim o kitabı verin mənə. Evə alıb gətirdiyim ilk kitabım bu olub.
- Unudulmaqdan qorxmursunuz?
-Əslində yaddan
çıxmamışam. Hər
zaman mənə hörmət ediblər. Bu yaxınlarda BMT tərəfindən mənə ən yüksək orden
verildi: "İnam və sədaqət" ordeni.
- Qələmi əlinizə alanda ən çox
sabahı yazmaq istəyirsiniz, yoxsa dünəni?
- Dünən ona görə mənim üçün
daha əzizdir ki, dostlarımın, doğmalarımın, əzizlərimin
hamısı dünəndədir. İndi qərib
bir adada yaşayan bir sakinə dönmüşəm. Yaşıdlarımdan demək olar ki, heç kəs
qalmayıb. Onlarsız elə bil yetim
uşağam.
Amma bədbin də deyiləm, nikbinəm. Gələcəyə ümidlə baxıb
yazıram.
- Ulu öndər Heydər Əliyevlə də
görüşünüz olub...
- Bu gün bizim dövlətimizin sükanı
etibarlı əldədir. Rəhbərdən
çox şey asılıdır. Mən
Heydər Əliyev haqqında kitab da yazmışam. Onu şəxsən tanıyırdım. Heydər Əliyev əzəmətli insan idi.
O, birinci katib, prezident olmaqla yanaşı, həm də ən
böyük azərbaycanlı idi. Bütün
insani keyfiyyətlərin hamısı onda cəmləşmişdi.
Bir vaxt haqqında bəzi ədalətsiz işlər
görüldü. Həmin dövrdə mən
ona məktub yazdım. Sonra fikirləşdim ki, məktubu hara
göndərim. Zəng elədim Bəxtiyara.
Dedim Heydər Əliyevə bir məktub yazmışam, hara
göndərim, bilmirəm.
Dedi, kimə göndərəcəksən, Həsən
Əliyevə ver, böyük qardaşına. Elə
də elədim, məktubu Həsən Əliyevə göndərdim.
Aradan xeyli müddət keçdi.
Azərbaycan
Yazıçılarının IX qurultayı keçirilirdi. Bir az gecikmişdim. İçəri
girəndə gördüm yer yoxdu. Birinci
sırada kimsə pencəyimdən dartdı. Baxdım ki, rəhmətlik
Nəbi Xəzridir. Yanlarında bir nəfərlik
yer vardı, əyləşdim orda.
Bir də gördüm göy rəngli kostyumda Heydər Əliyev tribunaya gəldi,
başladı çıxış etməyə: "Siz
bilirsiniz ki, mən daim yuxarıda oturub
aşağıdakıları fikirləşmişəm. Həmişə də ürəyimdən keçib
ki, bir dəfə də kaş mən o zalda əyləşəydim,
yuxarıları dinləyəydim. İndi
o imkan mənə verilib. Mən xahiş
edirəm, müzakirəyə qoymadan, mənim təklifimi qəbul
edin. Mənə icazə verin,
aşağıda oturum, sizi dinləyim". Zaldakılar əl çaldılar və o
böyük insan keçib zalda oturdu. Fasilədə Bəxtiyarla
mən yaxınlaşıb Heydər Əliyevlə
görüşəndə, o dedi ki, İmamverdi mənə məktub
da yazıb. Məni qucaqladı. "Yaxşı
bir məktub yazmısan, hardan tapmısan o sözləri"-
dedi. Dedim: "Ürəyimdən gəlib,
yazmışam". Dedi: "Yox, orada qəribə bir ifadə var, o
ifadələri mən yadımda saxlamağa
çalışdım: "Böyük adam dərənin
dibində də böyükdür, kiçik adam dağın başında da
kiçikdir" (O cümlənin davamı belə idi:
"Siz təbiətin bütün zaman məqamlarında
yuxarıdasınız, ucadasınız, millətinin
başının üstündəsiniz. Millət
sizi bu qədər sevir. Buna tam əmin ola
bilərsiniz" -İmamverdi Əbilov). Sonra
girdi qoluma, başladı söhbət eləməyə.
Heydər Əliyev təkrarsız şəxsiyyət
idi, ağıllı, uzaqgörən siyasətçi idi, ədalətsizliyə
dözümsüz, halallığa meyilli idi. İnsanlara həssaslığı,
gənclərə
qayğıkeşliyi sonsuz idi. Onun
yaddaşı sanki bir maqnitdi, hər şeyi özündə
saxlayırdı.
- Yadınızda qalanların hamısını qələmə
ala bilmisiniz?
- Hələ ürəyimdə yazılası çox
şeylər var.
- İmamverdi Əbilov bu gün
yazıçıdı, publisistdi, yoxsa müəllim? Sizi oxucularımıza necə təqdim etməyimizi
istərdiniz?
- Allah mənə bura qədər ömür veribsə,
mən bu gün hər şeydən əvvəl bir
ağsaqqalam. Özüm də Neftçala
Ağsaqqallar Şurasının sədriyəm. Eyni zamanda, haqsız yerə harada əzilən varsa, onu müdafiə eləməyə
qadirəm.
- Paytaxtda yaşamaq haçansa ürəyinizdən
keçibmi?
- Heç vaxt paytaxtda yaşamağa can atmamışam.
Bu can atmamaq da mənə rəhmətlik
anama bağlılığımdan keçib. Anamın məndən
başqa da oğlu, qızı vardı. Qardaşım
dünyasını çox erkən dəyişmişdi.
Anam 1959-cu ildə həyatdan köçəndə,
təxminən üç ay işə-gücə gedə
bilmədim. Özüm də dörd il
idi ki, ailə qurmuşdum. Hələ anamın
sağlığında dəfələrlə məni
başqa rayonlara katib göndərmək üçün Mərkəzi
Komitəyə çağırmışdılar. Hamısında da təvazökarlıqla
razılıq verməmişdim. Axırıncı dəfə
də çağıranda dedim, çox sağ olun. Mənim anam xəstədir. Mən
də anamın nəfəsilə yaşayan adamam. Mən müəllim
işləmək istəyirəm. Çünki əsas sənətim müəllimlikdir.
Ondan sonra qayıtdım doğma rayonumuza,
başladım yenə də müəllimliyə.
- Müəllim işlədiyiniz ilk dövrdə dərs
dediyiniz şagirdlərlə sonradan
rastlaşdığınız vaxtlar olub?
- Əlbəttə. Lap bu yaxınlarda yanıma beş nəfər qadın gəlmişdi. Ən yaşlısı soruşdu ki, müəllim,
məni tanıyırsan? Mənim göz
yaddaşım yaxşıdı. Baxdım üzünə,
dedim hamınız əyləşin. Bir
çay süfrəsi də düzəltdirdim bunlara.
Diqqətlə bir az baxdım, dedim Güllər
deyilsən? Qalxdı üzümdən
öpdü. Dedim: "Ay Güllər, sənin indi
neçə yaşın var?" Dedi ki, yetmiş səkkiz.
Dedim: "Bəs bu qadınlar kimdi?" Dedi: "Biri
qızımdı, o birilər də nəvələrimdi.
Buradan keçirdik, dedim gələk, müəllimimə də
bir salam verək".
O gün bir kağız götürüb, birinci sinifdə
bir yerdə oxuduğum uşaqların adını,
soyadını yazmaq istədim. Birini yazdım, gördüm 23 uşağın
hamısının adını, soyadını,
atasının adını xatırlayıram, xülasə,
hamısını yazdım.
Bugünkü günüm üçün Allahımdan çox
razıyam. Ona görə ki, bu yaşımda
yaddaşımı saxlayıb. Özüm
də çox şeylərdə özümə qadağalar
qoymuşam. Nə siqaretin, nə də
arağın dadının necə olduğunu bilməmişəm.
İki dəfə ziyarətdə olmuşam- Kərbəlada,
bir də Məkkədə.
- Sizin məktəb illəriniz zamanın ən keşməkeşli
dövrünə təsadüf edib.
- Özüm
1927-ci ildənəm. Ancaq ad
günümü, doğulduğum ayı bilmirəm. O
vaxt sənədlərə düşməyib. Anam
deyərdi ki, cüt ayda dünyaya gəlmişəm.
1941-ci ildə müharibə başlayanda
mən dördüncü sinfi bitirmişdim. Müharibə
illərindən yadımda elə əzabverici şeylər
qalıb ki... Məktəb yoldaşım
vardı- adı Rəfiqəydi, anasının da adı
Gülyəz. Bir gün dərsə gedəndə
gördüm ki, qızcığaz buzun üstündə
uzanıb, yer də qardı. Yaxınlaşdım
gördüm bələnib qara. Sonra dedilər ki, acından
yıxılıbmış, qalxa bilməyib,
canın tapşırıb.
O illərlə bağlı yadımdan çıxmayan
başqa bir lövhə:
Burada dənizkənarında Xoll deyilən
yerdə "qaraquş" adlı vətəgə vardı. Qardaşım demişdi ki, gələrsən vətəgəyə.
Mən də getdim. Bir
gün əvvəl bura əsgər də göndərmişdilər.
Həm sərhəd kimi buranı qorusunlar, həm də balıqdan-
kilkədən tutub yaşasınlar deyə.
Amerikan maşını vardı-
"studbekker". Günortadan bir az keçmiş, saat iki-
üç arası, bir də gördüm həmin
maşınlardan biri gəlib vətəgədə
dayandı, başladılar maşından yerə nə isə
tullamağa, boz-boz,
yumaq kimi şeylərdi. Dedilər,
donuz balalarıdı, gətiriblər bura.
Yaxınlaşıb gördük balaca-balaca uşaqlardı. Sərəncam
veriblər ki, evlərdə nə qədər ata-anasız, tək uşaqlar
qalıb, yığın aparın atın vətəgələrə.
Balıqçılar balıq tutanda onlara da verərlər ki,
acından ölməsinlər...
Camaat ac idi, ac da qılınca çapar,
neyləsinlər?! O mənzərə bütün
ömrüm boyu heç vaxt yadımdan çıxmadı.
Mən özüm də 1943-cü ilin
sentyabrından 1945-ci ilin mayına kimi balıq vətəgəsində
işlədim. Bir dəfə balığa
getmişdik. Tor qurduğumuz zaman bir dənə kefal balığı uçub gəldi,
sinəmi zədələdi. Onun yeri indiyə
kimi qalır.
- Uşaqlıq dövrünüzün çətinliklərinə
baxmayaraq, heç nə sizin təhsilə doğru gedən
yolunuzu əngəlləyə bilməyib.
- Bəxtiyar deyirdi ki, İmamverdi, sənin təhsil
almağını mən möcüzə adlandırıram. Bu qəhrəmanlıqdır. Mənə savad
almağa, elm öyrənməyə həvəsi oxuduğum
kitablar, həmişə yol yoldaşım olan mütaliə verirdi. O vaxt
oxuduqlarımın, demək olar ki, hamısı
yadımdadır. Təhsil yollarında mənə
ancaq özüm dəstək olmuşam. Atam
1935-ci ildə dünyasını dəyişib. Anam da bizi çox çətinliklə
böyüdüb.
- Hansı dilləri bilirsiniz?
- Elə də çox dil bilmirəm. Amma
yanımda farsca danışılanda bilirəm nə
danışırlar. Ərəb əlifbasını
da özüm öyrənmişəm.
- İmamverdi müəllim, hərdən
adama elə gəlir ki, internetin kəşfi kitabı arxa plana
atıb. Bu fikrə münasibətiniz?
- Bəşəriyyətin iki böyük kəşfi olub. Birincisi kitab çapıdı, bu böyük proqres
idi, ikincisi internetdi. Amma kitab insanda bir çox
yaxşı dəyərləri yaşatdısa, internet o dəyərlərin
çoxunu öldürdü. Oxuduğum kitabların vərəqləri hələ
də gözümün qabağındadır. Bəs internet?
- Özünüz özünüzü necə
xarakterizə edərdiniz?
- Ürəyim çox yumşaqdır. Bu dünyada kim ətrafındakılara hörmət edirsə,
özünə hörmət edir. Bu
yaşıma qədər kimsə məndən bir acı
söz eşitməyib. Mənim fikrimcə,
qəlb sındırmaqdan böyük, ağır cinayət
yoxdur. İnsan insana ürək-dirək
verməli, yaşamaq üçün stimul yaratmalıdır.
Kəmfürsətlik, insafsızlıq, qəlb
sındırmaq nəyə yarar?
- Qonaqpərvərliyiniz barədə çox yerdə
oxumuşam. Özünüz də qonaq
gedirdiniz?
- Adlarını sadaladığım dostlarımın
hamısının evinə haçan ürəyim istəyib,
getmişəm.
- Bəxtiyar Vahabzadə ilə
dostluğunuza kitab da həsr etmisiniz.
- Bəxtiyar mənə çoxlu şeirlər və məqalələr
həsr edib. Mənə həsr etdiyi sonuncu məqaləsində
yazıb ki, mən İmamverdi Əbilovu başıma
qızıl tac edərdim.
- Bəxtiyar müəllimlə daim məktublaşmısınız.
- Bəxtiyar Vahabzadənin 115 ədəd məktubu var məndə.
Bu dəftərə baxırsanmı,
qızım? Fərman Kərimzadənin, Məmməd
Arazın, neçə-neçə dəyərli insanların xatirə
sözləri var bu dəftərdə.
- Övladlarınızdan ən çox kim
ürəyinizə yaxındır?
- Hamısının üstündə əsirəm.
Altı övladım var: Etibar, Şahin, Azər, Səadət,
Sürəyya, Həcər, bir də nəvələrim -
hamısı əzizimdi... Amma sonbeşiyim,
görən gözlərimin işığı Azərdir.
Mənə sual versəniz ki, bu yaşda
işığı haradan tapıram? Deyərəm
ki, Azərdən.
- Azər Turanı ədəbi aləmdə
Cavidşünas kimi tanıyırıq. O yolda Azərə
bələdçi sizmi oldunuz?
- Bilirsiniz, Azər gözünü açıb
gördü ki, evdə Əlibəy Hüseynzadədən, Hüseyn Caviddən
söhbət gedir. Ədəbi
aləmdə izi, sözü olan şəxsiyyətlərin
çoxunu Azər evimizdə görmüşdü,
tanıyırdı. Azər qəbul imtahanı
günü yolboyu piyada gedə-gedə
Cavidin şeirlərini
deyirdi.
- Respublika səviyyəsində
tanınan yetirməniz?
- Hamısının
adını sadalasam uzun bir siyahı olar.
- İmamverdi müəllim, qonaq-qaranız yenə də olurmu?
- Əlbəttə.
Bu yaxınlarda Abel Məhərrəmov, Şəmsəddin
Hacıyev qonağım olub.
- Müəllimlikdən
nə zaman ayrıldınız?
- Düzü, bu mənim
öz arzumla olmadı. Məktəbdə Azərbaycan dili və
ədəbiyyatından dərs deyirdim. O zaman 65 yaş məsələsı
gündəmə gələndə, mən də yaşa
görə təqaüdə çıxmalı oldum.
- İmamverdi müəllim,
yaşın elə müdrik çağındasınız
ki, yolunuzu davam etdirən gənc nəslə tövsiyə etməyə,
yol göstərməyə mənəvi haqqınız var.
- Mənim müəllimlərə
- öyrədənlərə həm arzum, həm də
tövsiyəm budur ki, peşələrini sevsinlər, peşələrinə
vurğun olsunlar. Öyrətməli olduqları materialları
dərs demək xatirinə əzbərləməsinlər.
Danışdıqları sözdə yanğı olsun, lətafət
olsun, Azərbaycan dilinin gözəlliyi
olsun. Ürəklərinin odunu peşələrinə
qatsınlar. Onların dərs dediyi uşaqlar öz müəllimlərini
yerin, göyün yaranmışlarının əşrəfi
kimi tanısın.
Müəllim gərək
öyrətdiyi elmi əməkhaqqının
azlığı-çoxluğu prizmasından öyrətməsin.
Şagirdin beyni, yaddaşı ağ kağızdır. Onun
bir gününü
yazılmamış
ötürsək, gələcəyimiz
hara gedər? Dərs deyən müəllim gərək hər zaman öz
üzərində işləsin. Müəllim həmişə
öndə gedəndir, öyrədəndir. Öyrədən
isə hər şeydən əvvəl özü oxumalı, özü öyrənməlidir
ki, şagirdlərini də öyrədə bilsin.
Uşaqlarımıza
da istəyim budur ki, tale onların bəxtini,
naxışını həmişə uğurlu etsin. Onların
həyatı, gələcəyi valideynlərinin və özlərinin
istədiyi kimi qurulsun. Allah
körpələrə, uşaqlara işıqlı həyat nəsib etsin. Qoy bizim uşaqlar millətini
sevindirən, millətinin başını ucaldan fəaliyyət
sahibi olsunlar. Seçdikləri peşə
başlarının tacı, ürəklərinin vurğusu
olsun.
- Hansısa kitabı
oxumaqda çətinlik çəkmisiniz?
- Qızım, ən çətin oxunan kitab
insandır. Mən hər kəsə onu arzu edirəm
ki, çətin oxunan kitaba rast düşəndə
onların üzünə tərs baxmasın, onlara səbrlə,
təmkinlə, qayğı ilə yanaşsın, onların
xilaskarı kimi hərəkət etsin.
- Şagirdin həyatında müəllim
əsas rol oynayır, yoxsa valideyn?
- Hər ikisinin rolu danılmazdır. İnsan gərək
onu həyata
gətirən valideyni, ona tərbiyə verən müəllimı alicənab, vətəndaşlıq
səviyyəsinə yüksələn bir şəxsiyyət kimi
tanısın.
- İmamverdi müəllim, maraqlı
söhbətə görə sağ olun. İnşallah, bu müsahibədən birini də qəzetimizə
90 illiyinizdə verərsiniz.
- Ya qismət! Siz də
zəhmət çəkib gəldiyinizə görə
sağ olun. Bu evi özünüzə doğma bilin. Məndən
qəzetinizin kollektivinə salam deyin. Bir də,
sizdən xahiş edirəm ki, qəzetiniz vasitəsi ilə cənab
nazirimizə də mənim salam və
dualarımı yetirin. İndiki yeni nazirimizin bir cəhətindən
xoşum gəlir ki, nazir təyin olunan gündən bu yana təhsilimizin
səviyyəsini qaldırmaq yolunda əhəmiyyətli işlər
görür. Tarixin yaşlı bir övladı
kimi mən ona çətin işində uğurlar
arzulayıram.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.8.