Kimya dərslərində şagirdlərin yaradıcılıq

qabiliyyətlərinin inkişaf etdirilməsi

 

Müasir məktəbdə kimya fənni üzrə kurikulumun tətbiqi təlimin fəal interaktiv metodlarının sistemli şəkildə tətbiq olunmasını, şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin, müstəqillik, fəallığın inkişaf etdirilməsini, onlara təşəbbüskarlığın aşılanmasını mühüm vəzifə kimi qarşıya qoyur.  Müasir mərhələdə şagirdlərə həyati  bacarıqlar aşılanması zəruri tələb kimi  irəli sürülür. Fənnyönümlü, elmyönümlü təlimdən fərqli olaraq  müasir təlim prosesi  şəxsiyyətyönümlü, şagirdyönümlü olmalıdır. Bu baxımdan kurikulumda şagirdlərə kimyanın tədrisi prosesində tədqiqatçılıq, analizsintez, təsnifetmə, sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə və konkretləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə, müqayisə  bacarıqlarının aşılanması  diqqət mərkəzində saxlanılır.

 

Kurikulum təlimin praktik istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Məktəblilər kimya üzrə təcrübələr yerinə yetirməli, modelləşdirmə, hesablama əməliyyatları aparmalıdır ki, bu da nəticə etibarilə onlarda mühüm psixi keyfiyyətlər-çətinliklərin öhdəsindən gəlmək, iradə, əqli fəallıq, tədqiqatçılıq, müstəqillik, təşəbbüskarlıq keyfiyyətləri formalaşdırır.

Kurikulumun qarşıya qoyduğu məqsəd  və vəzifələr hər bir şagirdin kimya fənni üzrə əldə etdiyi bilik və bacarıqları başqa fənlər üzrə bilik və bacarıqlarla əlaqələndirməsini nəzərdə tutur. Burada belə bir cəhət də nəzərə alınıb ki, kimyadan minimum səviyyədə bilik və bacarıqları olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir.

Fəal interaktiv metodlar şagirdlərdə özünüinkişaf bacarığının aşılanması baxımından çox əhəmiyyətlidir. Şagirdin inkişafının təməlində tədqiqatçılıq, yaradıcılıq qabiliyyətləri əsas rol oynayır. Erkən dövrlərdən başlayaraq şagirdlərin tədqiqatçılıq, axtarış qabiliyyətlərinin öyrənilməsi və inkişaf etdirilməsi  müasir məktəbin başlıca hədəflərindəndir. Elmi-tədqiqatçılıq fəaliyyəti, öz növbəsində, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin formalaşmasına kömək  edir.

Şagirdlərin elmi-tədqiqatçılıq  fəaliyyətinə cəlb edilməsi  üçün layihələşdirilmiş fəaliyyət  sistemi lazımdır. Layihələşdirilmiş fəaliyyət sistemi  şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsi, onların intellekt səviyyəsinin inkişafı üçün münbit zəmin, şərait formalaşdırır.

Mən 17 ildir ki, kimya müəllimi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində şagirdlərin kimya elminə həvəsləndirilməsi  və kimyanın insan həyatında  əhəmiyyətini dərk etmələrinə  nail olmaq üçün planı tərtib etmişəm. Bu planın tərtibində əsas məqsədim diaqnostik  üsulla tədqiqata  həvəs göstərən, elmi araşdırmalarda iştirak etmək istəyən  şagirdləri seçmək olub.

Təcrübə göstərir ki, şagirdlərin bir qismi elmi tədqiqata  həvəs göstərmirlər. Onlarda kimya elminə maraq yaratmaq üçün ardıcıl, sistemli aparmaq, şagirdlərlə ünsiyyət qurmaq,  hər birinin bacarıq və qabiliyyətlərini  aşkar etmək lazımdır. Bunun üçün elə ilk kimya dərslərindən şagirdləri  elmi-kütləvi  ədəbiyyatla tanış etmək, onlara müstəqil mütaliə üçün tövsiyələr vermək məqsədəuyğundur.  Bu elmin nə qədər  vacib olduğunu,  müasir  dövrdə əhəmiyyətini  şagirdlərə çatdırmalıyıq. Bu məqsədlə  M.V.Lomonosovun  kimya haqqında  mülahizəsini  şagirdlərə çatdırırıq: "Kimyanın əlləri  çox geniş şəkildə  insanın işlərinə müdaxilə edir". Beləcə dərs prosesində  addım-addım  faktların  toplanmasından ümumiləşdirməyə  doğru  gedərək   kimyəvi  anlayışlar  qanunlar mənimsənilir.

Elmi-tədqiqat işinə qoşulan şagirdlərdə  tədricən kimya  elmi üzrə axtarışa, eksperimentə  maraq oyanır.  Müəllim tərəfindən düzgün  istiqamətləndirilmiş  şagirdlərdə elementar bilikləri sərbəst şəkildə araşdırma bacarığı  aşılayır. Şəxsi  təcrübəm  əsasında  deyə bilərəm  ki,  araşdırma  layihələri  şagirdlərə axtarış  və tapıntı  sevinci gətirir,  onlarda özünə inam yaradır,  elm dünyasını  öz gözləri ilə görməyə kömək edir.  Bu  yolla şagirdlər kimya fənnini  sevməyə başlayır. 

Əgər insan davranışına nəzər yetirsək  görərik ki,  onun hər  sahədə  yaradıcılığı iki davranış növünə ayrılır.  Davranış  növlərindən  birini  müşahidələr  əsasında  ərsəyə gətirmək  olar, bu növ  fəaliyyət   açıq şəkildə  bizim  yaddaşımızla bağlıdır.  Onun  həqiqiliyi  odur ki,  insanın daha öncə  istifadə etdiyi  gördüyünü xatırlayaraq etdiyi davranışdır. Bu fəaliyyətdən başqa  insan davranışında yaradıcı  fəaliyyət  var  ki, o da insanın yaddaşından,  təcrübəsindən  deyil,  əqli  yaradıcılığından  irəli gəlir və bunun  əsasında da yaradıcılıq  qabiliyyəti  durur.  Yaradıcılıq qabiliyyəti  insana  xas  olan  elə  bir keyfiyyətdir  ki,  bu keyfiyyət insan  müvəffəqiyyətinin  fərqli yaradıcılıq  fəaliyyətində aşkara çıxır. 

Yaradıcılıq qabiliyyəti  yalnız  rəssam  yaradıcılığında deyil,  elmi yaradıcılıq qabiliyyətində və texniki  yaradıcılıq  fəaliyyətində,  o cümlədən  kimya sahəsində  olan fəaliyyətdə    mühüm rol oynayır. Şagirdlərin hər bir fənn üzrə  yaradıcılıq qabiliyyətinə pedaqoqlarpsixoloqlar tərəfindən nəzər yetirilməlidir. Mən bir kimya müəllimi kimi  çalışıram ki, şagirdlərdə kimya fənninə dərin maraq  oyadım,  onların yaradıcılıq qabiliyyətini inkişaf etdirim. Şagirdlərin kimyanın  qanunlarını  mənimsəməsi, həmin  qanunlardan  düzgün  nəticə  çıxarması    kimya  elminin  başqa elmlərlə  inteqrasiyasını   dərk  etməsi  bu  baxımdan  mühüm  əhəmiyyət  kəsb edir.

 

Könül MƏMMƏDOVA,

Kürdəmir şəhər M.Rəsulzadə adına

2 nömrəli məktəb-liseyin kimya müəllimi

  

Azərbaycan müəllimi.- 2013.- 13 dekabr.- S.11.