Vilnüsdə beynəlxalq
konfrans keçirilib
Məlum olduğu kimi, bu yaxınlarda Litvanın paytaxtı Vilnüs şəhərində "Avropa proqramlarının köməyi ilə məktəblərin
inkişaf etdirilməsi" adı
altında məktəb rəhbərləri və lider müəllimlər üçün
konfrans keçirilib. Konfransda ölkəmizi mən təmsil etdim.
Konfrans Avropa Komissiyası və
Avropa Birliyi
Şurasının Litva nümayəndəliyi
tərəfindən təşkil olunmuşdu.
Avropa Komissiyasının Təhsil və Mədəniyyət
sahəsi üzrə baş direktoru Jan Truszinski
və Litva Respublikasının təhsil və
elm naziri, professor Dainius Pavalkis, bir sıra görkəmlı təhsil
işçiləri konfransda maraqlı
çıxışlar etdilər. Konfransda
Avropa ölkələri ilə əməkdaşlığın
məktəbin inkişafı strategiyasının bir hissəsinə çevrilməsindən necə
bəhrələnmək imkanları müzakirə edildi. Tədbirdə habelə Avropa
məktəbləri arasında əməkdaşlığın
inkişaf etdirilməsində məktəb
liderlərinin rolu və həmçinin Komenius və gələcək Erasmus+
proqramlarının beynəlxalq strategiyanın
inkişafında məktəblərə yardım yolları
araşdırıldı. Təşkil olunan
birgə plenar sessiyalarda
və seminarlarda məktəblərdəki
problemlərdən də danışıldı.
Konfransa 12 Komenius və etwinning layihələri təqdim olundu və
onların hər biri konfrans
çərçivəsində keçirilən seminarlarda müzakirə edildi. 2 gün ərzində
davam edən müzakirələr əsasən aşağıdakı 4 mövzu ətrafında aparıldı:
* Məktəb rəhbərliyi
və Avropa məktəbləri
arasında əməkdaşlıq.
* Müəllimlərin
peşəkarlığının Avropa məktəb
əməkdaşlığı vasitəsi ilə
inkişafı.
* Avropa
məktəb əməkdaşlığı vasitəsi ilə
şagirdlərin motivasiya edilməsi.
* Yerli
icma üzvlərinin məktəb həyatına
cəlb edilməsi və Avropa məktəbləri
ilə əməkdaşlığın məktəbin profil və nüfuzuna təsiri.
Seminarlarda
bir sıra təkliflər irəli sürüldü. Qeyd
olundu ki, iştirak etdikləri layihənin məktəbin
strateji və kurikulum vəzifələrinə
daxil edilməsi, layihə boyu əlverişli şəraitin
yaradılması (vaxt,
resurslar, təlimlər)
və iştirakçıların
həvəsləndirilməsi, məktəb rəhbərinin
özünün yenilikləri
öyrənməkdə irəlidə
getməsi və müəllim heyətinin peşəkarlığının artmasına kömək etməsi, əldə edilən bilik və təcrübənin
digərləri ilə
bölüşdürülməsi, şagirdlərin layihənin
planlaşdırılması, yerinə yetirilməsi və qiymətləndirilməsində
fəal iştirak etmələri və bunun nəticəsində
özlərini layihənin
sahibi hiss etmələri,
şagirdlərin digər
məktəb və ölkələrə qarşılıqlı
səfərlər edərək
təcrübələrini bölüşməsi,
beynəlxalq layihələrin
dil öyrənilməsi
üçün həvəsləndirici
təbii şərait
yaratması, məktəbin
beynəlxalq aləmdə
tanınmasının icma
içərisində məktəbin
nüfuzunu artırması
və məktəblə
icma arasında əlaqələrin möhkəmlənməsi,
Avropa ilə əməkdaşlığın yerli icmanın nüfuzunu artırması,
əlaqələri möhkəmləndirməsi
və s. faydalı olardı.
Məlumat üçün
onu da bildirim
ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü
ilə ölkəmiz Avropa
məktəbləri ilə əməkdaşlıq
layihəsinə bu il qoşulub və ilk növbədə
elektron məktəblər
bu işə cəlb olunublar. "eTwinningplus"
adlanan bu layihə Avropa İttifaqının Fasiləsiz
Təhsil Proqramının
tərkib hissəsidir
və təhsil sahəsində
çalışanlara Avropa
məktəbləri ilə
əməkdaşlıq edərək
müxtəlif mövzularda
birgə layihələr
həyata keçirmək
və bu yolla da Avropa
təhsilinə inteqrasiya
etməyə əsaslı
kömək edir. Akademik Zərifə Əliyeva adına
liseyin 7 nəfər ingilis dili və
2 nəfər tarix müəllimi bu layihədə fəal iştirak edir. Bu işdə layihənin "Mədəd" təşkilatındakı
Tərəfdaşa Dəstək
Agentliyinin (NSA) üzvləri
Vüsal Xanlarov, Xuraman Məmmədova və İradə Hüseynova xüsusilə
fərqlənmişlər. Data mərkəzdə- Təhsil
Sisteminin İnformasiyalaşdırılması
İdarəsində keçirilən təlimlərdə müəllimlərə
layihədə necə
işləmək öyrədilmişdir.
Liseyimizin
şagirdləri layihə
çərçivəsində İKT alətlərindən daha səmərəli istifadə
yollarını öyrənirlər. Layihələrdə iştirak
etməklə hər bir kəs dünya və Avropa ölkələrinə inteqrasiya
etməyə, daha çox
öyrənməyə və Azərbaycanı bütün
dünyaya tanıtmağa əlverişli imkan əldə etmiş olur. Fasiləsiz təhsilin müasir
dünyanın vacib amili
olduğunu nəzərə alsaq, bu layihədə
iştirakın nə qədər əhəmiyyətli olduğuna bir daha əmin olarıq. Layihədə
iştirak edən müəllimlər
İKT-dən təhsildə istifadə imkanlarını
öyrənmək üçün
müxtəlif distansion təlim
kurslarına yazılıb öz peşəkarlıqlarını
artıra bilirlər. "eTwinningplus"
layihəsi çərçivəsində keçirilən
"My Movie"
müsabiqəsində Avropa ölkələrindən
başqa Azərbaycanın
da 10 məktəbi iştirak
etmişdir. Akademik Zərifə
Əliyeva adına liseyi müsabiqədə
mənim layihəyə cəlb etdiyim 9a1 və
9r1 siniflərinin şagirdləri təmsil etmişlər. Mən
iki sinfin şagirdləri
ilə iki layihədə iştirak
edirəm: "Miflər və əfsanələr" və
"Gənc avropalılar danışır". Hər iki layihədə şagirdlər öz yoldaşları və digər fənn müəllimləri
ilə əməkdaşlıq edərək
dünyagörüşlərini, dil vərdişlərini
və İKT alətlərindən istifadə
bacarıqlarını inkişaf etdirirlər.
Biz həmçinin
Avropa ölkələri ilə birgə
layihələrdə Avropa məktəblərinin
şagird və müəllim kollektivinin həyat tərzi, təhsili ilə
tanış olub Azərbaycanı da dünyada tanıtmaq üçün
müxtəlif istiqamətli işlər görürük.
Əminəm ki, layihədə iştirak edən müəllim və
şagirdlərin əldə etdikləri bilik
və bacarıqlar onlara gələcək
həyatlarında yardımçı olacaqdır.
Gülxas ASLANOVA,
Bakıdakı akademik Zərifə
Əliyeva
adına liseyin ingilis dili müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 13 dekabr.- S.12.