Beynəlxalq təcrübə:
məktəbəqədər təhsildə
müəllim
hazırlığı və ixtisasartırma
"Uçitelskaya qazeta"dan
Bir sıra Qərb ölkələrində məktəbəqədər təhsilə (childhood education and care - ECEC) xüsusi diqqət vardır. Çünki uşaqların ən erkən vaxtlardan inkişafı onların gələcək uğurlu təhsil fəaliyyətinin və özünü həyatda reallaşdırmasının təminatıdır. Buna görə də təhsil müəssisələrində azyaşlı uşaqlarla işləyən pedaqoji heyətə xüsusi diqqət yetirilir. Keyfiyyətli məktəbəqədər təhsilin başlıca komponentlərindən biri özlərinin pedaqoji inkişafında maraqlı olan yüksək ixtisaslı mütəxəssislərdir. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hazırlığı məsələsi bir sıra ölkələrdə fərqlidir. Müəllimlərin cəlb olunduğu ixtisasartırma kurslarının proqramlarına nələrin daxil olması məsələsində universal yanaşma mövcud deyil. Belə ki, məktəbəqədər təhsilin bütün iştirakçıları fərqli tələbat və maraqlara malikdir.
Müasir
ixtisasartırma kursları özündə ikinci dilin öyrənilməsi,
məhdud imkanlı uşaqların təhsili, psixologiyası və s. nəzərdə
tutur. Qloballaşma şəraitində isə etnik tərkib nəhəng
dərəcədə dəyişir ki, bu da özünü
ilk növbədə təhsil sisteminə təsirdə
göstərir. Buna görə də çoxmillətli
qruplarda uşaqlarla iş
üzrə kursların aparılması populyarlıq
qazanır. İxtisasartırmada təhsil müəssisəsinin
rəhbəri xüsusi rol oynayır. O, öz işçilərinə
dəstək göstərir, onlarla məsləhət
saatları keçirir, söhbət əsnasında müəllimlərin
gələcək karyeralarında irəliləməsi
imkanlarından danışır.
Bir sıra ölkələrdə ixtisasartırma məktəbəqədər
təhsil sistemində işləyənlər
üçün məcburi şərt hesab olunur.
İxtisasartırma
kurslarının təşkilinin maliyyə təminatını
adətən, 3 tərəf - işçi, işəgötürən
və dövlət (Finlandiya, Avstraliya, Çexiya, Yaponiyada
olduğu kimi) həll edir. Lakin bir sıra ölkələrdə
işçilər ixtisasartırma kurslarına görə pul
ödəməkdən azad olunur. Onların bütün xərcləri dövlət
və işəgötürənlər (Norveç, İrlandiya, Yeni Zelandiyada olduğu kimi) öz üzərinə
götürür.
Son vaxtlar
ixtisasartırma təcrübəsində onlayn kurslar xüsusi
populyarlıq qazanmaqdadır. Onlardan beynəlxalq
The International Step by Step Association (ISSA) təşkilatının təklif
etdiyi Kindergarten Teachers that Make a Difference onlayn kurslarını
misal göstərmək olar. Bu kurslar uşaq psixologiyası,
uşaqlarla iş sahəsində qeyri-standart yanaşmalar təklif edən videoçarxlar, iştirakçıların təcrübə
mübadiləsini və
apardıqları internet forumları özündə birləşdirir.
Avstraliyada sinif rəhbərləri praktikası (The Professional Mentoring Program for Early
Childhood Teachers) çox yayılıb. Həmin
ixtisasartırma proqramı çərçivəsində gənc
pedaqoq məktəbəqədər təhsil üzrə yüksək ixtisaslı rəhbər
müəyyənləşdirir və onunla birlikdə
uşaqlarla məşğələlər aparır və
bununla da qarşılıqlı surətdə öz peşə
təcrübələrini bölüşürlər. Bundan başqa, gənc
pedaqoq kursu bitirdikdən sonra belə istənilən məsələ
ilə bağlı sinif rəhbərindən məsləhət
ala bilər. Sinif rəhbəri
bir neçə il ərzində gənc
pedaqoq üzərində kuratorluq edir.
Miqrant ailələrdən olan uşaqların cəmiyyətə
adaptasiyası və sosiallaşması kimi mürəkkəb
problemlə üz-üzə olan Almaniyada da məktəbəqədər
təhsil sistemi işçilərinin ixtisasartırma kurslarına cəlb
olunması xüsusi aktuallıq kəsb edən məsələdir.
Burada da məktəbəqədər təhsil sahəsində
işləyən pedaqoqlar azyaşı uşaqlarla alman
dilində işləmək metodikası ilə tanış
olurlar. Bu cür kurslar eyni problemlə üzləşmiş
Fransa üçün də aktualdır. Amerikada təhsilin bütün pillələri,
eləcə də məktəbəqədər təhsil sahəsində
çalışanlar üçün müxtəlif
qısamüddətli kurslar və birgünlük seminarlar
(workshop) təşkil
edən müxtəlif peşəkar təşkilatlar və
assosiasiyalar mövcuddur. Bu tədbirlərdə
iştirak, bir qayda olaraq, pulludur. ABŞ-da
çoxsaylı peşəkar konfranslar da keçirilir ki,
bunlar da müxtəlif ştatlardan və ölkələrdən
olan pedaqoqlar arasında təcrübə mübadiləsinin
aparılmasına xidmət edir. Məsələn,
2014-cü ildə Kaliforniyanın məktəbəqədər
təhsil assosiasiyası (The California Kindergarten Association)
özünün 31-ci illik konfransını keçirəcək.
Bu tədbirdə əsasən məktəbəqədər təhsil
sahəsində işləyən 700-ə yaxın pedaqoqun iştirakı
nəzərdə tutulub. Tədbir çərçivəsində
azyaşlı uşaqların psixologiyası və məktəbəqədər
yaşlı uşaqlarla işin innovativ metodlarına dair
müxtəlif seminarların keçirilməsi nəzərdə
tutulub. Amerikalı tərbiyəçilərə
eyni zamanda bir il əvvəl özlərinin peşəkar inkişaflarına dair
tədbir planlaşdırmaları tövsiyə olunur.
Bütün uşaq bağçalarının öz tərbiyəçilərinin
ixtisasartırma
proqramlarında iştirakını maliyyələşdirmək
imkanı olmasa da, ölkədə yaxşı inkişaf
etmiş mentorluq sistemi rəsmi kursları
dinləməyi tam kompensasiya edir.
Məktəbəqədər təhsilin veteranları
hesab olunan yaşlı pedaqoqlar öz təcrübələrini
gənc nəslə ötürməyə
çalışır və onlara psixoloji dəstək
göstərməkdə üzərlərinə düşən
vəzifələrin öhdəsindən uğurla gəlirlər.
Cənubi Koreyada tərbiyəçilərin qruplarla
iş prosesində davam edən ixtisasartırmasına yüksək
diqqət yetirilir. İxtisasartırmanın, özünü
inkişaf etdirmənin bu növünü ifadə etmək
üçün xüsusi anlayış mövcuddur: pedaqoji tədqiqatlar
(teacher research). Bu cür tədqiqatlar
öz mahiyyəti etibarı ilə eksperimental xarakter daşıyır və
real şəraitdə bu və ya digər pedaqoji ictimaiyyət
metodikanın effektivliyini
sınaqdan keçirməyə (testləşdirməyə)
imkan yaradır. Bu cür tədqiqatların nəticələri
heç də həmişə dərc olunmasa da onlar pedaqoji cəmiyyət
üçün olduqca vacib hesab olunur, çünki tədqiqatın
yekunlarına əsasən pedaqoqlar öz aralarında çox
əhəmiyyətli
təcrübəni
bölüşürlər.
Qeyd olunmalıdır ki, Cənubi Koreyada bu cür tədqiqat
fəaliyyətinin həyata keçirilməsi bütün dövlət məktəbəqədər
təhsil müəssisələrinin işçiləri
üçün məcburi hesab olunur.
Danimarkada isə hazırda müəllimlərin peşə
ixtisasartırmasının ənənəvi formaları ilə yanaşı, pedaqoji
heyətin pəşəkarlığının
artırılmasında müəllimlər arasında
ünsiyyət formalarını sadələşdirən və
onların biri-biri ilə təcrübə mübadiləsini
aparmasını asanlaşdıran elektron resursların
(e-learning) imkanlarına böyük diqqət
ayrılır.
Beləliklə
də müəllimlərin ixtisasartıma sisteminin
təşkilinin beynəlxalq təcrübəsi göstərir
ki, tərbiyəçilərin və məktəbəqədər
təhsil pilləsində çalışan müəllimlərin
peşəkar inkişafı
üçün çoxsaylı variantlar və yanaşmalar
mövcuddur. Peşəkarlığın inkişafına
yönəlmiş aktiv səylər fərdi (induvidual
development), məsələn, Koreyada olduğu kimi, tərbiyəçi
tərəfindən uşaq bağçalarında tətbiqi
tədqiqatların aparılması ola bilər.
İxtisasartırma sistemində əsas diqqət fərdi tədqiqatçılıq
fəaliyyətinə deyil, kollegial müzakirələrə və
mentorluq sistemində təcrübə mübadiləsinə
yönəldilə bilər. Tərbiyəçinin peşəkarlıq
səviyyəsinin artırılması xüsusi təşkil
olunmuş resurslar, eləcə də gündəlik möhkəmləndirilmiş
təcrübələr əsasında mümkün ola bilər.
Lakin peşəkarlıq səviyyəsinin
artırılması prosesinin vacibliyi tərbiyəçi
üçün dəyişməz olaraq qalmalıdır. Çünki
uşağın təhsilin ən vacib pilləsi
olan məktəbəqədər
dövrdə uğurlu inkişafı bir çox halda məhz tərbiyəçidən
və onun azyaşlılarla işləmək səriştəsindən
asılıdır.
Məktəbəqədər təhsildə inkişaf
tendensiyaları: dünya təcrübəsi
Dünya təhsil sistemlərinin ötənilki reytinq
sıralamasında ilk 5 yeri tutmuş Finlandiya, Cənubi Koreya,
Honkonq, Yaponiya və Sinqapurun məktəbəqədər təhsil
sistemində özünü göstərən tendensiyalar
da maraq doğurmaya bilməz. Bu ölkələrdə məktəbəqədər
təhsilin təşkili müəyyən maraqlı məqamları
ilə diqqəti cəlb edir. Finlandiyada məktəbəqədər
təhsil vahid təhsil proqramlarının tərkibinə
daxil deyil və pulludur. Lakin valideynlər
uşaqlarının məktəbəqədər təhsil
müəssisələrinə getməsinin xərclərini
ödəmək üçün dövlətdən müəyyən
miqdarda subsidiyalar almaq imkanlarına malikdir. Ölkədə
bağçalara gedən uşaqların yaşı 8
aylıqdan 6 yaşa qədər dəyişir. Uşaq bağçasında bir tərbiyəçiyə
kifayət qədər kiçik saylı qruplar
düşür. Əgər uşaqlar 3 yaşdan
böyükdürlərsə, onda onların sayı 7 nəfərdən, 3 yaşdan
aşağıdırlarsa, 4 nəfərdən artıq ola
bilməz. Məktəbəqədər
təhsilin uğurlu təşkilinin əsas şərtlərindən
biri uşaq bağçalarının bütün pedaqoji tərkibinin
təhsilinə yüksək səviyyəli yanaşmadır.
Məktəbəqədər təhsil müəssisəsinin
işçisinin diplomu əmək bazarında qiymətləndirilir,
onun maaşı çox yüksəkdir və bu peşə çox
prestijli hesab olunur. Ölkənin
məktəbəqədər təhsil sistemində
çalışanların hər 3/1-i xüsusi təhsil
görmüş bakalavr diplomuna malik olmalıdır. Onun əsas fəaliyyət sahəsinə uşaqlarla
məşğələlərin aparılması daxildir.
Digər iki işçi isə uşaqlara qulluq göstərmək
üçün xüsusi lisenziya almalıdır. Ölkənin
məktəbəqədər təhsil sisteminin işçiləri
öz fəaliyyətlərində Finlandiyanın məktəqədər
təhsil və
erkən yaşlı uşaqlara
qayğı üzrə milli proqramının (The National
Curriculum Guidelines on Early Childhood Education and Care) tövsiyələrini
nəzərə almalıdırlar.
Bu proqramın əsas prinsipi isə uşaq
bağçasının pedaqoji heyətinin valideynlərlə
sıx qarşılıqlı səyləri əsasında
uşaqların hərtərəfli inkişafıdır.
Valideynlər pedaqoqlarla birlikdə uşaqların fərdi təhsil
planını tərtib edir, fəal surətdə
tamaşalarda, idman yarışlarında iştirak edir, dərnək
işlərinə cəlb olunurlar. Məktəbəqədər
təhsilin əsas vəzifəsi uşaqlara formal olaraq hesab və oxu
qaydalarının öyrədilməsi deyil, bütün diqqət
təbiətşünaslığa və heyvanlar aləminin
öyrənilməsinə yönəldilir. Məktəbəqədər
təhsilin əsas şüarı "Öyrənməyi
öyrətmək"dir. Burada isə daha çox təlim,
oyun metodlarına diqqət ayrılır.
Dünyada təhsilin keyfiyyətinə görə ikinci
olan Cənubi Koreyada isə məktəbəqədər təhsil proqramı
tamamilə fərqli prinsiplər əsasında qurulub. Bu ölkədə məktəbəqədər təhsil
bağça yaşlı uşaqların erkən
inkişafına əsaslanıb. Uşaqlar 3 yaşdan
başlayaraq təkcə Koreya dilində deyil, həm də
ingilis dilində oxumağı və yazmağı öyrənir,
eləcə də riyaziyyatın sirləri ilə tanış olurlar.
Məşğələlər sinif
otaqlarında təşkil olunur. Məşğələlərdən
sonra uşaqlara çoxlu sayda ev
tapşırıqları verilir. Azyaşlıların musiqi təhsilinə
və idman məşğələlərinə də
xüsusi diqqət ayrılır. Bağçalarda qruplar
kiçikdir: bir pedaqoqa 10 uşaq düşür. Bu isə hər bir uşağa fərdi
yanaşmağa imkan verir. Uşaq
bağçalarının işçiləri valideynlərlə
mütəmadi
olaraq fərdi
görüşlər təşkil edir, söhbətin
gedişində uşaqların davranışları,
onların emosional durumu müzakirə olunur. Valideynlərə evdə uşaqlarla təlim
işinin necə qurulması, onların qidalanmasına dair məsləhətlər
verilir. Uşaq
bağçalarında təhsil kifayət qədər
bahadır və bəzən bir sıra universitetlərdəki təhsil
haqqından belə yüksəkdir.
Yaponiyada məktəbəqədər təhsil
modelinin fərqli xüsusiyyəti onun tərbiyə işinə
daha çox üstünlük verməsi və uşaqlarda
ümumi korporativ hisslərin möhkəmləndirilməsidir. Yapon
uşaq bağçalarında ən populyar oyuncaq
böyük ağac parçalarıdır ki, onlardan evciklər
tikmək mümkündür. Lakin təklikdə taxta
parçanı qaldırmaq çətindir, buna görə də
bu işin öhdəsindən gəlmək üçün
uşaqlar birləşməlidir. Bu cür oyuncaqlar
uşaqlarda korporativ hisslərin inkişafına yönəldilib,
bu isə yaponlar üçün ənənəvi xarakteri
daşıyır. Əgər uşaqlar dalaşırsa,
pedaqoq bu işə müdaxilə etmir. Hesab olunur ki, uşaq
özü müstəqil surətdə haqlı
olmadığını başa düşməli və
incitdiyi həmyaşıdından üzr istəməlidir. Yaponiyanın uşaq
bağçalarında hər bir uşağın gündəliyi
var və tərbiyəçilər burada
azyaşlıların davranışları,
sağlamlıqları və təhsil prosesinin xüsusiyyətləri
barədə qeydlər edirlər. Öz növbəsində
valideynlər də gündəlikdə pedaqoq
üçün şərhlər yazırlar.
Müxtəlif yanaşmalara baxmayaraq, adıçəkilən ölkələr dünyada təhsil keyfiyyətinə görə liderdirlər. Onları birləşdirən xüsusiyyət isə pedaqoji işçilərin ixtisasartırmasına yüksək tələblər qoymaları, hər bir uşağın fərdi xüsusiyyətlərinə ciddi diqqət göstərmələri, eləcə də ölkənin sosial-mədəni kontekstindən (onun ənənələri, norma, dəyərləri nəzərə alınmaqla) çıxış edərək məktəbəqədər təhsil proqramlarını yaratmalarıdır.
Azərbaycan
müəllimi.- 2013.- 20 dekabr.- S.14.