Bakı Slavyan
Universitetində ənənəvi "Bir
günlük Xəlifə" layihəsi həyata
keçirilib
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayevin təşəbbüsü
və təşkilatçılığı ilə bu ali təhsil
ocağında yarandığı gündən bir çox maraqlı layihələr
həyata keçirilir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar
üzrə peşəkar mütəxəssis olmağa
hazırlaşan tələbələrin "Bir
günlük Xəlifə" Tələbə
Özünüidarəetmə gününə cəlb
olunmasıdır.
BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, tələbələrin müstəqil
idarəçilik qabiliyyətinin inkişafına təkan vermək,
intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini
yoxlamaq, onlar tərəfindən
verilən uğurlu təklifləri təhlil edib həyata
keçirmək məqsədi ilə gerçəkləşən
bu maraqlı layihə ilk
dəfə 2002-ci il dekabrın 13-də
reallaşmış və həmin gün
universitetdə 14 rəhbər vəzifəni tələbələr
icra etmişlər.
Dekabrın 13-də keçirilmiş "Bir günlük Xəlifə" Tələbə
Özünüidarəetmə günündə də bütün rəhbər vəzifələri
tələbələr icra etmişlər.
Universitetin rektoru Aytən
Süleymanova, prorektorları Günel Həmzəyeva, Zibər Rzayeva, Adilə Bəhməni, Səbinə Zeynalova və Əsgər Məmmədli olmuşlar. Xəlifələr iş
gününə ümummilli lider Heydər Əliyevin universitetin
foyesindəki büstü önünə
əklil və gül dəstələri qoymaqla başlamışlar. Sonra
xəlifələr ulu öndərin xatirəsinə
həsr olunmuş "Azərbaycan və Avropa: problemlər və perspektivlər" mövzusunda XI respublika tələbə
elmi-praktik konfransı keçirmişlər.
Konfransda BSU-nun tələbələri
ilə yanaşı, digər universitetlərin də nümayəndələri
iştirak etmişlər.
"Xəlifə"
günündə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko BSU-nun Ukrayna Tədris-Mədəniyyət
Mərkəzində tələbələrlə görüşmüşdür.
Görüşdə səfir bildirmişdir
ki, BSU həmişə məni maraqlı
və mənalı layihələri ilə təəccübləndirir.
Tələbələrə yaradılmış şərait,
onlara demokratik dəyərlərə
söykənərək göstərdiyiniz etimad
diqqətəlayiqdir.
"Xəlifə"
günü çərçivəsində
bir sıra maraqlı görüşlər
də baş tutmuşdur.
"British Council"
təşkilatının Azərbaycan nümayəndəliyinin
rəhbəri xanım Elizabet Vayt da universitetin
qonağı olmuşdur. O qeyd
etmişdir ki, gənclərin
rəhbər vəzifələri icra edə
bilmələri təqdirəlayiq haldır. Bu
cür layihələr başqa
universitetlərdə də təşkil olunsa
daha yaxşı olar.
Tələbələr
"Xəlifə" günü şəhidlərimizi
də yad etmişlər. Azərbaycanın
Milli Qəhrəmanı Cavanşir
Rəhimovun xatirəsinə həsr olunmuş
və universitet məzunu tərəfindən
ərsəyə gətirilmiş sənədli film təqdim olunmuşdur.
Rus dilinin tədrisi
problemlərinə həsr olunmuş tədbirə
isə tələbələrlə yanaşı, ixtisas kafedralarının müdirləri,
müəllimlər cəlb olunmuşlar. Universitetin Valideynlər Şurasının
iclası, Magistrantlar Şurasının
yığıncağı, "İstedadlı tələbə"
yaradıcılıq müsabiqəsi və esse
müsabiqəsi qaliblərinin mükafatlandırılması
maraqlı tədbirlərdəndir.
BSU-nun Türkiyə Araşdırmaları Mərkəzində
Türkiyə səfirliyinin, Belarus Dili və Mədəniyyəti Mərkəzində
Belarus səfirliyinin nümayəndələri
tələbələrlə görüşmüşlər.
Filologiya və pedaqoji
fakültələrinin tələbələri üçün yaradıcılıq
fakültəsinin təqdimatı keçirilmişdir.
Jurnalistika və Azərbaycan filologiyası
fakültəsində "Açıq mikrofon
saatı" adlı tədbirdə jurnalist
tələbələr tanınmış jurnalistlərlə
görüşmüşlər.
Bildirilmişdir ki, tələbələr
"xəlifəlik" etdikləri bir gün ərzində BSU-da
həmişəki iş rejimi
gözlənilmiş və rəhbər vəzifələri icra edən 30 tələbə gün
ərzində öz vəzifələrini
məharətlə yerinə yetirməyə
çalışmışlar. BSU-da keçirilən layihələrin
ən maraqlı və vaciblərindən biri
olan "Bir günlük Xəlifə" layihəsi universitetdə
gənclərə yüksək etimad
göstərilməsindən xəbər verir.
Azərbaycan müəllimi.- 2013.-
20 dekabr.- S.15.